Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(1954-cü il aprel ayının 2-də
keçirilən Azərbaycan KP MK-nın Büro iclası)
YAKOVLEV - Siz şəxsən bir
vaxtlar kənd təsərrüfatı ilə məşğul
olmusunuz, hansı ildə?
MİRZƏYEV - Belə demək
düz deyil. Mən 1927-ci ilədək işləmişəm.
1927-ci ildə Kürdüstandan evimizə
qayıtmışam, 4-5 ay qaldıqdan sonra Bakıya gəlmişəm.
YAKOVLEV - 1926-cı ildən 1931-ci
ilədək kənd təsərrüfatı ilə məşğul
olmamısınız?
MİRZƏYEV - 1928, 1929, 1930,
1931-ci illərdə işləmişəm. 1928-ci ildə
Kirovabadda olmuşam, 1929-30-cu illərdə banditizmə
qarşı mübarizə sahəsində
çalışmışam. 1931-ci ildə Ermənistanda
xüsusi şöbədə işləmişəm.
YAKOVLEV - Bəs nə vaxt
sağlamlığınıza görə işdə fasiləniz
olub?
MİRZƏYEV - 1935-ci ildə
ikinci qrup əlil olmuşam və 319 manat pensiya almışam.
YAKOVLEV - Atanız tez-tez iş
yerini dəyişərək bir yerdən o biri yerə
getmişdir. Bu, qan düşmənçiliyi ilə əlaqədar
deyilmi?
MİRZƏYEV - Mülkədar
Rüstəmbəyovun idarə rəisi mənim əmim
Xanları qətlə yetirmişdi, əmimin həlakından
sonra polis cinayətkarı cəzalandırmaq əvəzinə
ailəmizi kənddən didərgin salmışdı.
YAKOVLEV - Atanızı banditimzdə
günahlandırırdılar.
MİRZƏYEV - Siz nə
danışırsınız, qətiyyən yox.
YAKOVLEV - Dediklərimi arxiv sənədləri
sübut edir. Bəlkə xəbəriniz yoxdur?
MİRZƏYEV - Mənim atam
heç vaxt bandit olmamışdır!
YAKOVLEV - Atanız oğurluqla, adam
öldürməklə məşğul olmayıb?
MİRZƏYEV - Yox!
YAKOVLEV - Bəlkə atanız yox,
qohumlarınızdan kimsə?
MİRZƏYEV - Mənim atam
Ağcabədiyə köçmüş və həmişə
orada yaşamışdır. Mənə
inanmırsınızsa, oranın yaşlı adamlarından
soruşa bilərsiniz.
YAKOVLEV - Söyləyirsiniz ki,
1949-cu ildə Bağırov və Sumbatov sizi təqib edirdilər,
səbəbi də bu idi ki, onlardan yazırdınız.
Axı sizin özünüzdən də yazırdılar.
MİRZƏYEV - Bilmirəm. Kim məndən
yazırdı? deyin!
YAKOVLEV - Qubadan, Dəvəçidən,
Gilvar kəndindən sizi tanıyan ayrı-ayrı adamlar.
MİRZƏYEV - Bu, qətiyyən
ola bilməzdi.
YAKOVLEV - Siz Gilvar kəndini
yaxşı tanıyırsınız?
MİRZƏYEV - Tanıyıram.
YAKOVLEV - Siz bu kənddə nə
işlə məşğuldunuz?
MİRZƏYEV - Mən Dəvəçi
sahəsinə göndərilmişdim. O sahənin rəisi
Qasımov işi mənə təhvil vermədən,
qardaşının yanına getdi. Mən sahəyə rəhbərliyi
davam etdirdim.
YAKOVLEV - Hansı sahədən
söhbət gedir?
MİRZƏYEV - Müsavat polis sahəsindən.
Mən işə başlayanda orada Calal adında meşəbəyini
qətlə yetirmişdilər. Mən bu qətlin təşkilatçılarını
- keşiş Akopun oğlunu və daha iki nəfər ermənini
həbs etdim. Bolşeviklər gələndən sonra
onları həbsdən azad etdilər. Keşiş Akovop deyirdi
ki, guya kommunistdir, ancaq iki-üç ildən sonra o ifşa
olundu, bir qardaşı da 1937-ci ildə xalq düşməni
kimi aradan götürüldü.
YAKOVLEV - Görünür, ermənilərə
qarşı münasibətiniz yaxşı olmayıb.
MİRZƏYEV - Yanlış
danışırsınız. Sovetləşməyə qədər
həmişə ermənilər bizim evimizdə qalıblar,
Lalazarovlar ailəsi Ağcabədidəki evimizdə gizlənmişdilər.
İnanmıram ki, bir erməni bizdən şkiayət etsin.
MUSTAFAYEV - Dəvəçidən
Şamaxıya getmisiniz, eləmi?
MİRZƏYEV - Bəli.
Tapşırıq aldım ki, bolşeviklər Şamaxıya
600 nəfər səfərbər ediblər, təcili orada
olmalıyam. Elə axşam yola düşlüm.
YAKOVLEV - Siz hansı ilin hansı
ayına və gününədək müsavat hökumətinə
inam və sədaqətlə xidmət etmimsiniz?
MİRZƏYEV - Dəvəçi
polis sahəsinə 1920-ci il yanvarın 6-da təyinat
almışam, oradan aprelin 20-də çıxmışam.
MUSTAFAYEV - Siz ərizənizdə
yazmışdınız ki, xəstəliyinizlə əlaqədar
xahiş edirsiniz ki, işdən azad ediləsiniz. Bəs sonra nə
oldu?
MİRZƏYEV - İşdən
azad etmədilər, Bərgüşad sahəsinə göndərdilər.
MUSTAFAYEV
- Budur, baxın arxiv sənədinə. Burada yazırsınız:
"Qubernator cənablarına.
Polis pristavı Şamilbəy Mirzəyev tərəfindən. Buradakı iqlim
şəraiti mənim
sağlamlığıma çox
pis təsir etdiyindən, xahiş edirəm ki, məni Bakı qəzasının başqa
bir sahəsinə işə göndərəsiniz".
Düzdür?
MİRZƏYEV
- Düzdür.
MUSTAFAYEV - Ardı da var. 1920-ci il 30 aprel
tarixli əmr: Quba qəzasının Dəvəçi sahə
pristavı Şamil Mirzəyev ərizəsinə
əsasən bu il may ayının 1-dən
Göyçay qəzası
Bərgüşad sahə
pristavı təyin olunur. Bakı qubernatoru. (İmza. tarix).
MİRZƏYEV - Qubernator aprelin 30-da Bakıda haqqımda əmr imzalayır, mən isə aprelin 28-də artıq Göyçayda idim. Bunu kommunistlər təsdiq
edə bilərlər.
MUSTAFAYEV - Siz Dəvəçidən
Göyçaya hansı
yolla getmisiniz?
MİRZƏYEV - Dəvəçidən
dağ yolları ilə Güzdək kəndinə endim, oradan malakanların məskənindən keçərək,
Altıağaca çatdım,
oradan da Şamaxıya.
MUSTAFAYEV - Siz ki, Ucarda
və ya Göyçayda işləməmişdiniz,
bu yerlərdə kəndiniz də yox idi, dağ
yollarına bələd
deyildiniz...
MİRZƏYEV
- Yoldaşlar, partiya üzvü, Teatr İnstitutunun direktoru Musayev bu yollara
bələddi. Mən komissar
işləyəndə Musayev
Ucar rayonu inqilab komitəsinin sədri idi. Əlövsəd Məmmədov, Abdulla Abdullayev də məni yaxşı tanıyırdılar.
MUSTAFAYEV - Hansı Abdullayev?
MİRZƏYEV - Abdulla Abdullayev Göyçay qəza inqilab komitəsinin sədri idi.
MUSTAFAYEV - Siz adlarını
çəkdiyiniz adamlarla
Göyçayda bir yerdə necə olmusunuz?
MİRZƏYEV - 1919-cu ildə mən burada gizli fəaliyyət aparırdım.
YAKOVLEV - 1919-cu ildə məgər pristav deyildiniz?
MİRZƏYEV
- Pristav 1920-ci ildə
idim.
YAKOVLEV - 1919-cu ildə tərcüməçi deyildiniz?
MİRZƏYEV - 1919-cu ildə məni Göyçaya tərcüməçi kimi
göndərdilər, sonra
da mərkəzi həbsxanaya saldılar.
YAKOVLEV - Mənim Mirzəyev yoldaşa belə bir sualım var: deyirsiniz ki, gizli bolşevik
təşkilatının nümayəndəsi
kimi gah bu, gah da
digər yerdə olmusunuz. Beriya da bəyan edirdi
ki, partiya ona gizli iş
aparmağı tapşırmışdı.
Triniç də belə
söyləyirdi. Triniç Əhmədi
deyirəm, eşitmişdinizmi?
MİRZƏYEV
- Xeyr!
RƏHİMOV
(Azərbaycan SSR Nazirlər
Sovetinin sədri Sadıq Rəhimov - T.Q.) -
Necə yəni eşitməmisiniz, qəzet
redaktoru idi.
YAKOVLEV - Türk zabiti
Triniç də belə danışırdı.
Məgər səni Göyçaya
və yaxud Dəvəçiyə gizli
partiya təşkilatı
pristav göndərmişdi?
Siz əgər həqiqətən
gizli bolşevik təşkilatının xətti
ilə tərcüməçilik,
yaxud pristavlıq etsəydiniz, o zaman adamları bir ideya ətrafında təşkil edərdiniz, daha onların saqqalını dənləməzdiniz.
MİRZƏYEV
- Dedikləriniz təxribatdır.
YAKOVLEV - Gilvar kəndindən
olan onlarla bitərəf və kommunist adamlar bunun təxribat olmadığını sübut
edir.
MİRZƏYEV
- Əldəqayırma adamları
tapmağa nə var ki!
YAKOVLEV - Mən sizə
rəsmi sənədləri
göstərirəm. Siz Gilvara
pristav kimi gəlib, nə işlə məşğul
olmusunuz? Cinayətlərinizdən
bir-iki adam
deyil, 50 nəfərədək
zərərçəkən vətəndaş yazmışdır.
Bütün bu şikyətləri yoxlatdırmaq
əvəzinə, Sumbatov-Topuridze
işə almışdır,
Bağırov isə
20 səhifəlik elə
bir xasiyyətnamə vermişdir ki, bunun əsasında elə indinin özündə də sizə Sovet İttifaqı Qəhrəmanı
adı vermək olar.
(ardı var)
Teyyub
Qurban
Ekspress.- 2010.- 30 oktyabr-1 noyabr.- S. 14.