"Dəyişən
dünyamız"ın dəyişməyən Gülruxu
1947-ci ildə
gənclər Moskva, Leninqrad və
başqa şəhərlərə
oxumağa əslində
Mir Cəfər Bağırovun təşəbbüsüylə
getmişdilər.
Bu yaxınlarda
"Qanun" nəşriyyatı tərəfindən
buraxılmış "Dəyişən dünyamız"
kitabının müəllifi oxuculara belə təqdim olunur:
Gülrux Əlibəyli Bakıda doğulub və
yaşayır. Leninqrad Dövlət Universitetini bitirib,
dissertasiya işini Moskva şəhərində M.Qorki adına
Dünya Ədəbiyyatı institutunda müdafiə edib.
Gülrux Əlibəyli fəlsəfə doktoru, fəlsəfə
professoru, publisist, 500-ə qədər elmi-fəlsəfi, tənqidi
məqalənin, 18 əsərin müəllifidir.
Kitabın
üçüncü səhifəsində verilmiş fotodan məlum
olur ki, müəllif Hacı Zeynalabdin Tağıyev məktəbinin
şagirdi Məsmə xanım Əlibəylinin
övladıdır, böyük bacısı Xanımana Əlibəyli
kimi müqəddəs ana məktəbinin ənənələrinə
sadiq qalmışdır. Yaşı səksəni
adlamış ağbirçəyin fəlsəfi-publisistik əsərinin
proloqu Mirzə Ələkbər Sabirin məşhur
misrasıdır - BƏNZƏRƏM BİR QOCAMAN DAĞA
Kİ, DƏRYADA DURAR!
Kitabı oxuyub
başa çatdırandan sonra müəllifin məntiqinə
heyran qalırsan, doğrudan da, müasir dünyamızda dəryada
dağ kimi durmaq - fəzada kosmonavt olmaqdan çətindir.
Dəyişən
dünyamızın qalmaqda davam edən incə və zərif
bir xilqət - Gülrux xanım müşahidə etdiklərini
oxucularına aşılayır: "Bütün insani
münasibətlərin incə tellərlə
bağlanmış əlaqələri tədricən, gözəgörünməz
tərzdə qırılır, çürüyür, tamamilə
pozulur... 20-25 il əvvəl dərin hörmət bəslədiyim
bir müəllim mənzil növbəsi yaxınlaşanda onu
daha çox ehtiyacı olan iş yoldaşına güzəştə
getdi. İndi həmin adam nüfuzlu dövlət
institutlarından birində professordur. İmtahanlar
yaxınlaşanda tələbələrinə elan edir ki, kim
min manat gətirməsə, imtahana gəlməsin. Tələbələr
arasında yeni bir meyl də yaranıb: pul verib qiymət alanlar
öz çalışqanlığı hesabına
oxuyanları lağa qoyub gülürlər. Maariflənmək,
sən demə, bu gün gülüş doğurur. İnsan təbiətinin,
psixologiyasının bu cür pozulması 100, 50 il ərzində
yox, cəmi 20 ilin içində baş verib. Dağılan
dünyamız şəxsiyyətin qərar tutduğu özülün
kökünü qırır, məhv edir. Şəxsiyyət
öz əzəli və təkrarsız, mənəvi-etik məzmununu
itirir, ictimai ruh can verir!"
Fəlsəfə
professoru bir sıra istilahların zəmanəmizə uyğun
izahını da verir:
PUL - Bu gün pul qəfəsdə
uzun müddət saxlanılan quş kimi uçub, sərbəst
və müstəqil qüvvəyə çevrilib. Bu gün
pul hakimiyyətdir, kimini lap siyasi ierarxiyanın başına
qaldıran, kimini də rəzil vəziyyətə salan. Bu
gün pul mütləq qüvvədir, ali və yeganə məqsəddir.
Hətta şüurlu və məzmunlu insan üçün də
pul tədricən vasitədən məqsədə
çevrilir. İnsan hüquqlarını qorumağa qadir olan
cəmiyyətdə oğurluq, rüşvətxorluq və
sair əyintilərə müstəsna hallarda təsadüf
olunur. Bu cür cəmiyyətdə şəxsi, ümumi,
ictimai mənafelər məhz pulun vasitəsilə
tarazlaşdırılır. Sağlam cəmiyyətdə adi
insanlar pula normal, hətta bir az da soyuqqanlı
yanaşırlar, çünki gələcəyə ümid
bəsləyirlər, çünki özlərinə güvənirlər. Ən vacibi isə
sağlam cəmiyyətdə
pul insana qulluq edir, insan
pula yox. İdeyasız pullu cəmiyyət
mütləq tənəzzülə
yuvarlanır. Əgər xalq
milli ideyasız keçinirsə, deməli,
pul xaotik şəraitdə onu tədricən pozğunluğa,
tənəzzülə çıxaracaq
və çıxarır.
Hakimiyyətin daxilindən dağılması
da pulun bir və ya
bir neçə şəxsin əlində
təmərküzləşməsindən
və onların arasında baş verən ciddi ixtilaflardan, çəkişmələrdən
başlayır.
BƏDİİLİK
- Bədiilik incəsənətin mövcudluğunun parlaq
nişanəsidir. Bədiilik oxucunu laqeydlikdən
çıxarıb müəllifin həmsöhbəti, həmfikiri
edən qapalı qüvvədir. Bədiilik anlayışı
çoxcəhətli və hüdudsuzdur, bu gün sırf
estetik çərçivədən çıxaraq ictimai,
psixoloji, ümummilli məsələyə
çevrilib. Həyatı işıqlandırmaqda, millətlər
arasında kövrək ünsiyyət yaratmaqda ədəbiyyat
və incəsənət əvəzsizdir.
RƏQS - Rəqs insan qəlbinin barometridir. Milli Azərbaycan rəsqlərində
xalqın əsrlər
boyu formalaşmış
mənəvi mahiyyəti,
özünəməxsusluğu, adət və ənənələri, millətin
inkişaf səviyyəsi
əks olunmuşdur.
Rəqslərimiz məzmunlu və
mənalıdır. O ən sadə fikir və hisslərdən
başlayaraq böyük
və mürəkkəb
hissləri, fəlsəfi
düşüncələri əks etdirməyə qadirdir, insanın ən zərif duyğularını, iztirablarını,
kədər və sevincini, ürəyindəki
dramatik həyəcanlarını
ifadə edir. İnsanın ən yaxşı
halda fiziki hərəkətlərini tənzim
edən yeknəsək
qərb rəqslərindən
fərqli olaraq, milli rəqslər əxlaqi cəhətdən
də mənalı və dolğundur. Bu baxımdan Azərbaycan
kütləvi rəqsi
"yallı" maraqlıdır.
Sayca çoxlu adam əl-ələ
verərək eyni zamanda sadə, asan hərəkətlər
edir, onların ürəkləri birgə
vurur, bədən hərəkətləri, hissləri
isə həmahəng
olur.
QOCALIQ - Qocalıq
prosesdir, biri üçün gözlənilməz və
qısa, digəri üçün uzun və
üzücüdür. Hər şey qocalığa
hazırlıqdan, həyat tərzindən, ağılla idarə
olunan ömürdən asılıdır. Qocalıq həm də
böyük xoşbşəxtlikdir. Yaxınların sənə
azadlıq verir, adi ehtiyaclardan, xırda hisslərdən azadsan.
Tələblərini imkanın çərçivəsində
saxlaya bilirsən. Sən gənclikdə inersiya ilə
yaşadığın günləri və səhvləri təkrarlamırsan.
Çünki indi yeganə dayağın ağıldır,
düşüncədir.
ŞƏXSİYYƏT
- Şəxsiyyət cəmiyyətin mənəvi
varlığının aparıcı qüvvəsidir, ictimai
ruhun göstəricisidir və onun təzələnməsində
rolu əvəzedilməzdir. Bu gün hər bir cılız
adam özünü şəxsiyyət sayır. Qısa bir
müddətdə geniş arenada parlayan şəxsiyyət
yox olur, parlaq insan peyda olan kimi hansısa gözəgörünməz
bir qüvvə onun qeyri-adiliyini, istisini söndürür. Elə
çıxır ki, parlaq insan xarakteri öz dəyişkənliyi
ilə, mübarizliyi ilə, prinsipiallığı,
canıyananlığı ilə bazar iqtisadiyyatının
qanunlarını pozur, iş adamlarına mane olur. Bəs
mübarizlik, başqalarının dərd-sərini öz
çiyinlərinə götürmək kimi mənəvi dəyərləri
yaşadan şəxsiyyət nə etsin?
YALTAQLIQ -
Yaltaqlıq anadangəlmə xüsusiyyət deyil, ictimai
mühitin, siyasi qurumun, həyat tərzi və tərbiyənin
təsiri nəticəsində yaranır. Ən dəhşətlisi
budur ki, yaltaqlıq bu gün əxlaq normasına çevrilməkdədir.
Yaltaqlanan adam özünün layiq olmadığı, şəxsi
əməyi ilə qazanmadığı mükafatı, gəliri
və b.k. yaltaqlandığı mənsəb sahibindən
qopartmağa nail olur. Yaltaqlığa xüsusilə məmurlar
məftun olurlar. Belələri deyirlər ki, yaltaqlıq hətta
qədim dünyanın dahi sərkərdəsi makedoniyalı
İskəndərin də ürəyinə yağ kimi
yayılıbmış. Ümumiyyətlə, cəsarətli
şəxsiyyətləri azalan məmləkətdə riyakar
və yaltaqlar, sözsüz ki, artacaqdır...
Ümumiyyətlə,
Gülrux xanım Əlibəylinin anası Məsmə
xanımın xatirəsinə həsr etdiyi "Dəyişən
dünyamız" kitabı bütünlükdə sirayətedici
və yaddaqalandır.
Dəyərli
kitabı münasibətilə Gülrux xanımı təbrik
edir, ona möhkəm cansağlığı və uğurlar
arzulayıram.
Teyyub Qurban
Ekspress.- 2010.- 30 oktyabr-1 noyabr.- S. 14;20.