Azərbaycan
türklüyünün xilas
günü
"Azərbaycan çöllərində
türk qardaşlarımızın
qanı bizim türklərin qanı ilə
bir-birinə qarışdı. Mənşə etibarilə biz bir-birimizə qohumuq, indi bizim bir-birimizə
qarışan qanımız bunu bir daha möhkəmləndirdi.
Azərbaycanın azadlığı uğrunda
tökülmüş qanlar
Osmanlı və Azərbaycan türkləri arasında
yaxınlaşmanın və qırılmaz əlaqələrin
möhkəm təminatıdır". Bu
fikirləri Azərbaycanın milli mücahidi və Cümhuriyyət dönəmində
hökumət başqanı olmuş Fətəli
Xan Xoyski söyləmişdi.
Fətəli Xan Xoyski bu fikirləri söyləyəndə
artıq türklük qələbə
çalmışdı. Artıq Azərbaycanımızın
müstəqilliyi 114 min kv.km ərazidə əməli cəhətdən
həyata keçirilmişdi. Bu zaman 1918-ci il sentyabr
ayının 15-i idi və Azərbaycanın öz müstəqilliyini
elan etməsindən 110 gün keçmişdi. Amma Azərbaycan
xalqı məhz sentyabr ayının 15-i müstəqilliyini
bayram edirdi. Çünki xalq bu bayramı öz həyatında,
yaşayışında hiss edirdi. Azərbaycanın ürəyi
Bakı məhz bu gün azad olunmuş və öz milliliyinə
qayıtmışdı. Rus, erməni və ingilislərin qara
buludları artıq Bakımızın üzərindən
çəkilmişdi. Bu prosesin həyata keçməsi
üçün bir çox döyüşlər baş
vermiş və bu döyüşlərdə neçə-neçə
türk əsgərinin qanı torpağa qarışaraq şəhidlik
zirvəsi fəth olunmuşdu.
15 sentyabr tarixinin Azərbaycan türklərinin həyatında
əhəmiyyəti olduqca böyükdür. Bununla mən 28
May müstəqilliyimizin elan olunma tarixini heç də
kiçiltmək niyyətində deyiləm. Sadəcə, nəzərə
almaq lazımdır ki, məsələn bu gün Bakıda
Güney Azərbaycanın azadlığını elan edib
onunla əlaqədar hökümət təşkil etmək
başqa məsələdir, yaradılmış hökümətin
Təbriz şəhərində yerləşərək
ölkəni idarə etməsi bir başqa məsələ. Yəni
1918-ci il 28 may tarixində Azərbaycanın müstəqilliyi
Tiflis şəhərində dünya ictimaiyyətinə rəsmən
elan olunmuşdu. Amma Azərbaycan türklüyü hələ
də rus-erməni əsarətində inildəyirdi. Hələ
də Bakıda və digər regionlarda türk ailələrinə
qarşı hücumlar və soyğunçuluq hadisələri
davam edir və günahsız, silahsız türklərin
qanı axıdılırdı. Bakımız bu əsarətdən
110 gün müddətində türkün
yürütdüyü silahlı mücadilə nəticəsində
xilas oldu. Bakının azad olunmasını, başda Məhəmməd
Əmin Rəsulzadə olmaqla bütün milli qüvvələr,
müstəqilliyi yenicə elan olunmuş Azərbaycan Xalq
Cümhuriyyətinin var olub-olmamaq məsələsi
olduğunu çox gözəl dərk edirdilər. Nəticədə
Bakının azadlığı ilə böyük bir ərazidə
Azərbaycan höküməti öz idarəçiliyini qurdu
və dövlətimizin sərhədləri müəyyənləşdi.
Bu prosesin reallaşması bugünkü Azərbaycanımızın
varlığı üçün əsas təminatdır.
Çünki hər kəs dərk etməlidir ki, müəyyən
sərhədlər çərzivəsində Azərbaycan
Cümhuriyyətinin mövcudluğu Sovet işğalından
sonra onun SSRİ tərkibinə müstəqil subyekt kimi (Azərbaycan
Sovet Sosialist Respublikası) daxil olmasına səbəb oldu.
Sovet işğalı dövründə ərazimizin xeyli hissəsi
qonşu xalqlara peşkəş kimi paylanmasına baxmayaraq məhz
Azərbaycan Sovet Sosialist Respublikasının mövcudluğu,
SSRİ dağıldıqdan və ya
dağıdıldıqdan sonra Azərbaycanın yenidən
öz müstəqilliyini elan etməsinə (1991-ci il
Konstitusiya Aktına görə Azərbaycan Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin varisi elan olunmuşdu) səbəb
oldu. Bütün bunlar Azərbaycanımızın
varlığı məsələsində 15 sentyabr
zəfərinin göstəricisidir.
15 sentyabr tarixi zəfərinin əhəmiyyətli səbəblərindən
biri də türkün birliyinin, türkün türkə dəstəyinin
bariz nümunəyə çevrilməsi ilə
bağlıdır. Fətəli Xan Xoyskinin də qeyd etdiyi
kimi Azərbaycanın azadlığı uğrunda Osmanlı
(Türkiyə) və Azərbaycan türklərinin
qardaşcasına vuruşaraq qan tökməsi türkün
bir-birinə yaxınlaşması baxımından əsl
nümunə idi. Bu nümunənin əsası hələ
1915-ci il Çanaqqala döyüşü zamanı
qoyulmuşdu. Neçə-neçə Azərbaycan
türkü sərhədləri aşaraq türk
qardaşları ilə birlikdə imperialist qüvvələrə
qarşı vuruşmuş və şəhid olmuşdu (Həmid
Avşarın "Türkiyə istiqlal mücadiləsində
Azərbaycan türklərinin rolu? kitabında həmin məsələlər
çox gözəl işıqlandırılıb). Bu dəstəyin
səbəbi türkün artıq oyanması və
özünə dönməsi ilə əlaqədar idi.
Çünki tarixi səhvlərdən nəticə
çıxarmağın zamanı çatmışdı.
Artıq türkü türkə qarşı qoyan
Ankara, Malatya, Çaldıran kimi döyüşlərin
planını cızan qüvvələrin oyuncağına
çevrilməkdənsə, həmin qüvvələrə
qarşı birləşməyin zamanı idi. Türk də
bu prosesi gözəl dərk edir və bir-birinə əlindən
gələn dəstəyi göstərirdi. 15 sentyabr tarixi də
bu dəstəyin bəlkə də zirvə nöqtəsi və
ən gözəl nümunəsi idi. Bu gün bütün
türklər Türkiyə və Azərbaycan türklərinin
bu kimi nümunələrindən örnək götürməlidirlər.
Göründüyü kimi, 15 sentyabr tarixi Azərbaycan
türklüyünün xilas günü, milli qurtuluş
günü kimi tarixə düşmüşdür. Həmin
tarixi zəfərin həyata keçməsində can və
qan verən Şəhidlərimizin ruhu şad olsun!!!
Məqalə Türkiyə Universitetləri Məzunlar
İctimai Birliyinin Qafqaz İslam Ordusunun Bakını azad etməsinin
92-ci ildönümünə həsr olunmuş jurnalist
yazıları müsabiqəsinə təqdim etmək
üçün verilir
Seymur Həsənli
Ekspress.- 2010.- 9-13 sentyabr.- S. 13.