Pərdələri
qaldırın, işıqları yandırın!
Bu gün milli teatrın 138-ci mövsümü açılır
Bu il 138-ci teatr mövsümünün
açılış mərasiminin Sumqayıtda keçirilməsi
nəzərdə tutulub. Açılış mərasimi bu
gün Sumqayıt Dövlət Musiqili Dram Teatrının
qarşısındakı meydanda olacaq. Teatrın
qarşısında Azərbaycan teatrlarının
yaradıcı kollektivlərinin ifasında tamaşalardan səhnəciklər
göstəriləcək.
Teatr mövsümün açılışı ilə
əlaqədar Teatr Muzeyi və M.F.Axundov adına Milli Kitabxana
Azərbaycan teatrına həsr olunmuş sərgi nümayiş
etdirəcək.
Bəli, yeni mövüsüm
başlayır. Bəs görəsən, teatrlarımız
yeni mövsümə necə hazırlaşıblar? Bu suala
aydınlıq gətirmək üçün bir sıra
aparıcı teatrlarla əlaqə saxladıq.
Azərbaycan teatrlarının flaqmanı olan Akademik
Milli Dram Teatrı binasında aparılan əsaslı təmir
işləri başa çatmadığından, 138-ci mövsümü
bir az gec, 2011-ci il martın 27-də -Beynəlxalq Teatr Günündə
açacaq. O vaxta qədər teatrda 4-5 yeni tamaşa səhnələşdiriləcək.
Artıq "Qarabağnamə" adlı yeni tamaşanın
məşqlərinə başlanılıb. Teatrın
rejissoru Mərahim Fərzəlibəyovun quruluş verdiyi bu
tamaşa İlyas Əfəndiyevin "Hökmdar və
qızı" əsəri əsasında hazırlanır.
Teatrın açılışı üçün nəzərdə
tutulan digər tamaşalar isə Şeksprin "Hamlet" və
Mirzə Fətəli Axundovun "Vəziri-xani-Lənkəran"
əsərləri əsasında hazırlanacaq.
Digər tamaşaların məşqləri isə oktyabrın
1-dən start götürəcək.
Teatrın direktoru İsrafil İsrafilovun sözlərinə
görə, hazırda əsasən texniki işlər həyata
keçirilir: "Avadanlıqlar yerləşdirilir, telefon xətləri
çəkilir, liftin işi tənzimlənir. Bundan başqa,
binanın ətrafı abadlaşdırılır. Əsas
işin 95 faizi artıq həyata keçirilib".
Direktorun sözlərinə görə, teatrın açılışı
yaxın aylarda baş tutacaq. Noyabrın əvvəlində
dünyanın məşhur teatrşünaslarının
iştirakı ilə baş tutacaq ikigünlük Beynəlxalq
Teatr Konfransı məhz teatrın yeni binasında keçiriləcək.
Həmin ay Çexov adına Beynəlxalq Teatr Festivalının
"İpək yolu" mərhələsi də baş tutacaq.
İ.İsrafilov onu da bildirdi ki, sentyabrın 17-də
ölkə rəhbərliyinin təmir işlərilə
tanış olmaq məqsədilə Akademik Milli Dram
Teatrına baş çəkəcəyi də gözlənilir.
Direktordan onu da öyrəndik ki, teatra rəhbər təyin
olunandan sonra dünən yaradıcı heyətlə ilk iclasını
keçirib. İclasda teatrın gələcəyinə, repertuar
siyasəti, təmirdən sonra binaya köçmə məsələsinə,
aparılacaq islahatlara toxunulub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı bu gün 83-cü mövsümünə start verir.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun
sözlərinə görə, yeni mövsümdə rəhbərlik
etdiyi teatrda 4 yeni tamaşa hazırlanacaq. Bunlar "Romeo və
Cülyetta", Tamara Vəliyevanın "Mənim ağ
göyərçinim", Əli Əmirlinin "Sən məni
sevirsən" və xalq yazıçısı Elçinin
"Buzovna kəndinin əhvalatları"
tamaşalarıdır.
Səməd Vurğun adına Rus Dram Teatrı 90-cı
yubiley mövsümünü "Lənkəran xanının
vəziri" tamaşası ilə açacaq. Teatrdan
aldığımız məlumatda bildirilir
ki, bu mövsüm
bütün premyeralar,
tədbirlər və festivallar yubileyə
həsr olunacaq. Mədəniyyət
ocağı yubiley çərçivəsində
teatrsevərlərin qarşısına 4 premyera
ilə çıxacaq. Premyeralardan birincisi Rusiyadan dəvət
olunan- Sankt-Peterburq
şəhərinin Aleksandrinsk
Teatrının rejissoru İsgəndər
Sakayevin hazırladığı "Yay gecələrində yuxu"
tamaşasıdır. Tamaşanın premyerası oktyabrın
9-da olacaq.
Boris Lukinskovun quruluş verəcəyi tamaşa isə
"Həqiqət yaxşıdır, xoşbəxtlik gözəldir"
adlanır.
Bu mövsüm premyeralarının içində
teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşunda
"Ailəyə aid olmayan portret" tamaşası da var.
Balaca tamaşaçılarını da unutmayan kollektiv
uşaqlar üçün Yeni İl nağılı
hazırlayır.
Bundan başqa, teatrın kollektivi Ukraynanın Yalta
şəhərində keçiriləcək "Teatr.
Çexov. Yalta" adlı III Beynəlxalq Teatr Festivalında
iştirak edəcək. Sentyabrın 11-dən 18-dək
keçiriləcək festivalda
teatrın yaradıcı kollektivi M.Zadornovun "Ər almaq istəyirəm"
tamaşası ilə çıxış edəcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
102-ci mövsümünün açılışında
-sentyabrın 19-da Üzeyir Hacıbəylinin 125 illiyi münasibətilə
"Koroğlu" operası nümayiş etdiriləcək. Teatrın
mətbuat katibi Şükufə Ağamirzəyevadan aldığımız
məlumatda bildirilir ki, həmin ərəfədə Akademik
Opera və Balet Teatrının rəsmi internet saytının
açılışı da gözlənilir.
Yeri gəlmişkən, Üzeyir Hacıbəylinin
125 illiyi münasibətilə bəstəkarın "Koroğlu"
operası Astana və Qırğızıstan opera teatrlarının
repertuarına daxil edilib.
Bunun əvəzində Azərbaycan Dövlət Opera
və Balet Teatrında qazax operasının səhnələşdirilməsi
barədə razılığa gəlinib.
Ş.Ağamirzəyevadan aldığımız məlumatda,
həmçinin, o da qeyd olunur ki, Opera və Balet Teatrının
balet truppası Qara Qarayevin "Yeddi gözəl" baletini
Rusiyaya aparacaq. Moskva Böyük Teatrı ilə Opera və
Balet Teatrı arasında bağlanan sazişə əsasən
2011-ci ilin fevral ayında teatrın balet truppası Rusiya paytaxtına
qastrol səfəri edəcək.
Opera və Balet Teatrının yaradıcı heyəti
İranda keçiriləcək Azərbaycan Mədəniyyəti
Günlərində də iştirak edəcək. Teatrın
solistləri, xalq artisləri Mənsum İbrahimov, Aygün
Bayramova, Nəzakət Teymurova, əməkdar artist Təyyar
Bayramov və başqaları sentyabrın sonlarında Tehrana
gedəcək.
Opera və Balet teatrının tez-tez qastrol səfərlərinə
gedən solisti, xalq artisti Azər Zeynalov və vokalçı
Fəridə Məmmədova isə Ü.Hacıbəylinin 125
illiyi ilə əlaqədar sentyabrda Avstriyanın paytaxtı Vyanaya
yola düşəcək.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci
mövsümünü sentyabrın 19-da açacaq. Teatrdan verilən məlumata
görə, sentyabrın 18-i -Milli Musiqi Günü və dahi Üzeyir Hacıbəyovun
doğum günü
münasibətilə isə "Arşın mal
alan" tamaşası nümayiş
olunacaq. Tamaşanın rejissoru
Elvin Mirzəyevdir. Rollarda
Anar Şuşalı, Nərgiz Kərimova,
Əzizağa Əzizov, Xanım Qafarova, Əkbər
Əlizadə və başqaları oynayır.
Qeyd edək ki, Musiqili Komediya Teatrında "Arşın
mal alan"a ilk dəfə Şəmsi Bədəlbəyli
quruluş verib. Elvin Mirzəyev isə
2008-ci ildə yeni quruluşda səhnələşdirib.
Teatrın mətbuat xidmətinin rəhbəri Ağca
Muxtarovadan aldığımız məlumatda bildirilir ki, "Muzkomediya"da
bu mövsüm bir sıra yeni tamaşalar hazırlanacaq. Belə ki, xalq artisti
Arif Məlikovun "Ləpələr"
operettası 45 ildən sonra yenidən
oynanılacaq. Artıq tamaşanın məşqlərinə
başlanılıb. Tamaşanın ilin
sonunadək təhvil verilməsi planlaşdırılır.
Teatrın ilin sonunadək nəzərdə
tutulan digər layihələrindən biri Saqarelinin "Xanuma" pyesinin iki dildə -azərbaycan və rus
dillərində tamaşaya
qoyulmasıdır. Bu məqsədlə
Gürcüstanın tanınmış rejissoru
Qoça Kapanadze
Bakıya dəvət olunub. Artıq məşqlərinə
başlanılan tamaşada baş rolları xalq
artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər Elçin
Həmidov, İzabella Şvets,
Əkbər Əlizadə və başqaları ifa edirlər.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
"Ər və arvad" əsəri əsasında səhnələşdirilən
tamaşa artıq hazırdır. Bu tamaşa da bəstəkarın
125 illik yubileyi ərəfəsində teatrsevərlərə
təqdim olunacaq.
Bundan başqa, Nikolay Qoqolun anadan olmasının 200 illiyi
münasibətilə ədibin məşhur "Evlənmə"
əsəri Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
tamaşaya qoyulacaq. Artıq
tamaşanın məşqlərinə başlanılıb. Baş rolları
xalq artistləri Yaşar
Nuri, Məleykə Əsədova və
Şükufə Yusubovanın ifa etdiyi tamaşanın quruluşçu
rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, musiqi rəhbəri və dirijoru
əməkdar incəsənət xadimi
Yalçın Adıgözəlov, quruluşçu
rəssamı Nabat Səmədova, xormeysteri Vaqif Məstanov,
baletmeysterləri isə Zakir və Leyla Ağayevlərdir.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı növbəti
mövsümü Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə hazırlanan Üzeyir Hacıbəylinin
"O olmasın, bu olsun" komediyasının premyerası ilə
açıq elan edəcək. Tamaşada istifadə olunacaq xüsusi
marionetlər Sankt-Peterburqdan gətirilib.
Teatrın direktoru Rəşad Əhmədzadədən
aldığımız məlumata görə, bir neçə
kukla mütəxəssisini teatra işə dəvət edib.
Mütəxəssislər artıq sentyabrın ilk günlərindən
teatrda işə başlayıblar: "Onlar əvvəl də
bu teatrda işləyiblər. Azərbaycanda kukla sənətinin azsaylı
bilicilərindən sayılırlar".
Direktor onu da dedi ki, oktyabrda Gürcüstan rejissorlarından
biri Kukla Teatrında yeni tamaşa səhnələşdirəcək.
Bu ölkə
ilə qarşılıqlı təcrübə
mübadiləsinin də
aparılması planlaşdırılır.
Gəncə Dövlət Kukla Teatrı sentyabrın
15-də növbəti teatr mövsümünün açılışında
balaca pərəstişkarlarını yeni tamaşa ilə sevindirəcək.
Teatrın direktoru Bayram Fətəliyev bildirib ki, kollektiv yeni
mövsümü Nizami Gəncəvinin "Xeyir və Şər"
əsərinin motivləri əsasında hazırlanmış
tamaşa ilə açacaq.
Bundan başqa, balaca tamaşaçılar bu mövsümdə
"Göyçək Fatma" və gəncəli şairə
Aləmzər Əlizadənin uşaqlar üçün yazdığı
şeirlər əsasında səhnələşdirilmiş yeni
tamaşalara da baxa biləcəklər.
Sentyabrın 18-də yeni mövsümü Migel de
Servantesin "Don Kixot" romanının motivləri əsasında
hazırlanan "Psix" tamaşası ilə açmağa
hazırlaşan Dövlət Yuğ Teatrında yeni iki tamaşanın
məşqlərinə başlanılıb. Teatrdan verilən məlumata
görə, tamaşalardan biri
"Diogenin çəlləyi"
adlanır. Tamaşanın ideya müəllifi
və quruluşçu rejissoru
əməkdar incəsənət xadimi Vaqif İbrahimoğludur.
Teatrda məşqlərinə başlanılan ikinci
tamaşa Saleh Səbatın "Uşaq və biz" əsəri
əsasında hazırlanır. Bu tamaşanın da quruluşçu
rejissoru Vaqif İbrahimoğludur.
İLTİFAT
Ekspress.- 2010.- 15 sentyabr.- S.10;14.