İnanclar
məskəni
Məhəmmədi
insanı heyrətləndirən abidələrlə zəngindir
Məhəmmədi kəndi
Abşeronun yeni kəndlərindən sayılsa da, qəsəbənin
yerləşdiyi ərazi haqqında tarixi məlumatlar
mövcuddur. Bizim eradan əvvəl yaşamış tarixin
atası sayılan Herodot Azərbaycanda olarkən
"Yanardağ"da olmuş, onun yaxınlığında
yaşayış məskəni olduğunu qeyd etmiş, həmin
məskənin adını "Qurd yuvası" və
"Kirməkin" kimi göstərmişdi.
Söylənilənlərə görə,
1112-ci ildə monqol işğalı zamanı kənd camaatı
Azərbaycanın cənub bölgələrinə gedərək
orada Məhəmmədi, Şahsevənli, Qaradağlı, Qasımxanlı
adlı kəndlərdə məskunlaşıblar. Kəndin Muğanlı tayfasının Məhəmmədli
tirəsinin adı ilə bağlılığı fikirləri
də mövcuddur. Məhəmmədi sözü yerli əhali
arasında sadələşdirilib. Bir zamanlar deyərdilər
ki, Məhəmmədini başqa Abşeron kəndlərindən
fərqləndirən xüsusiyyətlərindən biri də
onun coğrafi mövqeyidir. O dövrlərdə
qəsəbələr bir-birinə yaxın olduğu halda bu kəndin
dörd tərəfi əkin sahələri ilə əhatəli
olub. İndi isə... İndi isə ikimərtəbəli evlər,
fermalar, yeni salınmış şəhərcik - kiçik
evlər kəndi əhatə edir.
"Yanardağ"
- atəşpərəstlərin inanc yeri
Hələ qədim dövrlərdə
tarixi şəxsiyyətləri heyrətləndirən
"Yanardağ" qəsəbənin qərbində yerləşir. Məhz bu dağların
varlığına görə hələ qədim dövrlərdən
Azərbaycan "odlar yurdu" adlandırılıb.
Qoruğun direktoru Malik Fətullayev bildirir ki, hələ qədim
dövrlərdə "Yanardağ"ın əks istiqamətində
yanan üç təpə olub. Tədqiqatçıların
fikrincə, Bakının rəmzi üç alov dili və dəniz
simvolu da "Yanardağ"ın mövcudluğuna istinadən
seçilib. Araşdırmalar nəticəsində abidənin
ərazisində qədim qəbiristanlıq və üç
tərəfdən alov izləri aşkar olunub. Qeyd
edək ki, islam dinindən əvvəl "Yanardağ"
yerli və gəlmə atəşpərəstlərin inanc
yeri olub. İndi də bu abidəyə "pir",
"ocaq" kimi dəyər verənlər çoxdur. Əsasən
də xarici ölkələrdən gələn atəşpərəstlər
bura dini ocaq kimi baxırlar. Bu tarixi abidə ilə əlaqədar
bir çox əfsanə və rəvayətlər
mövcuddur.
"Qotur su" neçə-neçə xəstəyə şəfa verib
"Yanardağ"ın arxa tərəfində
yerin altından kiçik vulkan püskürür və ətrafa
palçıq qarışıq su səpir. Yerli əhalinin sözlərinə
görə, "Qotur su" adlanan həmin su müalicəvi
xüsusiyyət daşıyır. Bu su dəri xəstəlikləri
üçün çox böyük müalicəvi əhəmiyyətə
malikdir. "Yanardağ"ın digər maraqlı bir yeri isə
dağın ən yüksək zirvəsində yerləşən
"Qurd yuvası" adlanan mağaradır (bu yerə
"qurd qapısı", "qurd keçidi" də
deyirlər). Yerli əhalinin sözlərinə görə, qədim
dövrlərdə bu mağarada canavarlar məskən
saldığından mağaraya "qurd yuvası" adı
verilib. Amma mağaranın içində olan naxışlar
burada nə vaxtsa insanların da yaşadığının
nümunəsidir.
Dağın yuxarı hissəsinin hündürlüyü
116 metrə çatır və bu, Abşeronda ən hündür
yer hesab edilir. Qafqaz sıra
dağlarının son zirvələrindən biri olan "Yanardağ"
dəniz səviyyəsindən 86 m hündürlükdədir.
Dağın alovunun hündürlüyü bəzən 10 metrə
qədər qalxır. "Yanardağ"ın alovu ən
çox qış aylarında daha güclü olur.
Qeyd edək ki, 2007-ci ildə prezidentin sərəncamına
əsasən "Yanardağ" qorunan abidələr sırasına
daxil edilib və qoruq elan olunub. Həmin
il qoruğa 64,55 hektar ərazi ayrılıb. Abidə qoruq elan
edildikdən sonra Almaniya, İngiltərə, Yaponiya, Koreya,
Norveç, İsveç, Hindistan, Pakistan və digər
ölkələrdən gələn turistlərin böyük
marağına səbəb olub.
Prezidentin sərəncamına əsasən
burada bəzi inzibati işlər görülüb və
qoruğa verilən ərazi müəyyənləşdirilib. Qeyd edək ki, bu qoruq tarixi mədəniyyət
və təbiət qoruğu olaraq hər iki funksiyanı
özündə birləşdirdiyi üçün yeganə
qoruqdur və dövlət tərəfindən qorunur.
Aidiyyatı qurumlar tərəfindən qoruğun plan sxeminə
uyğun ərazisi müəyyən edilib. Bundan əlavə qəsəbədə
iki məscid və orta əsrlərə aid olan iki qəbiristanlıq
da qoruğun ərazisinə aid edilib. Qoruq artıq beynəlxalq
turizm marşrutuna daxil edilib və Mədəniyyət və
Turizm Nazirliyinin saytında qoruq haqqında məlumatlar yerləşdirilib.
Qoruğa ayrılan 64,55 hektar ərazinin 54 hektarı Abşeron
rayon Məhəmmədi Bələdiyyəsinin ərazisinə,
10 hektarı isə Bakı Şəhər Sabunçu rayonunun
ərazisindədir. Hazırda
qoruq ərazisində heç bir tikinti işləri
aparılmır. Səbəb isə həmin ərazilərin Məhəmmədi
Bələdiyyəsi tərəfindən
satılmasıdır. Qoruğun ərazisində indi
ayrı-ayrı şəxslərə aid olan evlər, fermalar
yerləşir.
Dağın yanan hissəsinə "qirməki"
vadisi daxildir ki, bu da "qır məkanı" deməkdir. Belə ki, deyilənlərə
görə, bir zamanlar burada qır təbii yolla yer səthindən
çıxırmış.
Qeyd edək ki, qoruqda hələ abadlaşdırma
işləri görülmədiyindən ətraf açıqdır. Bu səbəbdən də qoruğa
giriş pulsuzdur. Qədim səyyahlar Abşeronda belə yanan
təpələrin, dağların olduğunu qeyd ediblər.
Amma onların bir çoxları artıq sönüb. Məhəmmədi
kəndində üç yanan dağ olsa da, zaman keçdikcə
onlar sönüb və yeganə olaraq bu dağ qalıb.
Daşın
dəyəri
Qəsəbədə "Əli
daşı" adı ilə tanınan müqəddəs bir
pir də yerləşir. Malik
Fətullayevin sözlərinə görə, ilk
imamımız Həzrəti Əli Bakıdan keçərkən
bir neçə qəsəbədə - Buzovnada, Məhəmmədidə
izlər qoyub. İndi sakinlər həmin əraziləri
müqəddəs pir, inanc yerləri kimi dəyərləndirirlər.
"Əli daşı"nın da
özünəməxsus maraqlı bir hekayəti var. Rəvayətə
görə, Həzrəti Əli həmin ərazidə
çörək yeyib. Həmişə hər bir əşyaya
dəyər verən imamdan soruşurlar ki, "ya İmam,
buyurursan ki, hər bir şeyin bu dünyada dəyəri var, bəs
bu daşın dəyəri nədir, varmı"? Bu sualı
eşidən imam əli ilə daşı yarı
bölür. Daşın içindən taxıl
tökülür. "Budur dəyəri", - deyir imam. Həmin
vaxtdan "Əli daşı" adını verir sakinlər
bu yerə. İndi də Məhəmmədi camaatının
inanc yeridir bura. Nə qədər baxımsız olsa belə...
Erməni
bicliyi
Qəsəbənin qəbiristanlığında
1918-ci ildə Azərbaycanda şəhid olmuş türk əsgərinin
məzarı da var. Qəsəbə
xeyriyyəçiləri məzarın məhv olub, yoxa
çıxmaması üçün məzarı təmir
etdiriblər.
Məzarlığın mollası qəbiristanlıqda yerləşən
digər qəbirlərin forması haqqında da
danışır. Onun sözlərinə görə, məzarların
çoxu ermənilər tərəfindən düzəldiyi
üçün "xaç" formasını
özündə əks etdirir. Qeyd edək ki, qəsəbə
bələdiyyəsi çoxdan unudulmuş, artıq
torpağa qarışmaqda olan bu məzarlığı da təmir
etdirəcək. Bu barədə bildirən bələdiyyə
nümayəndəsi Vüqar Hüseynovun sözlərinə
görə, bələdiyyə hazırda 1941-1945-ci illər
müharibəsində şəhid düşmüş Məhəmmədi
sakinlərinin şərəfinə qəsəbədə
qoyulmuş "Sovet əsgəri" abidəsini də təmir
etdirir.
Əhalinin
avtobus dərdi
Bir neçə il əvvəl kənddə
hər sahədə problemlər olsa da, əhali indi hər
şeyin qaydasına düşdüyünü deyir. Bununla belə,
qəsəbə camaatının şikayətlənməyə
yeri var. Əhali qonşu Digah qəsəbəsi ilə arada
marşrut avtobusun olmamasından şikayətlənir. "Biz "Əzizbəyov"a, ordan
"20 Yanvar"a gedib sonra marşrutla Digaha gedirik. Halbuki qonşu kənddir",
- deyən Sevda xanım əhalini daha çox bu problemin narahat
etdiyini bildirir. "Kəndlərarası bir avtobus versələr,
çox yaxşı olar", - deyir sakinlər.
Qəsəbəyə gedərkən nahar
vaxtı olduğundan bələdiyyənin qapısı
bağlı idi. "Yəqin bələdiyyə sədri nahardan sonra
qayıdar" fikriylə yenidən bələdiyyəyə
getdim. Bələdiyyə sədri Vaqif Xəlilov
yenə də yerində deyildi. Bununla belə
onunla telefonla danışa bildim. Hirsli-hirsli
xəstə olduğunu deyən sədr suallarımızı
bələdiyyə nümayəndəsi Vüqar Hüseynova
ünvanlamağımızı məsləhət bildi.
Vüqar Hüseynovun sözlərinə
görə, bələdiyyə bu kənd üçün
çox işlər görüb. "Uşaq baxçasını, məktəbi,
yolları təmir etdirmişik. Bu günə
kimi kanalizasiya sistemi olmayan qəsəbəyə bələdiyyənin
yardımı ilə Kürdəxanı qəsəbəsindən
kanalizasiya sistemi çəkilir".
Bu dəfə Məhəmmədi kəndinin
qonağı oldum. Sakit, səssiz,
kasıb bir qəsəbənin dərd-səri,
qayğıları ilə tanış
olub, onları sizlərlə də bölüşdüm...
İradə CƏLİLOVA
Ekspress.- 2010.- 16 sentyabr.- S. 8.