Bir
millət altı dövlət...
Türkdilli
Ölkələrin Əməkdaşlıq Şurası
yaradıldı
Sentyabrın 16-da İstanbulun
"Çırağan" sarayında Türkdilli ölkələrin
dövlət başçılarının X Zirvə
Toplantısı keçirilib. Sammitdə Türkiyə
prezidenti Abdulla Gül, Azərbaycan prezidenti İlham Əliyev,
Qırğızıstanın keçid dövrünün
prezidenti Roza Otunbayeva, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və
Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov
iştirak ediblər.
Ənənəsinə sadiq qalaraq Özbəkistan
prezidenti İslam Kərimov Türk forumuna qatılmayıb. Maraqlıdır ki, Türk
sammitində İranın 1-ci vitse-prezidenti Məhəmməd
Rza Rəhimi də iştirak edib. Çox əcaibdir ki,
İranın təxribatçı "Səhər"
telekanalının sentyabrın 15-də Azərbaycan dilində
gedən verilişində prezident İlham Əliyevin Türkiyəyə
səfəri titrlərdə belə təqdim olunub: "Az R.
prezidenti "üzdəniraq" türkdilli ölkə
başçılarının iclasında iştirak
üçün Ankaraya (?-red.) səfər edib"...
Qeyd edək ki, bir gün əvvəl sammit çərçivəsində
Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və
Qırğızıstan xarici işlər nazirləri Elmar Məmmədyarov,
Əhməd Davudoğlu, Rəşid Meredov, Kanat Saudabayev və
Ruslan Kazakbayev iclas keçirərək Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurası Baş Katibliyinin yaradılması
haqqında qərar layihəsini təqdir etmişdilər. "Bu
qurum təhsil, mədəniyyət və sosial sahələrdə
mühüm proqramlar həyata keçirəcək",- deyə Davudoğlu demişdi.
Dünən Türk Zirvəsini açan prezident
Abdulla Gül də bildirib ki, sammitin keçirilməsində məqsəd
türk dilində danışan xalqların ortaq problemlərini
həll etmək, onların ortaq kökə söykənən
tarixini gələcək nəsillər üçün qorumaqdır.
"Trt.net.tr" saytının məlumatına görə,
Gül deyib ki, Türk dövlətlərinin rəhbərləri
ilə görüşlər onun üçün xüsusi əhəmiyyət
və məna daşıyır":Qardaş
xalqlarımız və ölkələrimiz arasındakı ortaq
dil, din, tarix, mədəniyyət və dəyərlərə
əsaslanan bağlar çox güclüdür, bu təməl
üzərində qurulan əlaqələrimiz də təbii olaraq
genişdir. Ona görə qardaş ölkələrin
prezidentləri ilə nə qədər sıx
görüşsək də, münasibətlərimizin daha irəliyə
daşınması istiqamətində mövzular hər zaman
gündəliyimizin üst sıralarında yer alır".
Sammitin gündəliyində çox məsələnin
olduğunu deyən Türkiyə prezidenti keçən il Naxçıvanda imzalanan Əməkdaşlıq
Şurasının yaradılması haqda qərarı icra edəcəklərini
bildirib": Əməkdaşlıq Şurasının babalarımızdan
miras aldığımız ortaq dil, mədəniyyət və
dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək
nəsillərə çatdırmaq baxımından önəmli
rol oynayacağına inanırıq. Eyni millətə
mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı
əzəli və əbədi qardaşlıq
bağlarının artıq konkret əməkdaşlığa
çevriləcəyinə güvənirik".
Gül Türk dövlətlərinin bölüşdüyü
coğrafiyanın geniş əməkdaşlıq imkanları
ilə yanaşı, problemlərlə qarşı-qarşıya
olduğunu, bu baxımdan regional əməkdaşlıq və
həmrəyliyin mühüm olduğunu vurğulayıb. Sammitə Özbəkistan qatılmasa da
və türkdilli liderlər bir-biriləri ilə tərcüməçi,
tərcümə cihazları vasitəsilə ünsiyyət
qursalar da, Türkiyə prezidenti deyib":Artıq bir millət
altı dövlətik. Bu, Şuranın yaradılması ilə
"Əməldə birlik" şüarı reallaşacaq.
Bütün türk dövlətləri bu quruma sahiblənməlidir.
Burada məqsəd bürokratik bir qurum yaratmaq deyil. Məqsəd
xalqların təşəbbüskar ruhunu və
potensialını hərəkətə keçirməkdir".
Daha sonra sammit bağlı qapılar arxasında
davam edib.
Zirvə toplantısından sonra keçirilən
birgə mətbuat konfransında Türkiyə prezidenti bildirib
ki, liderlər Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının (TƏŞ) yaradılması haqqında qərar
qəbul ediblər. Türkdilli ölkələrin Koordinasiya
Şurasının katibliyi İstanbulda yerləşəcək
və bu qurum iştirakçı ölkələr
arasında əlaqələrin gücləndirilməsi
üçün sistemli fəaliyyət göstərəcək.
Katibliyə Türkiyənin Rusiyadakı sabiq səfiri
Xəlil Akınçı rəhbərlik edəcək.
TƏŞ beş bölmədən ibarət olacaq:Dövlət Başçıları
Şurası, Xarici İşlər Nazirləri Şurası, Əməkdar
Məmurlar Komitəsi, Ağsaqqallar Şurası və
Katiblik.
XI Zirvə Toplantısı 2011-ci ildə
Qazaxıstanda keçiriləcək. Dövlət başçıları XII
sammitin isə 2012-ci ildə Qırğızıstanda
keçirilməsini qərara alıblar.
Sammitin yekun bəyannaməsində TƏŞ-lə
yanaşı, Astananın 2012-ci ildə Mədəniyyət
Paytaxtı elan edilməsi, təhsildə əməkdaşlıq
və Bakıda Türk Mədəni İrsini Müdafiə
Fondunun qurulması kimi qərarlar da qəbul edilib. 3 oktyabr isə bundan sonra Türkdilli Ölkələrin
İşbirliyi Günü kimi qeyd olunacaq.
Gül qeyd edib ki, Mərkəzi Asiyanın
türkdilli dövlətlərinin və Azərbaycanın
Sovet İttifaqı dağıldıqdan sonra əldə
olunmuş müstəqilliyinin 2011-ci ildə 20-ci
ildönümünü birgə qeyd etmək barədə qərar
qəbul edilib. Bundan başqa, Türkmənistanda iri türk mədəniyyəti
festivalı keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, Türkdilli ölkələrin dövlət
başçılarının ilk zirvə
görüşü 1992-ci ildə Ankarada, sonrakı
toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə
Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci
ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə
İstanbulda, 2006-cı ildə Antalyada, 2009-cu ildə isə
Naxçıvanda olub.
Xatırladaq ki, sentyabrın 15-də Azərbaycan
prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan iki ölkə arasında "yüksək
səviyyəli strateji əməkdaşlıq
şurasının qurulması haqqında Birgə Bəyannamə"
imzalayıblar. Bundan sonra keçirilən birgə
mətbuat konfransında iki ölkə arasındakı viza
probleminə də toxunulub. "Biz tərəfdən
heç bir problem yoxdur, amma qardaşım da bu işi ən
qısa zamanda həll edər, inşallah. Heç
narahat olmayın",-deyə Ərdoğan bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin
sözçüsü Elxan Poluxov isə "Azadlıq"
radiosuna deyib ki, daxili proseduralar hələ başa
çatmayıb deyə, vizanın ləğv edilməsi
İstanbulda müzakirə olunmayıb:
"Bu məsələ ilə əlaqədar Azərbaycanda
daxili proseduralara uyğun olaraq yazışmalar,
razılaşmalar həyata keçirilir. Vizanın
ləğv edilməsində yalnız Xarici İşlər
Nazirliyi deyil, başqa dövlət qurumları da iştirak edir.
Bu proseduranın tam başa çatması bir
müddət vaxt tələb edir".
A.Xəlil
Ekspress.- 2010.- 17
sentyabr.- S. 3.