"Azərbaycan rəssamlarının avtoportretləri"
Muzey Mərkəzində
avtoportret sərgisi açıldı
Dünən Muzey
Mərkəzində "Azərbaycan rəssamlarının
avtoportretləri" adlı sərginin
açılışı olub. APA-nın
məlumatına görə, sərginin
açılışında çıxış edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev zaman-zaman Azərbaycan rəssamlarının
bir-birindən maraqlı avtoportret əsərləri
yaratdıqlarını xatırladıb:
"Vaxtaşırı keçirilən sərgilərdə bu əsərlər qismən nümayiş
etdirilsə də, onların böyük bir hissəsi uzun illər
rəssamların emalatxanalarında saxlanıb, sərgilərə
çıxarılmayıb. Portret, mənzərə,
tarixi, batal, natürmort və məişət
janrlarında yaradılmış əsərlər sənətsevərlərə
daha tez-tez təqdim edilib. Respublikada tematik avtoportret sərgisi
də keçirilməyib. Bu sərginin təşkili
məhz Azərbaycan rəssamlarının
yaradıcılığının təbliği və avtoportret əsərlərinin geniş
tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi
daşıyır".
Azərbaycan Rəssamlar İttifaqının sədri,
xalq rəssamı Fərhad Xəlilov da qeyd edib ki, belə bir
sərgi Azərbaycanda ilk dəfə olaraq təşkil olunur.
Sərgidə Azərbaycan rəssamlarının
Dövlət Rəsm Qalereyası və Dövlət İncəsənət
Muzeyində saxlanılan avtoportret əsərləri ilə
yanaşı, Altay Hacıyev, Arif Hüseynov, Çingiz Fərzəlibəyov,
Bəyim Hacızadə, Əskər Əskərov, Fərhad
Yalquzaq, Məmməd Rəşidov, Elay Məmmədovun
avtoportretləri nümayiş etdirilib.
Ekspress.- 2010.- 21 sentyabr.- S. 14.