Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən  şənbə saylarımızda)

 

   Bağırov dövründə MK-nın ikinci katibi olmuş H.Seyidovdan eşitdiyim belə bir əhvalatı da oxuculara çatdırmaq istəyirəm:

   "Kremldə, Stalinin yanında ölkədə heyvandarlığın vəziyyəti ilə əlaqədar məsələ müzakirə olunur. Ukraynada mal-qaranın tələfatına yol verildiyinə görə Stalin Xruşşovu kəskin tənqid edir. Vəziyyətdən çıxmağa çalışan Xruşşov ot əkinləri üçün toxum tapılmadığını bəhanə gətirir. Müzakirədə iştirak edən Bağırov deyir:

   - Nikita Sergeyeviç, bizə müraciət etsəydiniz, sizə kifayət qədər ot toxumu göndərərdik.

   Bu, Stalini daha da qəzəbləndirir. O, Xruşşovu təşəbbüskarlıq göstərməməkdə, böyük iqtisadi, eyni zamanda siyasi əhəmiyyətli işə səhlənkar yanaşmaqda günahlandırır. İclasdan sonra Xruşşov "Mir Cəfər, siz niyə məni Stalinin qarşısında zərbə altına qoydunuz" deyib gileylənir.

   Xruşşov kimi cılız xislətə malik olanlar belə inciklikləri yaddan çıxarmır, intiqam almaq üçün əlverişli məqam, fürsət gözləyirdilər".

   İlhüseyn Hüseynov (M.C.Bağırov dövründə respublika dövlət təhlükəsizliyi orqanlarında çalışmışdır. General İ.Hüseynov SSRİ dağıldıqdan sonra müstəqil Azərbaycanın ilk DT naziri olmuşdur) - "M.C.Bağırov çekistləri yüksək qiymətləndirir və onlara inanırdı. Hətta əvvəllər yaxşı tanıdığı və sonralar həbs olunan adamların taleyinə də laqeyd qalmırdı. Məsələn, 1936-37-ci illərdə Naxçıvanda daxili işlər komissarı işləmiş Əyyub Qasımov sonralar tutuldu. Əyyub Qasımovu kadrlar üzrə ensiklopediya adlandırırdılar, respublikada, xüsusilə Bakıda olan, demək olar ki, bütün kadrların tərcümeyi-halını, xasiyyətini, xarakterini, əhatə olunduğu mühiti, əlaqələrini və b.k. əzbər bilirdi. M.C.Bağırov Ə.Qasımovla əlaqədar məsələni yenidən yoxlatdırdı və ittihamın elə bir ciddi əsası olmadığına inandı, Lavrenti Beriyaya müraciət etdi. Ə.Qasımovu həbsdən çıxarıb, dərhal Xalq Daxili İşlər Komissarlığında şöbə rəisinin müavini təyin etdi.

   M.C.Bağırov ünvanına olan şit tərifləri də sevməz, buna qəti etiraz bildirərdi. Belə bir hadisənin şahidləri danışırlar ki, 1938-ci ildə Moskvaya Azərbaycan ədəbiyyatı və mədəniyyəti dekadasına yola düşən şairlər, ədiblər və digər mədəniyyət xadimləri Bakı-Moskva qatarında yeyib-içirlərmiş. Qəflətən məclisə Bağırov gəlir, tanınmış şairlərdən biri (adını çəkmək istəmirəm) onun ünvanına bir qədər bəlağətli səslənən tost deyir. Bağırov pərt olur və xahiş edir ki, onun olduğu və olmadığı məclislərdə belə hallara yol verilməsin. "Belə şeyləri mən özümə hörmət yox, hörmətsizlik sayıram", - deyir".

   İdris Əsgərov (M.C.Bağırov dövründə respublika prokurorluq orqanlarında rəhbər vəzifələrdə işləmişdir) - "M.C.Bağırovun məhkəməsində qeyri-təvazökarlıq edərək, özünə yaşayış evi tikdirməkdə ittihama cəhd olduqda o, sənədlərə əsaslanaraq belə bir ifadə verdi: "Sov. İKP MK-nın qərarı ilə bütün müttəfiq respublikaların partiya rəhbərlərinə ayrıca yaşayış evi tikilirdi. Həmin qərara əsasən mənə də ev tikilməsi üçün üç dəfə vəsait ayrıldı. Birinci dəfə ayrılan vəsaiti mən Hökumət Evinin tikilməsinə, ikinci dəfə ayrılan vəsaiti "Monolit" adlanan çoxmərtəbəli yaşayış evinin tikilməsinə, yalnız üçüncü dəfə ayrılan vəsaiti Mərkəzin sərt iradından sonra respublika partiya təşkilatının rəhbəri üçün yaşayış evinin tikintisinə yönəltmişəm".

   Danışırdılar ki, M.C.Bağırov Gəncə şəhərinin qədim və zəngin tarixə malik olduğuna, Nizaminin, Məhsətinin və digər məşhur şəxslərin adları ilə bağlılığına əsaslanaraq, bu şəhərin Kirovabad adlandırılmasına qəti etiraz edibmiş. Kirovun xatirəsinin əbədiləşdirilməsi üçün onun adını Yevlax şəhərinə verməyi təklif etmişdir. Moskvadakı yüksəkvəzifəli bədxahlarımız isə Kirovun Azərbaycandakı fəaliyyətinin başlıca olaraq Bakı şəhərində keçdiyini əsas gətirərək respublika paytaxtının Kirovabad adlandırılmasını irəli sürmüşdülər. Belə təhlükəli basqılar nəticəsində M.C.Bağırov Gəncə şəhərinin Kirovabad adlandırılmasına razılıq verməyə məcbur olmuşdu. Bu barədə yazılı mənbəyə rast gəlinməsə də, sonralar baş vermiş bir hadisə bunun həqiqiliyinə inam yaradır. 1952-ci ildə Azərbaycan Respublikasının tərkibində yaradılan iki vilayətdən birinin mərkəzi Bakı şəhəri olduğuna görə Bakı vilayəti də adlandırıldığı halda, digərinin mərkəzi Kirovabad olsa da, vilayəti advı Gəncə adlandırıldı. Bu, şübhəsiz ki, Gəncə şəhərinin adının saxlanması məsələsində Bağırovun əvvəlki mövqeyinin məntiqi davamı idi. Bütün bunlar isə respublkianın ərazi böütövlüyünə və onun tarixinə ehtiramlı münasibətin bariz göstəriciləridir.

   ...Mən Caparidze rayonunun prokuroru işləyərkən dəhşətli bir cinayət baş vermişdi. Soyğunçu bir dəstə toy məclisinə basqın edərək, toyun bütün iştirakçılarını, o cümlədən gəlini və bəyi qarət etmişdilər. Bu məlumatı alan M.C.Bağırov elə həmin gün gecəyarısı respublika prokurorunu, Bakı şəhər prokurorunu, daxili işlər nazirini, Bakı milis idarəsinin və rayon milis şöbə rəislərini Mərkəzi Komitəyə çağırtdırmışdı. Biz M.C.Bağırovun otağına daxil olduqda, onun son dərəcə əsəbi görkəmi ilə üzləşdik. Baş vermiş hadisə ilə bağlı öz iradlarını çox kəskin ifadələrlə bildirdikdən sonra "əgər on gün ərzində cinayətkarlar yaxalanmasa, hamınız öz partiya biletlərinizlə və vəzifələrinizlə vidalaşmalı olacaqsınız" - dedi. Şübhəsiz ki, biz bu ciddi cəzaların bir addımlığında idik. Çünki Bağırov öz dediyindən heç vaxt dönməyən, çox inadkar bir adam idi. Xoşbəxtlikdən cinayətin üstü tezliklə açıldı və təhlükə sovuşdu.

   Mir Cəfər Bağırov mənim yaddaşımda öz sözünü deyə bilən, dediyini həyata keçirən cəsarətli bir şəxs kimi qalmışdır".

   Əli İldırımoğlu (Tanınmış yazıçı-publisist. M.C.Bağırov dövründə müəllim və rayon qəzetinin redaktoru olmuşdur) - "Mir Cəfər Bağırovun bir nəfər kənd müəlliminə vurulan sillənin ona dəyibmiş kimi tufan qoparıb, bütün rayon başçılarını məhşər ayağına çəkməsi faktı yaxşı yadımdadır. Kəndlərin birində idarə başçısı müəllimə əl qaldırır. Müəllim döyülüb təhqir olunduğunu o vaxt maarif naziri işləyən Mirzə İbrahimova bildirir. Mirzə İbrahimov da məsələni dərhal Mərkəzi Komitəyə çatdırır. Əhvalatdan Mir Cəfər Bağırov xəbər tutdu. Raykom katibləri, rayon icraiyyə komitəsinin sədri bu məsələ ilə əlaqədar Mərkəzi Komitənin bürosuna dəvət olundular. Bağırov onları görən kimi ayağa qalxıb əsəbi halda:

   - Deyirlər orada qoçular peyda olub, bu düzdürmü?

   - ...

   - Eşitdiyimə görə, Qubadlıda xalq müəllimlərini döyüb təhqir edirlər, bu doğrudurmu?

   - ...

   Heç kəsdən səs çıxmır. Büro üzvlərindən danışan olmur. Rayon başçıları susurlar. Bağırov üzünü əyləşənlərə tutur:

   - Mənə elə gəlir ki, müəllimi ucuz tutulan rayonun başçıları özləri qara köpüyə dəyməz.

   Qubadlıda yoxlama başlandı... Yoxlamanın nəticəsi Mərkəzi Komitənin büro iclasında müzakirə edilərkən rayon başçılarının, demək olar ki, əksəriyyəti vəzifəsindən azad edildi. Döşündən Lenin ordeni asılan raykomun birinci katibinin axır sözü bu oldu:

   - Yoldaş Bağırov, səhvimizi başa düşürük, qarşınızda təqsirkarıq. Xahiş edirəm, məni Mingəçevirin tikintisinə fəhlə göndərin, orada daş daşıyıb, beton qarışdırıb, özümü doğruldaram".

   Tanınmış şəxslərin Mir Cəfər Bağırov haqqında dediklərinin tam mətni 2006-cı ildə "Nurlan" nəşriyyatı tərəfindən buraxılmış "Mir Cəfər Bağırov xatirələrdə" kitabında dərc olunmuşdur. Toplayanı və çapa hazırlayanı mərhum millət vəkili, peşəkar jurnalist və dövlət xadimi Ramiz Əhmədov kitaba giriş sözündə yazır: "Tariximizin dayaqlarını - böyük şəxsiyyətlərimizi baltalamaq üçün bizə ya daxildən, ya da xaricdən fitva kifayət edir... Fitvaçılara özümüz-özümüzü baltalamaq məharətimizi göstərmək naminə dəridən-qabıqdan çıxırıq. Təəssüf ki, bu, belə olub və indi də belədir.

            Mir Cəfər Bağırov da illərlə baltalandı və bu günün siyasi cəngəlliklərində həmin baltaların səsi ara-sıra yenə də eşidilir".

   Nə qədər təəccüblü görünsə də, Mir Cəfər Bağırovun adı gələndə əlinə qələm əvəzinə balta alanların önündə "Azadlıq" gedir. Qəzet hələ 2006-cı ildə M.C.Bağırov haqqında arxiv sənədləri əsasında yazılmış "Düşmənlərindən güclü şəxsiyyət" kitabı işıq üzü görərkən "sapı şər və böhtandan mayalanmış baltanı" qaldırmışdı.

   Ancaq balta daşa dəydi...

   Təfsilatı ilə tanış olun:

 

   "Fikrət Hüseynli  Teyyub Qurban tapıntısı

 

   Və ya sən demə, Mircəfər Bağırov Mehmet Fatehdən də güclü adammış

 

   19-cu əsrin sonlarında Anadoluda bir quldur bütün kəndi məhv edir. Geniş qalmaqal yaranır. Və nəhayət, onu meşədə tuturlar. Uzun illər ərzində özünə külli miqdarda pul toplamış qatilə vəkil tapılmır. Sonda qatil elan edir ki, kim onun vəkili olmağa razılıq versə, yığdığı qızılları ona bağışlayacaq. Nəhayət, bir vəkil onu müdafiə etməyə razılaşır. Məhkəmə salonunda hamı qulduru lənətləyir. Onu söyür, vəhşiliklərindən danışır. Bütün ittihamlardan sonra söz vəkilə verilir. İnsana bənzər bu vəhşini müdafiə etməyə söz tapmayan vəkil üzünü məhkəmə iştirakçılarına tutub deyir ki, mən heç nə demək istəmirəm. Amma siz onun məsum gözlərinə diqqətlə baxın. Görün, bu gözün sahibi belə vəhşilik edə bilərmi? Vəkilin bu sözlərindən kövrələn vəhşi xahiş edir ki, edamdan sonra onun sərvətini vəkilə versinlər. Çünki dünyada yeganə adam imiş ki, onun barəsində xoş söz tapıb söyləyə bilib.

   İndi iki gün öncə vaxtilə özünü milli mücadilə qurbanı kimi qələmə verən Teyyub Qurban adlı birisinin Mircəfər Bağırov barəsində "Düşmənlərindən güclü şəxsiyyət" adlı kitab yazdığını eşidib deməyə söz tapmadım. Çünki Teyyub Qurban eşələyib hardansa kəşf edib ki, sən demə, Bağırov 1918-ci ildə daşnaklara qarşı vuruşubmuş. Mən dəqiq deyə bilmərəm ki, Bağırov daşnaklara qarşı vuruşanda Teyyub Qurban harda olub? Və ya bəlkə də Bağırova patron daşıyırmış. Bu, onun öz işidir. Amma hər şeyin həddi var. Açıq görünür ki, Teyyub Qurban Mircəfər Bağırov barəsində heç bir söz tapa bilmədiyindən bu daşnak məsələsini ortaya atıb. Çünki nə qədər axtarsaq da, indi nə daşnak sağdır, nə də Mircəfər Bağırov. Olsa-olsa bunu yazan Teyyub Qurban hələ yaşayır ki, o da elə belədir deyib duracaq. Bunun üçün də əlavə baş ağrıtmağa ehtiyac yoxdur.

   O da aydındır ki, "AZİ"-də dərs deməklə başını dolandıran cənab Teyyub Qurban bu kitabı özbaşına çıxarmayıb. Güman ki, kimdənsə dəstək alıb. Və dəhşətli budur ki, müəllim adını daşıyan birisi minlərlə Azərbaycan türkünü, ziyalısını qətlə yetirənin hakimiyyəti türkləşdirdiyini yazır. Beləsinə nə deyəsən? Axı, bu həmin Bağırov deyilmi ki, Salman Mümtazı, Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşfiqi pantürkist adlandırıb məhv etdirib. 70 min Azərbaycan türkünü qətlə yetirib. Görəsən, para və ya hansısa şirin vəd nə qədər böyükdür ki, kimsə yetmiş min insanın qanından yoğrulmuş tikəni boğazına dürtə bilsin? Balasına çörək aparsın? Bunun adı yoxdur. Amma kimlərsə 37-ci ildə millət üçün çalışdığına görə qətlə yetirilən insanların qanında yoğrulmuş tikələri yeyə bilir. Və bunun üçün Mircəfər Bağırova şəxsiyyət deyir. Mən bilmirəm bu kitabı yazanların babası 37-ci ildə NKVD-də işləyib və ya nə işlə məşğul olub. Amma görünür, 70 min insanın sürgün edilməsi, başsız qalmasının onlara aidiyyatı olmayıb. Və nəhayət, bütün onların qarşılığında onlar bu yola əl atıb türk düşmənini millətçi kimi qələmə verirlər. Sadəcə, həmin şəxslərə bir söz demək istəyirəm, elə edin ki, qəbrə gedəndə 70 min ruh sinənizə çöküb nəfəsinizi kəsməsin. Və bir də tövsiyə edirəm ki, Hacı Məmmədovdan da kitab yazın. Adı da olsun "Qəhrəmanlığın sınmaz simvolu". Necədir, xoşunuza gəlir?.."

   Hacı Məmmədova həsr etdiyi "Qəhrəmanlığın sınmaz simvolu" əsərini alman dilində hazırlamaq naminə mühacir həyatı keçirən "milli mücadilə qurbanı" Məhəmməd Əmin zirvəsini deyil, Mehmet Fateh təpəciyini fəth edəcəkdir. Eşələnib-eşələnib zühura çıxardıqlarını "TAPINTI"-dır hay-küyü ilə "Azadlıq" radiosunda səsləndirəcəkdir. Mən isə "Azadlıq" aşiqini agah etmək qalır ki, "müəllim adını daşıyan birisi" hal-hazırda "AZİ"-də dərs deyir, rektor olmaq uğrunda mübarizədədir, üstəlik noyabrda parlamentə deputat seçiləcəkdir. Zaçot və imtahanlarda yığdığı rüşvətlə Bakının mərkəzində imarət, Şüvəlanda bağ evi, tamam qara və tamam rəngdə iki "Mercedes" almışdır. Şamaxıda dəvə, Qəbələdə dəvəquşu, Qəçrəşdə Şimal ayısı, Göygöldə sualtı raket gəmisi saxlayır.

   P.S. Bu günlərdə "BİRİSİ" Bayraq meydanında izdihamlı mətbuat konfransı təşkil edib. Media nümayəndələrinə, müxtəlif ölkələrin (onların arasında Almaniya da var) səfirlərinə vəsiyyətinin mətnini oxuyub: "MƏNİ FƏXRİ XİYABANDA TƏNTƏNƏ İLƏ DƏFN EDİB, BAŞDAŞIMIN YERİNDƏ UZUNLUĞU 1 KİLOLMETR 22 SANTİMETR 88 MİLLİMETR HEYKƏL UCALDARSINIZ VƏ POSTAMENTİNDƏ HƏKK EDƏRSİNİZ - TEYYUB QURBAN TAPINTISI!

   Hə, cənab mühacir, necədir, xoşunuza gəlir?

  

(ardı var)

 

 

Teyyub Qurban

 

Ekspress.- 2010.- 25-27 sentyabr.- S. 14.