"Bu ömrü yaşamağa dəyərmiş"
Mənsum
İbrahimov: "Kiməsə zərər
verməmişəm, şərəfli həyat yolu keçmişəm"
Azərbaycan muğam
sənətində adını qızıl hərflərlə
tarixin yaddaşına həkk edən ustad xanəndələr çox
olub. Bu gün onlardan biri, xalq artisti
Mənsum İbrahimovdan bəhs edəcəyik.
O Mənsum İbrahimovdan ki,
hələ gəncliyindən yetişdirdiyi
neçə-neçə istedadlı xanəndələrlə
ustad adını qazanıb. Biz də ustad sənətkarla
50 yaşının tamam olması ərəfəsində
görüşüb söhbət etdik.
"Allahımın
qarşısında hesabat verirəm"
- Mənsum müəllim,
nə qədər inandırıcı görünməsə
də, 50 yaşı tamam edirsiniz. Bu əlli ili
necə xarakterizə edərdiniz?
- Ümumi götürəndə, əlli-əlliyədir,
yəni elə də olub, belə də... Bununla belə, bu
ömrü yaşamağa dəyərmiş. Təbii ki,
sabahı üçün yaşayan insan hərdən
dönüb arxasına da baxmalıdır. Çünki insan
Allahın ona lütf etdiyi ömür payını elə
yaşamalıdır ki, sabahı günü dünən
etdiyinə görə utanmasın. Mən özümdən
arxayınam, ona görə ki, heç vaxt kimsəyə zərər
vurmamışam. Hər axşam mən Allahımın
qarşısında hesabat verirəm. Kimliyindən
asılı olmayaraq, heç kəsə haqsızlıq etməmişəm.
Əksinə, imkanım çatdığı qədər
insanlara kömək etmişəm. Səmimiliymə inanın,
əgər bir kəsə kömək etməyə imkanım
çatırsa, lakin hansısa səbəbdən onu edə
bilmirəmsə, bu məni uzun müddət narahat edir. Allah
insanı insana kömək etmək, ən azından mənəvi
dəstək etmək üçün yaradıb. Təbii ki,
özümü dünyanın ən ideal insanı da
saymıram. Çünki səhvsiz adam olmur. Belə
götürəndə, arxayınam ki, kiməsə zərər
verməmişəm, şərəfli həyat yolu
keçmişəm. Bu yerə öz əziyyətimlə,
çox böyük zəhmətin bahasına gəlib
çıxmışam. Yaşadığım bu həyatdan
çox razıyam, buna görə Allahıma
şükürlər edirəm. Çünki hərəkətimin
bərəkətini görmüşəm. Bəli, bu illər
ərzində özümə görə çoxlu nailiyyətlərim,
uğurlarım olub. Amma bunlar məndə arxayınlıq
yaratmayıb. Ümumiyyətlə, heç vaxt özümdən
razı olmamışam. Özümün ən xoşuma gələn
cəhətlərimdən biri gözütox
olmağımdır. Allahımdan razıyam ki, məni
gözütox, bir də şükürlü insan yaradıb.
Mən aza, çoxa, yoxa görə də həmişə
Allaha şükür etmişəm.
- Bu əlli ildə hansı günü yaşamaq istəməzdiniz?
- Belə günlər olub. Bu da yaxınlarımın
həyatdan getməsi ilə bağlı günlərdir.
Çünki hər bir uğursuzluğu düzəltmək
olur, amma ölən insanı geri qaytarmaq olmur. Mən bir
neçə il əvvəl oğlumu itirdim. 3 qızdan sonra
doğulmuşdu. Yaşyarımlıq
sağlam uşaq idi, həkimlərin səhvi nəticəsində
uşağı itirdik. Həmin günün, ümumiyyətlə, həyatımda
olmasını istəməzdim. Təbii ki,
hər ata övladına özünün
gələcəyi kimi baxır, xüsusən
də 3 qızdan sonra doğulan
oğul övladını itirmək ata üçün böyük dərddir. Onda
da mən dedim ki, əgər Allah belə
məsləhət bilibsə, belə olub,
qismətdən artıq yemək olmaz. Allaha qurban olum,
ondan sonra mənə bir oğul da
əta etdi, bu günlərdə
oğlumu birinci sinfə
yola saldım. Bunlarla
yanaşı sevincli günlərimin də
sayı çox olub. Ən
sevincli günlərimi
soruşsaydınız, qızlarımın Bakı Dövlət
Universitetini bitirməsini qeyd
edərdim. Artıq böyük
qızım bu yaxınlarda gənc diplomat kimi müsabiqədən
keçib Xarici
İşlər Nazirliyinə işə götürülüb.
İlk dəfə "Məcnun" rolunda səhnəyə
çıxdığım gün həyatımın
ən unudulmaz məqamlarındandır.
- Bu gün Mənsum İbrahimov bütün sənət
əhlinin arzuladığı pillələrə yüksəlib.
Maşallah olsun, ailə səadəti var, sənət
uğurları, mükafatlar, fəxri adlar əldə etmisiniz.
Güzəran da ki pis deyil. Daha nələri
arzulayırsınız?
- Şəxsən mənim üçün hansısa
zirvə məfhumu yoxdur. Mən xanəndəyəm, öz
işimlə məşğulam. Bu səsi mənə Allah ona
görə verməyib ki, mütləq xalq artisti olmalıyam.
Mənim işim, peşəm oxumaqdır, oxumuşam, sağ
olsunlar qiymət veriblər. Mənim üçün zirvə
yox, sənət nailiyyətləri var. Muğam elə bir dəryadır
ki, hər kəs gücü çatdığı qədər
götürüb. Mənim də ovucum bir az yekə olub, vəssalam.
Bunu zaman göstərəcək ki, kimin adı bu sənətin
tarixində qalacaq.
"Qərara gəldim ki,sənətkar
olmalıyam"
- Mübaliğəsiz-filansız, onu dəqiq bilirəm
ki, Mənsum İbrahimovun adı Seyid Şuşinski kimi
ustadlarla yanaşı bu sənətin tarixində qalacaq. Hər
ustada qismət olmur ki, tələbəsi 4 ildə əməkdar
artist olsun...
- Hər dəfə fəxri ad, dövlət
mükafatı alanda, elə bil ki, çiynimə ağır
yük qoyulur. Ona görə də bunların sevincini uzun
müddət yaşaya bilmirəm. Bunlar məni daha da çox
iş görməyə sövq edir. Dövlət mənə
böyük etimad göstərib "xalq artisti" fəxri
adına layiq görüb, yeni-yeni gəncləri yetişdirmək
də mənim borcuma düşür. Mən tələbələrimə
yalnız sənəti öyrətmirəm, onların bir xanəndə
kimi tanınması da mənim boynuma düşür. Bundan
başqa, muğamları yenidən işləyib
yazdırmağı düşünürəm. 2007-ci ildən
mən yeni simfonik muğamları yazdırıram. Bu muğamlar orkestrin
ifasında simfonik əsər kimi ifa olunub.
Amma xanəndənin iştirakı ilə
bu yeni bir
şeydir. Layihənin rəhbəri
xalq artisti Səyavuş
Kərimidir, o bu
işdə bizə çox kömək etdi. İlk dəfə
2007-ci ildə ulu öndər Heydər Əliyevin
ad günündə dövlət
filarmoniyasında Yalçın Adıgözəlovun dirijorluğu ilə "Rast"
simfonik-muğamını ifa etdik. Ötən 3 il
ərzində Belarusda, Türkiyədə,
Ukraynada, İngiltərədə bu əsəri ifa etdik. Özü də
maraqlı məqam odur ki,
bizi konsertlərdə bu
ölkələrin adlı-sanlı orkestrləri müşayiət
edib. Bilirsiniz ki, ustad xanəndəmiz Alim Qasımov bu gün muğamımızı dünya
səviyyəsində layiqincə təbliğ edir.
Sevindirici haldır ki, bizim
azərbaycanlımız öz milli mənəvi sərvətimizə görə
UNESCO-nun mükafatını aldı. Biz də bu ənənəni
davam etdirməyi düşünürük.
İngiltərənin "Arion" kimi məşhur orkestrinin
100-dən çox musiqiçisinin
Azərbaycan bəstəkarının "Rast"
simfonik-muğamını öyrənib ifa
etməsi bizim üçün
çox böyük
önəm daşıyır. İnşallah,
bu layihəni gələcəkdə daha da genişləndirmək
istəyirik.
- Tay-tuşlarınızın arasında səsinə
görə tanınan xanəndələr kifayət qədərdir.
Amma onların arasından çıxıb bu günün Mənsum
İbrahimovu olmağı necə bacardınız. Rayondan gələn,
yiyəsiz adam... Çətinliklərin çoxluğu
adamı sarsıda bilər, pula görə çox şey etmək
olar...
- İnsanların böyük əksəriyyəti
öz peşəsini sonradan müəyyən biliklərin
köməyi ilə əldə edir. Amma xanəndəlik
peşəsi adamla birlikdə doğulur. Bu Allah-taalanın bizə
verdiyi bir hədiyyədir. Amma insan Allahın verdiyi bu hədiyyədən
ağılla istifadə etməlidir, onun qədrini bilməlidir.
Bir də insan nə istədiyini bilməlidir. Sabahını
düşünməyən insan inkişaf edə bilməz. Mən
əsgərliyə gedənə qədər Ağdamda
yaşamışam. Orada toylara da gedirdim, kifayət qədər
də qazanırdım. Əsgərlikdən qayıdandan sonra
oturub fikirləşdim ki, nə vaxta qədər toya gedəcəyəm?
Bunun sonu nə olacaq, mən kim olmaq istəyirəm? Qərara
gəldim ki, mən sənətkar olmalıyam. Həmişə
mən böyük-böyük səhnələrin arzusunda
olmuşam. Böyük çıxmasın, artıq
böyük səhnələrə o qədər öyrəşmişik
ki, toylardan qaçıram. Bəzən deyirlər ki, filankəsin
naxışı gətirir. Xeyr, əvvəlcə məqsədini
dəqiqləşdirməlisən və sonra işini buna
görə düzgün qurmalısan. Bunun bir adı var, zəhmət,
vəssalam. Bu günün özündə də mən dərsə
tələbədən tez gəlirəm. 17 ildir "Məcnun"u
oynayıram, məşqlərə bir ay əvvəlcədən
özümü hazırlayıram. Bu gün mən
oynadığım "Leyli və Məcnun"
operasının tamaşasında zalda boş yer tapa bilməzsiniz.
Artıq teatrda 3 "Məcnun" var, tamaşaçılar
zəng edib mütəmadi olaraq mənim nə vaxt
oynayacağımı soruşurlar. Ötən il "Leyli və
Məcnun" tamaşası çox önəmli bir yerdə
göstərilməliydi, onun üçün teatrda
baxış oldu. Nəticədə məni dəvət etdilər.
- "Məcnun"u 10 il yalnız siz oynadınız?
- Bu elə bir dövrə düşdü ki, Arif
müəllim, Canəli müəllim və rəhmətlik
Baba Məhmudoğlu artıq bu rolu ifa etmirdilər. Alim
Qasımov da çox vaxt qastrolda olduğu üçün mən
tək oynamalı olurdum...
"Arif müəllim o sözü deməyib"
- Mənsum müəllim, gənclər sizi qane edirmi?
- Səbuhi İbayev artıq neçə ildir ki,
"Məcnun" partiyasını ifa edir. İlkin Əhmədov
gənc olsa da, həm gözəl səsi var, həm də səhnədə
sərbəst hərəkət edir...
- Neçə il "Məcnun"un yükünü
tək çəkmisiniz, onu gənclərə ötürmək
çətin deyil ki sizə?
- Təyyar Bayramovu, İlkin Əhmədovu mən
özüm teatra gətirmişəm. Yəni, onları teatr dəvət edir, amma mən
rola hazırlayıram. Əslində, "Məcnun"ların sayının çox olmasını rəqabət
olsun deyə mən özüm istəyirəm. Rəqabət insana stimul verir.
Gənclərlə cəngi-cidala
çıxmaq adamı
bir az
da cavanlaşdırır.
Sənətdə rəqabət olmasa,
sənətkar inkişaf
edə bilməz.
- Əgər söhbət əsl sənət rəqabətindən
gedirsə?
- Rəqabət yalnız
sənətlə bağlı
olur, siz dediyinizin termini başqadır.
Onun adı qiybət və ya dedi-qodudur.
Birincisi,
dedi-qodu etmək kişiyə xas olan hərəkət deyil. İkincisi də yalnız
istedadı olmayan, sənəti olmayanlar qiybət edər.
- Məsələ bundadır
ki, sənəti olanlar da dedi-qodu
edir. Beynəlxalq müğam müsabiqəsi
ərəfəsində belə
bir söz çıxdı ki, guya Arif Babayev
Alim Qasımovun ünvanına "o nə
vaxtdan xanəndə olub?" deyib...
- Ümumiyyətlə, gərək elə bir vicdansız adam olasan
ki, Alim Qasımov haqqında belə söz deyəsən. Lakin Arif müəllim
o sözü deməyib.
Arif müəllim sonradan özü bu barədə açıqlama verdi
ki, bu, yalan
söhbətdir. Çünki Arif müəllim Alim Qasımovdan danışanda, onu "dünya şöhrətli
Alim Qasımov" adlandırıb. Mən,
ümumiyyətlə, Arif
müəllimin kiminsə
dalınca danışmağını
eşitməmişəm, kimə
nəsə deyibsə,
üzünə deyib...
- Sizin dalınızca
da xoş danışmayanları eşitmişəm.
Hansıları ki, teatra siz aparmısınız.
- Bu, təbiidir. Mən onlardan
incimirəm. Bu gün də həmin adamların mənim köməyimə
ehtiyacı olsa, əsirgəmərəm. Çünki mən Mənsum İbrahimovam. İnsanlar bəzən
uğursuzluqlarının səbəbini
öz tənbəlliklərində
deyil, başqasında
axtarırlar. Xanəndə
var, bir muğam və ya mahnı yazdırır,
bütün ömrünü
onunla fəxr edir ki, filan
muğamı 40 il əvvəl oxumuşam. Ay qardaş, 40
il bundan
əvvəl etdiyini başa düşdük, bu gün nə
işlə məşğulsan?
Ümumiyyətlə, keçmişi ilə
yaşayan adamlar mənə çatmır.
Böyük Niyazinin sözüdür
ki, tərəzinin bir tərəfində puldur, bir tərəfində
sənət. Pulun dalınca
qaçsan, sənəti
itirəcəksən, amma
sənəti götürsən,
pulun da olacaq. Sənət adamı heç
vaxt ac qoymaz, əgər əsl sənətkarsansa.
- Oğlunuz bu il məktəbə getdi,
gözünüz aydın. Oxumağı, səsi varmı?
- Belə də, hərdən bərkdən
qışqırmağı var. Görək də, əgər
gələcəkdə qeyri-adi istedadını hiss etməsəm,
xanəndə olmağına imkan vermərəm. İstəmərəm
ki, mənə görə xanəndəliyə həvəs
göstərsin. İstedad da belədir ki, nə qədər
qarşısını alsan, özünü büruzə verəcək.
Sabah bir müddət mənə görə hörmət edərlər,
məndən sonra nə edəcək? Fikir verin, kim ki valideyninə
görə sənətə gəlib, onun kölgəsində
qalıb.
Yox, əgər nəsə qeyri-adi bir şey hiss etsəm,
onda onu özüm yetişdirəcəyəm. Onda da əla
bir şey alınacaq.
İLTİFAT
Ekspress.- 2010.- 25-27 sentyabr.- S. 12.