"Artıq
dayanmaq istəyirəm..."
Alim
Qasımov: "Deyəsən, yorulmuşam. Hiss edirəm ki,
içimdəki mübarizlik sönür"
Hər dəfə
söhbət düşəndə, deyir ki, xanəndəliyə
təsadüfən, pula olan ehtiyacdan gəlib... Lakin təbii
ki, bu, Alim Qasımov kimi nəhəng sənətkarın böyük
ürəyinin diqtə etdiyi təvazökarlıqdır. Çünki
təsadüfdən belə bir reallığın
doğulmasına adamın inanmağı gəlmir. Vaxtilə
onu çox incitdilər, üzünə "sən əjdaha
oxuyansan" deyənlər sonradan efirə çıxıb
"Alim muğam oxumur, farmazonluq edir" söylədilər.
Alimsə bədxahlarına dünyanı öz ifası ilə
sehrləməklə cavab verdi. Bu günlərdə Alim
Qasımovun ABŞ-ın milli radiosu tərəfindən
yüzilliyin 50 möhtəşəm səs sahibi olan sənətçilərin
siyahısına salınması barədə yayılan xəbərlər
onun hansı zirvədə olmasından xəbər verir. Və
təbii ki, Alimin ötənilki uğurları bununla bitmir.
Qalanlarını özündən eşidin.
"Keçmişimə
qayıdıb hamı necə
oxuyursa, elə oxumaq istəyirəm"
- Alim müəllim,
2009-cu ili necə başa vurdunuz?
- Xəstəlik
göz açmağa imkan verdi ki? Elə xəstə-xəstə
gedib konsertləri yola verirdim. Yüngülvari türkəçarə
ilə birtəhər əmələ gəlirdim, 2 gün
keçməmiş görürdüm yenə
soyuqlamışam. Bu şoğərib xəstəlik heç
sağalmaq bilmir. Adam dilxor olur, iş-güclə məşğul
olmaq olmur. Kimdən soruşuram, hamı deyir ki, 2-ci-3-cü dəfədir,
xəstələnib.
- Sonuncu səfəriniz
hara idi?
- Sonuncu dəfə
İsveçrədə keçirilən Azərbaycan Mədəniyyət
Günlərində iştirak etdik. İki konsertimiz oldu.
- Sizi həmişə
qıvraq, yüksək əhval-ruhiyyədə
gördüyümüzdən, xüsusən bu yaşda
artıq xəstəlikdən danışmağınız qəribə
gəlir. 52 yaş nədir ki?
- Sən köhnə
kişilərlə bizi bir tutma. İndiki dövrün
cavanları köhnə kişilərdən tez qocalırlar. 52
yaşım var, doğrudur, amma onlarla müqayisədə elə
bil, 72 yaşım var. Həm zəmanənin gərginliyi, həm
də hər gün aldığımız yeni-yeni məlumatlar
bizi qocalmağa məcbur edir.
- Tarixin sürətlə
dəyişməsinə alışa bilirsinizmi?
- Doğrudan da zaman
sürətlə gedir. Baxmayaraq ki, insanlar zamanın sürətini
azaltmaq üçün əllərindən gələni edirlər.
Misal üçün, əvvəllər insanların atla,
araba ilə 3 günə getdiyi yolu indi 10 dəqiqəyə
başa vurmaq olur. Amma indi 10 dəqiqə ərzində
insanların əldə etdiyi məlumatları, yenilikləri o
dövrün adamları bəzən 50 ilə əldə
edirdilər... Bu məni çox düşündürür.
Hərdən özümə qapılıb
düşünürəm ki, bəlkə artıq bəsdir.
Artıq dayanmaq istəyirəm...
- Oxumaqdan yəni bu qədər
usanmısınız?
- Yox, oxumaqdan bezməmişəm.
Amma muğam elə bir dəryadır ki, dərinə getdikcə
gedirsən. Qorxuram ki, lap dərinə getdikcə nəsə
baş versin. Ona görə də, keçmişimə
qayıdıb, hamı necə oxuyursa, elə oxumaq istəyirəm.
Yəni, çətin bir şeyi bacarmaq üçün təzə-təzə
şeylər, kitabların arasına girib bir qəzəldən
ötrü 3 gün axtarmaqdan əl çəkmək istəyirəm.
- Yorulmusunuz deyəsən?
- Deyəsən... Amma
bir məsələ var ki, yorulsam da, bundan əl çəkmək
çətindir. O vaxtlar cavan idik, hər konsert
üçün təzə proqram qurmaqdan ötrü gecə-gündüz
çalışırdıq. Amma indi hiss edirəm ki,
içimdəki mübarizlik sönür. Mən özümdən
çox narazıyam. Amma indiki cavan xanəndələrə
qulaq asanda, fikirləşirəm ki, dədə vay, bunlar
gör hələ haradadırlar? Çünki o dövrdə
ailəli olsam da, tələbə yoldaşlarım kimi toylara
qaçmadım. Uşaqlar vardı, səhər dərsə
gələndə, ciblərində 250-300 manat olurdu, şəxsi
maşınlarında gəlirdilər. Mənim onda cibimdə
bir isti çay və "korjik" almaq üçün
olsa-olsa, 50 qəpik olardı. Camaat toya gedəndə, mən
gecə-gündüz məşq edirdim, qəzəl öyrənirdim.
İndiki gənclərə baxanda, pis oluram. Məni rəhmətlik
Hacı Məmmədov özü ilə toya aparıb, 4-5 dəstgah
oxutdurandan sonra 100-150 manat pul verirdi. O da yaxşı oxuyandan
sonra aparırdı. Amma indiki gəncər toyda bir-iki mahnı
oxuyub mənim bir ildə qazandığımı bir toyda
qazanırsa, təbii ki, öyrənmək üçün əziyyət
çəkməyəcək. Heyfim gəlir, səsləri
yaxşıdır, amma içəriləri boşdur.
- Siz dediyiniz məqama
çatmaq üçün gənclər nə etməlidirlər?
- Əvvəla, tarixdə
qalan xanəndəni zəmanə özü yetişdirir. Bizim
dövrümüzdə belə bir məqam oldu ki, hamı dəf
çalmağa, qəzəl öyrənməyə, muğam
oxumağa həvəs göstərməyə başladı.
Çünki həm Bakı kəndlərində, həm də
Azərbaycanın rayonlarında muğama böyük maraq
vardı. Adamlar həm ciddi qulaq asırdılar, həm də
ifaçıdan tələbləri ciddi idi. Bəzən xanəndəni
bir məclisdə 4-5 dəstgah oxumağa məcbur edirdilər.
Ona görə də, xanəndə öz sənətini dərindən
öyrənməyə məcbur olurdu. Hətta o dövrdə
bir çox yaşlı xanəndələr də məcbur
oldular arxivlərə baş vurub bilmədiklərini öyrənsinlər.
Mən o vaxtlar Azərbaycan muğamlarını öyrənmək
üçün 4 il evdən bayıra çıxmadım.
Baxmayaraq ki, ailəli idim, uşaqlar vardı, səhərlər
dərsə gedib qayıdırdım, sonra da evə girib gecə-gündüz
çalışırdım. İndi uşaqlar
böyüyüb. Onda balaca idilər, qayğıları ilə
anaları məşğul idi. Artıq uşaqların da
qayğıları artıb, evləniblər, övladları
var. Baba olmaq da ata olmaqdan qat-qat ağırdır. Əslində,
ata olmağın ləzzətini vaxtında duya bilmədik.
Uşaq heyif deyilmi, oturdurdun maşına deyirdin getdik, vəssalam.
Amma indi böyüyüblər hərənin də öz
zövqü, öz düşüncəsi. Misal
üçün, deyirsən ki, yığışın bir
yerə gedirik, sonra gərək gözləyəsən ki,
bunlar nə vaxt bəzənib qurtaracaqlar... Adam zaman dəyişdikcə,
çətinliyinin artmağına varmır, əgər diqqət
eləsə, görər ki, hər bu günkü gün
dünənkindən qat-qat çətin keçir...
"Mən
bəzən gənc bir xanəndədən
də öyrənməyə çalışıram"
- Nəsimi deyirdi ki,
"Məndə sığar iki cahan, mən bu cahana
sığmazam... " Yunus İmrə də "Məni məndən
sorma, gəl, Bir mən vardır məndə, məndən
içəri..." Alim Qasımov necə fikirləşir?
- Allah hər ikisinə
rəhmət eləsin. Mən Suriyaya konsertə gedəndə,
xahiş etdim, məni Nəsiminin məzarını ziyarət
etməyə apardılar...
- Nəsiminin məzarı
başında ürəyinizdən bir ağız onun beytini
oxumaq keçmədimi?
- Yox, oxumadım,
çünki məqamı deyildi. Amma bir az onunla söhbətləşdik...
- Oxusaydınız bəlkə
də dirilərdi...
- Yox dirilməzdi, əslində,
dirilmək istəməzdi. Çünki elmin, texnikanın
inkişafına baxmayaraq, insanlar onun dövrünün
insanlarından betər cahilləşiblər...
- Alim Qasımovu da Nəsimi
kimi bir zamanlar qəbul etmirdilər...
- Əslində, Nəsiminin
özünü böyük Yaradan idarə edirdi. Adi bir
şairin sözləri deyildi Nəsiminin qəzəlləri.
Onun qəzəllərində ilahi qüdrəti başa
düşüb, onun işığını tapa bilənlərin
qismətinə Allaha doğru addımlamaq yazılıb. Bu yol
nə qədər çətin olsa da, Nəsimini idarə edən
qüdrət onu yoldan çıxmağa qoymadı. Bəli,
doğru buyurdunuz ki, məni də bir zamanlar incitdilər. Amma
mən özüm hansı cığıra
düşdüyümü bilmirdim. Sadəcə olaraq,
içimdəki qüvvə məni idarə edirdi. Bəzən
görürəm ki, hər şey qaydasında olsa da,
içimdə bir narahatçılıq var. Baxıram
orqanizmdə hər şey normaldır, amma elə bil içəridən
kimsə məni qıdıqlayır... Biz həyatın maddi tərəfini
görüb yaşayırıq, amma onlar mənəvi tərəfini
yaşayıblar. Bəzən olur ki, məni öz ifam
göyün yeddinci qatına qaldırır, amma bəzən
heç tükümü tərpətmir. Mən öz ifama
çox qulaq asıram. Hətta bir çox şeyi
özümdən öyrənmişəm. Bəzən olub, xətrimə
dəyib, ruhumu elə incidiblər ki, cismimdən
ayrılıb, qalxıb göyün yeddinci qatına.
Füzuli demişkən, "Öylə sərməstəm
ki, idrak etməzəm dünya nədir..." Bu da irfani-həzzin
bir növüdür. Çox vaxt dərvişlərin, sufilərin
zikrləri, ayinləri adi adama qəribə gəlir. Amma ləzzətini
bilmirlər, bilsələr hamı ona cumar... Məndən həmişə
soruşublar, elə özüm də özümə sual
vermişəm ki, nə üçün mən? Bilirsinizmi,
insan öz taleyini özü həll etmir, hər şey oun
üçün əvvəlcədən yazılıb, nizama
salınıb. O özü, sadəcə, icraedicidir. Bəzən
düşünürəm ki, bəlkə də atamın
yaxşı imkanı olsaydı, heç xanəndə
olmazdım. Buna qədər çox sahəyə baş
vurdum, alınmadı. Qoşanağaraçalan olmaq istədim,
yaxşı bacarmırdım deyə, toylara
aparmırdılar. Qobustan rayonunun Nabur kəndində
aşıq vardı, rəhmətlik Şirsoltan, bir dəfə
bizə qonaq gəlmişdi. Mənim də ana tərəfim
Nabur kəndindən olduğu üçün bizə
qohumluğu çatırdı. O mənə dedi ki, "filan
vaxt filan kənddə toydayam, ora gələrsən". Mən
də getdim, bəyənmədi. Bu da Allahın qismətidir, əgər
alınsaydı, qoşanağaraçalan qalacaqdım.
Sözün düzü, o vaxtı oxumağımı da bəyənmirdilər.
Axırda rəhmətlik qayınanam Səyavuş Aslana dedi
ki, "bu uşağın səsi var, onu məktəblərin
birinə düzəlt". Mən də ona qədər bir
neçə dəfə sənəd verdim, savadım
olmadığına görə qəbul imtahanında 2500 manat
pul istədilər. Həmin pul o dövrdə heç mənim
nəsil-nəcabətimdə yox idi. Səyavuş Aslan da
qayınanamın qohumu idi, ona bibi deyirdi və rəhmətlik
Vasif Adıgözəlova məni tapşırdı. Allaha
qurban olum, görüb ki, çox zəhmət çəkirəm,
işığını məndən əskik etmədi.
- Bəzən deyirlər
ki, Alim Qasımov Şərq ölkələrində sufi təhsilindən
sonra bu ifanı tapıb, öz səsi ilə meditasiya edir. Bu
deyilənlər doğrudurmu?
- Mən bəzən gənc
bir xanəndədən də öyrənməyə
çalışıram. Dəf çalmağı İranda
öyrənmişəm. Amma mən xüsusi məktəb
keçməmişəm, sadəcə olaraq usta dəfçalanı
müşahidə etmişəm. Bir də İran ritmi ilə
bizim ritmimiz fərqlənir. Tamamilə başqa-başqa texnika
və tembrlərdir. Doğru buyurdunuz, mən Şərq
ölkələrinin muğamlarına çox qulaq
asmışam. Amma iş dinləməklə bitmir, hər
gün mənim ifama minlərlə adam qulaq asır, onda gərək
gündə bir Alim çıxsın... Mənə elə gəlir
ki, bütün bunlar bizim qanımızdan gələn
xüsusiyyətlərdir. Bizi əhatə edən aləmin
özü təsəvvüfdür. Sadəcə, onun izini
tapıb cığıra düşmək lazımdır,
ondan sonra hər şeyi bacaracaqsan, lap qəliz hind musiqisini
özününkü kimi rahat həzm edəcəksən. Mənə
hər yerdə deyirdilər ki, dərviş yolu oxuyuram. Xaricdə
məndən soruşurdular ki, "siz sufisiniz", deyirdim ki,
yox. Çünki mən bunun məktəbini keçməmişəm.
Get-gedə təsəvvüf elmi ilə tanış olduqca
artıq hansı dünyaya məxsus olduğumu başa
düşdüm. Biz SSRİ-də
yaşadığımıza görə belə şeyləri
bilmirdik, əslində, insan sonradan sufiləşmir, o belə doğulur...
- Sizin balaca bir irfani məclisiniz
olub- dostluq üçbucağı. Bu
üçbucağın bir tərəfində rəhmətlik
Baba Pünhan olub, bir tərəfində rəssam Hacı
Eldar, o bir tərəfində də siz. Sizin məclisdə
qonaq olanların sözüdür, adam saflaşmaq istəsə,
heç yerə getməsin, burada bircə dəfə olsun, bəs
edir. İndi o üçbucağın bir tərəfi yoxdu,
onu kiminlə bərpa etmək istəyirsiniz?
- Baba Pünhanı
xatırladığına görə sənə təşəkkür
edirəm. Allah ona rəhmət eləsin. Amma Baba Pünhan
sağlığında o qədər yazmışdı ki, cismən
yanımızda olmasa da, həmişə
yanımızdadır. Onun yerini bizim üçün kimsə
doldura bilməz.
- Bir zamanlar maddi ehtiyac səbəbindən
sənətə təsadüfən gələn Alim
Qasımovu dünya muğamının şahı hesab edirlər.
Yəni "Alim" sözü "Muğam"
sözünün sinoniminə çevrilib. Nə vaxtsa
unudulmaqdan qorxmursunuz?
- Əstəğfürullah,
mən elə deməzdim. Hər millətin öz qüdrətli
sənətkarları var. Mən özümü ən
yuxarıda görmürəm, bu baradə də heç fikirləşməmişəm.
Amma unudulmaq barədə də fikirləşməmişəm.
Çünki başa düşürəm ki, mənim taleyimi
Allah nizama salıb, özü necə məsləhət bilirsə,
elə də olacaq. Mən elə də şan-şöhrətin
həvəskarı da deyiləm. Amma tanınmadığım
vaxtlar da olub. Bir dəfə Qarabağ müharibəsi
dövründə filarmoniyanın yanında "oblava"
vardı. Mən də həmin gün konsertdən
çıxıb evə getmək istəyirdim, polislər məni
də digər cavanlar kimi qolumdan tutub məcburən avtobusa
mindirdilər. Dedim ki, "a kişi, mən Alim Qasımovam, əməkdar
artist, xanəndə". Biri qayıtdı ki, "yekə
kişisən, utanmırsan o boyda sənətkarın
adından istifadə edirsən?" Doğrusu, bu kişinin
sözündən utanan kimi oldum. Sonra onların komandiri gəldi,
məni tanıdı... Sözümün canı odur ki,
şanından-şöhrətindən, imkanından
asılı olmayaraq hər kəs Allahın yanında eynidir,
sabah hamımız onun yanına bir metrə kəfəndə
gedəcəyik.
İltifat
HACIXANOĞLU
Ekspress.-
2010.- 9-11 yanvar.- S. 19.