Müstəqilliyimizin tanınmasından 90 il ötür

 

Cəmil Həsənli: "Azərbaycan ilk müsəlman-türk dövləti idi ki, müstəqilliyi Qərb tərəfindən tanınırdı"

 

Aydın Balayev: "Versal müqaviləsilə Azərbaycanın müstəqilliyinin tanınması ən böyük hadisə idi"

 

Paris Sülh Konfransının (tarixdə ona Versal Ali Şurası da deyilir) 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyini de-fakto tanımasından 90 il ötdü. Bununla bağlı tarixçilər Cəmil Həsənli və Aydın Balayev "Turan"a şərh veriblər.

Professor Cəmil Həsənli 1920-ci ilin yanvarında dövləti müstəqilliyin tanınmasının 1918-ci il mayın 28-də Milli İstiqlalın elan edilməsi, 1918-ci il sentyabrın 15-də Bakının rus-erməni hərbi birləşmələrindən azad edilməsi kimi hadisələrlə bir sırada durduğunu deyib. Onun sözlərinə görə, Ali Şura Azərbaycanın dövlət müstəqilliyini tanıyıb, bununla bağlı xarici işlər naziri Əlimərdanbəy Topçubaşov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb və tanınma ilə bağlı qərar ona təqdim olunub. "Bu, ilk müsəlman-türk dövləti idi ki, müstəqilliyi Qərb tərəfindən tanınırdı və təkcə bu faktın özü böyük hadisə idi".

Həsənli qeyd edib ki, bu hadisə ilə bağlı 1920-ci il yanvarın 14-də Azərbaycanın hökumət başçısı Nəsibbəy Usubbəyov xalqa təbrik ünvanlayıb, Azərbaycanın Bakı, Gəncə, Quba, Lənkəran, Şəki və s. kimi şəhərlərində kütləvi bayram tədbirləri, parlamentin təntənəli iclası, ordunun paradı kecirilib. "Bu, çox böyük hadisə idi, Azərbaycanın bu gün Qərbə inteqrasiya siyasətinin kökündə də məhz 90 il öncəki bu hadisə durur".

Rəsmi Bakının bu hadisəyə önəm verməməsi səbəblərinin bəlli olmadığını deyən C.Həsənli hadisənin özünü dövlətçiliyin, millətin tarixində böyük hadisə adlandırıb.

Tarixçi Aydın Balayev də 1920-ci ildə Versal müqaviləsilə Azərbaycanın müstəqilliyinin de-fakto tanınmasını 28 May Milli İstiqlalın bəyan edilməsindən sonra ən böyük hadisə kimi dəyərləndirib. O, həmin vaxt Ali Şuranın Azərbaycanın və Gürcüstanın müstəqilliyini 1920-ci ilin yanvarında, Ermənistanın müstəqilliyini isə nisbətən gec, 1920-ci ilin fevralında tanıdığını vurğulayıb. "Ermənilərin Ali Şurada geniş əlaqələrinə, Azərbaycan əleyhinə təxribatlarına baxmayaraq, Ali Şuranın Azərbaycanın müstəqilliyini tanıması önəmli idi", - deyə A.Balayev qeyd edib.

Onun sözlərinə görə, iki dövlət - Yaponiya və ABŞ Azərbaycanın müstəqilliyini tanımayıb, bir qədər sonra Yaponiya bu qərara qoşulsa da, ABŞ sona qədər qərara qoşulmayıb. "Bir də bu qərar o zaman imzalandı ki, artıq Rusiyadakı sovet rejiminin hərbi birləşmələri Azərbaycanın sərhədlərində idi və bu tanıma həm də müəyyən mənada ehtimal edilən silahlı təcavüzə qarşı mənəvi dəstək mahiyyəti daşıyırdı", - deyə A.Balayev sənədin imzalanması zamanında baş verən proseslərə toxunub.

Balayev bildirib ki, qərarda Azərbaycana hərbi yardım nəzərdə tutulsa da, bu müddə sonuna qədər yerinə yetirilməyib və kağız üzərində qalıb. Tarixçi bu hadisənin 28 May milli istiqlalın bəyanından sonra müstəqillik və müstəqil dövlətçilik tarixində ən böyük hadisə olduğunu bir daha xüsusi olaraq vurğulayıb.

 

 

Ekspress.- 2010.- 14 yanvar.- S. 4.