"Qaz diplomatiyası" sürətlənib

 

"Azərbaycanın təbii qazının hansı istiqamətdə və necə nəql olunacağının böyük əhəmiyyəti var. Bakı bu marşrutların seçimini ağılla reallaşdırmalı, təbii ehtiyatlarından siyasi təsir və geosiyasi dividentlər qismində istifadə olunması istiqamətində addımlarını davam etdirməlidir. Lakin bu oyunda maksimum dərəcədə ehtiyatlı olmaq gərəkdir. Ən kiçik səhv illər ərzində qurulan konstruksiyanı darmadağın edə bilər".

   Avropa Energetika Problemləri Tədqiqatı Mərkəzinin eksperti Rene Quarın fikrincə, rəsmi Bakı indi mavi yanacaq ehtiyatlarından siyasi məqsədlər üçün istifadə etməyə başlayıb. Buna dəlalət edən məqamlardan biri də dünən ARDNŞ ilə İranın Milli Qaz İxracı Şirkətinin (NİGEC) arasında Bakıda Azərbaycanın təbii qazının İrana qısamüddətli ixracı ilə bağlı sazişin imzalanmasıdı.

   Müqavilə bu ilin mart-aprel aylarında İrana sutkada 1,2 milyon kubmetr olmaq şərtilə 100 milyon kubmetr "mavi yanacaq" verilməsini nəzərdə tutur.

   Azərbaycanın "mavi yanacağı" İranın ölkədəki əsas təbii qaz yataqlarından uzaqda olan şimal bölgələrinə veriləcək.

   Azərbaycanla İran hazırda 1474,5 km-lik Qazıməmməd-Astara-Bind-Biand qaz boru kəməri birləşdirir. 296,5 km-lik hissəsi Azərbaycan ərazisində olan bu kəmər İrana ildə təqribən 500 milyon kubmetr qaz nəql etməyə imkan verir.

   Bu ilin sonunadək kəmərin yeniləşdirilməsi nəzərdə tutulub. İşlər başa çatandan sonra məzkur marşrutla ildə 1,8 milyard kubmetrə yaxın "mavi yanacaq" nəql etmək mümkün olacaq.

   Fəqət, bölgədəki təbii qazın yaxın ölkələrlə yanaşı, dünya bazarına çıxarılması prosesinin pozulması artıq adi hala dönüb. Belə ki, Dağıstandan keçən Mozdok-Qazıməmməd boru kəmərində artıq az qala "ənənəvi" partlayışlardan biri baş verib. Bununla bağlı olaraq Dağıstanın bir neçə bölgəsinin "mavi yanacaq"la təminatını Azərbacyan gerçəkləşdirir.

   Yanvarın 12-də boru kəmərinin Dərbənddən keçən hissəsindəki partlayışdan sonra dərbəndlilərin mavi yanacağa olan tələbatının Azərbaycanın təbii qazı hesabına ödənməsi ilk baxışdan adi, son illərdə dəfələrlə təkrarlanmış hadisədir.

   Ekspertlərin fikrincə, Azərbaycan və Orta Asiyanın təbii qaz ehtiyatları indi regionda yeni hadisələrin gəlişməsinə səbəb olacaq. Türkmənistanın İranla "mavi yanacaq" anlaşması imzalaması sırf iqtisadi olay kimi dəyərləndirilə bilməz təbii ki.

   İran prezidenti Mahmud Əhmədinejadın Aşqabada səfəri əsnasında Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovla görüşündən sonra media mənsublarının qarşısına çıxaraq "Böyük işi bacardıq: regionda daha bir əməkdaşlıq vektorunun əsası qoyulur" deməsi təsadüf sayıla bilməz.

   Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın beş nazirliklə birlikdə Moskvaya səfəri, sonra Rusiyanın hökumət başçısı Vladimir Putinlə görüşməsi və iki ölkə arasındakı əməkdaşlıqla yanaşı, Cənubi Qafqaz regionundakı olayları da müzakirə etməsi Ankaranın bölgədəki proseslərdə maksimum iştirak istəklərindən xəbər verir.

   Ərdoğanın ikigünlük səfərinin Türkiyə-Rusiya münasibətlərinin inkişafını sürətləndirməklə yanaşı, Cənubi Qafqazda hələlik yarımçıq konturları görünən ssenarilərin inkişafına ciddi təsir edəcəyi şübhəsizdir.

   Maraqlı olan bir məqam var.

   "Gallup" beynəlxalq sorğu şirkətinin keçirdiyi rəy araşdırmaları hesabatlarına nəzər salsaq, 2004-cü ildə Türkiyədə respondentlərin 67%-i ABŞ-a rəğbət bəsləyirdi. İndisə durum köklü şəkildə dəyişib Rusiyaya rəğbətlə yanaşanların sayı təxminən həmin səviyyəyə çatıb.

   Rusiya Türkiyənin regionda iki mühüm enerji layihəsi var. Onlardan biri Qara dənizin dibi ilə keçəcək "Cənub axını" qaz boru kəməridir. Kəmərin bir hissəsi Türkiyənin ərazi sularından keçəcək.

   2008-ci ilin fevral ayından bəri Kreml Ankaranı bu layihəyə cəlb etməyə çalışır bu məqsədlə 14 dəfə danışıqlar keçirib.

 

   Rusiya rəhbərliyinin az qala bütün dilətutma, şirnikləndirmə, təzyiq təsir rıçaqlarını işə saldığı həmin danışıqların başlıca məqsədi qərbyönlü, NATO üzvü, Avropa Birliyinə qoşulmağa çalışan Türkiyəni layihədə iştiraka sövq etməkdi.

   Son günlərin hadisələri, xüsusilə dünənki Ərdoğan-Putin danışıqları Moskvanın məqsədinə çatdığını göstərir.

   Belə ki, "Cənub axını"nın təfərrüatları razılaşdırılandan sonra Rusiyanın Türkmənistan qazını Avropa Birliyinə çıxarmaq üçün nəzərdə tutduğu "Mavi axın" layihəsi ilə bağlı müzakirələr aparılıb.

   Rusiyalı ekspertlər əmindirlər ki, bu iki layihə reallaşandan sonra Moskva Avropa Birliyinə satdığı təbii qazın həcmlərini xeyli artırmaqla yanaşı, Azərbaycan Orta Asiyanın "mavi yanacağı"nın Rusiyadan yan keçmək şərtilə Avropaya çıxarılmasını nəzərdə tutan "Nabucco" kəməri üçün donor rolunu oynaya biləcək.

   Türkiyənin Rusiya ilə münasibətləri Ankaranın xarici siyasət müstəvisində "sərhədlərdə sıfır problem" doktrinasını yeritməyə çalışdığı fonda baş verir.

   Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiyaya hazırlanması, Ankaranın İrəvanla təmaslarının güclənməsi ən başlıcası, Moskva ilə əlaqələrin sürətlə genişləndirilməsi bəhs etdiyimiz müstəvidəki hadisələrdir.

   Lakin Türkiyənin belə siyasəti Azərbaycanın xeyrinə sayıla bilməz.

   Əvvəla, Türkmənistanın Avropa Birliyi ABŞ-ın bölgədəki enerjidaşıyıcıları marşrutları ilə bağlı yeni təşəbbüsü olan "Nabucco" layihəsi ilə bağlı inadkar mövqe tutaraq, hərdəmxəyallıq nümayiş etdirməsi, layihəyə qoşulacağını bəyan etsə , konkret heç bir görməməsinin səbəblərindən biri Aşqabadın məhz Türkiyənin regional siyasətindən ürəklənməsidir.

   Ankaranın Moskva ilə əlaqələrini gəlişdirməsinin bir başqa yönü isə Rusiyanın enerjidaşıyıcılarını, daha konkret olsaq təbii qazını dünya bazarına çıxarmaq üçün rahat, tək iqtisadi yox, geosiyasi baxımdan da əlverişli marşrut yönləri əldə etməsinə birbaşa imkan verib.

   Azərbaycan təbii qaz təminatçısı kimi ağır duruma düşür. Belə davam edərsə, rəsmi Bakı Ankaranın "Moskva yaxınlaşması"na cavab olaraq alternativ marşrutlar araya bilər ki, onların arasında Çin Cənubi Koreya istiqamətləri var.

   İllah da ki, ARDNŞ mənsubları belə planların, daha doğrusu, alternativ ehtiyat variantların nəzərdən keçirilməsini istisna etmirlər.

   Eyni zamanda, Türkiyənin Rusiya ilə yaxınlaşması şərtsiz deyil. Ermənistanla münasibətlərinin normallaşdırılması Kremlin enerji layihələrinə qoşulmağının müqabilində Ankaranın Moskva qarşısında qoyduğu çoxsaylı şərtlər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktivləşdirilməsi, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsi var.

   Rusiya da dərk edir ki, artıq fəaliyyət göstərmək zamanıdı: əks təqdirdə, Türkiyənin şərtləri cavabsız qalarsa, regionda yeni oyunçular peyda olacaq.

   Bu baxımdan Ərdoğanla eyni vaxtda Rusiyanın XİN başçısı Sergey Lavrovun İrəvana səfər etməsi Ermənistan rəhbərliyini Dağlıq Qarabağ problematikasında qarşılıqlı güzəştləri nəzərdə tutan variantı qəbul etdirməyə çalışması əsla təsadüf sayıla bilməz.

   Lakin Ermənistan Rusiyanın təzyiq metodu ilə razılaşan deyil.

   İrəvan Dövlət Universitetinin professoru, politoloq Aleksandr Minasyanın fikrincə, bu ilin sonunadək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə hər hansı önəmli sənəd imzalanmayacaq.

   "Rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə paralel sayır. Lakin gerçəklikdə danışıqlar prosesində heç bir fəallaşma müşahidə olunmur, hər şey əvvəlki sürət məntiqlə gedir. Türkiyənin məqsədi bəhs etdiyim iki prosesi daima eyni müstəvidə tutmaqdır. Ermənistan isə Ankaranın planlarının reallaşmasına yol verməməlidir. Eyni zamanda o da həqiqətdir ki, erməni-türk münasibətlərinin normallaşması Dağlıq Qarabağ probleminin çözülməsinə yönəlmiş danışıqlarda Ermənistanın fəallaşması üçün müəyyən stimuldur. Bunu inkar etmək mümkün deyil", - A.Minasyan bildirib.

   Yaranmış situsiyada Azərbaycanı yeni çağırışlar, yeni problemlər gözləyir. Onların tədricən çözülməsi üçünsə tək "qaz diplomatiyası" yetərli deyil.

   Bununla belə, ABŞ Avropa Birliyi anlayır ki, Rusiya regiondakı enerji layihələrinə cəlb edilməsə, Türkmənistan Azərbaycana sərt təzyiqlər göstərərək adıçəkilən dövlətlərin "Nabucco" layihələrindən tam imtina etmələrinə çalışacaq.

   Ona görə Vaşinqtonla Brüssel hazırda Moskvanın bölgədəki fəallığı ilə razılaşmaq məcburiyyətindədir. Eyni zamanda, Avropa Birliyinin təbii qazla təminat baxımından hələ Rusiyadan asılı olduğunu nəzərə alsaq, Brüsselin "mavi yanacaq" nəqli marşrutlarının diversifikasiyasında maraqlı olması yaxın vaxtlarda türkmən qazı ilə yanaşı, Azərbaycan, sonra isə çox yəqin ki, İran qazının "köhnə qitə"yə nəqlinə rəvac verəcək.

   Yenə bu proseslərdən dolayı, Azərbaycan fəallıq nümayiş etdirməli, "sakit gözlənti" davranışından əl çəkməlidir.

   Bakının ticari-iqtisadi münasibətlər müstəvisində əsas tərəfdaşı olan Rusiya ilə əlaqələri korlamaqdan çəkindiyi anlaşılandır. Lakin istənilən halda Bakı qaz layihələri ilə yanaşı, geosiyasi variasiyaların gerçəkləşməsində arxa sıralarda durmamalıdır.

 

 

   Həsən Ağacan

 

   Ekspress.- 2010.- 14 yanvar.- S. 13.