Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurban bu
məhkəmə, onun necə
və kimlərin sifarişi
ilə hazırlanmasını
arxiv materialları əsasında araşdırıb.
Bağırov
və Heydər Hüseynov
1947-ci ilin əvvəlində
Heydər Hüseynov Azərbaycan Partiya Tarixi İnstitutunun
elmi-tədqiqat və nəşriyyat planlarını Mərkəzi
Komitənin müzakirəsinə vermişdi.
Azərbaycan K(b)P
MK-nın həmin il fevralın 14-də keçirilmiş
Bürosunun qərarı ilə Azərbaycan Prezidenti
İşlər İdarəsi Siyasi Sənədlər Arxivində
tanış oluruq:
"ÜİK(b)P MK
yanında Marks-Engels-Lenin İnstitutunun Azərbaycan Filialı
- Azərbaycan Partiya Tarixi İstitutunun 1947-ci il
üçün elmi-tədqiqat və nəşriyyat
planlarının təsdiqi barədə
Azərbaycan
K(b)P MK Bürosu qərara alır:
1. Azərbaycan Partiya
Tarixi İnstitutunun 1947-ci il üçün elmi-tədqiqat və
nəşriyyat planları (əlavə olunur) təsdiq edilsin.
2. 1947-ci ildə
marksizm-engels-leninizm klassiklərinin əsərlərinin azərbaycancaya
tərcüməsi 211 çap vərəqi həcmində (əlavə
olunur) təsdiq edilsin.
3. Azərbaycan Partiya
İnstitutunun 1947-ci il üçün nəşriyyat
planı 322,5 çap vərəqi həcmində (əlavə
olunur) təsdiq edilsin.
4. Azərbaycan Partiya
Tarixi İnstitutunun rəhbərliyinə (H.Hüseynov
yoldaşa) və Azərbaycan SSR Nazirlər Soveti yanında
Poliqrafiya və Nəşriyyat İşləri İdarəsinə
(Heydərli yoldaşa) tövsiyə edilsin ki, nəzərdə
tutulan ədəbiyyatın nəşr cədvəlini tərtib
etsinlər.
5. Azərbaycan K(b)P
MK-nın Təbliğat və Təşviqat Şöbəsinə
tapşırılsın ki, nəşriyyat planının
yerinə yetirilməsi və kitabların vaxtında
buraxılması cədvəlinə riayət edilməsi
üzərində ciddi nəzarət etsin.
Azərbaycan K(b)P MK
katibi M.C.Bağırov."
Azərbaycan SSR Elmlər
Akademiyasının vitse-prezidenti Heydər Hüseynov həm də
EA-nın ictimai elmlər bölməsinin sədri idi. Arxivdə
1947-ci ildə ictimai elmlər bölməsinin elmi-tədqiqat
işlərinə dair Heydər Hüseynovun hesabat məruzəsinin
mətni saxlanılır. Burada deyilir ki, 1947-ci il ərzində
bölmənin elmi-tədqiqat müəssisələri tərəfindən
69 mövzunu əhatə edən 25 problem
araşdırılmışdır. Bu mövzular arasında
"Azərbaycan tarixi", "Azərbaycanın maddi mədəniyyəti",
"Azərbaycan etnoqrafiyası", "Azərbaycan
xalqının mənşəyi", "Azərbaycan
Böyük Vətən müharibəsində", "Azərbaycan
ədəbiyyatının tarixi", "Azərbaycanda fəlsəfi
və ictimai-siyasi fikrin inkişaf tarixi", "Azərbaycan
musiqi nəzəriyyəsi", "Azərbaycan teatr
tarixi", "Azərbaycan Sovet iqtisadiyyatı" və s.
vardır.
1947-ci ildə Abbasqulu
ağa Bakıxanov adına institutun əməkdaşları tərəfindən
Azərbaycan tarixinin ən qədim dövrlərindən
başlayaraq tarixinə, keramika və etnoqrafiyasına, şəhərlərin
tarixinə və b.k. mövzulara aid elmi işlər
hazırlanmışdır. Ədəbiyyat İnstitutu "Azərbaycan
ədəbiyyatı XII-XVI əsrlərdə"
kitabını nəşr etmişdir. Dil İnstitutu tərəfindən
"Azərbaycan dilinin izahlı lüğəti"nin
birinci cildi hazırlanıb nəşr edilmişdir. İnstitut
əməkdaşları "Fars-rus-azərbaycan dili"
lüğətini də çap etdirmişlər. Üzeyirbəy
Hacıbəyov adına İncəsənət institutu
(İnstituta Heydər Hüseynovun təklifilə Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 14 sentyabr 1945-ci il tarixli
fərmanı ilə bu ad verilmişdir - T.Q.) "Azərbaycanda
miniatür sənəti (XV-XVI əsrlər)", "Azərbaycan
XII-XV əsrlər memarlığı", "Azərbaycanın
XII əsr musiqi mədəniyyəti" kitablarını nəşr
etdirmişdir. Fəlsəfə institutu "Azərbaycan fəlsəfəsinin
tarixi" kitabını çapa hazırlamışdır.
Arxiv qovluqlarında
Akademiyanın ayrı-ayrı institutlarının Heydər
Hüseynovun adına ünvanlanmış arayışları
da toplanılmışdır. Bu cəhətdən Tarix və
Ədəbiyyat İnstitutlarının elmi əməkdaşlarının
"Qarabağ ekspedisiyası haqqında hesabat"ı bu
gün də mahiyyətini itirməmişdir. Heydər
Hüseynovun təqdir etdiyi hesabatın bəzi məqamları
ilə tanış olun: "May ayının 27-dən iyun
ayıın 14-nə kimi Şuşa, Ağdam və Bərdədə
ekspedisiya keçirdik. Ekspedisiyada məqsəd Qarabağda olan
sənət və tarixi abidələrlə tanış olmaq,
buralarda yetişmiş böyük dövlət xadimlərinin,
incəsənət adamlarının, alim və şairlərin
həyat və yaradıcılığını öyrənmək
idi. Ekspedisiya zamanı tapşırılan vəzifələri
yerinə yetirməklə aşağıdakıları müəyyən
etdik:
I. Şuşa şəhərində
72 tarixi sənət abidələri, dövlət xadimlərinin,
şairlərin və sənətkarların evləri
vardır. Bu abidələr içərisində Xurşid Banu
bəyim Natəvanın, İbrahim xanın qızı Göhər
ağanın, Nəvvabın, Zakirin, Bakinin, Fatı xanım Kəminənin,
Şahzadə Bəhmən Mirzənin, Məmməd bəyin,
Uğurlu bəyin və s. mötəbər şəxslərin
evləri, tarixi əhəmiyyəti olan məscidlər,
hamamlar, bulaqlar, ədəbi məclis binaları, sallaqxanalar və
s. vardır. Bu abidələrin əksəriyyəti
Şuşanın XIX əsrdə yaşamış ən
bacarıqlı memarı Kərbəlayi Səfixan tərəfindən
tikilmiş və nəqqaş Kərbəlayi Səfərəli
tərəfindən nəqşlənmişdir.
Bundan başqa,
Ağdamda Pənah xanın imarəti, gümbəzlər və
məqbərələr; Bərdədə isə tarixi əhəmiyyətə
malik İmamzadə, 642 illik tarixə malik türbə,
gümbəzlər, Qaraqoyunlu qəbiləsinə aid məqbərələri
müəyyən etdik.
II. XIX əsrdə
Şuşada 38 nəfər xanəndə, 12 nəfər
nüsxəbənd, 19 nəfər xəttat, 16 nəfər nəqqaş,
18 nəfər memar, 5 nəfər astronom, 16 nəfər həkim,
42 nəfər müəllim və s. olmuşdur.
III. XIX əsrdə
Şuşada aşağıdakı məclislər fəaliyyət
göstərmişdir:
1. Məclisi-Fəramuşan
adlı şairlər məclisi. Rəhbəri Mir
Mövsüm ağa Nəvvab olmuşdur.
2. Məclisi-üns. Rəhbəri
Mirzə Rəhim Fəna olmuşdur.
3. Musiqişünaslar
məclisi. Rəhbəri Hacı Hüsü və Nəvvab
olmuşdur.
4. Xanəndələr
məclisi. Rəhbəri Hacı Hüsü olmuşdur.
5. Nüsxəbəndlər
məclisi. Rəhbəri Kərbəlayi Səfixan olmuşdur.
6. Xəttatlar məclisi.
Rəhbəri Kərbəlayi Səfixan olmuşdur.
7. Nəqqaşlar məclisi.
Rəhbəri Kərbəlayi Səfərəli olmuşdur.
8. Memarlar məclisi. Rəhbəri
Kərbəlayi Səfixan olmuşdur.
IV. Ekspedisiya göstərdi
ki, Şuşada olan qədər qüvvətli memar, xanəndə
və musiqişünaslar Azərbaycanın heç bir yerində
olmamışdır. Bu vaxta kimi onların həyat və
yaradıcılığı ilə maraqlanan da
olmamışdır. Sadıqcan və Paluş bəy kimi
tarçılar, Kərbəlayi Səfixan kimi memar və xəttatlar,
Hacı Hüsü, Qasım, Mirzə Muxtar kimi xanəndələr
şifahi xalq yaradıcılığına keçmişdir.
Xalq içərisində onların haqqında bir sıra əfsanələr
yaranmışdır.
V. Şairlərin,
nüsxəbəndlərin, müəllimlərin və s. həyatını
öyrənməyə çalışdıq. Lakin vaxt az
olduğundan ancaq bir neçəsi ilə kifayətlənməli
olduq. Bunların içərisində Nəvvab, Natəvan, Kəminə,
Göhər ağa və İbrahim xan vardır. Nəvvab həm
şair, həm astronom, həm nəqqaş, həm xəttat,
həm musiqişünas, həm kimyagər, həm gipnoz, həm
xarrat, həm dülgər və həm də
riyaziyyatçı olmuşdur. Bu adam Şuşanın mədəniyyəti
və maarifinin inkişafı üçün son dərəcə
çox çalışmışdır. Biz Nəvvabın
bütün düzəltdiyi alətləri və əsərlərini
toplayıb özü yaşadığı evə
yığdıq və üç nəfərdən ibarət
komissiya yaradıb Nəvvab muzeyinin təntənəli
açılışına hazırlığı onlara
tapşırdıq.
Xurşid Banu bəyim
Natəvanın haqqında bir sıra xatirələr
topladıq. Deyildiyinə görə, Şuşada onun əsərləri
əlyazma şəklində vardır.
Göhər
ağanın həyatını öyrəndik. Bu qadın son
dərəcə mədəni və maarifpərvər bir
ağa olmuşdur. Onun vəqfnaməsini əldə etdik.
VI. Qəbiristanda,
gümbəzlərdə, bulaqlarda və binalarda olan tarixi kitabələr
üzərində işlədik. Bəzi məşhur şəxslərin
qəbir daşları və gümbəzləri üzərindən
nümunələr götürdük. Natəvanın, Zakirin,
Şahzadə Dəhmən Mirzənin və Pənah xan kimi məşhur
şəxslərin qəbirlərini müəyyən etdik.
VII. Şuşa qəbiristanlığında
imperatorun xüsusi qvardiya ordusu general-mayoru Rzaqulu Mirzə və
onun oğlu Rüknəddin Mirzənin qəbri vardır. Bu iki
qəbirin daşı üzərində olan kitabələri
götürdük. Qəbir daşları üzərində
yazılar tamamilə şeirlə yazılmışdır.
VIII. Qarabağda tarixi
əhəmiyyətə malik abidələr, memarlıq və
nəqqaşlıq sənətinin nümunələrini əks
etdirən gözəl nəqşli evlər vardır. Lakin
rayon təşkilatlarının laqeydliyi üzündən
Şuşada olan abidələrin əksəriyyəti,
Ağdamda Pənah xanın imarəti, Bərdədə
İmamzadə, gümbəzlər, sənət tariximiz
üçün böyük qiymətə malik olan bir
sıra abidələr, binalar və böyük şəxsiyyətlərin
qəbirləri dağıdılır və kitabələr
itirilir.
IX. Qarabağda
çoxlu kurqanlar vardır ki, hələ qazıntı
işləri aparılmamışdır. Soltanbud məqbərəsi
yanından arx qazarkən bir sıra qədim tarixə aid
şeylər çıxmışdır.
X. Şuşa şəhərində
Bəhmən Mirzənin xüsusi kitabxanasına aid və s. əlyazmaları,
çox qədim geyim və silahlar vardır ki, muzeylər
üçün alınmalıdır".
Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində 1947-ci fevral ayının 12-də Azərbaycan SSR
Elmlər Akademiyası binasında Akdemiyanın elmi
işçilərinin və ictimai elmlərdən dərs deyən
ali məktəb müəllimlərinin birgə ümumi
yığıncağının materialları
saxlanılır.
Yığıncağı
Azərbaycan K(b)P MK katibi Həsən Həsənov
aparmışdır. Yığıncaqda
çıxış etmiş Heydər Hüseynov ictimai elmlər
sahəsindəki həqiqi vəziyyətdən
danışmışdır:
HEYDƏR HÜSEYNOV:
- Əlbəttə, respublikamızda ideoloji sahədə
görülən işlərə yalnız moskvalı həmkarlarımızın
meyarı ilə yanaşmaq düzgün deyildir, çünki
fəaliyyətimizin bir çox sahələri onların diqqətindən
yayınır. Məsələn, ictimai elmlər sahəsindəki
nailiyyətimizdən qısaca demək istəyirəm. Biz son
vaxtlarda "Ən qədim dövrlərdən müasir
dövrədək Azərbaycan ədəbiyyatı tarixinin
ikicildliyini nəşr etmişik... Ayrı-ayrı moskvalı
yoldaşlar Azərbaycan tarixinə dair ədəbiyyata biganə
münasibətdədir. Məsələn, Moskvada ali partiya
kurslarında oxunan mühazirələrdə Azərbaycan
tarixinə adi bir kəlmə də yoxdur...
BURJALOV (ÜİK(b)
MK mühazirəçilər qrupunun rəhbəri): -
Görünür, bu, material qıtlığından irəli
gəlir.
HEYDƏR HÜSEYNOV:
- Material çoxluğunu istəyənlər, heç olmasa,
həmin məsələlərə dair bizim əlimizdə
olanlardan istifadə etsinlər. Bundan başqa, Moskvanın ali məktəblərində
ali partiya kurslarında dərs deyən ayrı-ayrı
yoldaşlar peşəkar alimlərin rəhbərliyi ilə
Azərbaycan tarixinin bu və ya digər problemi üzrə elmi
əsərlər də yaza bilərlər. Diqqətinizi bir məsələyə
də cəlb etmək istəyirəm. Azərbaycan ölkəmizdə
şərqşünaslığın ən iri mərkəzlərindən
birinə çevrilməlidir. Bunun üçün bizim real
imkanlarımız vardır. Biz respublikamızda - Elmlər
Akademiyasının divarları arasında, Azərbaycan
Dövlət Universitetində şərqşünaslıq
elmini inkişaf etdirə və genişləndirə bilərik.
Hamınıza məlumdur ki, ən peşəkar mütəxəssislər
bəzən özlərinin bütün elmi potensialını
Qərbin sosial problemlərindən bu və ya digərinə sərf
edirlər. Nə üçün biz analoji problemləri
Yaxın Şərq ölkələrinin fəlsəfə,
tarix və b.k. sahələrində araşdırmayaq? Bunun
böyük elmi əhəmiyyətilə yanaşı siyasi məziyyəti
də vardır".
(ardı
var)
Teyyub
Qurban
Ekspress.-
2010.- 16-18 yanvar.- S. 14.