Qanlı gecədən 20 il keçdi...

 

O QANLI GECƏDƏN 20 il keçdi. Həmin GÜN Bakını güllələdilər: rus tankları paytaxtımızı tırtılları ilə şumladı, üzərindən keçdi. Küçələrdə meydanlarda güllələnmiş zirehli texnikanın altında qalmış insanların qanları axırdı. Binalar güllə mərmilərdən dəlmə-deşik edildi. Meyitlər təhqirə məruz qaldı.

Ümidlər sarsıldı, amma ölmədi. Zira 20 il əvvəlin 20 yanvarında bütün Azərbaycan orada, öz paytaxtında idi. Bir çoxumuz cismən, bir çoxumuz mənən. O GÜNÜN BAKISI milli yaddaşımıza qanla əbədi həkk edildi...

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qürubuna doğru gedən SSRİ barbar bir rejim olduğunu bir daha nümayiş etdirdi. Mixail Qorbaçovun xeyir-duasını verdiyi, kod adı "Zərbə" olan vəhşi əməliyyatda Bakıya 35 minlik ordu yeridildi və Kreml Azərbaycanın timsalında bəşəriyyətə qarşı daha bir cinayət işlətdi: Bir gecədə 132 nəfər öldürüldü, 612 nəfər yaralandı, 841 insan qanunsuz olaraq həbsə atıldı.

Yüzlərlə bina dağıdıldı.

Marşal Yazov Bakıda 40 minlik silahlı dəstənin olması barədə haray-həşir salsa da, qırmızı imperiyanın Azərbaycanda tətbiq etdiyi bədnam fövqəladə vəziyyət dövründə nə bir nəfər yaraqlı tutuldu, nə də bir silah müsadirə edildi. Əliyalın xalqın üstünə tankla gedən imperiya ordusu yalnız 13 yaşlı qızcığazdan tutmuş, 76 yaşlı qocaya kimi dinc əhaliyə divan tutması ilə "öyünə" bilərdi.

Kommunist rejimi milli-azadlıq hərəkatını boğmaq və Azərbaycanı cəzalandırmaqla digərlərinə görk etmək, özünü isə aqoniyadan çıxarmaq istəyirdi. Lakin repressiyalara, təqiblərə, ölümə baxmayaraq, Azərbaycan diz çökmədi, çökən SSRİ oldu...

O günlərdə baş verənlər milləti hüznə, matəmə salsa da, bu təhəmmülə, göz yaşları içində boğulmağa aparmadı, xalqın iradəsi çatdı ki, nifrətini qəzəbə çevirsin. Azərbaycan məhz faciəsindən, ağrıdan pərvaz etdi. Xalq ağrını yaddaşına əbədi həkk etdi və onu abidəyə - "Şəhidlər Xiyabanı"na çevirdi. Çiyinlərində şəhidləri ilə "Azadlıq" meydanından Xiyabana axışan milyonlar çağdaş Azərbaycan tarixinin ən möhtəşəm və təsirli anının müəllifi oldular. 200 illik illüziyanın sonu çatmışdı - o an daha hamıya aydın idi ki, bundan sonra heç şey əvvəlki kimi olmayacaq: Rusiya ilə yollar ayrılmalı, Azərbaycan öz başına çarə qılmalıdır.

Milli fikrə müstəqillik, azadlıq qəti şəkildə hakim kəsildi.

20 il əvvəlin faciəsi milləti müstəqil Azərbaycan yoluna çıxardı. 20 Yanvar həm də süqutuna doğru gedən SSRİ-nin tabutuna vurulan son mismarlardan biri oldu.

Bizim azadlığımız qandan keçdi. Bu gün matəm günü deyil, şəhidləri, müstəqilliyimizə gedən çətin yolu yad etmə günüdür. məhz bu yaddaş bizi hər il məbədə - "Şəhidlər Xiyabanı"na aparır...

Kimsənin şübhəsi yoxdur ki, faciənin məsuliyyəti SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov süquta uğramış qırmızı imperiyanın digər rəhbərlərinin boynundadır. Xatırladaq ki, 20 yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinərək, 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib. Azərbaycan Respublikası Baş Prokurorluğu isə 14 fevral 1992-ci ildə xitam qərarını ləğv edib.

68 cildlik cinayət işinin materialları 20 ildir Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Baş Prokurorluğuna qaytarılması üçün sorğular təqsiləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilmir.

Dünən ölkənin bir çox dövlət təşkilatlarında, siyasi partiyaların qərargahlarında 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. Bu tədbirlərdə vurğulanan ortaq fikir budur ki, faciənin mahiyyətini dünya ictimaiyyətinə hələ də tam şəkildə çatdıra bilməmişik, günahkarlar hələ də azadlıqda gəzirlər.

Baş nazirin müavini Əli Həsənov əsas günahı Qorbaçovda görür": Həm bu faciəni, həm də Ermənistan-Azərbaycan münaqişəsini törədən və qızışdıran SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov olub. Mən 1999-cu ildə deputat olanda da, indi təklif etmişəm ki, Qorbaçov beynəlxalq məhkəməyə verilsin. O bu gün sağdır, ölsə belə, ölüsünü mühakimə etmək lazımdır".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən tədbirdə komitənin sədri Hidayət Orucov 20 yanvar qətliamını Azərbaycan xalqına qarşı Moskvanın və İrəvanın hazırladığı cinayət kimi qiymətləndirərək hadisələrinin törədilməsində o zamankı ölkə rəhbərliyi günahlandırıb: "Bu faciə Azərbaycanın o vaxtkı rəhbərliyinin savadsızlığı və səviyyəsizliyi, xalqın iradəsinə qarşı çıxdığı üçün baş verdi. Ən acınacaqlısı isə o idi ki, xalqın başına açılan müsibətlər Moskvanın və Bakının rəsmi dairələri tərəfindən bilərəkdən saxtalaşdırılırdı".

YAP sədrinin müavini Əli Əhmədov bu fikirdədir ki, yüzlərə insanın qətlə yetirildiyi bu faciənin miqyasını nə biz özümüz qəbul etmişik, nə də beynəlxalq miqyasa çatdıra bilmişik":Mən qəti əminəm ki, qətlə yetirilənlərin sayı rəsmi statistikada göstərilənlərdən qat-qat çoxdur".

Onun sözlərinə görə, 20 yanvar faciəsində ölənlərin statistikasının yanvarın 20 və 21-də açıqlandığını deyən Ə.Əhmədov hadisə vaxtı ağır xəsarət alan insanların da bir hissəsinin sonradan həyatlarını itirdiklərini diqqətə çatdırıb. Həmin şəxslər məhz qətliam nəticəsində həyatlarını itiriblər. "Lakin onlar 20 yanvar faciəsi nəticəsində həyatını itirən insanların sırasına daxil deyil. Biz qətlə yetirilən insanların statistikası baxımından bu faciənin miqyasını məhdudlaşdırmışıq. Biz bu faktları dəqiqləşdirməliyik. Mən əminəm ki, bu insanların sayı yüzlərlə olacaq. Faciə nəticəsində həyatını itirən insanlar kənarda qalmamalıdır",-Ə.Əhmədov deyib. Onun sözlərinə görə, 20 yanvar hadisələri ilə bağlı görüləcək işlərdən biri bu hadisənin insanlığa qarşı bir cinayət olduğunu beynəlxalq aləmə qəbul etdirməkdir.

Müsavat Partiyasının başqanı İsa Qəmbərə görə, 20 yanvar hadisələri "həm sovet rejiminin Azərbaycan xalqına qarşı cinayəti, həm hüzn, həm də qəhrəmanlıq günüdür".

İ.Qəmbər xalqın azadlığı üçün mübarizə aparmaması barədə tezislər irəli sürənləri vicdansızlıqda ittiham edib. "Azərbaycanın azadlıq qazanması xalqın mübarizəsinin müstəsna xidmətidir və bu hərəkat SSRİ-nin dağılmasını zərurətə döndərib".

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə hesab edir ki, 20 yanvar hadisələri indiyə kimi hüquqi və siyasi qiymətini almayıb.

Ədalət Partiyası isə 20 Yanvar faciəsinin günahkarlarının cəzalandırılması ilə bağlı İsrail dövlətinin metodlarından istifadə etməyi təklif edir. Partiya sədrinin müavini Mütəllim Rəhimli APA-ya bildirib ki, hazırda cinayətkarların cəzalanması ilə bağlı ən müxtəlif təkliflər irəli sürülür: "Bir qisim 20 ildir SSRİ prokurorluğunun varisi olan Rusiya Federasiyasının Baş prokurorluğundan işin istintaqı ilə bağlı sorğulara cavab gözləyir. Başqa bir qisim günahkarların beynəlxalq Haaqa məhkəməsinə verilməsini təklif edir. Biz isə hesab edirik ki, dövlətimizə millətimizə düşmən kəsilən insanlara qarşı sistemli mübarizədə İsrail dövlətinin siyasətini qurumlarının fəaliyyətini nümunə kimi götürmək olar. Onlar dünyaya car çəkmək yalvarmaq əvəzinə, dövlətin düşmənlərindən bacardıqlarını İsrailin müttəhimlər kürsüsünə əyləşdirirdilər, buna nail olmadıqda isə onları tapdıqları yerdəcə cəzalandırırdılar".

 

 

Z.Ziya

 

Ekspress.- 2010.- 20-21 yanvar.- S. 3.