Qafqaz
dağı, yol ver bizə...
Şəmistan
Əlizamanlı Qafqaz İslam Ordusunun döyüş
marşını bərpa edib
Qarabağ müharibəsinin
qızğın çağlarında hərbi diktor kimi məşhurlaşan
Şəmistan Əlizamanlının əlavə təqdimata
ehtiyacı yoxdur. Baxmayaraq ki, bu günlərdə 50 illik
yubileyini qeyd edən Ş.Əlizamanlı artıq
çoxdandır ekranda görünmür, ara-sıra radio
efirində hərbi mövzuda oxuduğu mahnıları verilir.
Redaksiyamızın
qonağı olan Şəmistan müəllimə ilk
sualımız da bu oldu ki, niyə görünmür, səsi
efirdən niyə az gəlir...
- Tanıyanlar da,
tanımayanlar da bu sualı mənə tez-tez verirlər ki, niyə
efirdə az-az görünürəm, səsim az gəlir, vətənpərvər
ruhlu mahnılarım az təbliğ olunur və s. Bu, məndən
asılı deyil. Çünki mahnılar artıq
telekanallara, radio dalğalarına təqdim olunub, məsləhət
biləndə səsləndirirlər. Efirdə görünməməyimin
səbəbi isə odur ki, mənəviyyatdan, vətənpərvərlikdən,
mədəniyyətdən bəhs edən, gözəl əməl
sahiblərini işıqlandıran verilişlərə dəvət
alaramsa, təbii ki, iştirak edərəm.
- Bir sözlə,
yalnız belə verilişlərə dəvət gözləyirsiniz?
- Bir neçə
telekanala dəvət olunmuşdum, söhbətimiz oldu, ancaq
onların təklif etdikləri mənim düşüncələrimə,
xarakterimə uyğun deyildi. Hər halda mən Qarabağ
müharibəsinin ən qızğın
çağlarında hərbi diktor kimi fəaliyyət
göstərmişəm və hərbi diktor kimi məhşurlaşmışam,
bu səsin içində bütün varlığımla,
müharibənin bilavasitə iştirakçısına
çevrilmişəm. Mənim tanıdığım və
tanımadığım yüzlərlə, minlərlə vətəndaşımız
bu müharibədə şəhid olub, əlil olub,
yaralanıb və döyüşlərdə iştirak ediblər.
Onlar mənim üçün, eləcə də
hamımız üçün əzizdirlər, onları
unutmaq olmaz və mənim bu fəaliyyətimin, səsimin
fonunda onların fəaliyyəti durur, onların igidliyi, qəhrəmanlığı,
şəhidliyi durur. Məsələn, hərbi diktor kimi
tanınan bir şəxs başqa qeyri-ciddi işlərdə
iştirak etsin, bu, mümkün deyil - olub-keçənlərə
hörmətlə yanaşmaq lazımdır.
- Müharibə, atəşkəs
olsa da, hələ ki, davam edir...
- Təbii ki, müharibə
hələ ki, başa çatmayıb. Mən də 2001-ci ildə
ordudan öz şəxsi istəyimlə ayrılmışam.
Şərtimiz də belə oldu ki, müharibə
başladığı təqdirdə mən istənilən
anda yenidən geri dönüm. Sadəcə sərbəst
olmaq istədim, yaradıcılıqla məşğul olmaq
istədim. Mən xarakter etibarilə daxilən azad, sərbəst
adamam. Artıq sərbəst yaradılıcıqla məşğul
oluram, bir neçə mahnılar yazdırmışam.
- Çeynənən
"Lazım gəlsə, Qarabağı azad edəcəyik"
ifadəsinə münasibətiniz necədir?
- Lazım gəlsə...yanlış
fikirdir. Qarabağı azad etmək lazımdır. Qarabağ məsələsi
beynəlxalq arenaya çıxıb, beynəlxalq bir məsələdir,
müharibə etmək məsələsi böyük risk tələb
edir. Bütün bunları götür-qoy etdikdə
görürsən ki, müharibə çətin bir məsələdir,
problemə kompleks baxılmalıdır, bütün detallar nəzərdən
keçirilməli, ehtiyat variantlar olmalıdır, beynəlxalq
təsir vasitələri və ümumiyyətlə
götürdükdə hər şeyə hazır olmaq
lazımdır. Bütün bunlar əlbəttə ki, dövlətə
aid olan məsələlərdir, dövlətin səlahiyyətindədir.
Tarixə nəzər salsaq görərik, elə müharibələr
olub ki, müəyyən dövrdə müvəqqəti geri
çəkilmələrə, gözləmə mövqeyində
dayanmalara gedilib.
- Eşitdiyimə
görə, Sizdə Bakını azad edən Türk ordusunun
marşı var...
- 1918-ci ildə Azərbaycanı
xilas etməyə gələn Qafqaz İslam Ordusunun
döyüş marşını bərpa etdirdim. Bu
marşı mənə Bəxtiyar İsmailli adlı bir şəxs
təqdim etdi. O zaman 86 yaşı var idi. Allah ona rəhmət
eləsin. Onun babası Şamaxı qəzasının rəisi
olmuşdu və həmin şəxs Nuru paşanı
görmüşdü. Babasından öyrəndiyi
marşı yadında saxlamışdı. Həmin marşda
belə bir bənd var.
Qafqaz dağı, yol ver bizə,
Biz Bakıya varacağız,
Babalardan miras qalan
Yurdları biz alacağız.
Osmanlıyız, pek
şanlıyız,
Ay-yıldızlı
nişanlıyız.
Baş komutan fermanlıyız,
Dini İslam imanlıyız.
Bu marşın sözləri
Qafqaz İslam ordusunda olan könüllülərdən biri
İsmayıl bəy Həqqiyə aiddir. Ümumiyyətlə
isə Qafqaz İslam Ordusu könüllülərdən ibarət
olub.
Şair Nizami
Saraclıdan xahiş etdim və o da öz növbəsində
marşa əlavə bəndlər yazdı:
Bir kurtuluş
möhürüdür,
Atımızın
tırnakları.
Kılıncımız durduracak,
Kan taşıyan irmakları
Kafkaz dağı, yol ver bizə,
Qoy var olsun bu ilqarın,
Aləm bilir, türkdən özgə
Yoktur sənin xilaskarın.
Çox gözəl bir
şerdir. Təbii ki, şerin təsir qüvvəsini, Nuru
paşanın Azərbaycan uğrunda döyüşərək
qəhrəmanlıq göstərməsini nəzərə
alaraq bu marşa klip çəkdirdim və Nuru paşa
obrazını da elə özüm ifa etdim. Klip televiziyalar
vasitəsilə yayımlanmaqdadır. Məqsədimiz
olub-keçənləri, o canlı tarixi bir daha təbliğ
edərək böyüməkdə olan yeni nəslə
göstərməkdən ibarətdir. Və bu dəstək, bu
kömək qarşılıqlı olub. Məndə
Türkiyəli tədqiqatçı Əbdülhəmid
Avşarın "Türkiyənin İstiqlal Savaşına
Azərbaycanın köməyi" adlı kitabı var.
Kitabda o şanlı tarix sənədlər vasitəsilə təqdim
olunur və Atatürkün Azərbaycan hökumətinin
başçısına təşəkkür məktubu var.
Həmin məktubda Azərbaycan hökumətinin Türkiyəyə
maddi dəstək verməsindən bəhs olunur.
Onu da qeyd edim ki, həmin
kitabda Azərbaycan alaylarının Türkiyənin
İstiqlal savaşında göstərdiyi qəhrəmanlıqlardan
da bəhs olunur. Çanakkala savaşında bizim yüzlərlə
şəhidlərimiz var. Bütün bunları deməkdə
məqsədim odur ki, bu iki qardaş ölkə arasında
olan münasibətlər qarşılıqlı
olmalıdır, necə ki, bir vaxtlar olub. Əslində təbliğat
var, istər kitablarda, istərsə də mətbuatımızda.
Mətbuatımızda milli kökə bağlı, tərbiyəvi
mövzuda olan, vətənpərvər ruhlu yazılar dərc
olunur.
- Ola bilsin,
görüntü əsas götürüldüyü
üçün lazımi təbliğatın
olmadığı fikri önə çəkilir
- Bilirsinizmi,
televiziyanın təsiri daha güclüdür. Ancaq telekanallar
Bakının azad olunmasının ildönümündə sənədli
faktlar üzərində hazırlanmış proqramlarla
çıxış edirlər. Şəxsən mən
çox istərdim ki, Nuru paşanın adına bir
küçə olsun...
- Və yaxud Nuru
paşaya həsr olunmuş bir bədii film çəkilsin...
- Bir vaxtlar bu təşəbbüsü
irəli sürmüşdüm. Süjet xəttinə əsasən
filmdə həm o dövrün qurbanlarından bəhs
olunacaqdı, eyni zamanda da ermənilərin törətdiyi vəhşiliklər
öz əksini tapacaqdı. Ən çətin anda kim gəlib
bizi bu bəladan xilas etdi, bütün bunlar sənədli
faktlar üzərində qurulan filmdə əz əksini
tapacaqdı. Bir neçə dilə tərcümə olunaraq
dünyaya çıxacaq bir film çəkilməsini fikirləşmişdik.
Yəni, bunları etmək mümkündür, sadəcə
etmək lazımdır.
- Söhbətinizdən
bu qənaətə gəlmək olar ki, görünməsəniz
də, fəaliyyətsiz qalmırsınız.
- İmkan dairəsində
mən öz işimlə məşğulam. "Ana
Yurdum", "Gülüstan" adlı disklərim
çıxıb. Bu yaxınlarda yeni mahnılardan ibarət
növbəti diskim işıq üzü görəcək.
Ümumiyyətlə isə
düşünürəm ki, əsgərləri
ruhlandıran mahnılara çox ehtiyac var.
- Eşitdiyimə
görə, bir ara Türkiyədə fəaliyyət göstərmisiniz?
- Türkiyədə
PRESTIJ musiqi şirkəti ilə 5 illik müqavilə
bağlamışdıq. Həmin şirkət səsimə
uyğunlaşdırılan bəstəkar və xalq
mahnılarından ibarət diskimi çıxardı. Sonralar
həmin şirkət böhranla üzləşdiyi
üçün mən geri dönməli oldum.
- Yenidən Türkiyədən
iş təklifi alsanız qəbul edəcəksiniz?
- Yox, çünki
yaşın da öz tələbi var, az-az da olsa
yaradılığımı davam etdirirəm. Artıq yeni bir
layihə üzərində düşünürəm.
İfa etdiyim əsərlər az olsa da, eyni zamanda, mənə
şerlə, bəstələrlə müraciət edənlər
də çox olur. Mənə təqdim olunan hər bir
nümunəyə baxıram, əgər ruhuma,
düşüncələrimə, baxışlarıma
uyğun deyilsə qəbul etmirəm. O mahnılara müraciət
edirəm ki, mən onları oxumalıyam, həmin mahnılar
məni narahat edir, onları ifa etməyə ehtiyac duyuram.
Mənim
üçün müstəqil düşünmək,
müstəqil söz sahibi olmaq, asılılıq hiss etməmək
çox önəmlidir. Əgər hazırda sərbəst
şəkildə fəaliyyət göstərərək, sərbəst
yaradıcılıqla məşğul oluramsa, deməli daxilən
hiss etdiklərimi yerinə yetirirəm. Bütün bunlar bir tərəfə,
mən soydaşlarımızı xoşbəxt görmək
istəyirəm, torpaqlarımızı işğaldan azad
görmək istəyirəm.
Ulduzə
QARAQIZI
Ekspress.-
2010.- 20-21 yanvar.- S. 23.