"Mən vətənimi çox sevirəm"
Nailə
Əziz: "Nyu-Yorkda Azərbaycan Mədəniyyət Mərkəzi
açmaq istəyirəm"
Orta yaşlı nəsil
onu yəqin ki, Alim Qasımovla birgə oxuduğu
"Bayatılar" və "Gülüş
sanatoriyası" teletamaşasından xatırlayar. Ona
görə xatırlayar deyirəm ki, o, hazırda Azərbaycanda
yaşamır. Artıq 12 ildir ki, Amerikada- Nyu-Yorkda
yaşayıb fəaliyyət göstərir. Bu fəaliyyətinin
nəticəsində Nyu-Yorkun "Melodiya" qadın xoru ilə
birgə Tofiq Quliyevin "Sənə də qalmaz" bəstəsini
ifa edib. Oxucularımızı çox intizarda saxlamadan deyim
ki, söhbət Nailə Əzizdən gedir. Qalanını isə
istedadlı musiqiçi, milli musiqimizi okeanın o tayında təbliğ
edən həmyerlimiz özü danışır.
Amerikalılara
"Sənə də qalmaz"ı sevdirən azərbaycanlı
- Mən -Beydullayeva
Nailə Əzizbaba qızı 17 iyun 1961-ci ildə Bakıda
anadan olmuşam. A.S.Puşkin adına 23 saylı məktəbdə
və 2 saylı musiqi məktəbində təhsil
almışam. 1981-ci ildə Asəf Zeynallı adına Orta
İxtisas Musiqi Məktəbini bitirmişəm. 1987-ci ildə
Mədəniyyət Universitetinin musiqili komediya fakültəsində
təhsilimi davam etdirmişəm. Oxuduğum illərdə
Lenin təqaüdçüsü, fakültə katibi
olmuşam. O zaman hələ təzə yaranan, Vaqif Gərayzadənin
rəhbərlik etdiyi caz-folklor ansamblının tərkibinə
daxil oldum. Sonradan adı "Aypara" oldu. Tiflisdə, İrəvanda,
Vitebskdə keçirilən müsabiqə və festivallarda
iştirak etmişəm. İstanbulda keçirilən
"Türkiyədə Azərbaycan günləri"ndə
çıxış etmişəm. Moskvada verilən
"Tovariş pesnya" verilişinin laureatı, "Bakı
payızı-1985" müsabiqəsinin diplomantıyam.
1986-cı ildə Vaqif
Gərayzadənin "Bayatılar" videoçarxında
Alim Qasımovla duetdə çəkilmişəm. Gərayzadəylə
işləyən vaxtlarda bəstəkar 2 mahnı
yazmışdı. Bunlardan birini mən, digərini Almaz Ələsgərli
Alimlə oxuduq.
Dəfələrlə
televiziyada çıxış etmişəm,
"Gülüş sanatoriyası" teletamaşası
üçün Emin Sabitoğlunun 3 mahnısını
yazdırmışam.
1995-ci ildə Azərbaycana
həsr edilən ən yaxşı mahnıya görə bəstəkarların
müsabiqəsində III yeri tutmuşam. 1998-ci ildən
Nyu-Yorkda yaşayıram. Musiqi fəaliyyəti ilə məşğul
olmaqda davam edirəm. Müxtəlif musiqi qrupları və
ansamblları ilə- "Anakrusis", "Danzas
Espanyolas", "Melodiya"- Nyu-York qadın xoru ilə
çıxış edirəm.
- Necə oldu, Amerikaya
getdiniz?
- Bu, 1998-1999-cu illərə
təsadüf edir. Həmin vaxt mən bir dostumun köməkliyilə
Amerikaya getdim. Musiqidən də kənar düşmədim.
- Birdən-birə
tanımadığınız yer, uzaq ölkə... Əziyyətləriniz
çox oldu?
- Amerika göstərdiyi
gözəl filmlərdəki kimi deyil. Orada yaxşı
yaşamaq nəinki fiziki, həm də mənəvi güc tələb
edir. Çox pul qazanmaq üçün öz üzərində
daim işləməlisən, deyərdim ki,
çalışıb xəstələnməməlisən. Amerikada
səhiyyə sahəsində çox ciddi problemlər var. Əgər
Nyu-Yorkda insan xəstələnibsə, 3 dəqiqəyə
"təciliyardım" gələcək. Ancaq xəstəliyin
səbəbi araşdırılmayacaq, sadəcə, törətdiyi
fəsad aradan qaldırılacaq. Yəni, başın
ağrıyırsa, sənə başağrı dərmanı
veriləcək. Baş ağrısının niyə əmələ
gəldiyi isə araşdırılmayacaq. Yetərincə
savadlı olmaq lazımdır ki, Amerikada həkimlərin əlinə
düşməyəsən. Amerikada səhiyyə insanı
sağaltmağa xidmət etmir, onu sadəcə dəstəkləyir.
"12
ildə Azərbaycanı
tanıyan yalnız bir amerikalı ilə qarşılaşdım..."
- Bəs necə
yaşayırsınız?
- Mənim orada, Allaha
şükürlər olsun ki, yaxşı dostlarım var. Həm
azərbaycanlı, həm də digər millətlərin
nümayəndələri daxil olmaqla. Amerikada musiqiçilərlə
və ya sadə amerikalılarla söhbət etdikdə, onlar
haralı olduğumla maraqlanırlar. Ancaq Azərbaycanı
tanımırlar. 12 ildə Azərbaycanı tanıyan
yalnız bir nəfərlə qarşılaşdım, o da
burada neft şirkətlərinin birində çalışıb.
Amerikada diasporamız çalışır, ancaq mən orada
onlarla işləmirəm, amerikalılarla işləyirəm.
Diaspora ilə birgə bayramlarımızı
qarşılayırıq. Nyu-Yorkda həm müğənni, həm
də səs telləri üzrə mütəxəssis kimi fəaliyyət
göstərirəm.
İşləməyə
həm musiqinin tədrisi, həm də içərisində
Azərbaycan mahnıları olmaqla müxtəlif millətlərin
musiqilərinin yer aldığı disklərin
satışıyla başladım. Diskə yunan, ispan, azərbaycan
musiqiləri yazdırırdım. Niyə yalnız azərbaycan
mahnılarından ibarət disk buraxmırdım? Çünki
orada müxtəlif millətlər yaşayır.
İnanırdım ki, diskə qulaq asdıqdan sonra Azərbaycan
mahnılarını dinləyib nəğmələrimizi sevəcəklər.
Elə də olurdu. Bu disklərin yazılmasından sonra mən
bir az da irəli getməyi qərara aldım. Nyu-Yorkda fəaliyyət
göstərən "Melodiya" qadın xorunun
direktorları ilə tanış oldum. Tanışlığımız
genişləndi və mən "Melodiya" xoruyla birgə
konsertdə çıxış etdim...
Orada yaşamaq
sözsüz çətin oldu. Düzdür, diskləri
yazdırırdım, bu, işin texniki tərəfi idi. Ancaq
diskin qabını hazırlamaq, onu dizayn etmək
üçün mən lazım olan kompüter
proqramlarını öyrənib bu işləri özüm həyata
keçirirdim. Amerikada çox işləmək
lazımdır. Bütün bu işləri başqalarına
gördürmək çoxlu pul tələb edir. Amerikada
pedaqoqu onun fəaliyyəti barədə yazılan
büroşürlərdən tanıyırlar. Kimin
büroşürü yoxdursa, onu ciddi qəbul etmirlər. İnsanın
burada olduğu kimi, öz evində yaşayıb ev kirayəsi
ödəməməsi böyük şeydir. Nyu-Yorkda mən
kommunal xərclərlə birgə 2500 dollar ev kirayəsi
ödəyirəm. Təbii yollarla becərilən meyvə və
tərəvəzlər 3 qat bahadır. Marketlərdə GDQ
(geni dəyişdirilmiş qidalar) satılır. Mütləq
onların tərkibini oxumaq lazımdır. Amerikada vegeterian
olmaq çox sərfəlidir. Ancaq bu ölkədə qanun
qarşısında hamı bərabərdir.
Qırmızı işıqda yolu şəhərin meri də
keçsə, onu mütləq saxlayıb cəzalandırırlar.
"Məqsədim
Azərbaycanı daha yaxından
tanıtmaqdır"
- Artıq bir çox
çətinlikləri arxada qoymusunuz. Bu 12 ildə haralarda
çıxış etmisiniz?
- Nyu-Yorkun müxtəlif
konsert zallarında çıxış etmişəm-
"Karnegi Holl", "Mörkin Konsert Holl", Linkoln Mərkəzi,
"Dikapo" Opera Teatrı, Donell Kitabxana mərkəzi,
Vaşinqton Skver Metodist Kilsəsi, Sent Piters Kilsəsi,
"Bruklin Laysium", "Müzik for Montak", "Qrinvud
Çapl", Sent İqnatius Kilsəsi...
2007-ci ilin 5 mayında
Tofiq Quliyevin "Sənə də qalmaz"
mahnısını ifa edən Nyu-York qadın xoru ilə
çıxış etmişəm. Mən xor üçün mahnını tərtib elədim və solo oxudum. "Melodiya"
qadın xoru qadın səsləri üçün olan əsərləri ifa etməyə yaradıcı
surətdə uyğun
gələn 32 qadın
müğənnidən ibarətdir.
"Melodiya"nın repertuarı az-az ifa edilən klassik və yeni işlər də daxil olmaqla,
"contemporary" əsərlərin birləşməsidir. ABŞ-da ilk dəfə olaraq Nyu-York qadın xoru azərbaycan dilində mahnı oxuyub.
Vokaldan dərs deyirəm. Bir çox elmi nailiyyətlər və təcrübə əsasında
səs tellərində
problemləri olan müğənnilərə dərs
vermək sistemini yaratmışam. Amerikan televiziyasında
"Nyu-yorkçular" verilişində
çıxış etmişəm,
amerikanlar üçün
"Şərq üslubunda
mahnı oxumaq texnikası" dərs vəsaiti üzərində
işləyirəm, buraya
azərbaycan xalq mahnıları daxil ediləcək.
Həmçinin,
Nyu-Yorkda "Danzas Espanyolas" qrupu ilə əməkdaşlıq
edirəm ki, orada öz çıxışlarımda qərb
klassik musiqisi biliklərini ənənəvi şərq
üslubu ilə uyğunlaşdırıram.
- Vətənə
tez-tez gəlirsiniz?
- Hər 2-3 ildən
bir Azərbaycana gəlirəm. Burada mənim ailəm,
dostlarım, qohumlarım yaşayır. Mən vətənimi
çox sevirəm.
- Gələcək
planlarınız nədir?
- Planlarım öz
işimi böyütməkdir. Nyu-Yorkda Azərbaycan Mədəniyyət
Mərkəzi yaratmaq istəyirəm. "Melodiya" qrupu ilə
disk yazdıracağıq. Diskə bir çox bəstələrimiz,
eləcə də "Sarı gəlin"
mahnısını salmaq fikrindəyəm. Məqsədim Azərbaycanı
daha yaxından tanıtmaqdır. Vətəndən uzaqda
yaşasam da, başlıca məqsədim azərbaycan
musiqisini və mədəniyyətini ABŞ-da təbliğ
etməkdir.
Aytən FƏRHADOVA
Ekspress.-
2010.- 23-25 yanvar.- S. 18.