"Bir-birimizi yaxşı tanımalıyıq"

 

Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu açılıb

 

Dünən Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu başlayıb. İkigünlük forumun təntənəli açılışı Beynəlxalq Muğam Mərkəzində keçirilib.

Forumda Rusiya tərəfdən Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin, Rusiya Federasiyasının mədəniyyət naziri Aleksandr Avdeyev, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya prezidenti protokolunun rəhbəri Vladimir Şevçenko, MQİMO rektoru Anatoli Torkunov, MDB işləri üzrə Federal Agentliyin rəhbəri Fərid Muxametşin, Dövlət Dumasının deputatları, alimlər, mədəniyyət və incəsənət xadimləri, Rusiya KİV-lərinin rəhbərləri iştirak edirlər.

Forum çərçivəsində "İTAR-TASS"ın təqdimatında "Rusiya və Azərbaycan: Keçmişdən gələcəyə" adlı foto-sərginin açılışı da nəzərdə tutulur.

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev tədbirin məqsədinin iki ölkə arasında humanitar sahədə əməkdaşlığı daha da dərinləşdirmək olduğunu deyib.

Forumun nəticəsi olaraq yeni layihələrin həyata keçirilməsinə başlanacağına ümid etdiyini bildirən PA rəhbəri bir neçə gün əvvəl 20 Yanvar hadisələrin 20 illiyinin qeyd olunduğunu xatırladıb, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına etiraz edən əhaliyə divan tutulduğunu bildirib: "Bəs nə üçün Qorbaçov Ermənistanda azərbaycanlılara qarşı vəhşiliklər törədiləndə, onları öz doğma yurd-yuvalarından qovanda oraya qoşun yeritmədi? Əfsuslar olsun ki, həmin vaxt mərkəzi mətbuat susurdu, bəzi hallarda isə Azərbaycanın ərazi bütövlüyünün pozulmasını dəstəkləyirdilər".

Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən R.Mehdiyev Azərbaycanda rus dilinə yüksək diqqət ayrıldığını, 16 mindən çox gəncin rus dilində təhsil aldığını xatırladıb. O, Puşkin, Lermontov, Yesenin və Bulqakovun əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq 1,5 milyon tirajla çap edilməsini Azərbaycanda rus mədəniyyətinə böyük marağın sübutu olduğunu qeyd edib.

R.Mehdiyev Azərbaycan-Rusiya əlaqələrinin dərin tarixi köklərə söykəndiyini, bu münasibətlərin indi də yüksək səviyyədə davam etdirildiyini bildirib. O, iki ölkə arasında bütün sahələr üzrə əlaqələrdə müsbət inkişaf nəzərə çarpdığını, əməkdaşlığın daha da möhkəmlənməsi üçün mühüm addımlar atıldığını qeyd edib. Bugünkü tədbirin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən natiq yüksək səviyyəli Rusiya nümayəndə heyətinin burada təmsil olunmasının tədbirə verilən qiymət olduğunu vurğulayıb. O, bu tədbirin iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Tədbirdə çıxış edən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy forumu yaratmaqda məqsədin iki xalqın ziyalılarının birgə "beynini" yaratmaq olduğunu deyib: "Məqsədimiz odur ki, forum iki xalq arasında mövcud tarixi mədəni əlaqələrin inkişafına xidmət etsin. Bizim xalqlarımız bir-birini daha yaxşı tanımalı, yaxşı başa düşməlidirlər".

Azərbaycan və Ermənistan təmsilçilərinin növbəti görüşlərinin olub-olmayacağı ilə bağlı APA-nın sualını cavablandıran Şvıdkoy qeyd edib ki, "Azərbaycan və Ermənistan ziyalılarının, ictimaiyyət nümayəndələrinin görüşü və qarşılıqlı səfərləri bir-birinə çox etimad edən insanlar arasında təşkil oluna bilər". Dediyinə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Smbatyan və o, bir-birlərinə yüksək səviyyədə etibar edirlər: "Əfsuslar olsun ki, mən Ermənistanın Rusiyadakı hazırkı səfirini tanımıram. Odur ki, bu barədə hələlik konkret fikir söyləmək mümkün deyil".

Forumda həmçinin Rusiya mədəniyyət naziri Aleksandr Avdeyev, Azərbaycan Milli Akademiyasının prezidenti Mahmud Kərimov, MDB işləri üzrə Federal Agentliyin rəhbəri Fərid Muxametşin, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və digərləri çıxış ediblər.

Prezident Administrasiyanın şöbə müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında Azərbaycanla Rusiya arasında yaxşı əməkdaşlıq münasibətlərinin olduğunu deyib: "Bu əməkdaşlıq bütün sahələrdə çox gözəl inkişaf edir. Bu tədbir "Azərbaycan və Rusiya Humanitar Əməkdaşlıq Forumu" adlanır. Yəni düşünürük ki, biz təxminən 200 ilə yaxın bir yerdə olmuşuq. İstər Rusiyanın tərkibində, istər SSRİ-nin tərkibində. Ona görə bizim humanitar sahədə əməkdaşlığımız üçün zəmin var. İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bizim ölkənin rəhbərləri belə bir təkliflə çıxış ediblər. Bu unikal bir formatdır".

 

 

Ekspress.- 2010.- 23-25 yanvar.- S. 4.