Gec evlənmək sonsuzluq yaradır

 

Həkim: "Süni mayalanmada yaş böyük əhəmiyyət kəsb edir"

 

Bu gün əksər ailələrin yaşadığı problemlərdən biri də, sonsuzluq problemidir. Amerika tədqiqatçılarının araşdırması nəticəsində məlum olub ki, sonsuzluq infeksion xəstəliklərin artması və insanların gec ailə qurması ilə əlaqədardır.

Yeni ailə quran cütlüklərin 25 faizinin bu problemlə qarşılaşdığını deyən həkim-ginekoloq Ramin Salahov sonsuzluğun müxtəlif səbəblərdən yarandığını bildirir. Dediyinə görə, sosial vəziyyət, stress və yan amillər də sonsuzluğa səbəb olan amillərdir. "Əvvəllər qadınlar 18-20 yaşlarında ərə gedirdilərsə, bu yaş həddi indi 25-30-a qədər qalxıb. Sonsuzluq hər iki fərddə olan problemlərdən yarana bilər. Qadınlarda yumurtalıq, boru xəstəlikləri, kişilərdə isə sperma zəifliyi nəticəsində sonsuzluq baş verir", - deyən həkim süni mayalanma ilə sonsuzluğun minimum həddə çatdırıldığını vurğulayıb.

Bəzən süni mayalanma dedikdə insanlar elə başa düşürlər ki, bu zaman yumurta hüceyrə başqa donorlardan götürülür. R.Salahovun sözlərinə görə isə yumurta hüceyrə də, sperma da müraciət edən cütlüklərin özündən götürülür. "Biz xanımlara yumurtanın yetişdirilməsi, inkişaf etməsi üçün xüsusi dərmanlar veririk. Belə ki, normalda hər bir xanımda ay ərzində 1 yumurta yetişirsə, dərmanlar nəticəsində 10-15 bəzən isə daha çox yumurta əldə edirik. Sperma ilə mayalanan yumurta hüceyrə 2-3 gün xüsusi cihazlarda saxlanılır və embirionlar inkişaf edir. Bundan sonra inkişaf etmiş embrion qadının uşaqlığının içərisinə yerləşdiririk", - deyən həkim 15 gün sonra bu əməliyyatın nəticəsinin məlum olduğunu bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə hamiləliyin baş tutması dərəcəsi 40-50 faizdir. Həkim deyir ki, süni mayalanmada ilkin mərhələ zamanı hamiləliyin baş tutmaması da normal bir haldır. "Biz süni mayalanma zamanı 4-5 embrion əldə edirik. Bunun ikisini ilkin mərhələ zamanı qadının uşaqlığına yerləşdiririk, qalanını isə sonrakı mərhələlər üçün dondururuq. İlkin mərhələdə hamiləlik baş tutursa, 3 il müddətində embrionlar xəstəxanada saxlanılır. Bu zaman xəstə əlavə xərcə düşmür. Və yenidən süni mayalanma üçün müraciət edəndə bu, ona çox ucuz başa gəlir".

Həmsöhbətimin dediyinə görə, süni mayalanmada yaş böyük əhəmiyyət kəsb edir: "37 yaşdan sonra bütün qadınlarda yumurtanın keyfiyyəti aşağı düşür. 40 yaşın üstü xanımlarda süni mayalanma zamanı çətinliklər yaşanmaqla yanaşı hamiləliyin baş tutması da məhdudlaşır. Ümumiyyətlə yaşı 40-dan yuxarı olan xanımlarda hamilə qalmaq ehtimalı 3 faizdir".

Salahov ölkədə donor yumurtalarından və spermalarından da istifadə olunduğunu bildirir: "Bəzən olur ki, gənclər sevib evlənir, lakin uşaqları olmur. Bu zaman onlar donorlara müraciət edirlər. Və biz donorlardan götürdüyümüz yumurta hüceyrə və ya sperma ilə süni mayalanmanı həyata keçirib, inkişaf etmiş embrionu qadının uşaqlığına yerləşdiririk", - deyən həkim hamiləlik baş tutmadığı təqdirdə, 3-4 ay sonra yenidən həmin prosesin təkrarlandığını bildirib. Onun sözlərinə görə, birinci mərhələdə hamiləlik alınmasa belə ikinci mərhələdə hamilə qalma ehtimalı 60-70 faizə qalxır.

Onu da deyək ki, süni mayalanma əməliyyatı bunun arzusunda olanlara dərman xərclərini hesablamasaq, 1500 manata başa gəlir.

"Dinimiz süni mayalanmanı qəbul edir, amma baxır şərtlərə", - deyən ilahiyyatçı Səriyyə Sami burada əsas rolu kəbinin oynadığını bildirir. "Əgər bu əməliyyatı istəyən xanım və kişi arasında kəbin varsa, yəni yumurta hüceyrə xanımın həyat yoldaşının sperması ilə birləşdiriləcəksə, bu zaman bu əməliyyat qəbul olunandır. Çünki İslam aləmində arada kəbin olarsa, cütlüklər bir-birinə halal hesab olunurlar. Amma əməliyyat əsnasında fərdlərdən birinin sonsuzluğu, xəstəliyi məlum olarsa, donorlardan istifadə etmək haramdır. Yəni fərdlər arasında dini nikahın olması mütləqdir", - deyən ilahiyyatçı donorlardan istifadə edilməsinin dinə uyğun olmadığını vurğulayıb.

  

 

İradə Cəlilova

 

Ekspress.- 2011.- 19 may.-S. 8.