Türkiyəli müğənnilər

 

Azərbaycanın qələbəsindən danışdılar

 

Türkiyədə keçirilən 17-ci "Kral TV video-musiqi mükafatı"nın təqdimetmə mərasimində bu ölkənin tanınmış müğənniləri Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qazandığı qələbədən danışıblar.

"Arabesk" musiqinin kralı hesab olunan Orxan Gəncəbay bu qələbəyə görə çox sevindiyini, Azərbaycanın uğurunun Türkiyənin də uğuru olduğunu deyib: "Bütün Azərbaycan bizim özümüz və qardaşlarımızdır. Onların bu uğuru bizi də çox sevindirdi. Nə fərq edər ki, onlar birinci olub, yoxsa biz?!"

Daha bir məşhur müğənni Fərdi Tayfur bu vəziyyətdə Türkiyənin analoji addımı atıb-atmayacağından əmin olmadığını deyib: "Azərbaycan qələbə qazandı. Bu, "biz də qazandıq" deməkdir. Biz iki ölkə, bir millətik. Mən o bayrağı görəndə, çox duyğulandım. Fikirləşirəm ki, görəsən, biz də eyni addımı atardıqmı? Həqiqətən də çox böyük olduqlarını göstərdilər".

Rafət El Roman hər iki ictimaiyyətin bir-biri ilə fəxr etdiyini deyib: "Bizim üçün çox gözəl gecə idi. Bir-birini sevən və bir-birinə yaxın iki ictimaiyyət bu qələbəni birlikdə qeyd etdi".

Nil Özalp isə Azərbaycanın belə bir qələbə əldə edəcəyini gözlədiyini bildirib: "Onlar bizim qardaşlarımızdır. Ən azı öz zəfərimiz kimi sevindik. Azərbaycanlıları çox sevirəm. Çox fəxr etdim. Daha əvvəl də uğurlu çıxışları olmuşdu və bu qələbə də gözlənilən idi".

Müğənni Səlami Şahin də bu qələbəyə görə sevindiyini deyib: "Mən çox sevindim. Tarixə baxsaq, Azərbaycan da bizimlə eyni ailənin üzvüdür. Mən burdan sevgilərimi, hörmətlərimi yollayıram və uğurlarının davamını arzulayıram".

Klarnet ifaçısı Hüsnü Şənləndirici bu zəfərin onu həyəcanlandırdığını deyib: ""Eurovision"un ən həyəcanlı tərəfi Azərbaycanın birincilik əldə etməsi oldu. Onların uğuru bizim də uğurumuzdur. Mənim bu ölkədə çoxlu sənətçi dostum var".

Yeri gəlmişkən, Nigar Camalın "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi kimi səhnəyə Türkiyə bayrağı ilə çıxmasına qardaş ölkədən cavab gəlib. Belə ki, "Kral TV" musiqi mükafatlarının təqdimetmə mərasiminə qatılan türk müğənnilərdən biri tədbirə Nigar Camalın jestinə cavab olaraq Azərbaycan bayrağı ilə gəlib.

Faruk K.-nin əlində tutduğu bayrağın bir üzündə Azərbaycan, digər üzündə isə Türkiyə bayrağının əksi olub. Sənətçi müsabiqənin final günü Azərbaycan təmsilçilərinin səsvermə başlayandan qalibiyyət elan edilənə kimi əllərində türk bayrağı tutmasının qürurverici hadisə olduğunu deyib.

"Onlar bizi bununla şərəfləndirdilər. Mən də bu gecəyə özəl olaraq Azərbaycan və Türkiyə bayraqlarını birləşdirərək onlara təşəkkür etmək istədim", -deyə müğənni bildirib.

Bu arada, 2012-ci ilin may ayında Azərbaycanda keçiriləcək "Eurovision -2012" mahnı müsabiqəsində 9 ölkə öz iştirakını təsdiq edib. Müsabiqənin Azərbaycandakı rəsmi fan-klubu olan "Ogae Azərbaycan"dan verilən məlumata görə, bu ölkələr aşağıdakılardır: Avstriya, Belçika, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Niderland, İsveçrə, Çexiya.

Qeyd edək ki, Çexiya son yarışmada iştirak etməyib. Bu ölkə 2 illik fasilədən sonra Azərbaycanda təşkil olunacaq müsabiqəyə qoşulacaq.

 

 

Ayxan

 

Ekspress.- 2011.- 19 may.- S. 23.