Gəlinə
bəzək vurun...
Xanımlarımız daha çox hansı
gəlinliklərə və saç düzümlərinə
üstünlük verirlər?
Toy
günü gözəl görünmək bütün
qızların arzusudur. Bu günü unudulmaz etmək
üçün gözəl saç düzümü, ecazkar
gəlinlik seçmək çox önəmlidir. Amma
unutmamalıyıq ki, gəlinlik seçərkən
xanımlarımız bədən quruluşunu da nəzərə
almalıdırlar.
Modelyer
Nərminənin sözlərinə görə, 2011-ci il gəlinlik
modelləri həddən artıq müxtəlifdir. Ancaq
qızlarımız dəblə ayaqlaşmaqdansa, bədən
quruluşlarına görə gəlinlik seçməlidirlər.
Əks halda ən dəbli gəlinlik belə xanımı
gözəl göstərməz, əksinə toy günündə
xanım özünü çox narahat hiss edər. "Bəzi
xanımlar var ki, bədən quruluşu dördbucaq
formasında olur. Bu tip olan xanımların bel kəsiyi
çox bilinmədiyi üçün bellərini üzə
çıxara bilən büzməli gəlinlik seçmələrini
məsləhət görərdim. Bədən quruluşu
armuda bənzəyən xanımlar qalın qumaşdan tikilən
vertikal gəlinlik formalarına üstünlük verməlidir.
Xatırladım ki, bədən quruluşu armuda bənzəyən
xanımların ayaqları çiyinlərindən daha geniş
olur. Bud hissəsi geniş və yumru olan xanımlar düz gəlinlik
paltarlarından qaçmalıdırlar. Çünki bu tip gəlinliklər
budların iriliyini daha çox üzə çıxaracaq. Bel
hissəsi qalın olan xanımlar isə V formalı gəlinliklərə
üstünlük verməlidirlər. Kəməri olan və
geniş formalı gəlinliklər bu xanımlar
üçün nəzərdə tutulmayıb. Bədən
quruluşu üçbucaq formasında olan xanımların
çiyinləri ayaqlarına nisbətən geniş olduğu
üçün, çiyinlərinin genişliyini gizlətmək
məqsədi ilə düz və uzun qollu gəlinlik
seçməlidirlər. İdeal fiquraya sahib olan yəni
90-60-90 olan xanımlara hər formada olan gəlinliklər
yaraşır", - deyən modelyer bu xanımların da bellərini
nəzərə çarpdıra biləcək gəlinliklərə
önəm verməsini məsləhət görür.
Onun sözlərinə görə,
düz qarınlı və kiçik sinəsi olan xanımlar
düz gəlinlik paltarları seçməlidirlər. "Azərbaycan
qadınları qarınlı olurlar, toy günü gəlinlərimiz
qarınlarının bilinməməsi üçün A hərfi
formasında olan paltarlar geysələr onların bu qüsuru
bilinməyəcək. Adətən indi hamı kürəyi
açıq gəlinliklərə üstünlük verir.
Amma xanımlar nəzərə almalıdırlar ki, əgər
kürəkləri gözəldirsə, bu formada gəlinlik
seçə bilərlər. Əks halda çirkin kürəyi
ortada qoymaq kimə lazımdır?"
Modelyerin fikrincə, balacaboylu xanımlar
V formalı gəlinliklərə üstünlük versələr,
boyları daha uzun görünər. Hündürboylu
xanımlara hər modelin yaraşdığını deyən
həmsöhbətim boynu qısa olan xanımlara məsləhət
görür ki, toy günü saçlarını toplamaq
onların bu qüsurunu gizlədə bilər. Əksinə
uzun boyunlu xanımlar isə saçlarını açıq
buraxsalar daha gözəl görünərlər.
Bu gün şəhərimizin mağazalarında
müxtəlif formalı və müxtəlif qyimətli gəlinliklər
tapmaq mümkündür. Gəlin paltarları
satıcısı Vüsalənin sözlərinə görə,
onların mağazasında kirayəsi 100 manatdan başlayaraq
1500 manata qədər olan gəlinliklər var. Satıcı
onu da deyir ki, hazırda mağazada olan bütün gəlinliklər
internet yolu ilə sifariş edilərək Bakıya gətirilir.
Paytaxt mağazalarında Türkiyə,
İspaniya, Ukrayna, ABŞ-da istehsal olunan gəlinliklərə
də rast gəlmək olar. Bu gəlinliklərin formasına və
istehsal olunduğu firmalara görə, qiymətləri müxtəlifdir.
Satıcı Fərqanənin sözlərinə görə,
elə gəlinlik var ki, bahalı daşlarla işlənib. Bu
gəlinliyin qiyməti isə nə az, nə çox 4500
manatdır. "Bu gəlinliyi bizə bir xanım sifariş etdirmişdi.
İnternet yolu ilə onu İspaniyadan Bakıya gətirtdik.
Xanım gəlinliyi nəğd pulla götürdü. Amma
toyundan bir müddət sonra paltarı yarı qiymətə
bizə satdı. İndi biz həmin gəlinliyi 1300 manata kirayə
veririk", - deyən Fərqanənin sözlərinə
görə, köhnəlmiş və yaxud da dəbdən
düşmüş gəlinliklər daha ucuz qiymətə -
50-100 manata rayonlara satılır.
Hazırda bütün mağazalara
gəlinliklərin əksəriyyəti xaricdən gətirilir.
Gəlinliklər arasında azərbaycanlı modelyerlərin əl
işləri olsa da, satıcılarla söhbət zamanı məlum
oldu ki, əksəriyyət xarici ölkələrdən gətirilmiş
gəlinliklərə üstünlük verir. Mağazalarda
açıq-saçıq gəlinliklərlə
yanaşı hicablı-bağlı gəlinliklərə də
rast gəlmək mümkündür. Satıcıların
sözlərinə görə, istnilən formalı gəlinliyi
hicablı gəlinliyə dönüşdürə bilirlər.
"Sadəcə, müştəri istəsin, gerisi
asandır. Biz müxtəlif aksesuarlarla
açıq-saçıq gəlinliyi qapalı, hicablı gəlinliyə
çevirə bilirik. Gəlinliklər istifadədən sonra
xüsusi dizinfeksiya edici dərmanlarla yuyularaq yenidən istifadəyə
verilir".
Xatırladaq
ki, kirayə gəlinliklər müştərilərə
şəxsiyyət vəsiqəsini girov qoymaqla verilir. Toy
günü başa çatdıqdan sonra paltar geri
qaytırılır, məbləğ ödənilir.
Satıcıların
müştərilərlə bazarlıq etmək şansları
da var. Belə ki, Vüsalənin sözlərinə görə,
müştəriyə baxıb gəlinliyə qiymət
qoyurlar. "Elə müştəri var ki, gəlir
özündən razı danışır və biz həmin
müştəriyə kirayəsi 200 manat olan paltarı
400-500-ə vermişik. Bəzən də elə müştəri
olur ki, adamın ürəyinə yatır, belə
müştəriyə 800 manatlıq paltarı 100 manata
verdiyimiz vaxtlar da olub. Hər şey müştərinin
davranışından aslıdır", - deyən
satıcı cırılmış və ləkə
düşmüş gəlinlik üçün əlavə
cərimənin olduğunu da bildirir.
Saç
ustası Fazilə xanım isə 2011-ci ildə gəlin
saç düzümlərinin müxtəlifliyindən söz
açdı. Onun sözlərinə görə, bu il də
xanımlarımız hər il olduğu kimi ilk növbədə
üz quruluşlarını nəzərə alaraq saç
düzümləri seçə bilərlər. Saç
ustası deyir ki, xanımlar yumru sifət üzlərini gizlətmək
üçün açıq saç formalarına
üstünlük verməlidirlər. "Uzun sifət
quruluşuna malik olan xanımlara saç düzümü
seçmək o qədər çətin deyil, onlara istənilən
saç forması gözəl yaraşır. Amma dolu, yumru sifəti
olan xanımlar açıq formalı saç düzümləri
seçməlidirlər" - deyən həmsöhbətim
onu da qeyd etdi ki, xanımlarımız bəzən özlərinə
yaraşmayan saç düzümləri seçirlər. Bu da
onların toy günü gözəl görünməsinə
problem yaradır. Onun fikrincə, gəlinlərimiz saç
düzümü seçməmişdən öncə
saç ustası ilə məsləhətləşsələr
daha gözəl görünərlər. "Bəzən olur
ki, xanımlar mənə elə bir saç düzümü
ilə müraciət edirlər ki, çaşıb
qalıram. Mənim üçün istənilən saç
düzümünü yığmaq problem deyil, amma xanım da
özünə, üzünə yaraşan saç
düzümü seçməlidir. Bəzən olur ki, həddən
artıq uzun boylu xanım, saçlarının hündür
yığılması arzusunda olur. Bu saç
düzümü xanımı daha uzun göstərəcəyi
üçün məsləhət görmürəm. Düzdür,
müştərinin istəyi bizim üçün qanundur,
amma bəzi elementlər var ki, onu müştəri də nəzərə
almalıdır".
Saç
ustası bu il üçün dəbdə olan saç rənglərini
də açıqladı. Onun sözlərinə görə,
dərisi ağ olan xanımlar tünd saç rənglərinə,
qara, qəhvəyi tonlara, buğdayı dərisi olan
xanımlar bir qədər açıq sarı rəngin
tonlarına üstünlük verməlidir. "Yenə qeyd
etməliyəm ki, istər saç düzümləri, istərsə
də saç rəngləri individual olmalıdır. Bəzən
dəblə ayaqlaşmaq istəyən xanımlar özlərini
gülünc vəziyyətə qoyurlar. Nəzərə almaq
lazımdır ki, hər zaman üçün dəb
insanın ona yaraşana üstünlük verməsidir".
İradə CƏLİLOVA
Ekspress.- 2011.- 1 aprel.- S. 8.