Adi və qeyri-adi Bəhlulzadə
(Qeyri-adi rəssamın yaradıcılığına
qeyri-səlis baxış)
Sivilizasiya və
mədəniyyətdə müəyyən
mənada zamana qalib gəlmək istəyi var. Mədəniyyəti
yaradanlar da bu arzu və
istəklə yaşayırlar.
Görkəmli fırça
ustası Səttar Bəhlulzadə məhz belə sənətkarlardan
idi: özü də hiss etmədən sənəti ilə zamanı üstələməyə,
ötüb keçməyə
çalışırdı.
O,təzadlı bir zamanda yaşayıb-yaradırdı. Elmi-texniki tərəqqinin
addımbaşı möcüzə doğurduğu
bir zamanda gözəllik
hissini itirmədən yaratmaq
çətindən çətindir. Buna
yalnız güclülər, həyat eşqləri
aşıb-daşan adamlar qadirdir.
Səttar Bəhlulzadə daxilən zəngin olduğu
kimi, güclü bir insan idi.
O, ildırımötürən kimi
zamanın ağrı-acısını öz
içinə çəkib yalnız gözəl olan şeyləri əlvan rənglərlə
kətan üzərinə köçürürdü.
Söz düşəndə isə
yarıciddi, yarızarafat deyirdi: "Rasional düşüncə ucbatından həməsrlərimin çoxunun hissi korşalıb. Bu
hissləri təmizləmək, öz ilkin çağına qaytarmaq üçün əsərlərimi zərifliklə, gözəlliklə, musiqililiklə yükləyirəm".
Zamana meydan oxuyan Səttar Bəhlulzadə əsərlərinin ölməzliyi də elə bundadır. Amma onun üçün bu, o qədər də asan başa gəlməyib.
Rəssam bu keyfiyyətlərə nail olmaq üçün
bütün həyatını qurban verib.
Həyatdan söz
düşmüşkən, onun həyat ömürlüyünü qısaca vərəqləyək. Dahi Dostayevski demişkən:
"İnsan varlığının sirri yalnız yaşamaqda deyil, nəyin naminə yaşamaqdadır".
Burada inkar olunmaz bir həqiqət, bir məntiq var.
Səttar Bəhlulzadə 1909-cu
ildə Bakının yaxınlığındakı Əmircan kəndində anadan olub. Uşaqlıq və gənclik
illəri, eləcə sonrakı həyatı da
bu qədim tarixə malik
koloritli kənddə keçib.
Kənd adamlarının ürəyiaçıqlığı,
səmimiyyəti hələ uşaqlıqdan onu
canı-dildən bu kəndə
bağlamışdı. Bakıda sovet
hakimiyyəti qurulduqdan sonra
on yaşlı Səttar öz
həmyaşıdları arasından ilkin
olaraq yeni
açılmış məktəbə gedib.
Bu məktəbdə ilk
dəfə rəsm fənni ilə təmas tapmış və
rəssamlığın ecazkar aləmi onu özünə cəlb etmişdi.
Elə bu səbəbdən də 1927-ci
ildə Azərbaycan Rəssamlıq Texnikumuna
üz tutur. Dörd il texnikumda
dərs aldıqdan sonra o
bir sıra professional
sənət vərdişlərinə yiyələnən Səttar
həm rəsm çəkməyi, həm də yağlı boya və akvarellə işləməyi
öyrənir. Həmin anlarda həm doğma kəndinin qədim yaşayış
binaları, məscidləri, həm də təzadlı Abşeron yarımadasının kontrastlı təbiəti
onun natura obyektinə çevrilir. Yay
aylarında Səttar kənddə müxtəlif etüdlər,
mənzərələr çəkərdi. Bu
etüdlər, mənzərələr arasında tez-tez kənd evlərinin həyətlərində
gözə dəyən tut, badam, ərik, əncir, nar
ağacları boy göstərirdi.
Görkəmli Azərbaycan rəssamı
Əzim Əzimzadə çoxdan
Səttarın yaradıcılığını
izləyirdi. Bilirdi
ki, o, həm
istedadlı, həm də çox zəhmətkeşdir.
İşləməkdən yorulub
usanmır, əksinə ləzzət alır. Ona
görə Səttarı baş rəssam
işlədiyi "Kommunist" qəzeti
redaksiyasına işə dəvət etdi.
Beləliklə, ustad rəssamla gənc rəssamın
birgə praktik işlərinə - Bəhlulzadənin
karikatura yaradıcılığına rəvac
verildi. Səttarın burada
əsas işi qəzetdə gedəcək
tənqidi yazılara illüstrasiya və karikatura çəkmək idi.
Karikaturaçılıq onun işi deyildi. Və
çəkdikləri də onun içindən
gəlmirdi. Elə buna görə də gənc
Səttar ilk andan öz karikatura
yaradıcılığında ustadı Əzim Əzimzadənin
möhkəm təsirini hiss etdi. Və bundan
sonra öz dəst-xəttini,
öz yolunu, öz manerasını tapmaq
haqqında ciddi fikirləşməyə
başladı. Rəssamlıq təhsilini davam
etdirmək də onu düşündürürdü.
Nəhayət, Əzim Əzimzadənin ciddi
təkidi ilə Səttar Bəhlulzadə 1933-cü ildə Moskvaya - V.Surikov adına
Dövlət Rəssamlıq İnstitutuna
göndərildi. O, institutun
qrafika fakültəsinə daxil olub görkəmli
pedaqoq-rəssamlardan V.Favorskinin və L.Bruninin emalatxanalarında böyük
sənətin sirlərinə yiyələndi. Öz
tələbəsində gözəlliyə məhəbbət
oyadan və həmişəlik gözəlliyə
bağlayan Favorskini Səttar
Bəhlulzadə dünyasını dəyişənə
qədər xeyirxahlıqla xatırlayıb yad
edirdi.
Səttar üçüncü kursa qədər Favorskinin emalatxanasında məşğul oldu. Sonra professor Q.Şeqalın emalatxanasına keçdi. Əla pedaqoq və
kolorist olan Şeqal böyük həvəslə
gənc Azərbaycan rəssamına təsviri sənətin
sirlərinə yiyələnməkdə ən yaxşı
yardımçı oldu. Ustad
sənətkar ilk dərslərdən, ilk etüdlərdən hiss
etdi ki, Səttar mənzərə
və kolorit meyllidir,
rəngləri hiss etmək qabiliyyətinə
malikdir. Gələcəkdə ondan yaxşı mənzərə ustası ola bilər. Elə buna
görə də onu həmin istiqamətə
yönəltdi.
Yaradıcı
insan ömrü
axtarışlarla, eksperimentlərlə zəngin bir ömürdür. O, ömrünün
axırına qədər, özünü,
öz dəst-xəttini, üslubunu
tapana qədər axtarır. Səttar Bəhlulzadə 1939-cu ildə Moskvada təhsilini başa
vurub peşəkar rəssam kimi Bakıya qayıdanda da
hələ özünü, öz dəst-xəttini axtarırdı. Düzdür, o, 1940-cı
ildə ilk dəfə respublikada
keçirilən rəssamlıq sərgisində "Bəzz
qalasının müdafiəsi" adlı tarixi-qəhrəmanlıq
mövzusunda olan əsəri
ilə çıxış edib xeyli uğur qazandı. Və
bunun ardınca "Fətəli xan", "Xəttat Mirəli" adlı
portretləri öz dərin psixologizm ilə seçilib
sənətsevərlərin diqqətini özünə cəlb
etdi. Amma bütün bunlara baxmayaraq Səttar Bəhlulzadənin daxili potensialı başqa
şeylərdən xəbər verirdi.
Dahi fransız
rəssamı
Ogüst Renuar yazır:
"Ömrünü-gününü yaradıcılığa həsr edən
hər bir sənət adamı əsrin diktəsinə
yox, öz qəlbinin səsinə qulaq asmalı,
daim dəyişmək, yeniləşmək hissi ilə yaşamalıdır".
Səttar Bəhlulzadə daim dəyişməyə, yeniləşməyə meyilli bir sənətkar idi.
Yaradıcılığının ilkin
çağlarında karikatura janrında publisistik əsərlər yaradan
sənətkar zamanın sosial sifarişini yerinə yetirməklə də
kifayətlənə bilərdi. Tarixi-qəhrəmanlıq mövzusunda diqqəti cəlb edən tablolar da çəkə
bilərdi. O, ötən əsrin otuzuncu,
qırxıncı illərində bu mövzularda silsilə əsərlər
yaratmağına, müəyyən uğurlar
qazanmağına baxmayaraq tədricən həmin
yoldan, bu istiqamətdən
imtina etdi.
Ara-sıra fırçasını gah sənaye, gah da təbiət mənzərəsi janrlarında sınaqdan keçirdi. Və ilkin olaraq
1947-ci ildə sənaye mənzərəsi mövzusunda "Buzovnada ilk neft", təbiət mənzərəsi janrında isə
"Sübh
çağı",
"Yol", "Buzovna" əsərlərini yaratdı.
"Sübh
çağı",
"Yol", "Buzovna" mənzərə
əsərləri ilk
görüşdəcə sənətsevərlərin xoşuna gəldi.
Amma sənaye mənzərəsi mövzusunda çəkdiyi "Buzovnada ilk neft"
əsəri ciddi söz-söhbətə
səbəb olub tənqidə məruz
qaldı. "Buzovnada ilk
neft" əsərinin əsas
nöqsanı təbiət mənzərəsinin ustalıqla
çəkilməsi, neftçi
fiqurlarının isə zəif verilməsi idi.
Bu o dövrün
ideologiyası ilə səsləşmirdi. Elə
bu uğursuzluğa
görə də Səttar Bəhlulzadə hirslənib bir müddət Bakıdan uzaqlaşdı. Xeyli müddət gözə görünməyib
Abşeronun ayrı-ayrı yerlərində
bu bölgənin əsrarəngiz gözəlliklərini
kətana köçürdü. "Əmircan",
"Xəzər üzərində axşam",
"Xəzər gözəli", "Əbədi məşəllər",
"Suraxanı atəşgahı", "Abşeron
tacı" kimi nadir əsərləri
beləcə meydana gəldi.
Təbiətlə əbədi təmasda olan bir rəssamın
sözüdür: anbaan dəyişən,
yeniləşən təbiəti yaxından duymaq, qavramaq, dərk etmək
üçün
bütün varlığınla ona tapınmalısan.
Bunu əvvəldən
bilən və yaradıcılıq devizinə çevirən
Səttar Bəhlulzadə Abşerona həsr
etdiyi mənzərə əsərlərini
- "Nağıl mənzərə" silsiləsini başa çatdırdıqdan sonra
təbiətə əbədi tapınmaq qərarına gəldi.
Və bu məqsədlə Azərbaycanın
şimalına - Quba bölgəsinə üz tutdu.
Rəssamın
Qubaya səfəri zamanı Abşeron mənzərə və etüdləri bir növ onun növbəti geniş miqyaslı Quba silsilə mənzərə
əsərləri üçün prelyüdə
çevrildi. Çox
keçmədi ki, "Quba
mənzərələri" silsiləsi meydana
gəldi. 1953-1954-cü illərdə keçirilən rəssamlıq
sərgilərində ilk dəfə olaraq Səttarın Quba
silsiləsindən olan mənzərə əsərləri
"Qudyalçay vadisi",
"Qızbənövşəyə gedən yol",
"Bağlar arasında", "Qudyalçay sahili",
"Yaşıl xalı", "Payız", "Şah dağın ətəyində" mənzərə
əsərləri nümayiş etdirildi. Həmin əsərlər
həm mütəxəssislərin, həm də sənətsevərlərin
böyük marağına səbəb olub yüksək qiymətləndirildi və rəssama
böyük şöhrət
qazandırdı. Həmin andan o yaddaşlarda incə duyumlu mənzərə ustası kimi qaldı. Bunun
başlıca səbəbi rəssamın çəkdiyi mənzərə
əsərlərində poetik əhval-ruhiyyənin
və kompozisiya quruluşunun,
işlətdiyi boyalarda isə kolorit gözəlliyinin bənzərsizliyi idi.
Bu sənət uğuru Səttarı
daha böyük işlərə ruhlandırdı. Özünü mənzərə əsərlərində tapan rəssam bu istiqamətdə
yaradıcılıq axtarışlarını daha da genişləndirdi. Əvvəllər
yalnız iki bölgədə - Abşeron yarımadasının Bakıdan uzaq kənd və bölgələrində, bir də Quba ərazisində
görünən rəssamın
sorağı tədricən gah Lənkərandan,
Qarabağdan, gah Muğan və Mildən, gah
da Naxçıvan və digər yerlərdən
eşidilməyə başladı. Səttar həmin bölgələrdə
gələcək əsərləri üçün
bir-birindən gözəl unikal eskiz və etüdlər çəkirdi.
Gəlin etiraf edək ki, bu gün
sənətsevərlər arasında çox
sevilib qiymətləndirilən "Lənkəranda",
"Dəniz sahili", "Doğma üfiqlər", "Dağlara yol",
"Dumanlı dağlar",
"Yuxarı Daşaltı", "Cıdır düzü", "Şuşanın ətrafı",
"Azərbaycan nağılı", "Şaxnabad
şəlaləsi" monumental mənzərə
əsərləri məhz həmin unikal etüd və eskizlərin bəhrəsidir.
Səttar Bəhlulzadə özünü mənzərə janrında tapandan sonra həm təbiət, həm də sənaye mənzərə
yaradıcılığını paralel inkişaf etdirirdi. Bu, səbəbsiz
deyil, çünki
uşaqlıqdan həyatı buruqlar
arasında keçən rəssam onun
poeziyasını hamıdan yaxşı duyub
hiss edirdi. Bu sahədə ilk uğursuz işi ("Buzovnada ilk neft")
onu ruhdan
salmamışdı.
1954-cü ildə birincilər sırasında yenicə işə başlamış "Möcüzələr adası"na
- "Neft daşları"na gedən rəssamı
estakadalar
üzərindəki şəhər ovsunlayıb özünə cəlb edir,
albomuna gələcək əsərləri üçün naturadan onlarla etüd,
yüzlərlə
eskiz
çəkir. Nəticədə hamını ovsunlayan "Xəzər üzərində axşam", "Xəzər gözəli",
"Neft daşlarının görünüşü", "Estekada", "Qəhrəmanlıq povesti dastanı" monumental
romantik əsərləri meydana
gəlir. Daha sonra həmin
mövzuda "Əbədi məşəl",
"Dənizdə neft buruqları",
"Qədim od", "Odlu
torpaq" əsərləri yaranır. Bu sənaye mənzərəsi mövzusunda
olan əsərlərin başlıca uğuru orasındadır ki,
təbiətlə sənaye harmonik vəhdətə
verilib. Və coşqun
verilmiş təbiət
görüntüləri öz coşub çağlayan
ovqatı ilə hər şeyi hərəkətə
gətirib. Tablolarda hər şey
əbədi hərəkətdədir. Bu
hərəkət fonunda sənaye mənzərələrinin
donuqluğu itib
batıb, təbiətin gözəlliyi üzə
çıxıb. Daha dəqiq desək,
reallıqla romantikanın sıx vəhdətdə olan təntənəsi başlayıb.
Səttar Bəhlulzadə təbiət aşiqi idi. Və özünü təbiətin bir
parçası hesab edirdi.
Demək olar ki, həyatının
əksər hissəsi təbiət qoynunda
keçirdi. Bunun bir neçə səbəbi vardı.
Başlıca səbəblərdən biri
o idi ki,
o, təbiətə daha
yaxın olmaq, onu dərindən
anlayıb dərk etmək, olduğu kimi qavrayıb çəkmək istəyirdi.
Digər tərəfdən Səttar Bəhlulzadə özünü bir rəssam
kimi təbiətlə vəhdətdə daha yaxşı realizə və ifadə edə
bilirdi. Bunu indi biz rəssamın
çox məşhur olan
mənzərə əsərləri fonunda
daha aydın görürdük.
ttarın romantik və lirik
əhval-ruhiyyədə işlədiyi "Yaz
səhəri", "Payız çağları", "İlk qar", "Çuvar", "Xınalıq
yaylağı", "Yaz
axşamı", "Muğanda bahar", "Naxçıvan mənzərəsi", "Dədəgünəş", "Kəpəzin
göz yaşları", "Oyanma", "Gülüstan",
"Azərbaycan bağlarında", "Bazar
düzü", "Şahdağ",
"Şahnabad dağları", "Muğan gözəli", "Əfsanəvi
torpaq", "Dağ
gölü", "Göyçay",
"Xəzərin sahili" monumental mənzərə əsərləri
bütünlüklə əsrarəngiz Azərbaycan təbiətinin
vəsfinə yönəlib. Bu monumental mənzərə əsərlərində
rəssam tərəfindən Azərbaycan torpağının
qeyri-adi anları, gözəllikləri tutulub saxlanılıb.
Bu "tutub saxlamalar", "kətan üzərində əbədiləşdirmələr" Səttar üçün o
qədər də
asan başa gəlməyib. O, təbiətin bu qaynayıb coşan,
insanı özünə cəlb edən, qəlbini emosiya və sevgi ilə dolduran məqamlarını "tutub saxlamaq" üçün çoxlu
vaxt, enerji sərf edib. Bunu
sağlığında Səttarın özü
də etiraf edirdi:
"Çoxları
elə bilir ki,
mən istədiyim vaxt çərçivəyə salınmış təmiz kətanı, rəng palitrasını
qarşıma qoyub asanlıqla təbiətin müxtəlif məqamlarını
rəsm edirəm. Belə düşünənlər səhv edirlər. Bu heç də
belə deyil..."
(ardı var)
Möhbəddin Səməd
Ekspress.-
2011.- 2-4 aprel.- S. 18.