Aytokya

 

  Mircavad Mircavad haqqında

 

  Məqalə Azərbaycanın görkəmli rəssamı Mircavad Cavadovun həyat yoldaşı tərəfindən lent yazısına köçürülmüş xatirələri əsasında hazırlanıb. Böyük rəssamın həyatı və yaradıcılığı barədəki fikirləri ilk dəfə mediada - "Ekspress"də çap olunur.

 

   (əvvəli ötən şənbə sayımızda)

 

   Qubernator bağında mənim bir ağacım vardı, bütün yay mövsümü o ağacı çəkirdim. Adi ağac idi. Hərdən o ağacı qucaqlayardım, belə anlarda Bethovenin sözlərini xatırlayardım: "Ağaclar adamlardan yaxşıdır".

   1949-cu ilin o gözəl gününü yaxşı xatırlayıram, rəssamlıq məktəbini bitirdiyim gün Bulvara getdim, sevincimdən atılıb-düşürdüm, gülürdüm, qışqırırdım: "Axır ki, mən azadam, azadam, azadam!" İndi məni heç bir qüvvə rəssamlıq institutuna girməyə məcbur edə bilməzdi. Belə bir günün şərəfinə anam mənə ilk kostyumumu aldı, əslində mən kostyum geyməyi sevmirəm. 1988-ci ildə Moskvada Mərkəzi Rəssamlar Evində ilk sərgimin açılışı ərəfəsində xoşladığım sviter cırıldı, arvadım açıq rəngli Avstriya kostyumu aldı, kostyumun rəngi və tikilişi uzlaşırdı... Ümumiyyətlə paltar məsələm həmişə pis olub, pulum olmazdı, mağazaya gedərdim, kostyumlar əynimə gəlməzdi, sanki hamısı Leninin əyninə biçilib, univermaqlarda elə özümdən çıxardım ki, gənc satıcı qızları gülmək tutardı...

   Xatirələr cığırıyla geri dönək. İkinci kursda 1942-ci il ilk dəfə Sezann rəngkarlığı ilə tanış olmuşam. Bu, Sezannın "Mardi Qra" tablosunun reproduksiyasıydı, kitabxanada gördüm, kitabı əlimə alıb sevimli yerimə keçdim, özümü necə kətilə atdımsa, kətil sındı və mən döşəməyə yıxıldım. Müharibəyə qədər mən ağır çəkiliydim, müharibə illərində çəkimi itirdim, ayağa qalxıb oturmaq istədim, yenə yıxıldım, kitabxanaçı qadın əlini ağzına tutub gülürdü... O zaman mən hələ yeni rəngkarlıqdan bixəbər idim, cahilliyimdən Sezannın tablosunu boş şey saydım, axı mənim ciblərim dahi klassiklərin - El Qrekonun, Dürerin, Titsianın, Rembrandtın, Qoyyanın, Leonardo da Vinçinin, Mikelancelonun reproduksiyaları ilə dolu olardı. Buna görə bəziləri məni kosmopolitizmdə suçlayırdılar. Stalin dönəmində "kosmopolit" sözü ağır ittiham kimi səslənirdi. Bunu aydın təsəvvür etməniz üçün A.F.Losevin 1982-ci ildə çap olunmuş bədnam "İntibah estetikası" kitabının 438-ci və 445-ci səhifələrindən misal gətirim. "...İntibah dövrü insana yer səadəti gətirdi, o, insanı orta çağ ortodoks buxovlarından azad etdi, o, insan şəxsiyyətinin azadlığını önə çəkdi. Bu gün bu bayağı fikirləri ağ liberal-burjua qalıqlarının rəzil arzuları hesab etmək olar... Qanadlı İntibah sənətində insan subyekti heç kimə lazım olmayan gərəksiz bir şey idi, amma eyni zamanda, amoral tragizmin ifadəsiydi".

 

   Bax belə, mənim əzizlərim!

 

   Bulvarda gəzib dolaşanda, ağaclara baxanda (bulvardakı eldar şamları Eksdəki şam ağacları ilə eynidir), dənizə baxanda orda mənə rahatlıq verməyən qəribə tabloların mövcud olduğuna əmin oluram. Axır ki, bu duyğu məni bütünlüklə öz ağuşuna alır, provanslı ustadın yeni dünyası sirli ecazkarlığı ilə məni səsləyir və mən onun üslubunu qəbul edirəm. Sezann sənəti uzun zaman hər şeyi mənim üzümə qapadı, on il o, mənim idolum, kumirim, işığım, günəşim oldu. İnanmıram ki, yer üzündə bu fransız rəsamını kimsə mənim qədər sevə bilsin. Əlbəttə, onun yanında yanar rəng ekspressiyası ilə Van Qoq, Qogen, şərq incəsənətinə yaxın Matiss... Sezann məni böyük rəngkarlığa gətirdi. Onun sistemində mən düşünülmüş rəng, forma, sahə düzülüşünü tapdım. O, analitik metod vasitəsi ilə ətraf mühiti, bizi əhatə edən aləmi reallaşdırdı, o, materiyanın vulqar xarici görünüşünə enmədi, o, materiyaya ilham verdi. Onun konstruktivizmi orta çağ sənətkarlarının çox planlı perspektivindən qaynaqlanır. Van Qoqun sözləri ilə desək, onun rəng modulyasiyaları Vaqnerin səs palitrası ilə assosiasiya oluna bilər. Sezann idealizmi onun daxili aləminin, iç dünyasının saflığının əks-sədasıdır, əksidir...

   Həmən il mən sanki Titsianın tablolarından çıxmış bir qızla evləndim. Qız gözəl və xeyirxah idi, uşaqlar məni xəbərdar etmişdilər - qızda vərəm xəstəliyi var. Mənim sevgimi heç nə qorxutmurdu, Lidiya ilə evləndim. İllər sonrası, demək olar ki, Leninqradda, Moskvada yaşayanda (qışı Abramsovada kirayələdiyim bağ evində keçirdim, natürmortlar işlədim, kilsələrə getdim, Zaqorsk monastırında oldum, unikal memarlıqdı, elə ikonalar var ki!) məktublar yazırdım, onu yanıma çağırırdım, əvvəllər tez-tez gələrdi. Sonra onun gəlişləri azaldı, onu sevirdim, ona inanırdım, onsuz darıxırdım. Onu görmək üçün qısa müddətə Bakıya gəlirdim. Bir dəfə Bakıya gəlişimdə ona çox seksual bir don alıb gətirmişdim, ona dedim ki, bu paltarda sən teatrın ən cazibədar qadını olacaqsan (o vaxt Lida Azərbaycan opera teatrında dirijor Drazdovun xorunda oxuyurdu), amma mənim don adına aldığım kombinasiya çıxdı...

   Mən Lidiyaya xəyanət etmirdim, qadınsız da yaşamaq çətin idi, dözmədim, Nadir Əbdürrəhmanova ürək açdım, Nevskiyə, fahişələrin yanına gedəcəyəm, dedim. "Nə deyirsən, ətrafında belə gözəl qadınlar var" - "Yox, mən arvadımı sevirəm... yaxşısı budur Nevskiyə gedim, pulunu verim..." - "Xəstəliyə tutularsan, kamfora yağı ilə kompress yadından çıxmasın".

 

   Allah canını sağ eləsin, doktor!

 

   Əbəs yerə Nadir tibb institutunu bitirməmişdi. Ümumiyyətlə, Nadirlə münasibət asan və xoş idi. O, zövqlə geyinərdi, yeməyi gözəl yeyərdi, olimpiya sakitliyi vardı, boş yerə özündən çıxmazdı, məndə bu keyfiyyətlər çatışmırdı, sənətə baxışlarımız fərqli olsa da, bu mövzuda heç vaxt mənimlə mübahisəyə girişməzdi. Orda, Leninqradda dəfələrlə çətin anlarda onun insani keyfiyyətlərinin şahidi olmuşam, o, mənim eksestlərimdən diksinib yaxasını kənara çəkməzdi, Bakıdakı iki nəfər kimi məndən üz döndərib əks istiqamətə keçmədi. Amma gəlin söhbətdən yayınmayaq. Lida haqqında söz-söhbət qulağıma çatırdı, mən şayiələrə inanardımmı?..

   Lida Leninqrada gəlmişdi, biz teatra bilet almağa gedirdik, yolda onun keçmiş dirijoru ilə qarşılaşdıq, Lida istehza ilə gülümsədi, əlini yellədi və yoluna davam elədi, ilahi, bu nə vulqar jest idi, o, belə deyildi, ona nəsə olub, yəqin qulağıma çatan şayiələr doğrudur... ona heç nə demədim... Bakıya getmək lazımdı. Drazdovun arvadı ilə görüşməliyəm, onu bağ evində tapdım və həqiqəti öyrəndim. Axşam Lida hər şeyi mənim üzümdən oxudu və müqavimət göstərmədi. Soruşuram: "Onu sevirsən?" - "Yox" deyir. - "Özüm günahkaram, sən uzun müddət tək qalmısan, sənə kişi lazımdı, mən öz həyat tərzimi sənə yansıtmışam, əgər məsələ yalnız bundan ibarətdirsə, mən gnahkaram, bu məsələni düşünməmişəm... yaxşısı budur, indi mən gedim, bizə zaman lazımdı". O isə: "Yox, ehtiras, sevgi, məhəbbət-zad yoxdu aramızda, sadəcə solist olmaq istəyirdim, Drazdov söz vermişdi" - "Sən istedadsız müğənnisən, səsin yoxdu, vərəm... sən iyrənc yolla istedadlı müğəninin yerini tutmaq istəmisən, ilahi, mən də sənin kimi bir zibili sevmişəm". O, mənim üstümə atıldı, mən onu geri itələdim, Lida parketin üstünə yıxıldı.

   İki evlilik arasındakı doqquz illik fasilədə mənim həyatımda dörd qısa sürən məhəbbət macərası olub, bu qadınlardan biri çox qəribəydi, bizim yaxınlığımız zamanı bayılıb özündən gedirdi, bu əhvalat Buzovnada badam ağacı altında baş verdi, əvvəlcə çox qorxdum, sonra iyrəndim, elə bil meyitlə yatırdım, ya da yatmış qadını yuxuda zorlayırdım, əlbəttə, o qadınla əlaqəni kəsdim... Buzovnada, dəniz sahilində Dadaşın evində otaq kirayələmişdim. Dadaş əsl Alfon Dodye personajıydı, buzovnalı Tartaren qulyabanilər haqqında məzəli hekayətləri ilə məni əyləndirirdi, qulyabani arvadları köhnə hamama aparır, sonra bu arvadların quyruqlu uşaqları doğulur, deyirdi ki, qayanın üstündə nəğmə oxuyan dəniz pərisini öz gözləriylə görüb, İranda üsyançıların necə edam edildiyinə şahid olub, qiyamçıların kəsilmiş başları xırıldaya-xırıldaya son sözlərini söyləyirmiş, bəzisi dua eləyir, bəzisi söyüş söyürmüş, bəzisi insanları azadlığa səsləyirmiş...

   Bu əclaf mənim əsərlərimə gülürdü, darvazanı rəngləsən, daha yaxşı olardı... Əvvəlcə o, tam ciddiliyi ilə mənim alman cəsusu olduğuma inanırdı, mənə hörmətlə yanaşırdı, cəsus olmadığıma əmin olanda mənim şəxsiyyətim onun gözlərində dəyərini itirdi, tezliklə mən başqa yerə köçdüm, Allaha şükür orda tək yaşayırdım. Karton fabrikində sifarişim vardı, fabrikin işçisinə pul vermək istədim, qayda beləydi, qadın pul götürmədi. Bəs sizə necə təşəkkür edə bilərəm dedim, qadın restorana getmək istədi. Axşam restoranda bildim ki, o ərdədi - "onda niyə bəs mənimlə restorana gəldin?" - "Elə belə, fabrikdən bezmişəm, bura maraqlıdır, musiqi, şərab, siz də çox maraqlı insansınız, mənə başqa bir şey lazım deyil". - "Yaxşı - deyirəm - əgər doğrudan da sənə başqa bir şey lazım deyilsə, onda əlimə pul düşəndə səninlə burda oturmağa hazıram".

   Üç ildən sonra Lidanı təsadüfən küçədə gördüm, gözəlliyi bir qədər solmuşdu (anam onu sevirdi, onlara gedib gəlirdi, anam danışırdı ki, onun ürəyi xəstədir, indi "Azərnəşrdə" çertyojçu işləyir), amma yenə də son dəblə şıx geyinmişdi, gözləri çox kədərliydi, ona yazığım gəldi, onu qucaqlayıb bağrıma basdım, ipək saçlarını oxşadım, küçənin ortasında onu öpdüm, o isə eyni sözləri təkrarlayırdı: "Kimi itirdiyimi indi anlayıram, mən zavallıyam, sən başqasan, onda heç nə anlamırdım, bağışla, məni bağışla". Onun mənzilinə getdik, özümüzü çarpayıya atdıq, yaralı xatirələrimizlə bir-birimizə sığındıq... Sevgi yanıb kül omluşdu, gil altında bir-birimizə qarşı sadəcə rəğbət közərtiləri qalmışdı. O, mənim haçansa geri dönəcəyimə ümid bəsləyirdi, mən isə son günə qədər bu ümidi onun əlindən almadım...

 

 

(ardı var)

 

Adil Mirseyid

 

Ekspress.- 2011.- 2-4 aprel.- S. 14.