"Teatr
mənim evimdir"
Yaşar
Nuri: "Mütləq səhnəyə
çıxacağam"
Dövlət
Akademik Milli Dram
Teatrının
aktyoru, Azərbaycanın
kino və teatrında
silinməz izlər
qoymuş, sevə-sevə
izlədiyimiz rolların
yaradıcısı,
xalq artisti Yaşar
Nuri ilə doğma
teatrında görüşdük. Şən və gülərüz halda gəldi
görüşə. Bütün teatr ayaq üstə
qarşıladı sənətkarı, bütün kollektiv
onunla hal-əhval tutdu. O da hamıyla gülərüzlə
salamlaşdı, zarafatlarından da qalmadı....
Türkiyənin İstanbul Memorial
Xəstəxanasında müalicə olunandan sonra Vətənə
dönən Yaşar Nuri APA-ya müsahibəsində özünü
çox yaxşı hiss etdiyini deyib.
- Normalam şükür Allaha. Bu
elə şeydir ki, heç birimizin əlində deyil. Sadəcə
bir az yerişimdə problemlər var. O keçib gedəcək,
buna inanıram. Mən 4 ay İstanbulda öz xoşuma
yatmamışam. Məcburi yatızdırıb, müalicə
edirdilər. Gördünüz ki, bu gün teatra öz
ayağımla gəldim. Hələ bundan da yaxşı
görəcəksiniz məni, gündən-günə
yaxşılaşıram. Hələ mənim teatrda çox
işim olacaq. Məni çox iş gözləyir... Darıxmışam,
çox darıxmışam. Mən çox şeylər
planlaşdıra bilərəm, amma deyim var "Sən
saydığını say, gör fələk nə
sayır". Tamaşaçılar məndən ötrü,
mən də onlardan ötrü darıxmışam...
Bilirsiniz, İstanbulda müalicə olunduğum 4 ayda heç
nədən qorxmadım. Biz qorxmaq üçün gəlməmişik
bu həyata. Biz həyata göz açanda gərək qorxu
hissindən uzaq olaq. Həyata gəlmək, yaşamaq artıq
bütün əziyyətlərə boyun olmaq deməkdir.
Heç nədən qorxmadım, sadəcə əziyyət
olur bir az. Xəstəlikdir də, gələndə qatarla gəlir.
Qəzəldə deyildiyi kimi":Mən bəlanı istərəm,
çün bəla istər məni..."
- Səhhətinizdə yenidən
problem yaranması özünüzə qarşı diqqətsizlikdən
irəli gəlmirmi? Bəlkə özünüzə daha
artıq vaxt ayırasınız?
- Diqqət deyəndə ki, evdə
mənə yetəri qədər diqqət edirlər. Bilirsiniz,
mən səhnə, kino üçün o qədər
acmışdım ki... Ona görə gəldim və gələn
kimi birdən-birə üç tamaşa - Musiqili Komediya
Teatrında "Ər və arvad", Kukla Teatrında "Məşədi
İbad", "Arşın mal alan" tamaşalarda, eyni
zamanda "Bacanaqlar" serialının çəkilişi...
Yəqin ki, bunlar məni bir az yordu. Oksigen
çatışmazlığı, qan təzyiqi, beyinə qan
sızma. Həkimlər bildirdilər ki, bu əsəb və
yorğunluqla əlaqədardır.
- Deyirlər, "Başına gələn
başmaqçı olar". Amma Siz yenə də həkimləri
dinləməyib, onların tam razılığı olmasa da,
teatrın açılışına gəldiniz...
- Axı həkim mənim ürəyimdə
deyil. Hətta ürəyimdə olsa belə, bilə bilməz
axı mənim məhəbbətimi. Mən söz
vermişdim və mütləq gələcəkdim. Əlil
arabasında da olsaydım, gələcəkdim, çünki
teatr 40 ilə yaxındır, mənim evimdir. 10 yaşından
bu həyatın içindəyəm, bu tozu uduram. Necə ola
bilərdi ki, belə bir günə gəlməyim?
- Çoxsaylı
tamaşaçılar Yaşar Nurinin səhnəyə
çıxışını səbirsizliklə gözləyir.
Yeni təkliflər almısınızmı?
- Bu dəfə heç nədən
qorxmuram. Çoxsaylı rollar düşünürəm. "Niyyət"
filminin rejissoru Samir Kərimoğlundan dəvət
almışam. Çox maraqlı bir obrazdı, mayın
axırında filmin çəkilişlərinə
başlayacağıq. Görkəmli rejissor Vaqif Mustafayevlə
birgə işimiz var, onu başlayacağam. Akademik Milli Dram
Teatrında "Tiflis yengələri" pyesində rolum var.
Bununla bərabər, "Özüm bir aktyoram, teatrım
var" monotamaşasını tək oynayacağam. Artıq
müdiriyyətlə danışmışıq, icazə
verilib. Çox güman ki, bu tamaşada müasir Molla Nəsrəddin
olacağam. Yəqin ki, tamaşa Sabirin motivləri əsasında
hazırlanacaq. Bir də telekanallardan dəvət alıram,
ancaq gedə bilmirəm. Təklif, iş çoxdur. Səhnəyə
çıxmalıyam, qurtardı getdi. Mütləq səhnəyə
qayıdacağam!
- Əsaslı təmirdən
çıxmış Akademik Milli Dram Teatrında artıq iki
tamaşaya baxmısınız. Təəssüratlarınız
maraqlı olardı.
- Təmir olunmuş bu möhtəşəm
binada çox yenilik var. Bu boyda binada yenilik, kollektivin əzmini
görməmək düzgün olmaz. Camaatda yeni həvəs,
yeni istək var. Keçən ilə qədər hər kəs,
rol verilənlərin çoxu belə oynamaqdan imtina edirdi. İndi
hamı rol oynamaq istəyir. Tək görünüş yox,
teatrda ümumi atmosfer dəyişib. Həm binanın
özü, həm rəhbərlik, həm yeni iş rejimi...
Teatrın hər yeni tamaşası, hər uğuru, məni
bir addım irəli aparır.
- Bu il 60 yaşınızı qeyd
edəcəksiniz. Yorulduğunuzu hiss etmirsiniz?
- 4 ildir, mən bu xəstəliklə
əlləşirəm. Amma yorulmaq olmaz, yorulmaq mənlik deyil.
Həyatda yorula bilərəm, səhnədə yox...
İkincisi də, lazım olmasan, gərək özün
yavaş-yavaş gedəsən. Mən səhnəyə
çıxarkən alqışlanıram. Bilirsinizmi, səni
növbəsiz mağazaya buraxarlar, qırmızı
işıqda keçəsən, bağışlayarlar, amma
tamaşaçı sevgisini qazanmaq çox çətin məsələdir.
Mən bu sevgini hiss edirəm. Teatrın
açılışında mən salona daxil olanda o cür
alqışlandım. Gəldim evə, amma yenə
özümü səhnədə hiss edirdim. Mən bildim ki, səhnəyə
çıxanda, sənə əl çalırlarsa, səni
öpürlərsə, sənə növbəsiz yer verirlərsə,
deməli tamaşaçı məhəbbətini
qazanmısan. Özümə qarşı tamaşaçı
sevgisini hiss etdiyim üçün çox xoşbəxtəm.
Bəzən dost-tanışlarım məni danlayır, deyirlər,
"Əşşi elədiyini eləmisən, bu yaşda sən
elədiyini heç kim eləməyib". Bəzi
dostlarım isə "Yaşar, bu yaşa qədər sən
nələr eləməmisən, bəsdir də" deyirlər.
Deyirəm, yox bəs deyil, imkan olar, işləyərəm,
olmaz da ki... Amma yenə gələcəyəm, yenə
baxacağam. O əzmlə çalışıram ki, səhnəyə
çıxım və çıxacağam. Nəinki burada,
hələ Musiqili Komediyada, Gənc Tamaşaçılar
Teatrında, Kukla Teatrında da işlərim var.
- Yubileyinizi necə qeyd etməyi düşünürsünüz?
- Vallah 60 illiyə tələsmirəm.
Yubileyimlə maraqlanırlar, hörmətli nazirimiz də dedi
ki, yubileyim regionlarda da keçiriləcək. Sözün
düzü, mən özümü səhnədə çox
gənc hiss edirəm. O rəqsləri ki, "Ər və
arvad"da, "Məşədi İbad"da mən
oynadım, deməli, hər şey çox
yaxşıdır. Mən görəndə ki, 10
yaşında uşaq da axsayır, düşünürəm
ki, həyatdır da, bəs o neynəsin? Mən indi 60
yaşında beləyəm, bəs o? Yubileyi də edəcəyik,
inşallah. Həyata açıq və nikbin gözlə
baxmaq lazımdır. Yaşamaq yaxşı şeydir, amma rahat
yaşayasan. Pul heç nəyi həll eləmir, amma
rahatlıq həll eləyir. 60 yaş nədir ki, hələ
çox iş görəcəyəm...
Ekspress.-2011.-2-4
aprel.-S. 19.