İlham Namiq Kamal: "Gülməli şey o qədər çoxdur ki, adamın ağlamağı gəlir"

 

   1 aprel - Gülüş günü münasibəti ilə "Azadlıq" radiosu gülüş ustası, Azərbaycanın xalq artisti İlham Namiq Kamaldan qısa müsahibə götürüb.

   - İlham müəllim, Sizcə, Azərbaycan əhlisi lazımınca gülə bilir, ya yox?

   - Belə baxanda, istər Gülüş günü olsun, istər yox, gülüş hamıya aiddir. İndi kim nəyə görəsə gülür, kim nəyə görəsə gülə bilmir. Bunun da təqsiri sənətçilərdə deyil.

   - Amma ümumiyyətlə, gülməli bir şey varmı?

   - Əlbəttə ki, var. Diqqətlə baxsaq, ətrafda gülməli şey o qədər çoxdur ki, adamın ağlamağı gəlir.

   - Nə etməli ki, bu gülüş xoş ovqat yaradan həddə qalsın və ağlamaq dərəcəsinə çatmasın?

   - Xoş ovqat olması üçün, mənə belə gəlir ki, ətrafdakı bu məzhəkələri, sirk proqramlarını yığışdırmaq lazımdır.

   - Bəs əvəzində nə təklif etmək?

   - İnsani münasibətlər.

   - İndiki dövrdə insani münasibətlər dərəcədə işləkdir?

   - Məncə, təbii adamlarda insani münasibətlər olur. Qeyri təbiilərdə, səviyyəsizlərdə isə insani münasibətlər az olur. Sabirin şerlərini xatırlayaq. Deyir: "Bir bölük boş boğazıq, heyvərəlik adətimiz".

   - Sizcə, bugünkü Azərbaycan adamının əhvalı gülməyə, ağlamağa, ya sadəcə sakit dayanmağa daha yaxındır?

   - Mənə belə gəlir ki, sakit dayanmaqla yanaşı gülmək , ağlamaq da lazımdır. Şaqqanaq çəkib gülmək lazımdır. Buna vitamin C deyirlər. Adam da var göz yaşı tökəndə, gözləri daha işıqlı olur. Dünyaya daha işıqlı gözlə baxır. Ona görə göz yaşi da lazimdir, gülüş .

   - Azərbaycanda hansı təbəqə daha gülərüz təsiri bağışlayır - yaşlı, orta, ya körpə nəsil?

   - Əsasən dünyanı qavrayan insanlarda yumor hissi güclü olur. Dünyanı qavramayan insanlar nəinki gülüşün, heç ağlamağın da olduğunu bilmirlər. O elə robot kimi gedir, gəlir, gəlir, gedir.

   - Bugünkü dünya dərəcədə qavranılandı?

   - Özün kamilsənsə, dünyanı da kamil qavrayacaqsan. Kamil deyilsənsə, dünyanı necə qavramaq olar?

   - Kamildirmi Azərbaycan əhli?

   - Mənə belə gəlir ki, azərbaycanlilar kamil olmalidir. kamil olmasa da, gedib zəng edib kamili tapmalidir.

   - Kütləvi etirazlar baş verən ərəb ölkələrindəki camaatı güldürmək üçün etmək lazımdır?

   - Vallah mən orada tamaşa oynamamışam. Ona görə deyə bilmərəm. Amma ora qastrol olsa, qayıdandan sonra onlar haqqında öz fikrimi deyərəm.

   - Belə bir qastrol səfəri ola bilər?

   - Bu sırf inzibatçıların işi olduğu üçün dəqiq bir söz deyə bilmərəm. Əvvəllər qastrollar tez-tez olardı. Düzdür, ərəb ölkələrinə yox, başqa yerlərə. İndi bəlkə elə oralara da olacaq. Allah eləsin.

   - Son vaxtlar daha çox ərəb ölkələrindən bura nələrinsə transfer olacağından danışırlar. Bu inandırıcıdır, ya gülüncdür?

   - Vallah deyim. Mənim belə çox dərin məsələlərə dərindən baxmaq fikrim yoxdur.

   - Onda biz Sizə dərindən gülmək güldürmək arzulayıram.

   - Mən hər bir azərbaycanlının üzündə təbəssüm arzulayıram. Qoy gülsün, amma qəşş eləməsin. Unutmasın ki, böyük sənətkarımız Əliağa Ağayev qəşş eləyəndə, rəhmətə gedib.

 

 

   Ekspress.- 2011.- 2-4 aprel.- S. 19.