"Mən Depardyeyə inanmıram..."

 

  Şahin Sinaria (Əliyev) 1965-ci ildə Laçın rayonunda anadan olub. Bakıda Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini, sonra isə Tiflis Kino Akademiyasını bitirib. 1995-ci ildən Fransada yaşayan Şahin bəyin fransız dilində bir neçə kitabı dərc olunub. Əsərləri bir çox teatrlarda səhnələşdirilib.

   - 1990-cı ildə Sankt-Peterburqa "Lenfilm"də işləməyə getdim. Orada bir film çəkdim: amma nümayişinə icazə verilmədi, qadağa qoyuldu. Daha sonra Fransaya dəvət aldım. 1995-ci ildə Fransaya köçdüm, indi orada yaşayıb çalışıram. Fransada mən əsasən nəsr sahəsində çalışıram: tərcümələr edir, romanlar, pyeslər yazıram. İndiyədək Fransada 2 kitabım dərc olunub, 10-dək əsərim eksperimental teatrlarda səhnəyə qoyulub. 2005-ci ildə pyeslərimə görə Avropa ssenari müsabiqəsində qalib odum. Azərbaycan yazıçılarından Elçin Əfəndiyevin, Cəlil Məmmədquluzadənin, Ramiz Rövşənin, Rəşad Məcidin kitablarını tərcümə etmişəm. Fransada Ayaz Salayevin, Bəxtiyar Xanızadənin, Mehriban Zəkinin gecələrini təşkil etmişəm. Qısası, Fransada Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun, ədəbiyyatının təbliği missiyasını öz üzərimə götürmüşəm. Özüm aktyor kimi oynamasam da, öz əsərlərimi bir çox teatrda səhnələşdirmişəm.

   - Konkret olaraq Fransada hansı teatrlarla işləyirsiniz?

   - Parisdə "Teatr Düqar", "Teatral" kimi bir çox eksperimental teatrlarla çalışıram. Çox vaxt özləri mənə sifariş edirlər. Əsərlərimi ya özüm səhnələşdirirəm, ya da başqasına verirəm.

   - Bakıya qayıdanda teatr və kino ilə bağlı hansı dəyişikliklərlə rastlaşdınız?

   - Akademik Milli Dram Teatrının əsaslı təmir edilməsinə çox şad oldum. Mən Bakıya hər dəfə az müddətə gəlirəm, həmin müddəti də dostlarımla və qohumlarımla keçirməyə sərf edirəm. Bu dəfə gələndə də başım dost-aşnaya qarışdı. Ona görə də hər hansı mənfi və ya müsbət dəyişikliklər barədə danışa bilmərəm.

   - Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov tamaşaların keyfiyyətini qaldırmaq üçün xarici rejissorlarla əməkdaşlıq ediləcəyini deyib. Bundan başqa, xaricdə rejissor kimi fəaliyyət göstərən soydaşlarımızla da əlaqələr qurulur. Sizə belə bir təklif olunubmu?

   - Bilirsiniz ki, Azərbaycan teatrının inkişaf proqramı təsdiq olunub. Bu proqramda teatr və kinoda prodüserlərə geniş səlahiyyətlər verilir. Mən özüm həm də kinorejissoram. Fransa tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə ssenari təqdim edəcəyəm. Teatra gəldikdə isə, mənə dostlarım məsləhət bildilər ki, "Azdrama"da tamaşa hazırlayım. Amma mənə teatrın rəhbərliyi dedi ki, artıq bu ilin planı dolub, əlavə imkanları yoxdur. Eybi yox, gələn il də bəxtimizi bir daha sınayarıq. Mən eşitdiyimə görə, İsrafil İsrafilov xarici rejissorların dalınca gah İtaliyaya, gah da Rusiyaya gedir. Mənə hər hansı təklifin olunmaması özümə də qəribə gəldi...

   - Bəs nə yaxşı, Azərbaycana gəlib burada film çəkmək istəmirsiniz? Hər halda uzun illərdir Avropada yaşayıb çalışırsınız, orada yaşayan insanların zövqünü bilirsiniz.

   - 2005-ci ildə Avropa Ssenaristlər Fondunun elan etdiyi müsabiqədə qalib seçilən ssenarini Bakıda Mədəniyyət və Turizm Nazirliyinə təklif etdim ki, film çəkilsin. Təəssüf ki, ssenarini burada qəbul etmədilər. İndi xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" əsəri əsasında ssenari işləmişəm, onu təqdim etmək fikrim var.

   - Fransa Avropada ən iri kino sənayesinə malik ölkədir. Neçə illərdir, siz də bu sənayenin içərisindəsiniz. Sizcə, biz kinomuzu necə inkişaf etdirə bilərik?

   - Əvvəla, pul məsələsini həll etmək lazımdır. Fransada ildə 200-dək film çəkilir. Bunlardan 150-si uğurlu alınmasa da, heç olmasa, 40-50-si yüksək keyfiyyətdə alınır. Bu rəqəm böyük şeydir. Azərbaycanda il ərzində bütün filmlərə ayrılan büdcə vəsaitinə Fransada uzağı bir ortabab film çəkmək olar. Digər tərəfdən, Fransada, ümumiyyətlə, Avropada ifrat dərəcə azadlıq var. Orada elə şeylər var ki, Bakıda qadağandır. Fransada deyilmir ki, bunu etmək olmaz. Bir də, Azərbaycanda yalnız bura aid olan ssenarilər çəkilir. 2005-ci ildə mənim ssenarimə görə dedilər ki, burada Azərbaycan barədə lazımi qədər məlumat azdır. Orada elə şey yoxdur, istəyirsən Fransanı söy, pislə, sənə heç kim qadağa qoya bilməz. Yəni, mentalitet məsələləri də var...

   - Fransa ermənilərin ən çox yaşadığı ölkədir. Azərbaycanlılar üçün orada yaşayıb işləmək problemi yoxdur ki?

   - Doğrudur, erməni soyqırımı ilə bağlı qətnaməni Fransa parlamenti qəbul etdi. Amma bir şeyi vurğulamaq istəyirəm ki, o ərəfədə adlı-sanlı fransızlar bunun əleyhinə çıxdılar. Azərbaycanda hamı elə bilir ki, fransızlar erməniləri sevirlər, onlarla mehribandırlar. Xeyr, belə deyil. Fransada rəsmi olaraq 300 min erməni yaşayır. Özü də bunların böyük əksəriyyəti ötən əsrin əvvəllərində Fransaya köçən ermənilərin törəmələridir. Amma azərbaycanlılar çox azdırlar. Çünki azərbaycanlıların Fransaya emmiqrasiyası ötən əsrin 90-ci illərindən sonra başlayıb. Yadıma gəlir ki, 1995-ci ildə mən Fransaya gedəndə 1 nəfər azərbaycanlını güclə tapdım. Tələbələri çıxsaq, sözünü deməyi bacaran, yüksək intellektə malik 10-15 adam var orada. Ona görə də Fransada diasporamızı qura bilməmişik. Bu o demək deyil ki, sayımız azdır deyə, fransızlar bizi tanımırlar. Xeyr, Fransada Azərbaycan barədə kifayət qədər insanların məlumatı var. Fransadakı səfirliyimizin dəstəyi ilə milli günlərimizi yüksək səviyyədə qeyd edirik. Azərbaycanı tanıtmaq üçün tez-tez ədəbi gecələr təşkil edib, tanınmış fransızları ora dəvət edirik. Mən əminliklə deyə bilərəm ki, Fansada insanların Xocalı soyqırımı barədə malumatı var. Amma bu həqiqətdir ki, 300-400 min insanın qarşısında 15-20 adamın nəsə etməsi çox çətindir. Yadıma gəlir, prezident Sarkozi özü dedi ki, Qarabağ Azərbaycanındır, Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır. Bu sözdən sonra ermənilər Fransada, İrəvanda təşvişə düşdülər. Baxmayaraq ki, Sarkozi türkləri sevmir, amma erməniləri də, məncə, elə də çox xoşlamır. Bir də, bir şeyi yaddan çıxarmayın ki, kimin rəhbərlik etməsindən asılı olmayaraq Fransanın özünün milli maraqlarına söykənən siyasəti var. Əslində, bu gün Fransada ərəblərə qarşı münasibət birmənalı deyil. Çünki son 20 ildə Fransaya inteqrasiya edən ərəblər orada vəziyyəti tez-tez qarışdırırlar, İslam dininin qaydaları ilə yaşayırlar. Qısası, onlar Fransanın bəlasıdırlar. Başa düşmək istəmirlər ki, Fransa yaşamaq üçün ən yaxşı yerdir. Çünki bayaq dediyim kimi, orada həddindən artıq demokratiya var. Hərdən fransız dostlarıma zarafatla deyirəm ki, əgər mən prezident olsaydım, buradakı demokratiyanı qaldırardım...

   - Görünür, antidemokratik düşüncə bizim genimizdə var?

   - Doğru buyurdunuz, yəqin ki, belədir (gülür). Mənə elə gəlir ki, Fransada demokratiyanın diktaturası hökm sürür. Bilmirəm belə termin var, ya yox, Fransanın bugünkü cəmiyyəti mənim düşüncəmə görə belə vəziyyətdədir. Fransada "Kuklalar" proqramı var, orada prezident haqqında elə şeylər danışırlar ki, şəxsən mən ona baxanda, inciyirəm ki, hər halda dövlət başçısı barədə belə şeylər demək olmaz, eyibdir.

   - Azərbaycana qayıtmaq istərdinizmi?

   - Sözün düzü, mən qayıdıb daha burada yaşaya bilmərəm...

   - Belə çıxır ki, ifrat demokratiya vətən sevgisindən yüksəkdə durur?

   - Belə baxanda, Azərbaycan Qafqazın ən inkişaf etmiş demokratik ölkəsidir. Sadəcə olaraq, mən artıq Fransaya adaptasiya olmuşam, yenidən buranın şəraitinə uyğunlaşmaq mənə çətin olar. Mən artıq fransız dilində düşünüb, o dildə də yazıram.

   - Nədənsə, istedadlı insanlar xaricə işləməyə gedəndən sonra heç qayıtmırlar. Sizcə, bu, nəylə bağlıdır?

   - Bilirsinizmi, əsl sənət adamı, yaradıcı insan çox həssas olduğu üçün azadlıq arzusunda olur. Onun azadlığına hər hansı formada təzyiq olursa, dözə bilmir.

   - Bir müddət əvvəl məşhur fraysız oru Jerar Depardye Bakıda oldu. Söz verdi ki, Azərbaycan kino sənayesinin inkişafı üçün əlindən gələni əsirgəməyəcək. Onunla tanışlığınız varmı, necə bilirsiniz, ona inanmaq olarmı?

   - Bakıdan qayıdandan sonra mənim onunla görüşüm oldu. Onda Depardye dedi ki, Azərbaycandan tələbələr aparacaq, onlarla qısametrajlı filmlər çəkəcək. Bilirsinizmi, sözün düzü, mən ona inanmıram. Əvvəla, yəqin ki, onun ermənipərəst biri olduğunu siz də bilirsiniz. Bundan başqa, o, xeyirxah insan deyil. Ona görə də inanmıram ki, Azərbaycan kinosunun inkişafı üçün havayı iş görsün. Fikrimcə, olsa-olsa, bir gənci Fransaya aparıb ona dərs verə bilər, vəssalam. Depardye bu gün kinodan çox bizneslə məşğuldur. Onun bu gün iri şərabçılıq, restoran və neft biznesi var. O, kino ilə hobbi kimi məşğul olur.

   - Azərbaycanda bu gün mühafizəkarlıq nisbətən güclüdür. Bəzən müasir düşüncəli gənclər təzyiqlərlə üzləşirlər. Siz Fransaya gedib sıfırdan başlamış biri kimi, nə məsələhət edərdiniz ki, onlar da hər hansı inkişaf etmiş ölkəyə gedib orada müəyyən nəticələr əldə edə bilsinlər?

   - Azərbaycan xalqının istedadlı gəncləri kifayət qədərdir. İstər musiqidə, istər kinoda, istərsə də teatr sahəsində kifayət qədər dünya miqyasında nəticələr əldə edənlər var. Xaricə getmək istəyənlər gedəcəkləri ölkənin dilini və oradakı insanların psixologiyasını yaxşı öyrənsinlər. Bunların öhdəsindən gələnlər, istedadları varsa, nəticə əldə edəcəklər. Buna əmin olsunlar. Götürək Fransanı, burada fransız dilində yaxşı danışmasanız, heç harda sizə yer yoxdur. Fransada o biri inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə yaşamaq çətindir. Çünki fransızlar alman, ingilis, italyan və digər avropa xalqları ilə müqayisədə çox həssasdırlar. Üzdə hiss etdirməsələr də, daxildə hər insanı asanlıqla qəbul etmirlər.

 

 

   İLTİFAT

 

   Ekspress.- 2011.- 2-4 aprel.- S.12.