Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

 

Dünya üçün tolerantlıq örnəyi

 

Aprelin 7-də Bakının "Gülüstan" sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. AzərTAc xəbər verir ki, prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva forumun rəsmi açılış mərasimində iştirak ediblər.

"Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək" devizi altında keçirilən üçgünlük foruma 20 dövlətin mədəniyyət nazirləri, bir neçə ölkənin nazir müavinləri, aparıcı beynəlxalq təşkilatlar, o cümlədən İSESKO-nun baş direktoru, YUNESKO-nun baş direktoru müavini, Avropa Şurası Parlament Assambleyasının sədri, bir sıra dünya şəhərlərinin merləri, görkəmli mədəniyyət xadimləri, alimlər və mütəxəssislər də daxil olmaqla 500 nəfərə yaxın nüfuzlu nümayəndə qatılıb.

Açılış mərasimində çıxış edən prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan mədəni müxtəlifliyin zəruriliyi haqqında müzakirələrin getdiyi indiki dövrdə dünyaya özünün milli və dini tolerantlıq təcrübəsini təklif edir": İndi mədəni müxtəliflik, çox mədəniyyətlilik məsələləri geniş müzakirə olunur. Və əgər bu gün kimsə çox mədəniyyətliliyə qarşı çıxırsa, bu halda soruşmaq lazımdır ki, o, bunun əvəzində nə təklif edir? Özünü təcrid etmənimi?".

Dövlət başçısı qeyd edib ki, indiki Forumun Bakıda keçirilməsi təsadüfi deyil, bunun tarixi-mədəni kökləri var-Azərbaycan qədim dini və milli tolerantlıq ənənələrinə malikdir": Müxtəlif millətlərin və dinlərin nümayəndələri həmişə burada bir ailə kimi yaşayıb və dövlətin bərabər müdafiəsindən istifadə ediblər. Burada milli və dini zəmində nəinki qarşıdurma, hətta anlaşılmazlıq belə olmayıb. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyinin təmin olunması ilə bağlıdır. Biz Azərbaycan dövləti olaraq, buna üstünlük veririk ki, Azərbaycanda milli və dini dözümlülük təmin olunsun. Azərbaycan bu formatda dünyaya örnək ola biləcək ölkələrdən biridir. Burada istənilən dinin nümayəndələri, milli müxtəlifliyə məxsus insanlar bərabər şəkildə yaşayırlar. Onların dini ibadətləri üçün hər cür şərait yaradılır. Bunu zaman-zaman Azərbaycana səfər edən şəxslər də təsdiqləyirlər. Biz istəyirik ki, bizim təcrübəmiz öyrənilsin və başqa ölkələrdə maraq doğursun, çünki bu, nadir təcrübədir. Biz istəyirik ki, bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri sıx qarşılıqlı əlaqə qursunlar, müxtəlif məsələləri açıq müzakirə edə bilsinlər".

Dünyaya Azərbaycanın təcrübəsini təklif edən dövlət başçısı hesab edir ki, dünyada dözümlülük artırılmalıdır: "Diskussiyalar bu istiqamətdə getməlidir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, xalqların bir-biri ilə bir yerdə, sakit, müharibəsiz yaşaya bilməsi üçün hansı işləri görək?"

Prezident İ.Əliyev əmin olduğunu vurğulayıb ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar normal cəmiyyət qura bilərlər. Onun sözlərinə görə, Bakı bu kimi görüşlərin təşkili üçün münasib yerdir":Mən ümid edirəm ki, mədəniyyətlərarası dialoq forumu ənənəvi xarakter daşıyacaq. Azərbaycanda gələcəkdə də hər biri xüsusi mənaya malik olan bu kimi tədbirlər keçiriləcək".

Bununla yanaşı, prezident xatırladıb ki, Azərbaycanda belə bir tədbirin keçirilməsi ilk dəfə deyil: "2008-ci ildən başlayaraq Azərbaycanda mədəniyyətlərarası dialoqla bağlı bir neçə belə tədbir keçirilib. Belə tədbirlərdən biri də ötən il dini konfessiyalarla bağlı olub. Bu tədbirlərin davamı gözlənilir. Bu ilin payızında Bakıda I Humanitar Forum keçiriləcək". Bundan başqa, 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan edilib.

İ.Əliyev Azərbaycanın İslam dünyasının tərkib hissəsi olduğunu deyib: "Biz müsəlmanıq, Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi ölkədir. Biz milli-mənəvi dəyərlərimizə çox bağlıyıq, buna çox önəm veririk. Hətta müstəqillik dönəmindən əvvəlki dövrdə belə Azərbaycan dini və milli dəyərlərini qoruyub saxlayıb".

Azərbaycan prezidenti 2018-ci ildə Azərbaycanın qədim şəhəri olan Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsinin gözlənildiyini söyləyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin mədəni şəkildə bir yerdə yaşamasının təmin olunması istiqamətində nadir təcrübəyə malikdir: Müsəlman ölkələri arasında Azərbaycan bir çox uğurlara imza atıb. Məhz Azərbaycan vaxtilə Şərqdə birinci demokratik respublika olub və məhz burada ilk teatr yaranıb, ilk opera yazılıb, qadınlar isə seçki hüququ əldə edib. "Bizim gücümüz milli və dini müxtəliflikdədir", - deyən İ.Əliyev vurğulayıb ki, Azərbaycan həmçinin müəyyən mədəni və siyasi ilklərə imza atmış ölkədir": Azərbaycan həm də Avropa Şurasının üzvüdür. Bu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqların keçirilməsi ilə Qərblə Şərqi, iki sivilizasiyanı birləşdirə biləcək ölkələrdən biridir. O cəhətdən bizim bu tipli tədbirləri keçirməyimiz təbii qarşılanmalıdır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın da müəyyən problemləri var: "Azərbaycan yeni müstəqillik qazanmış ölkədir. Bizim Dağlıq Qarabağ problemimiz var, biz etnik təmizləmədən əziyyət çəkmiş bir ölkəyik. Azərbaycanın 1 milyona qədər qaçqın və məcburi köçkünü var, beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin bir hissəsi hələ də işğal altındadır".

İşğal altında olan ərazilərlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının, İslam Konfransı Təşkilatının qərarları olsa da, Ermənistan bütün bunlara məhəl qoymur. "Bütün bunlara baxmayaraq, biz münaqişənin sülh yolu ilə, beynəlxalq təşkilatların vasitəçiliyi ilə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapacağına ümid edirik. Buna görə danışıqları davam etdiririk",-İ.Əliyev deyib.

Dövlət başçısı müstəqilliyin ilk illərində Azərbaycanın ərazi problemi, Qarabağ münaqişəsi ilə üz-üzə qaldığını, ölkədə vətəndaş qarşıdurmasının baş verdiyini deyib: "Azərbaycanın müstəqilliyinin ilk illərində müəyyən parçalanma cəhdləri baş verib, müstəqilliyə qarşı çıxan insanlar, silahlı qruplaşmalar olub, Azərbaycan iqtisadi tənəzzül görüb. Azərbaycanda həmin illərdə çox ciddi iqtisadi problemlər var idi. Amma biz bütün bu problemləri həll edə bilmişik. Azərbaycan indi iqtisadi baxımdan inkişaf etmiş bir ölkədir. Bizim siyasi müstəqilliyimiz də var. Azərbaycan yaxşı bir modeldir. Azərbaycanda sabitlik var, ölkə sürətlə inkişaf edir".

Yeri gəlmişkən, prezidenti İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşüb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da iştirak etdiyi görüşdə Forumunun əhəmiyyəti qeyd olunub, Azərbaycanın bu prosesdə fəal iştirakının məmnunluq doğurduğu bildirilib.

Xatırladaq ki, "Euronews" telekanalının rəsmi informasiya dəstəyi verdiyi Ümumdünya Forumu prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilir. 2010-cu il sentyabrın 23-də prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyasında 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan etmişdi. Forum üç gün ərzində sessiyalar, beynəlxalq konfrans, seminarlar və mədəni tədbirlərlə öz işini davam etdirəcək.

YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ-ın Şimal-Cənub Mərkəzi, İSESKO kimi mötəbər beynəlxalq qurumların dəstəklədiyi və dünyada ilk dəfə bu formatda keçirilən Forumun əsas məqsədi mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın reallaşdırdığı təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq, ölkəmizdə daimi əsasda fəaliyyət göstərən Beynəlxalq Forum yaratmaqdır.

Müzakirəyə çıxarılan məsələlərin genişliyi ilə diqqəti çəkən Forumda "5 A-Mədəniyyətlərarası Əməkdaşlıq Platforması"nın əsasının qoyulması nəzərdə tutulur. Tədbirdə geniş tərkibdə nümayəndələrlə təmsil olunan Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində "A" hərfi ilə başlandığı nəzərə alınaraq, rəmzi olaraq yeni platformanın adı "5 A" kimi təklif edilib.

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, YUNESCO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D""Orvil, BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mark Şuer, Krans Montana Forumunun prezidenti Can Pol Kertero tədbirdə çıxış ediblər.

Mövlud Çavuşoğlu Bakı forumunu Avropa Şurasının ən çox müzakirə etdiyi dini ayrı-seçkiliyin, islamofobiyanın qarşısının alınması baxımından "çox önəmli" adlandırıb.

Əbdüləziz bin Otman əl-Tüveycri isə vurğulayıb ki, forum "dünyada mədəniyyətlərarası dialoq üçün yeni başlanğıc ola bilər".

Hans D”Orvil diqqəti buna cəlb edib ki, Azərbaycan Şərqlə Qərbin ortasında yerləşir, sivilizasiyaların qovuşduğu bir yerdir": Ümumi mənzərə imkan verir ki, bu ölkə müxtəlifliyin təmin olunması, mədəniyyətlərarası dialoqun davam etdirildiyi bir məkan kimi götürülsün. Azərbaycanda başlayan bu dialoqu gələcəkdə müxtəlif forumlar səviyyəsində başqa yerlərdə də davam etdirmək olar. Müxtəlifliyin təmin olunması üçün ilk mənbə ailədir. Proses ailədən və təhsildən başlayır" (APA).

Mark Şuer çıxışında deyib ki, başçılıq etdiyi BMT-nin Sivilizasiyalar Alyansının əsas devizi "Divarları uçurtmaq, körpüləri qurmaqdır". O, həmçinin vurğulayıb ki, artıq qloballaşan dünyada müxtəliflik insanların həyat tərzidir: "Gənclər müxtəliflikdən qorxmurlar. Bunu daha da artırmaq lazımdır. Xüsusilə insan hüquqları ilə bağlı məsələlərə diqqət yetirməliyik. Bununla tək dövlətlər məşğul olmamalı, hər bir fərd buna çalışmalıdır. Həmçinin vətəndaş cəmiyyətləri arasında anlaşmaları təmin etməliyik".

Şuerin fikrincə, medianın verdiyi imkanlar müxtəlifliyin təmin olunmasında, milli dözümlülüyün artırılması yönündə çox yaxşı fürsətdir. İncəsənəti də yaxşı fürsət adlandıran BMT rəsmisi bu məsələnin təhsil sistemində də əksini tapmasını vacib sayıb.

Çıxışlardan sonra BMT baş katibinin Portuqaliyadan olan sabiq xüsusi nümayəndəsi Viktor Ancelo forumda məruzə edib.

Günün ikinci yarısında Forum çərçivəsində "Sülh və inkişafa nail olmaq məqsədi ilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik" mövzusunda I sessiya keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sessiyanın proqramını açıqlayıb. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Ba həmsədrlik edib.

"Ümid edirəm ki, bu tədbir çərçivəsində ya yeni əməkdaşlıq formaları yaranacaq, ya da mövcud əməkdaşlıq formaları daha da gücləndiriləcək. Mən sizlərdən mədəniyyətlərarası dialoqu artırmaq üçün təkliflər gözləyirəm",-deyə Məmmədyarov bildirib.

Tədbirdə həmçinin Şanxay Beynəlxalq Əlaqələr Mərkəzinin sədr müavini Pan Guanq, UNESCO-nun mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq sektorunun müdiri Katerina Stenou, AŞ Şimal-Cənub Mərkəzinin sədr müavini Eberard Koelş, "Kaunterpoint Britaniya Şurası" təşkilatında Katrin Fieski, ABŞ-ın Duk Universitetinin professoru Darla Dierdorf çıxış ediblər.

  

 

A.Xəlil

 

Ekspress.- 2011.-8 aprel.- S.3;9.