Yaponiyalı musiqiçi ilə görüş
Bakıda keçirilən Qara
Qarayev IV Beynəlxalq müasir musiqi festivalı bir sıra
ölkələrdən gəlmiş maraqlı, istedadlı
iştirakçıları ilə diqqəti cəlb edir. Festivalda
Avstriyada yaşayan yaponiyalı vokalçı xanım Kaoko
Amano da iştirak edir. O, 2006-cı ildə Avstriyanın
paytaxtı Vyanadakı «Kameropera» teatrının səhnəsində
tamaşaya qoyulan «Arşın mal alan» musiqili komediyasında
Telli rolunda çıxış edib.
Dahi Üzeyir bəyin bu ölməz
əsərini Avstriya tamaşaçıları böyük rəğbətlə
qarşılamışdılar. Bu layihə Azərbaycanın
Mədəniyyət və Turizm, Gənclər və İdman
nazirliklərinin böyük köməkliyi və «AtaHolding»in
maddi dəstəyi nəticəsində həyata keçib. Layihənin
rəhbəri Bakı Musiqi Akademiyasının rektoru, professor
Fərhad Bədəlbəyli, quruluşçu rejissor və
dirijoru Maykl Şnak, ikinci dirijor isə Şövkət Məmmədova
adına Opera Studiyasının bədii rəhbəri və
direktoru, professor Azad Əliyev olub. Tamaşada rolları Amerika,
Avstriya, Almaniya, İran və s. ölkələrdən aktyor
və aktrisalar ifa ediblər.
Beynəlxalq Festivalda iştirak etmək
məqsədi ilə şəhərimizə gələn Kaoko
Amano fürsətdən istifadə edib Üzeyir Hacıbəylinin
ev-muzeyinin qonağı oldu. Yaponiyalı sənətçi ilə
bərabər festivalın digər
iştirakçılarından ukraynalı dirijor Vladimir
Runçak, bəstəkar Viktor Yekimovski, alman
musiqişünası və jurnalisti Kristen Folen, həmçinin
professorlar Fərhad Bədəlbəyli, Azad Əliyev, Musiqili
Komediya və Opera və Balet teatrının solistləri,
«Arşın mal alan» operettasında Gülçöhrə
rolunun ifaçısı İnarə Babayeva, Əsgər və
Vəli rollarının ifaçıları Fərid Əliyev
və Ələkbər Əliyev də muzeyin qonaqları idilər.
Muzeyin direktoru, bəstəkar, Əməkdar
incəsənət xadimi Sərdar Fərəcov qonaqları
salamlayaraq, onları Üzeyir bəy ocağında, millətindən
asılı olmayaraq bütün musiqiçilərin qeyri-adi
doğmalıqla yanaşdığı bu evdə görməyinə
çox şad olduğunu söylədi. Professor F.Bədəlbəyli
2006-cı ildə Avstriyada tamaşaya qoyulan «Arşın mal
alan»dan, Üzeyir bəy musiqisinin gözəlliyindən
söhbət açdı. Daha sonra qonaqlar professor Azad Əliyevin
pianoda müşayiəti ilə İnarə Babayeva və Fərid
Əliyevin ifasında Gülçöhrə və Əsgərin
ariyalarını dinlədilər. Ən maraqlısı məqam
isə Musiqili Komediya teatrının aktyoru Ələkbər Əliyevin
Kaoko Amano ilə birlikdə Vəli və Tellinin duetini ifa etmələri
oldu.
Muzeylə tanışlıq xarici
qonaqlarda xoş təəssürat yaratdı.
Aytən
Heydərova,
Üzeyir Hacıbəylinin ev-muzeyinin
baş
mühafizi
Mədəniyyət.-
2011.-8 aprel.- S. 11.