Ağa Əli İbrahimovun fərdi yaradıcılıq sərgisi

 

     “Siz bu sərgidə mənim qəlbimdəkiləri görəcəksiniz”

  

   Aprelin 6-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağa Əli İbrahimovun fərdi yaradıcılıq sərgisi açıldı. Rəssamın 65 illik yubileyi münasibətilə keçirilən sərgidə sənətkarın 40-dək rəngkarlıq əsəri nümayiş etdirilir.

 

   Sərginin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, tanınmış mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, sənətsevərlər iştirak edirdilər.

   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın həyat və yaradıcılığından danışdı. O, rəssamın uzun illər yaratdığı incəsənət nümunələrini yüksək qiymətləndirdiyini söylədi: “Ağa Əli İbrahimov Azərbaycan rəssamlıq dünyasında özünəməxsus həyat yolu keçən, əsərləri ilə insan zövqünü oxşayan nadir sənətkarlardandır”.

   Qeyd olundu ki, rəssam 1966-cı ildən respublikada və dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstanda nümayiş olunub. Uzun illər rəngkarlıq sahəsində yorulmadan çalışan fırça ustasının yaratdığı əsərlər indiyədək ölkəmizdə geniş tamaşaçı auditoriyasına təqdim edilməmişdi. Uzun yaradıcılıq fəaliyyəti ərzində ilk dəfədir ki, rəssamın fərdi sərgisi keçirilir.

   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, bəstəkar, Xalq artisti Arif Məlikov, sənətşünas Ziyadxan Əliyev rəssamın yaradıcılığından danışaraq sərgini əsl sənət hadisəsi adlandırdılar.

   Tədbirdə çıxış edən Xalq rəssamı Ağa Əli İbrahimov sərginin təşkilinə görə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi: “Burada indiyədək yaratdığım əsərlərin bir hissəsi nümayiş olunur. Bütün əsərlərimdə səmimi olmağa çalışmışam. Siz bu sərgidə mənim qəlbimdəkiləri görəcəksiniz ”.

   Qeyd edək ki, sərgi aprelin 12-dək davam edəcək.

  

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.- 8 aprel.- S. 8.