“Üç
qoşma, iki hava bilməklə meydana çıxmaq olmaz”
Zəlimxan
Yaqub: “Bu sənəti seçən insan yüksək səhnə,
ifaçılıq, söz və yaddaş mədəniyyətinə
malik olmalıdır”
Aprelin 6-da Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin
iclası oldu. Tədbirdə idarə heyətinin
üzvləri ilə yanaşı, folklorşünas alimlər,
ustad aşıqlar və gənclər müasir aşıq sənəti
mövzusu ətrafında öz fikir, irad və təkliflərini
bildirdilər.
Aşıqlar
Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub tədbiri
açaraq son illər ölkəmizdə aşıq sənətinə
diqqətin artığını müsbət hal kimi dəyərləndirdi,
görülən işlərdən və müasir
aşıq sənətində qarşıya çıxan
problemlərdən danışdı.
Aşıq sənətinin
qızıl dövrünü yaradan sənətkarlardan
danışan Xalq şairi “Bu gün biz nə etməliyik ki,
aşıq sənətinin keçmiş şöhrətini
yenidən özünə qaytaraq? Bunun üçün
ilk növbədə aşıq sənətinə
böyük həvəsi olan istedadlı gəncləri
aşkar edib üzə çıxarmalıyıq”, - dedi. Qeyd
olundu ki, beynəlxalq festivallara göndərmək
üçün gənc istedadlara böyük ehtiyac var: “Bu istedadları
üzə çıxarmaq üçün axtarışlar
aparırıq. Bütün rayonların mədəniyyət
şöbələrinin rəhbərləri ilə, eyni
zamanda, bu sahənin həvəskarları ilə əlaqə
saxlayırıq. Bu istedadları tapmaq
üçün xalq özü də bizə kömək etməlidir”.
Z.Yaqub son vaxtlar bölgələrdə yaşayan 15
istedadlı gəncin birliyə cəlb olunduğunu dedi. Tədbirdə
beş nəfər istedadlı gəncə
Azərbaycan Aşıqlar Birliyinin vəsiqəsi təqdim
olundu.
Aşıqlar Birliyinin sədri
ömrünü aşıq sənətinə bağlayan gənclərə
öz tövsiyələrini də bildirdi: “Bu sənəti
seçən insan yüksək səhnə mədəniyyətinə,
ifaçılıq mədəniyyətinə, söz mədəniyyətinə
və yaddaş mədəniyyətinə malik
olmalıdır. Üç qoşma, iki hava bilməklə
meydana çıxmaq olmaz”.
Tədbirdə
çıxış edən filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Azərbaycanda
solo saz ifaçılığına daha çox meyl
olduğunu müsbət hal kimi dəyərləndirmədi:
“Aşıqlıq böyük bir elm, böyük bir
ümmandır. Burada müdriklik, aktyorluq,
şairlik, bəstəçilik var. Gənclərə
tövsiyəm budur ki, saz çalmaqla bərabər,
aşıqlığın digər komponentlərini də
öyrənsinlər”.
Tədbirdə
müasir aşıq sənətinin problemləri geniş
şəkildə müzakirə olundu.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 8 aprel.- S. 6.