«Azərbaycan bizim üçün çox
maraqlı ölkədir»
Yade Universitetinin beynəlxalq əlaqələr
şöbəsinin müdiri Andrea Men qəzetimizə
açıqlamasında həyata keçirilən layihənin
önəmi barədə danışdı: «Layihə çərçivəsində
Gədəbəy rayonunda geoinformasiya sistemlərini qurmaq niyyətindəyik.
Çünki Gədəbəy Azərbaycanın füsunkar
bölgələrindən biridir. Eyni zamanda, burada vaxtilə fəaliyyət
göstərmiş alman iş adamlarının - Siemenslərin
irsi var. Əgər ATİ ilə həyata keçirmək istədiyimiz
layihə reallaşarsa, Siemens irsi əsasında geoinformasiya
sistemlərini tətbiq etməklə, böyük bir turizm
kompleksi, turizm marşrutları və Siemens muzeyi yaranacaq. Bu isə
alman turistlərinin Azərbaycana axınına təkan verəcək.
Zəngin mədəniyyəti və gözəl təbiəti
olan bu ölkədə rəqəmsal xəritələrin tətbiqi
bizim üçün çox maraqlıdır. Bundan əlavə,
Azərbaycanla Almaniya universitetləri arasında əməkdaşlığı
gücləndirmək istəyirik. Mənim təmsil etdiyim
universitetin geodeziya şöbəsi var. Geodeziya ilə turizmi əlaqələndirib
Azərbaycanda tətbiq etmək, məncə, maraqlı nəticələr
verə bilər».
Andrea Men ölkəmizə
artıq üçüncü dəfə gəldiyini bildirdi:
«İlk səfərimdə Azərbaycanla bağlı geniş
bilgilərə malik olmadığımdan, elə yüksək
təəssürat gözləmirdim. Amma Bakını
gördüm və ilk baxışdan sevdim. Hər gəlişimdə
şəhərdəki dəyişikliyin fərqinə
varıram. Azərbaycanın təbiəti, turizm imkanları məni
valeh edir. Hesab edirəm ki, bu istiqamətdə görülən
işlər də qaneedicidir. Əgər regionlarda, xüsusilə
də milli parklarda turizm infrastrukturu düzgün qurularsa, Azərbaycan
dünya turizm bazarında çox yüksək yer tutar. Elə
bu səbəbdən də ölkənizdə bir neçə
istiqamətdə layihələr həyata keçiririk».
“ATİ
ilə əməkdaşlıqdan gözləntilərimiz
böyükdür»
Yade Universitetinin vitse-prezidenti Uve
Vaythöner isə ATİ ilə 2007-ci ildən əməkdaşlıq
etdiklərini dedi. Onun sözlərinə görə, bu
müddətdə bir çox layihələri birlikdə
reallaşdırıblar: «Avropa universitetindən baxanda Azərbaycanın
bu təhsil ocağı maraqlı görünür. Turizm sahəsi
üzrə kadr yetişdirmək məqsədilə
açılmış bir universitet fantastik layihələrə
müəlliflik edir. Bu layihələr Azərbaycanda turizmin
inkişafına böyük töhfələr verəcək.
Etiraf edirəm ki, ATİ ilə əməkdaşlıqdan
gözləntilərimiz böyükdür. Hələlik bir
semestr müddətində tələbə mübadiləsi həyata
keçiririk. Gələcəkdə bu əməkdaşlığı
daha da genişləndirib ikili diplom səviyyəsinə
qaldırmaq istəyirik. İnstitutda təhsilin keyfiyyəti
bizi qane edir. Çünki ATİ-nin standartı bizim
standartımız qədər yüksəkdir. Ona görə
də bu universitetin tələbələri bizdə semestri
uğurla başa çatdırırlar».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 8 aprel.- S. 9.