Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Azərbaycan Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər Arxivində digər bir
daşnak barəsindəki məlumatı oxuyanda və
M.C.Bağırovun dərkənarını gözlərimlə
görəndə "Azərbaycan tarixi"nin 6-cı cildində
təqdim edilən "kişi"yə baş əydim. Siyasi
fəaliyyəti illərində respublikanın təhlükəsizlik
və daxili işlər orqanlarında yuva salmış
daşnakları təcridlə kənarlaşdıran Mir Cəfər
1952-ci ildə keçmiş çekist Zaziyanın "qəzəbi"nə
gəlmişdir. O, təhlükəsizlik orqanlarından
uzaqlaşdırılmasını Azərbaycanda "milli
azlıqların sıxışdırılması" kimi
Moskvaya bəyan etmişdir. M.C.Bağırov 1952-ci il may
ayının 21-də Moskvadan göndərilmiş şikayət
məktubunun üzərində yazmışdı:
"T.Quliyev, V.Səmədov, T.Yaqubov
yoldaşlara
Bu gün Dövlət Təhlükəsizliyi
Nazirliyinin Azərbaycan Dəmir Yolu Mühafizə İdarəsinin
keçmiş əməkdaşı Zaziyadan növbəti
"raport" aldım. İşdən
uzaqlaşdırılması səbəblərini Zaziyanın
özü yaxşı bilir. Ancaq, görünür, onun həyasızlığı
o dərəcəyə çatmışdır ki, rəhbər
təşkilatları belə təhqir etməkdən çəkinmir.
Ona dəfələrlə izah edilmişdir ki, "milli
azlıq nümayəndəsi" kimi yox, təhlükəsizlik
orqanlarında işləməyə layiq olmadığı
üçün azad edilmişdir".
1952-ci il sentyabrın 12-13-də
keçirilmiş 29-cu Bakı Şəhər partiya
konransında, həmin il sentyabrın 18-də olmuş Bakı
Vilayət partiya konfransında, sentyabrın 22-də Azərbaycan
K(b)P MK Plenumunda da M.C.Bağırovun
çıxışında "milli azlıq" nümayəndələrinin
adları çəkilir. Arxivdə saxlanılan stenoqrafik
hesabatdan bir parçaya diqqətinizi cəlb edirəm:
"Stepanyan uzun müddət neft sənayesində rəhbər
vəzifələrdə çalışarkən
özünü ləyaqətsiz aparmış, sərxoşluğa
qurşanmışdır. Kəşfiyyat qazması trestinin
müdiri Safarov da öz şəxsi mənafeyini
güdmüşdür. Stepanyan və Safarovun antipartiya
davranışı dənizdə qazma işində işləyən
Ter-Avakova, Qaziyan, Malxazyan, Rozenbaum və digərlərinə də
sirayət etmişdir.
"Azərdənizneft"
birliyinin sabiq rəisi Əhəd Yaqubov yoldaş Malxazyan
familiyalı birisini dənizdə istismar qazması kontoruna
baş geoloq vəzifəsinə təyin etmişdi. Bu
qadının heç bir siyasi savadı yoxdu. Atası,
qardaşı və əri antisovet hərəkətlərə
yol vermişdilər. Malxazyanın özü isə 1942-ci ildə
faşist işğalında olan Kislovodsk şəhərində
ədəbsizlik etmişdir. Bakıda öz mənzilində
Stepanyan, Qaziyan, Ter-Avakov və digərlərinin
iştirakı ilə içki məclisləri
qurmuşdur".
Araşdırmalar göstərir
ki, M.C.Bağırovun 1952-ci ildə ifşa etdiyi erməni
kadrlar iki il sonra əvvəlki vəzifələrindən də
yüksək işə təmin olunmuş və onların bəziləri
M.C.Bağırovun məhkəməsinin hazırlanmasında
yalançı şahid kimi ifadə vermişlər.
1918-ci ildən 1953-cü ilədək
otuzbeşillik siyasi fəaliyyəti dövründə Mir Cəfər
Bağırov indiyədək üzə
çıxarılmamış arxiv sənədlərindən
daşnakların qənimi, müsavatçıların himayədarı
kimi boylanır.
2011-ci ilin oktyabrında 100
yaşı tamam olacaq "Müsavat" partiyasının
lideri Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə
Türkiyədə nəşr olunmuş "Azərbaycan
Cümhuriyyəti" kitabında 1920-ci il Gəncə
qiyamından bəhs edərək yazırdı: "Gəncə
erməniləri qiyamiləri arxadan vurmağa başlayınca
şəhər süqut məcburiyyətində bulundu"
(Bax: M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. Bakı.
Elm nəşriyyatı, 1990. səh.70).
Unudulmaz jurnalist və tədqiqatçı
Xanlar Bayramov vaxtsız vəfatından azca əvvəl "Gəncə
üsyanı - 1920. Sənədlər və materiallar"
("Ləman Nəşriyat-Poliqrafiya" MMC. 2010)
kitabını oxuculara ərməğan etdi. Bu gün 300 səhifəlik
kitabı vərəqlədikcə bir daha bu qənaətə
gəlirsən ki, "qiyamiləri arxadan vurmağa başlayan
erməniləri" sonralar məhz Mir Cəfər
Bağırov cəzalandırmış,
müsavatçıları və onların ailə üzvlərini
isə qorumuşdur. Kitabın giriş hissəsində
tanınmış ictimai-siyasi xadim Tofiq Bağırovun
aşağıdakı sözləri elə bil Mir Cəfər
Bağırovun taleyi barədə deyilmişdir: "Tarixi
saxtalaşdırmaq olar. Lakin gec-tez öz sözünü
deyib ləkəsini təmizləyəcək".
Azərbaycanın 1917-1920-ci illər
dövrü Azərbaycan Sovet Ensiklopediyasında
başdan-ayağa saxtalaşdırılmışdır.
Məsələn, ASE-nin 1987-ci ildə
buraxılmış onuncu cildində (səh.49) oxuyuruq:
"Xankəndi - Stepanakert şəhərinin (Azərb. SSR)
keçmiş adı. 1918-20-ci illərdə Xankəndidə
Müsavat hərbi hissələri yerləşirdi".
Xanlar Bayramovun adı çəkilən
kitabında isə 1923-cü il avqustun 10-da Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsinin qərarı ilə adı Xankəndiyə
verilmiş daşnak haqqında deyilir: "1918-ci ilin
yanvarında Çaykənd, Ağcakənd ətrafında,
Şuşada, Xankəndidə, Xocalıda ermənilər
böyük faciələr törədərək yüzlərlə
müsəlman ailəsini qətlə yetirmişlər. Bu
hadisələrdən bir az sonra Stepan Şaumyan Gəncədə
olmuş və ermənlər yaşayan II hissədə Qurgen
Stepanyanın evində gecələmişdir. Həmin gecə
S.Şaumyan Gəncədəki Erməni Milli Komitəsinin
üzvləri qarşısında iki dəfə nitq söyləmiş,
erməniləri bolşeviklərlə birləşməyə,
yerli feodallara, mülkədarlara qarşı mübarizəyə
çağırmışdır. Ertəsi gün axşam kəndli
paltarı geymiş Şaumyan Gəncə ermənilərinin
müşayiətilə Zəylik, Bada, Çardaxlı kəndlərinə
gəlib daşnakları ölüm-dirim mübarizəsinə
çağırmışdır.
Bir sözlə, iki ay sonra
Bakıda və digər bölgələrimizdə törədəcəyi
qırğınlar üçün Gəncədə də
hazırlıq işləri aparmışdır. Bakdıa,
Şamaxıda, Qubada, Xaçmazda və digər bölgələrimizdə
erməni-rus birləşmələri asanlıqla 1918-ci ilin
martında qanlı qırğınlar törətsə də,
Gəncədə və ona yaxın ərazilərdə fitnə-fəsad
törədə bilmədilər. Ona görə ki, Gəncə
və ətrafı Milli Müsəlman Komitəsi tərəfindən
idarə olunurdu və onların tabeliyində silahlı
qüvvələr və xalqı müdafiə edə biləcək
könüllü birləşmələr vardı, Gəncədə
II hissədəki erməni Milli Komitəsinin tərəfdarlarından
başqa, bolşevikləri müdafiə edəcək
heç bir qüvvə yox idi.
Ermənilər Şaumyanı 1918-ci
ilin yanvarında Qarakilsəyə və nəhayət Tiflisədək
müşayiət etmişlər" (Adı çəkilən
kitab. səh.35).
Stepan Şaumyanın "yol xəritəsi"
1920-ci ilin aprelində Azərbaycanda daşnakları və ruspərəst
bolşevikləri hakimiyyət başına gətirsə də,
1920-ci il mayın 26-31-də Gəncədə 1990-cı il 20
yanvarının rəşadət dastanının ilk səhifələri
yazıldı, Cavad xanın ruhu şad oldu. Bu mütəşəkkil
xalq üsyanının təşkilatçıları və
istiqamətverici qüvvələri Azərbaycan Xalq
Cümhuriyyəti ordusunun zabitləri idi. Bakıda ermənilər
və ruspərəstlər işğalçı II Ordu əsgərlərini
təntənə ilə qarşılayanda, Gəncədə əyilməz
müsavatçılar mayın 28-də AXC-nin
ildönümünü qeyd etdilər. Millətimizin
düşmənlərinə qarşı
barışmazlığı Azərbaycan Xalq Cümhuriyyətinin
86-cı ildönümündə - 2004-cü ildə
soydaşımız Ramil Səfərov nümayiş etdirdi. Azərbaycan
Respublikasının dövlət bayrağını təhqir
etdiyinə görə erməni zabitini cəhənnəmə
vasil etdi, hazırda Macarıstanda ömürlük həbs cəzasını
çəkir. Beş ildir ki, onun Azərbaycana ekstradisiyası
müşkül məsələyə çevrilmişdir.
MÜƏLLİFİN XATİRƏ
DƏFTƏRİNDƏN. 1988-ci il fevralın 22-də Əsgəranda
ermənilər iki azərbaycanlını vəhşicəsinə
öldürdülər. Kimlərdi günahsız
soydaşlarımız? On altı yaşlı Bəxtiyar
Quliyev və otuz üç yaşlı Əli Hacıyev. Bütün
Ağdam camaatı qəzəblə coşdu. Cavanlar, yeniyetmələr
bir nəfər kimi "İntiqam!" deyə səfərbər
oldular. Onların ardınca bütün Qarabağ cəngavərləri,
qonşu rayonların əhalisi, Ermənistandan didərgin
düşmüş Azərbaycan türkləri
addımlayacaqdı. Məqam gəlmişdi. Əsgəranı,
Xankəndini, Şuşanı və digər qədim məskənlərimizi
ermənilərdən təmizləmək vaxtı idi. Əfsuslar
olsun ki, Qarabağın açarını Rusiyada axtaranlar məsxərə
qurdular. Kremlin tövsiyəsi ilə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin ideologiya katibi Həsən
Əziz oğlu Həsənov təlaş içərisində
Gorusa istiqamət götürən ermənilərin
harayına çatdı. MK katibi Qarabağın nüfuzlu
xanımı - Sosialist Əməyi Qəhrəmanı Xuraman
Abbasova ilə birlikdə Xankəndiyə gedən yolu kəsdi.
Katib diz çöküb yalvardı, Xuraman xanım isə
örpəyini başından çəkib dəliqanlıların
ayaqları altına sərdi: "Ananın baş
yaylığını tapdayıb kemək namus və qeyrətdən
deyil!"
Xatirimdədir, həmin vaxtlar
Xuraman Abbasovanın "faciənin qarşısını
almaq" davranışı Azərbaycan
qadınlarının qəhrəmanlıq rəmzi kimi qələmə
verilirdi. Mətbuat səhifələrində məqalələr,
şeirlər dərc olunurdu. Xuraman Abbasovanın hərəkəti
Moskvada da əks-səda doğurmuşdu. Məşhur şair
Yevgeni Yevtuşenkonun "Komsomolskaya pravda" qəzetinin
1988-ci il 1 aprel tarixli sayında "Yaylıq" adlı
şeiri dərc edilmişdi. Tanınmış rus şairi
Xuraman Abbasovanın baş örtüyünü
Sumqayıtın göz yaşlarından ağırlaşan mərmər
parçasına bənzədirdi. Əlbəttə,
"Komsomolskaya pravda" qəzetinin oxucuları bu şeirin təsiri
altına düşməyə bilməzdilər:
Platok nabryak slezami
Sumqaita
Stav Tyajeleye qornoqo qranita,
Nam şepçut
na armyanskom yazıke
Tvoi azerbaydjanskie sedinki.
Bu sətirləri oxuyanda məşhur
şairə acığım tutdu. Qəlbimi
çulğalayan hisslər şeirə çevrildi. Ancaq
"Yevtuşenkoya cavab" mətbuat üzü görmədi:
Əgər dillənsəydi dediyin
dildə
Xuraman xanımın bəyaz
saçları,
Ucala bilməzdi ulu bir eldə
Oğul sədaqəti, ana
vüqarı.
Yerevan qan deyib bağıran anda
Sumqayıt şipşirin yuxuda idi.
Göyçə mahalında,
bir də Qafanda
Analar, bacılar qorxuda idi.
Yerə salınanda binalar üstdən
Dövlət bayraqları Azərbaycanın,
Necə cilovlayıb hissini qəsdən,
Qanı coşmadaydı
min-min cavanın?
Əllər uzananda
Qarabağıma,
Niyə harayıma
hay vermədin sən?
İndi nankorların
ağlamağına
Qeyrət örpəyindən
ehsan verirsən.
Teyyub Qurban
Ekspress.-
2011.- 9-11 aprel.- S.15.