Azərbaycan və Litva musiqiçiləri

 

"Küləyin yuxusu" adlı musiqili tamaşa təqdim etdi

 

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Sarayında Azərbaycan və Litva musiqiçilərinin iştirakı ilə "Küləyin yuxusu" adlı musiqili tamaşanın premyerası keçirilib.

APA-nın verdiyi xəbərə görə, tamaşanı Forumda iştirak edən 400-dən artıq xarici qonaq Azərbaycan dövlət rəsmiləri seyr edib.

Tamaşanın rejissoru litvalı Edmuntas Bjeskas, xoreoqrafı Təranə Muradova, bəstəkarı Rəşad Həşimovdur.

"Küləyin yuxusu" musiqili tamaşasında Azərbaycandan Dövlət Rəqs Ansamblının rəqqasları, Dövlət Opera Balet Teatrın rəqs qrupu, Pantomim Teatrının aktyorları, Bakı Xoreoqrafiya Məktəbinin tələbələri "Rast" vokal-instrumental ansamblı iştirak edib. Litvadan isə musiqiçilər Veronika Tovilioniene və İlja Aksenov iştirak ediblər.

"Küləyin yuxusu"nda bir neçə ölkələrin mədəniyyət nümunələri rəqslər nümayiş olunub. Tamaşada kiçikyaşlı muğam ifaçısı Cəlal Əliyev "Vətənimdir" mahnısını ifa edib. Həmin muğam səslənən zaman Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılan abidələrin görüntüləri böyük ekranda nümayiş olunub.

Tədbir qonaqların ayaq-üstü alqışları ilə başa çatıb.

 

 

Ekspress.- 2011.- 9-11aprel.- S. 20.