Aytokya
Mircavad Mircavad haqqında
Məqalə
Azərbaycanın
görkəmli
rəssamı Mircavad Mircavadovun həyat
yoldaşı tərəfindən
lent yazısına
köçürülmüş
xatirələri
əsasında
hazırlanıb. Böyük rəssamın həyatı və
yaradıcılığı barədəki fikirləri ilk dəfə
mediada - "Ekspress"də çap olunur.
... Lida 1965-ci ilin dekabrında
öldü; Meyitin üzünü bəzəmişdilər,
dodaqları al-qırmızı, sifəti isə ağappaq
idi. Əcaib görünüşü vardı, mən onun
üz-gözündən ənlik-kirşanı sildim, əllərini
oxşadım və çıxıb getdim, o zaman heç
ağlıma gəlməzdi ki, cəmi bir aydan sonra yeganə məhəbbətimlə
rastlaşacağam...
Gündüz
saat 12-də yaşadığım
komanın yaxınlığında
balaca, incə qadın
ayaqlarının
izlərini görüb
təəccübləndim,
nədənsə
ayağımı qadın
ayağının
izi ilə yanaşı
qoyub baxdım, ağır
çəkmələrim
yerdə traktor kimi
iz buraxdı, acığım
tutdu, ayaq izini
sildim, amma hər
yerdə bu ayaq
izlərini görəndə
çaşdım...
Ertəsi gün dəniz sahilində gəzəndə,
uzaqdan paltosu əynindən sallanan bir qız gördüm,
qızdan bir az aralıda dostum Arif dənizə
baxırdı. Arif məni görcək yaxın gəldi, ləpədöyəndə
durmuş qız da cəld addımlarla bizə
yaxınlaşdı, qız mənə o qədər
yaxınlaşdı ki, üzümdə onun nəfəsini
duydum, sanki onun gözlərindəki sözləri oxudum, elə
bil qulaqlarım batdı, elə bil yuxudaydım, onları
komama dəvət elədim... Soyutma kartof bişirdim, birdən
yadıma düşdü ki, üzbəüzdə yaşayan
qonşu məni kababa çağırıb, onları
qonşuya göndərmək istədim, özüm getməyəcəkdim,
orda masanın üstündə nə desən olacaq, qonşu
pullu adamdı, hədiyyə mağazasının müdiriydi,
getsinlər qarınlarını doydursunlar, amma qız incidi:
"Onlar maraqsız adamlardı, özlərindən razı,
harınlar". Aha, əgər yalan danışmırsa, deyəsən
mənim damımdı, indi bəlkə də yalan
danışmağı öyrənirlər. Sonra
heyva ağacının altında qız öz şeirlərini
oxudu, sviterimi çıxardıb onun əyninə
keçirdim. Daha sonra qız ərz elədi
ki, bir neçə aydır məni axtarır, iki gündü
Buzovnadadır. "Saqqal" (Arif saqqal saxlayırdı)
onu aldadıb guya ki, mən şəhərdəyəm...
O mənimlə
qaldı. Guya elə-belə də olmalıymış, biz gecə
yarısına qədər söhbət edirdik, təzə
çaxır içirdik, qız deyir ki, mənim kaktusumun meyvəsini
yeyib, nar dadırdı, bir də nəsə başqa bir tam
vardı, çoxdan, lap çoxdan, üç min il əvvəl
başqa bir
planetin o biri tərəfində belə bir dad duyduğunu
xatırlayır.
Ola bilər - deyirəm - Burda
da keçi
olduğunu xatırlayırdı.
Mən ona Sezannın reproduksiyalarını göstərirdim,
"Madam Bovari", "Qoca və dəniz"
romanlarını yadımda qalan kimi nağıl edirdim,
Lorkanın şeirlərini oxuyurdum, o isə tez-tez yerindən
qalxıb otaqda var-gəl eləyirdi, özünü oxlov
udmuş kimi dimdik tutardı, bu da mənim xoşuma gələrdi.
Qız Mariya Stüartdan, Navuxanos və onun üç məşuqəsindən,
intihar etmiş protez ayaqlı dayısından, Axundov
bağının həndəvərində badam
ağacının yanında yaşayan babasından, içərişəhərli
keçmiş sirk artistindən uzun-uzadı rəvayətlər
danışardı...
Bilirsənmi, mən
səni sahildə
görən
kimi tanıdım...
on iki yaşımda
səni yuxuda
görmüşdüm, sən
böyük
ağ gəmidə
tək idin,
harasa üzürdün, yanımdan
üzüb keçdin,
hələ tezdi
dedin, məni
gəmiyə götürmədin,
amma məftildən
düzəldilmiş
üzüyü ayaqlarım
altına atdın...
üzüyü götürüb
barmağıma taxdım...
- Bəli, həmişə
inşadan beş
almışam. "Mənim
yuxularıma gülmə, mən həmişə qəribə
yuxular görürəm" - Bağışla. - ...amma
bığın xoşuma gəlmədi... - "İstəyirsən
bığımı qırxım?" - Yox, bilmirəm, sənin
düzənini pozmaq istəmirəm...
İlahi,
neynəyim mən, dostumla qızın arasında qalmışam, Arif qızla danışmaq istəyir, qız isə
ona səfeh deyir, hər halda Ariflə danışmalısan, qoy o, üçqat axmaq olsun,
hər halda onun da hisslərinə hörmətlə yanaşmalıyıq. Qız
razılaşdı, mən hasara tərəf getdim, onlar
beş dəqiqə danışdılar...
Qulyabanı qaş-qabağını
sallayıb getdi. Lyuba
söhbətlərinin məğzini mənə söylədi,
onun sözlərində həqiqət vardı, Arif deyirmiş
ki, böyük adamlarla yaşamaq tufana, yanğına ərə
getmək kimidi, onlarla yaşamaq mümkün deyil, onlar
heç kimlə razılaşmırlar, onlar zirvəyə
doğru gedirlər, onların heç kimə rəhmi gəlmir,
onlar həmişə ehtiyac içində yaşayırlar.
İki
həftə ərzində
gözlənilməz
xanıma öz
YOKNAPATOFımı göstərdtim;
mayak, "Körpü"
və "Keçid"
adı verdiyim qayalar,
qum üstündə
meynələr, köhnə
estakada, Əliayağı piri,
ümumiyətlə dəniz
sahilində gəzib
dolaşırdıq, onun
şeirlərinə qulaq
asırdım, amma
çin məməli
cılız
quşcuğaza
vurula bilmirdim... amma
birdən hiss
elədim ki, artıq
onu sevirəm. Acı
bir həqiqəti özümdən uzaqlaşdırmağa
çalışırdım, bu qadını yoxsulluq və
ehtiyac gözləyir. Yaxşı - səhər radioda himn səslənəndə,
atam da ailəni necə dolandıracağı haqqında
düşünürdü - dedi. "Mənim heç radiom
da yoxdu" - deyirəm ona.- "Sonra sən məndən
qaçacaqsan". - "Nə danışırsan,
ağlını başına yığ..." Onun mədəsi
sağlam idi, bizim kasıb həyatımız
üçün bu çox önəmliydi... Yadımda deyil,
1910-cu illərdə hansısa bir fransız rəssamının
emalatxanasının qapısında belə bir kəlam
yazılıbmış: "Mədəsi pis rəssam cinayətkardır!"
Amma alergiya... zaman-zaman öz işini görürdü,
gözləri qıyılırdı, üzü solurdu, onda
arvadıma məsləhət görürdüm ki,
üzünə pudra, gözlərinə sürmə çəksin,
dodaqlarını boyasın. Monqol mələyi! Bir
dəfə o, məktəb fotolarını mənə
göstərdi və mən balkonumuzun altında
qışqırıb bağıran, oğlanlarla oğlan kimi
dolaşan, cığallıq eləyən
qızcığazı tanıdım, balkonda oturub abstrakt
barelyeflərim üçün eskizlər çəkirdim, həyətdəki
səs-küy mənə mane olurdu, anama deyirdim ki, bu
qızın əri dünyanın ən bədbəxt
adamı olacaq, budur, o adam mən oldum.
Bir
gün yaradıcılıq
yardımı almaq
üçün Rəssamlar
İttifaqına gedirik,
mənim senyoram dayanır, boynuna
tikanlı məftil
bağlanmış bir
köpək
yazıq-yazıq
zarıyır, köpəyin
boynundakı tikanlı məftili
açırıq, zavallı
heyvan arxamızca
düşüb gəldi,
qəbul otağında
katibə tərs-tərs
bizi süzdü.
Katibə mızıldanır - guya mən qəsdən bura it
gətirmişəm və bununla nə demək istədiyim
aydındır. "Siz də belə
düşünürsünüz" - kabinetə girirəm,
orda həmişə olduğu kimi kiçik mübahisə
oldu, lakin pul qopara bildim, pulu alıb çıxıram, it bizi
gözləyir. "Ey, alabaş, bəxtimiz gətirdi, mənə
rəng, sənə kolbasa alarıq".
Bəzən əməlli-başlı
dalaşırdıq, o, məni qısqanırdı, tez də
barışırdlıq... O, əlini nəyə vursa sınırdı,
dağılırdı, mağazada ayaqqabı seçəndə
rəfdəki bütün ayaqqabılar yerə
tökülürdü, stəkanlar, boşqablar
qırılırdı, nə isə salıb
sındırmadığı şəhər onun şəhəri
deyildi, fəqət onun masajlarından sonra təzədən
doğulurdum, onun huşu dağınıq olardı, hara oturduğuna
fikir verməzdi, qorxurdum ki, uşağın üstünə
oturar, dörd stulu bir-birinə bağlayıb Xəzrini
qoruyurdum, uşaq arabamız, çarpayımız yox idi, Xəzri
orda yatırdı... Axundov kitabxanasında mən
Soljenitsının "Matryonanın həyəti"ni, o isə Sartrın "Şeytan və Cənab
Tanrı" əsərini oxuyurduq. Kitab
oxuya-oxuya uşağı əmizdirirdi, uşaq
ağzını elə marçıldadırdı ki,
hamı donub təbəssümlə bizə baxırdı.
Ev işləri
onun xoşuna gəlmirdi. Mən ona kömək edirdim.
Bir dəfə Kamal Əhməd
iki gənc rəssamla bizə gəlmişdi. Söhbət
zamanı yanımda oturan arvadımı göstərib dedim ki,
o, mənə ana, doktor, qardaş, şair və məşuqədir.
Qonaqlar gedəndən sonra Lyuba dedi ki, Kamala sözüm yoxdu,
o, səni yaxşı tanıyır, amma uşaqların
yanında gərək elə danışmayaydın, birdən
səni düzgün anlamazlar...
Anam nə
ilə məşğul
olacaqsan deyə gəlinindən
soruşdu, sadəlövh
qadın "şəkil
çəkəcəm"
dedi. - "Həə, evdə
bir səfeh
vardı, indi iki
oldu" (Tofiq dünyasını
dəyişmişdi).
1970-ci
ildə birdən-birə
çox arıqlamağa
başladım, ayaq
üstə sətəlcəm
keçirdiyimdən
zəifləmişdim,
sol ciyərimdə
qaraltı aşkar
etdilər, məni
onkologiya institutuna göndərdilər, yaman
ruhdan düşmüşdüm,
arvadım səndə
heç nə yoxdu
deyirdi, hardansa keçi
südü tapdı,
qara şokolad aldı,
yaxşı qidalanmaq lazımdı,
bu isə problem
idi. Gündə iki dəfə evdən
çıxıb Elmlər Akademiyasının bağında gəzməliydim.
Professor arvadımın dedklərini sözbəsöz
təkrarlayanda heyrətimdən çaşdım, anam mənə
aylarla yardım eləmişdi. 1981-ci ildə yenidən xəstələndim,
düz bağrsağımda dözülməz ağrılar
vardı, ağrıdan qışqırırdım, morfin tapa
bilmirdilər, piramidonun təsiri az idi... Arvadım
həmişə yanımdaydı, ölümə
inanmırdı, məni güldürməyə
çalışırdı. Məni məşhur həkim Səyyarə
xanım müalicə elədi... bir il səbrlə mənim
şıltaqlığıma dözdü. Mənim mavi
gözlü yelbeyinim evdə şəfqət
bacısıydı, iynə, maz, pəhriz... yeri gəlmişkən,
Səyyarə xanım da fatmailiydi. İlin axırında
analizlər tamamilə sağaldığımı göstərəndə
həkimin otağında stula çöküb ağladım.
Səyyarə xanım: "Sevindiyindən
ağlayırsan" soruşdu. - Yox - siz işinizin vurğunusunuz,
siz öz işinizin şairisiniz, sağ olun ki, heç kimə
lazım olmayan pulsuz rəssamı xilas elədiniz...
Sonralar sevimli həkimim üçün
iki tablo işlədim. Anamla
münasibətimiz yaxşılaşmışdı, o, mənə
cürbəcür əhvalatlar danışırdı - məsələn,
əmimin arvadı cavan oğlana qoşulub
qaçmışdı və üç ildən sonra geri
dönmüşdü, uğursuz abortdan sonra qanı zəhərlənmişdi,
anam Zeynəbdən savayı hamı ondan üz döndərmişdi,
anam deyirdi ki, son günlərini yaşayan qadın ölüm
yatağında taleyindən gileylənmirdi, ölümdən
qorxmurdu, dörd divar arasında öz hisslərinin
saflığından danışırdı, onun günahı
yoxdu, doşab kimi şirin bir sevgidən söz
açırdı, deyirdi belə bir eşq yaşayıb, indi
onun bədəlini ödəyir və əsla peşman deyil...
Acığı tutanda anam qarğış eləyərdi:
"Görüm sənin Sazonun gorbagor olsun" -
qardaşım onu sakitləşdirirdi - Sezann çoxdan
Fransada ölüb... - Qardaşının da beynini xarab elədin,
sən doğulanda uçmağa qanadım yoxdu, mələyə
oxşayırdın., həkim, ya da bəstəkar
olmağını arzulayırdım, xalq bəstəkarları
sevir, indi heç nə başa düşmürəm. Əclafa
vaxtında əclaf demək lazımdır, heyvan kimi
yaşadın, heyvan kimi də öləcəksən, qozbeli
ölüm düzəldər...
Artıq beş
il idi biz evliydik, səhərlər botanika bağına
gedirdik, bir dəfə mən bağa tək getməli oldum, o,
özünü pis hiss edirdi, evdə qaldı. Mən
ağacların işıq-kölgə effektini müşahidə
edirdim, Sezann haqqında düşünürdüm. Evə
qayıdan kimi mənim Kassandram yuxusunu mənə
danışdı, onun yuxusunda mən kosmik maviliklərin dərinliyində
əlimdə bir dəstə gül Sezannı xəbər
alıram, hardansa qeybdən bir səs gəlir: "O yoxdu, o,
ulduz olub". - "Onun yerini mənə
göstərin". Kimsə parlaq
işıq gələn tərəfi göstərir, mən
işığa tərəf gedirəm, amma işıq seli məni
geri itələyir. "Onda bu gülləri ona
verin": Güclü bir əl gül dəstəsini məndən
alır, gül dəstəsi hava fişənginə
dönüb o ulduza sarı uçur. Arvadım
göyüzünə və ağaclara baxır, Sezann
haqqında düşündüklərini röyada
görmüşdü... Moskvaya getmək imkanı yarananda, bu
isə 1985-ci ildən sonra yaranmışdı, Çingiz
Aytmatov bizim cəhənnəm əzabıyla keçən həyatımızı
yüngülləşdirmək üçün əlindən
gələni əsirgəmirdi, həftədə iki dəfə
A.S.Puşkin adına təsviri sənətə gedib bu muzeyin
banisi İvan Svetayevin xatirə lövhəsi
qarşısında baş əyirdim, onun qızının və
nəvəsinin başına gələn bəlaları ürəkağrısı
ilə xatırlayırdım... belə anlarda musiqi səsi
eşidirdim, bu musiqini yalnız Paqanini çala bilərdi...
Aleksey Tolstoy, Marina Svetayeva kimi böyük istedadları tələyə
salıb xaricdən gətirdilər, vətəndə
onların başına oyun açdılar.
Sezannın "Avtoportret"i
önündə rəsama "Salam, ata" deyərdim, bu, mənim
ayinim idi, sonra Van Qoq, Qogen, Pikasso və nəhayət Matiss, bəzən
uzun müddət onun əsərləri qarşısında
oturardım... bəli, onların metodlarını öyrənmək
üçün xeyli qüvvə sərf etmişəm, bəli,
mən onların sadiq davamçısı olmuşam və mən
müxtəlif mədəniyyətin qədim sənət
formalarıyla bu ənənəni sındırıb
dağıtmışam.
Adil Mirseyid
Ekspress.-
2011.-16-18 aprel.- S. 14.