Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Başqa bir məşhur söz
sahibinin - Dağıstanın xalq şairi Rəsul Həmzətovun
Dağlıq Qarabağ barədə dedikləri də bir
çoxları kimi məni də hiddətləndirdi.
SSRİ Ali Sovetinin deputatı olan
şair Rəyasət Heyətinə təklif etmişdi ki,
Dağlıq Qarabağ müvəqqəti olaraq İttifaq
orqanlarının ixtiyarına verilsin. O zaman üz tutduğum
qəzet və jurnalların heç biri Rəsul Həmzətova
yazdığım mənzum məktubu çap etmədi:
Dağıstan şairi Rəsul Həmzətov!
Kimlərin xeyrinə təklif
verirsən?
Xəzər sularına ataraq tilov,
Sevan balığına üz
çevirirsən.
Başına fırlanır
daşnak guruhu,
Sıxıb əllərini,
öpür üzündən.
Vurğuna dost deyən,
Vurğunun ruhu
Necə inciməsin
satqın sözündən?!
Ağ saçlı pələnglə
kəsdiyin çörək
Tülkülər yanında yavan
göründü?
Məzarı üstünə
düzdüyün çiçək
İndi gözlərinə tikan
göründü?
Bakıda, Gəncədə,
Zaqatalada
Dostyana söhbətin harada
qaldı?
Şuşa
görüşünü salanda yada
Qarabağ gözəli xəyala
daldı.
Odlar diyarın yazdığın
şeir
Boğazdan yuxarı quru nəfəsmiş.
Silva Kaputikyan qapısında
şir!
Zatını görməyə
bir məqam bəsmiş.
Dağıstanın xalq şairinin
birdən-birə düşmənlərimizin mövqeyindən
bəyanat verməsi ilk növbədə Azərbaycanın
xalq şairi Nəbi Xəzrinin kəskin etirazına səbəb
olmuşdu. Azərbaycan Parlamentinin deputatı, SSRİ
yazıçılar İttifaqı İdarə Heyətini
üzvü, Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət
Heyətinin sədri Dağlıq Qarabağın Azərbaycanın
tabeliyindən çıxarılmasına dair Rəsul Həmzətovun
iddiasına qarşı yazdığı məktubu heç kəsdən
çəkinmədən mərkəzi mətbuata göndərmişdi.
1985-ci ildə Nəbi Xəzrinin anadan olmasının 60 illiyi
yubileyində Nəbi Xəzri barədə qardaşlıq
sağlığı söyləyən R.Həmzətov
üç ildən sonra ermənilərin
sözçüsü olmuşdu...
Yetmişinci illərdə Rəsul
Həmzətovun "Mənim Dağıstanım"
kitabını Azərbaycan türkcəsinə çevirərkən
dəfələrlə Azərbaycanda və Dağıstanda əsərin
müəllifi ilə birlikdə olmuş Vilayət Rüstəmzadə
də "Samur sularını İrəvana axıdan"
SSRİ deputatlarına "minnətdarlıq" teleqramı
vurmuşdu...
Xatirimdədir, 1988-ci ildə
Azadlıq meydanındakı izdihamlı mitinqdə rəsmi fərmanla
təsdiqini tapmamış xalq şairi Tofiq Bayramın
Qarabağ haqqında oxuduğu şeiri hamını intiqama səslədi.
Tofiq Bayram həmişəki kimi şeiri elə əda ilə
söylədi ki, sahildəki izdiham da, dənizin özü də
şahə qalxdı. Mən mitinqə toplaşanların əksəriyyətindən
yaxşı bilirdim ki, ustad şairimizin nərə səsi
millət yanğısından od götürmüşdü. Çünki
onu Bülbülədəki 208 saylı orta məktəbdə
oxuduğum vaxtlardan yaxından tanıyırdım. Bilirdim ki,
Tofiq Bayram yetmişinci ildə Rəsul Həmzətovun
"Durnalar" kitabındakı şeirlərini bir-bir dilimizə
çevirəndə necə gərgin yaradıcılıq
işi aparırdı. Kitab 1973-cü ildə on min tirajla
buraxıldı. Oxuculara elə gəldi ki, R.Həmzətov bu
şeirləri elə Tofiq Bayram dilində yazmışdır.
R.Həmzətovun ikinci şeir kitabı - "Dostları
qoruyun" da Tofiq Bayramın tərcüməsində
"Yazıçı" nəşriyyatında
buraxıldı. Həmin illər Rəsul Həmzətov və
arvadı Patimat Tofiq Bayramgilə Əmircana qonaq düşərdilər.
Tofiq Bayramın əmisi İslam, ömür-gün
yoldaşı Zərifə xanım möhtərəm
qonaqları hər dəfə böyük səmimiyyətlə
qarşılayar, yola salardı. Səksəninci illərdə
Rəsul Həmzətov və Patimat xanım qədim Xilədə
Səttar Bəhlulzadənin məzarını ziyarət etdilər,
Bakıdan ayrılanda dahi rəssamın "Tut
ağacı" tablosunu apardılar. Tofiq Bayramın və Zərifə
xanımın bağışladığı əsər indi
də Mahaçqalada muzeydədir...
Tofiq Bayramı yandıran bu idi ki,
poeziyasındakı Rəsul Həmzətov real həyatdakı
insan deyildi. "Dostları qoruyun!" hayqıran şair
çörək kəsdiyi Azərbaycan şairlərinə,
elə Tofiq Bayrama da xəyanət etmişdi. Onun xəyanəti
ölüm-dirim vuruşunda düşmənə əl
qaldırıb könüllü əsir düşməyə
bənzəyirdi. Bu hisslər altında Tofiq Bayram tərcümə
etdiyi "Dostları qoruyun"un müəllifinə qəzəblə
məktub yazıb göndərmişdi.
YERİ GƏLMİŞKƏN.
"Zerkalo" qəzetinin 2011-ci il fevral ayı saylarında
1997-ci ilin yanvarında Rəsul Həmzətovun Bakıya dəvət
olunması ilə bağlı Hidayət Orucovun məqalələri
dərc olunub.Azərbaycandan incik düşmüş
Dağıstan şairi 1997-ci ildə yüksək səviyyədə
qəbul edilib. Müəllifin yazdığına görə,
qonaqpərvərlikdən vəcdə gələn qonaq Azərbaycan
prezidenti Heydər Əliyevi "bütün Qafqazın
prezidenti" adlandırmışdı. Azərbaycanın
bütün xalq şairləri R.Həmzətovun gəlişini
təntənə kimi qəbul etmişlər. Nəbi Xəzridən
savayı. 1997-ci ildə milli məsələlər üzrə
dövlət müşaviri olan Hidayət Orucovla Nəbi Xəzri
arasında o zaman belə dialoq keçib("Zerkalo", 19
fevral 2011-ci il):
"-
Nəbi müəllim,
Rəsul Həmzətov
Səməd
Vurğunun yubileyinə
gəlir.
O cavab vermir, elə bil məni eşitmir.
Mən sözümə davam edirəm:
- Bakıya gələn kimi o sizə
baş çəkəcək.
- Mən ikiüzlüləri qəbul
etmirəm! - deyə o, özündən çıxdı.
- O sizə Gülarə
xanımın vəfatı ilə əlaqədar
başsağlığı verməyə gələcəkdir.
- Mənim arvadım on il bundan əvvəl
rəhmətə gedib.
Bəli, mən Nəbi Xəzrinin
xasiyyətinə yaxşı bələddim. O, dosta dost,
düşmənə düşməndi."
Bu yaxınlarda Qarabağ və
Sumqayıt hadisələrini sənədlərin dili ilə
oxuculara nəql edən bir kitabı maraqla oxudum. 2010-cu ildə
Çaşıoğlu nəşriyyatı tərəfindən
buraxılmış dəyərli əsərin müəlifi
1983-1993-cü illərdə Stavropol diyarında xalq məhkəməsinin
sədri, Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə
nəzarət şöbəsinin prokuroru, Azərbaycan
Respublikası Prezidenti Aparatının dövlət-hüquq
şöbəsinin baş məsləhətçisi və s.
vəzifələrdə çalışmış
tanınmış hüquqşünas Aslan İsmayılovdur.
"Sumqayıt - SSRİ-nin süqutunun
başlanğıcı" adlı kitabın "Qriqoryan kim
idi?", "Azərbaycanlılar erməniləri necə
xilas edirdilər?", "Qorbaçov və ermənilik"
fəsillərində inkaredilməz tarixi həqiqətlər
vardır.
ASLAN İSMAYILOV - 1988-ci il iyul
ayının 18-də SSRİ Ali Sovetinin iclasında
Qorbaçovla erməni deputat, Yerevan Universitetinin rektoru
Ambartsumyanın arasındakı dialoqu nəzərinizə
çatdırıram:
Qorbaçov - Əsrin əvvəlində
Yerevanda neçə azərbaycanlı yaşayırdı?
Ambartsumyan - Deməyə çətinlik
çəkirəm.
Qorbaçov - Mən
xatırladaram. Azərbaycanlılar bütün əhalinin 43
faizini təşkil edirdilər. Bəs indi nə qədərdir?
Ambartsumyan - İndi çox
azdır, yəqin 1 faizə yaxın.
Qorbaçov - Bunu xatırladaraq mən
erməniləri günahlandırmaq istəmirəm. Amma
görünür ki, ermənilər azərbaycanlıları
sıxışdırıblar.
1990-cı ilin əvvəlində
Ermənistanda bir nəfər də olsun azərbaycanlı
qalmamışdı. Lakin erməni millətçilərinin qəddarlığına,
torpaqlarımızın neçə illər işğal
altında olmasına, insanlarımızın qaçqın
düşməsinə baxmayaraq, bu gün də Azərbaycanda
otuz min erməni asudə yaşayır. Elə təkcə mənim
qaldığım binanın bir blokunda (Bakı şəhəri,
Həsənoğlu küçəsi, ev 21) üç erməni
yaşayır. Bir dəfə də onlara ögey münasibət
görməmişəm. Bu faktın özü kimin kimə
qarşı ədavətli, qərəzli və qəddar
olmasını göstərir.
Sumqayıtda baş vermiş hadisələri
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi təşkil
etmişdi. SSRİ DTK-nın keçmiş müavini Filip
Bobkov öz xatirələrində belə yazır ki, kimin -
ermənilərin, yoxsa azərbaycanlıların savaşa
birinci başlaması barədə mübahisə etmək
olar, ancaq fakt faktlığında qalır ki, birinci qurban verənlər
azərbaycanlılar olub. Şairə Silva Kaputikyanın
Moskvada M.S.Qorbaçovla görüşü barədə Ermənistan
televiziyası ilə çıxışı isə sanki
odun üstünə yağ tökdü.
Sov. İKP MK-nın, demək olar
ki, bütün şöbələrində ermənilərin
öz adamları vardı. SSRİ Nazirlər Soveti
aparatında, ittifaq nazirliklərində də ermənilərdən
ibarət güclü qruplaşmalar vardı. Üstəlik
xüsusn yəhudi millətinə mənsub olanlar İsrailə,
Qərb ölkələrinə köçüb-getdikləri
vaxt ermənilərin Moskvada partiya-dövlət orqanlarında
yerləşdirilməsi sürətləndirildi. Moskvada idarəetmə
orqanlarında, elmi və tibb müəssisələrində,
mədəniyyət ocaqlarında, ali məktəblərdə,
Elmlər Akademiyasında, mətbuatda, radio və televiziyada ermənilərin
sayı çoxaldı. SSRİ-nin xarici ölkələrdəki
səfirlərindən 15 nəfəri erməni idi. Onların
hamısını ermənilik şüarı birləşdirirdi.
Qorbaçov hakimiyyəti illərində mərkəzdə
ermənilərin mövqeyi təsəvvüredilməz dərəcədə
artmışdı. Qorbaçov yüz milyonluq Rusiyada
özünə layiqli və savadlı köməkçi tapa
bilməişdi. Çünki qabaqcıl rus
ziyalılarında haqq-ədalət, vətənpərvərlik
hissi Qorbaçovun ermənipərsətliyi ilə daban-dabana
ziddi idi. Qorbaçovun köməkçisi Moskvada erməni
diasporunun dayağı G.Şahnazarov idi. Şahnazarov
bütövlükdə Qorbaçovlar ailəsinin sevimlisi idi.
Raisa Qorbaçova özünün "Ümid edirəm"
kitabında Şahnazarovun ona yazdığı məktubu
oxucuya təqdim edir: "Əziz Raisa Maksimovna! Əgər
nigahlar həqiqətən səmada bağlansaydı, Mixail
Sergeyeviçin taleyinə yazılmış missiyaya uyğun
olaraq, Allah ona məhz Sizin kimi ömür-gün
yoldaşı bəxş etməyə
çalışardı. Səmimi hörmətlə: Sizin
Şahnazarov."
...Əgər 1988-ci ilin meydan hərəkatı
olmasaydı, N.Xruşşov 1954-cü ildə Sov. İKP MK
Siyasi Bürosunun bir qərarı ilə Krımı Rusiyadan
alıb Ukrayana verdiyi kimi, Qorbaçov da elə bir qərarla
Qarabağı Ermənistana verəcəkdi...
Teyyub Qurban
Ekspress.-
2011.- 16-18 aprel.- S. 15.