Gözlənməyən
ölüm mələyi və ya bir gecənin sirli itkisi...
Dünən
Azərbaycanın
xalq artisti Telman
Adıgözəlovun
vəfatından
1 il ötdü. Hələ də inanmaq çətindir ki, o səmimi və
mehriban insan, gözəl aktyor, xalqın sevimlisi aramızda
yoxdur.
Telman ötən
il aprelin 15-də
57 yaşında bu
fani dünyaya
gözlərini
qapatdı. Qəfil itki hamımızı
sarsıtdı, ölüm bu zarafatcıl sənətkarla, ailəsi
ilə, elə hamımızla acı zarafat etdi.
Aktyorun oğlu Tural Adigözəlov deyir ki. "təzə-təzə
elə gəlirdi ki, atam harasa qastrol səfərinə gedib,
qayıdacaq..."
Biz ONU xatirələrimizdə
yaşatmağa hazır deyildik, Telmanı səhnədə,
gözümüzün önündə görmək istəyirdik...
Lent.az-ın əməkdaşı
Xəyalə Muradlı aktyorun xatirəsinə kədərli
hekayət qələmə alıb. Məqaləni qısa
ixtisarla təqdim edirik.
... Bu gün də adi günlərindən
biriydi. Həmişəki kimi səhər yuxudan oyandı,
yüngülvarı idmandan sonra naharını elədi. Teatr təmirdəydi
deyə, müvəqqəti məskunlaşdıqları yerə
- "Mir" studiyasına hər gün getmirdi. Elə bu
gün də getməyəcəkdi. Həftəsonuna hələ
iki-üç gün qalsa da, bu günü özünə
istirahət elan etdi. Əslində son vaxtlar işdə
çox yorulurdu demək də düz olmazdı.
Oynadığı tamaşaların bir neçəsi nədənsə
repertuardan çıxarılmışdı. Yeni rolu isə
çoxdandır ki, yox idi. İşdən yorulmaq istədiyi
vaxtlarında, daha doğrusu illərində istirahətə məcburi
məhkum olmuşdu...
Bu gün də o məhkumluğun
növbəti günlərindən birini yaşayırdı.
Sevimli teatrında nə məşqi, nə də
tamaşası vardı. Odur ki, rahatca oturub, axşama kimi
başını birtəhər nəyləsə qatmaq
lazım idi...
Axşam geyinib-keçinib
qohumlardan birinin toyuna getdi. Amma orda da, bu qədər qohum-əqrəbanın,
dost-aşnanın olduğu məclisdə də çox qərar
tuta bilmədi. Darıxırdı elə bil...
Evə yaman tələsirdi. Burada
onu toydan da maraqlı və vacib bir şey gözləyirdi.
Ramiz Novruzun oxumaq üçün ona təqdim etdiyi ssenari. O
ssenariylə tanış olacaqdı bu gecə. Bəlkə elə
bu dəfə də dostunun ssenarisi onun köməyinə
çatacaqdı. Onu artıq bezdiyi bu istirahət məhkumluğundan
qurtaracaqdı. Uzun müddətdir davam edən
yaradıcılıq fasiləsinə son verib, nəhayət,
yeni və ürəyi istəyən bir obraz tapacaqdı.
Axı illər öncə də məhz Ramiz Novruzun "Hələ
sevirəm deməmişlər" tamaşası dadına
çatmışdı. Tamaşada tamam fərqli bir obraz
yaratmışdı - Qumarbaz obrazını. Bu, onun səhnə
həyatı boyu oynadığı ikinci tragikomik rol idi. Həmişə
arzusunda olduğu bu tip obrazların
üçüncüsünü də bu ssenaridə axtarmaq
fikrindəydi. O, elə bu arzuyla da ssenarini əlinə
aldı...
...Vərəqləri yerə
qoyanda isə artıq gecə düşmüşdü. Adi
günlərdən biri kimi başlayan bu gün artıq sona
çatırdı... Elə onun öz həyatı da... O isə
bundan xəbərsiz idi... Həyat hələ də davam edirdi
onun üçün. Sabah təqvimdə yeni bir tarix
başlayacaqdı. Oynayacağı rollar, yaradacağı
obrazlar qarşıda, o sabahkı gündə
dayanmışdı. Səhər doğacaq yeni bir günü
görmək niyyətilə də yatağa girdi və...
... Bu gün adi günlərdən
biri kimi başladı. Amma sona çatmadı... Təqvimin
yeni tarixi, doğacaq yeni bir gün, qarşıdakı rollar,
obrazlar o isti yataqdaca donub qaldı. Həyat heç gözləmədiyi,
heç istəmədiyi bir məqamda, elə yuxudaca sona
çatdı. Qəfil ölümlə...
Günəş isə yeni bir
günü başlatmaq üçün Şərqə
doğru irəliləyirdi. Və yeni həyatı da... Təqvim
artıq yeni bir tarixi göstərirdi - 2010-cu il aprelin 15-ini -
xalq artisti Telman Adıgözəlovsuz həyatın ilk
günü...
Yeni həyatın başlanğıcı...
1953-cü il iyulun 17-si. Yeni bir
gün, yeni bir həyatın başlanğıcı. Onun həyatı
bu tarixdən başlayır. Telman Adıgözəlov məhz
bu tarixdə Balakən rayonunda dünyaya göz açıb.
Telmanın atası Abbasqulu bəyin ailəsi Ordubaddan Balakənə
sürgün olunub. Əslən Ərdəbildən olan
anasıgil isə Bakıda yaşayıblar.
Telman ailənin ikinci oğlu və
sonbeşiyi idi. Özündən böyük qardaşına
isə Vaqif adını vermişdilər. Telman
dördüncü sinifdə oxuyanda Adıgözəlovlar ailəsi
Balakəndən Bakıya köçür. Şəhər
mühiti rayonda böyüyən bu oğlanın
qarşısında yeni üfüqlər açır. Bura
gözünü açıb gördüyü yerdən
tamamilə fərqlənirdi. Hər şeyilə... Buranın
adamları da, mühiti də, hətta havası da
başqaydı sanki. Amma bu yeniliyə öyrəşmək
çətin olmur Telman üçün. Tezliklə yeni
dostlar, yeni tanışlar tapır. Elə həyatı da yeni
bir istiqamət alır. Sənətə doğru...
Dərsdən qaçıb
kinoteatra gəldiyi günlərin birində yolda onun
qarşısını bir adam kəsir. İndiyə qədər
görmədiyi, tanımadığı bir şəxs.
(Sonradan bilir ki, bu, rejissor Nazim Zeynalov imiş). Və onu
"Evrika" verilişinə dəvət edir. Telman
Adıgözəlov ilk dəfə bu verilişdə fantastik səhnələrə
çəkilir. Bundan sonra mütəmadi şəkildə
"Yasəmən" televiziya teatrında iştirak edir.
Yeddinci sinifdə oxuyanda isə Adil İsgəndərovun
kinoaktyor studiyasında əlavə təhsil almağa
başlayır. Beləliklə, həyatını sənətə
bağlayır.
Məktəbi qurtarandan sonra isə
sənədlərini İncəsənət İnstitutuna təqdim
edir. Təbii ki, bura daxil olmaq onun üçün heç də
çətin olmur və institutun dram və kino aktyorluğu
fakültəsində təhsil almağa başlayır.
İlk dəfə peşəkar teatr səhnəsinə
çıxanda isə hələ üçüncü kurs tələbəsiydi.
Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram
Teatrının iki tamaşasında baş rol ifa etmişdi.
Lakin bu uğurun ömrü çox qısa olur. Uzun saç
saxlaması, cins şalvar geyinməsi çoxlarının
xoşuna gəlmədiyindən onu teatrdan
uzaqlaşdırırlar... Ona görə də institutu bitirəndən
sonra I Zabrat qəsəbəsindəki "1 May" mədəniyyət
sarayında rus dilində dərnəyə rəhbərlik etməyə
başlayır. Eyni zamanda da Tədris Teatrında işləyir.
Çox keçmir ki, Vaqif İbrahimoğlu bura baş rejissor
təyin olunur. Bu, gənc aktyorun həyatında yeni bir səhifə
olur. Vaqif İbrahimoğlu indiyədək əsasən komik
rollarda oynayan Telmanın içində gizli qalan başqa bir
istedadını üzə çıxarır. Məhz bu
rejissor 1978-ci ildə Cəfər Cabbarlının bir itmiş
pamfletini səhnələşdirməklə Telman
Adıgözəlovun tragikomik aktyor olduğunu kəşf
edir. Ancaq sonralar nə qədər arzulasa da, başqa
rejissorlar onun bu istedadından yararlanmaq istəmədilər. Və
Telman Adıgözəlov tamaşaçılar tərəfdən
daha çox komik rolların ifaçısı kimi
tanındı və sevildi...
Telman Adıgözəlov bir
neçə illik fasilədən sonra yenidən Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrına qayıdır. 1980-ci ildən
ömrünün axırına kimi bu doğma sənət
ocağında çalışır, maraqlı obrazlar
yaradır. Teatra təzə gəldiyi vaxtdan 10 il ərzində
yaradıcılığında intibah dövrü olur,
tamaşalarının sayı çoxalır, yeni rollar
bir-birini əvəz edir. Televiziya tamaşalarına da çəkilir.
"Yaşıl eynəkli adam", "Ordan-burdan",
"Qonşular", "Evləri köndələn yar",
"Yarım ştat"da unudulmaz və özünəməxsus
obrazlar yaradır. Sonra isə böyük bir fasilə... Digər
mədəniyyət sahələrində olduğu kimi, teatrda
da keçid dövrü başlayır. Bu müddət ərzində
Telman Adıgözəlovun yaradıcılığında
böyük bir durğunluq olur. Rejissorlar düz 7 il ona rol
vermirlər. Bu ayrı-seçkilik, tərəfkeşlik,
qeyri-obyektivlik girdabında uduzan və itirən isə tək
Telman yox, həm də onun tamaşaçıları olur...
Amma Azər Paşa Nemətovun teatra gəlişindən sonra
onun yaradıcılığı yenidən çiçəklənməyə
başlayır. Sənət taleyinin ikinci intibah dövrü
"Ah... Paris, Paris" əsəri ilə start
götürür və ardı davam edir. Bir neçə il
sonra isə nəhayət ki, həmişə arzusunda
olduğu tragikomik bir obraz yaradır - Qarabağ mövzusuna həsr
olunmuş "Hələ sevirəm deməmişlər"
tamaşasında Qumarbaz obrazını. Bu, onun ən sevimli
rollarından biriydi. Tamaşanın hər nümayişindən
sonra aktyor bir həftə özünə gələ bilmirdi.
Bu, onun bütün sənət həyatı boyunca yaratdığı
ikinci tragikomik obrazı idi. İkinci və sonuncu...
Həyatın gözlənilməz sonu...
2008-ci il. Akademik Milli Dram Teatrı əsaslı
təmirə bağlanır. Bundan sonra Telman Adıgözəlovun
yaradıcılığında növbəti durğunluq
yaşanır. Oynadığı tamaşaların çoxu
repertuardan birdəfəlik çıxarılır. Qalan
bir-ikisi isə aylıq repertuara demək olar ki salınmır.
Beləcə, Telman Adıgözəlov heç istəmədən
istirahətə məhkum olur. Kinolara da dəvət almır. Əslində
elə əvvəldən kino rejissorlarının diqqətini
cəlb etməmişdi. Cəmi 11, ya 12 filmə çəkilmişdi.
Bütün sənət ömrü ərzində... Amma
ümidlərini üzmürdü. Tezliklə hər şeyin
düzələcəyinə inanırdı. Teatrın təmirinin
yekunlaşmasını səbirsizliklə gözləyirdi.
Yeni binada yeni rollar, yeni obrazlar yaratmaq arzusundaydı. Amma bunları
görmək Telman Adıgözəlova qismət olmur. İstəkləri,
xəyalları, arzuları gözündə qalır... O,
heç gözlənilməyən bir vaxtda - 2010-cu il aprelin
15-də 57 yaşını tamamlamadan həyatla qəfil
vidalaşır.
Aktyorun oğlu Tural Adıgözəlov
atasının qəfil ölüm səbəblərindən
danışır. Demə, hər şey hələ bir
neçə ay əvvəldən başlayıbmış:
"Ölümündən bir neçə ay qabaq atamın
kürəyində güclü ağrı oldu. Sol qolu keyidi.
Getdi həkimə. Həkim dedi osteoxondrozdur, guya kürəyində
duz var, onu sıxır. İynə, dərman yazdı. Bir həftə
evdə qalıb, o müalicəni etdirdi. Mən əsgərlikdə
olanda da eyni hal baş veribmiş. Amma mənə onda deməmişdilər.
Atam rəhmətə gedəndən sonra ailəvi
tanış olduğumuz bir həkimlə danışdım. Həkim
dedi ki, "ona səhv diaqnoz qoyublar. O ağrı duzla
bağlı deyil. Ürəyində damar tıxanması olub,
onu narahat edib. Onun üçün də bir həb var,
içəndə ürək damarlarını
açır". Bəlkə də vaxtında düzgün
diaqnoz qoyulsaydı, düzgün müalicə
aparılsaydı, heç belə də olmazdı".
Tural atasının ona dediyi son
sözləri xatırlayır: "Adətən insanlar öləcəklərini
qabaqcadan duyurlar, vəsiyyət edirlər, son sözlərini
deyirlər. Amma
onda belə olmadı. O gün atamın adi günlərindən
biriydi. Özü də öləcəyinə
inanmırdı. Həm də həmin gün səhhətində
də bir nasazlıq olmamışdı,
ağrımamışdı. Mən məşqdən
qayıtmışdım. Yorulmuşdum deyə bir az tez
yatmışdım. Bir az keçəndən sonra atam
yanıma gəldi. Soruşdu, "özünü necə hiss
edirsən? Xəstə zad deyilsən ki?" Dedim, "yox,
yaxşıyam. Sadəcə bir az yorulmuşam". Vəssalam,
bu, bizim son danışığımız oldu. Bir də gecə
saat 4-ə işləmiş anamın səsinə oyandım.
Uca səslə atamı çağırırdı. Tez
onların otağına getdim, gördüm atam
xırıldayır, elə bil boğazında nəsə
qalıb. Biz əvvəl elə bildik ki, yuxuda təngnəfəs
olub. Başladıq silkələməyə ki, yuxudan
ayılsın. Amma gördük yox,
düşündüyümüz deyil. Artıq rəngi də
qaralmışdı. Demə, can verirmiş, biz də bilmirik.
Çünki indiyə qədər elə şey görməmişdik.
Birinci növbədə təcili yardıma zəng vurduq. Nə
olduğunu aydınlaşdıra bilmədilər. Təzədən
ikinci təcili yardım briqadasını çağırdıq.
10 dəqiqədən sonra ikincisi gəldi. Təzyiqini
ölçdülər, sonra da elektroşok elədilər.
Amma xeyri olmadı. İki-üç dəfə elədilər,
sonra dedilər keçinib. Elə xırıldayaraq
canını tapşırdı. Nə bilim, yəqin bu da belə
qədərdir... Böyük itkidir, əlbəttə. Həm
ailəsi, həm xalqı üçün. Xalqın onu nə
qədər sevdiyi elə həmin gün göründü.
Yasa hamı gəlmişdi, dövlət məmurundan
tutmuş, sadə vətəndaşına qədər.
Düzdür, vida mərasimi olmadı, Fəxri Xiyabanda dəfn
olunmadı, daha neyləmək olar ki?! Atamın məzar
daşı İsrafil İsrafilovun köməkliyi ilə
qoyuldu. Sağ olsunlar".
Tural
Adıgözəlov atasının aktyor yox, məhz ata kimi
xüsusiyyətlərini də sadalayır: "Çox
gözəl ata olub. Mənimlə yaxın münasibəti
vardı. Tək ata yox, həm də dost idi. Həmişə deyirdi, "nə sözün, problemin
olsa, dost kimi, ata kimi gəl mənə de". Ailədə
bir az ciddi olsa da, zarafatından da qalmırdı. O qədər
də qaşqabaqlı adam deyildi. Hamıyla mülayim rəftar
edirdi. İnsanları vəzifəsinə görə
ayırmırdı. Həyətdəki süpürgəçi
də onu çox istəyirdi. Heç yadımdan
çıxmaz - atam rəhmətə gedən günün səhəri
aşağı düşdüm. Yağış
yağırdı, yerdə gölməçə vardı. Həyəti
süpürən yaşlı qadına dedim ki, "xala, bu
gölməçəni dağıt, çadırın
içində yerə xalça salanda su olmasın, mən sənə
hörmət edərəm". Dedi, "o nə sözdür,
xətrimə dəyirsən. Biz Telmanı çox istəyirdik.
Hər səhər bizimlə hal-əhval edirdi. Bir dəfə
hətta məni qucaqladı. O biri süpürgəçilər
də mənə sataşırdı ki, Telman Adıgözəlov
səni qucaqladı". O, doğrudan da özündən
razı adam olmayıb. Hamıyla deyib-gülüb. Tələbələrini
də çox istəyirdi. Hazırda onlar 4-cü kursda
oxuyurlar. Atam hələ rəhmətə getməmişdən
qabaq bir tamaşa qoymuşdular. Ssenarini atamla tələbələrindən
biri yazmışdı. Amma o tamaşa yarımçıq
qaldı. Atam onu nə tamamlaya, nə də görə bildi. Vəfatından
sonra o tamaşanı Tədris Teatrında qoydular. Çox istəyərəm
o istedadlı uşaqları irəli çəkib, şərait
yaratsınlar ki, atamın sənətini davam etdirsinlər,
onun adını yaşatsınlar".
Söhbətimizin sonunda Tural
gördüyü yuxularını da danışır:
"Ölümündən sonra 3-4 ay ərzində atam demək
olar ki, hər gün yuxumuza girirdi. Mən hər dəfə də
eyni yuxunu görürdüm. Görürdüm, guya atam
dirilib, nəsə yarımçıq işi var, gəlib onu
görməyə. Bilmirəm nə işdir. Amma mən də,
o da bilirik ki, öləcək. Qəribə yuxudur... O, ən
çox ailəsindən narahat idi. Balalarının toyunu
görməyi arzulayırdı. Teatrın təmirinin başa
çatmasını gözləyirdi. Bilmirəm, yuxuda
gördüyüm o yarımçıq işi bunların
hansıyla bağlıydı. Anamla bacımdan isə
gördükləri yuxuların məzmununu çox
soruşmuram. Ümumiyyətlə, televiziya kanallarında
atamın hansısa tamaşasını göstərəndə
də qoymuram baxsınlar. Dözə bilmirlər,
ağlayırlar... Biz hələ də onun yoxluğuna
alışmamışıq. Atamın yeri, o boşluq
çox hiss olunur. Neyləsək də, o boşluq heç nəylə
dolmaz. Bu itki bizi həmişə göynədəcək.
Baxmayaraq ki, o gündən, aprelin 15-dən artıq bir il
ötür..."
Ekspress.- 2011.- 16-18 aprel.- S. 18.