Aytokya

 

Mircavad Mircavadov haqqında

 

Məqalə Azərbaycanın görkəmli rəssamı Mircavad Mircavadovun həyat yoldaşı tərəfindən lent yazısına köçürülmüş xatirələri əsasında hazırlanıb. Böyük rəssamın həyatı və yaradıcılığı barədəki fikirləri ilk dəfə mediada - "Ekspress"də çap olunur.

Yazıçı Latıninin mənzilindəki kolleksiya yadımdadı. Fadeyev adına Mərkəzi Yazıçılar Evində açılacaq sərgimi gözləyəndə bir aya yaxın Malaya Bronnayada onun evində qalmışdım. Latıninlər böyük odanı bizə ayırmışdılar, çarpayının üstündə, divarda Leonidə bağışladığım "Gecə faytonu" əsərim asılmışdı. Səhər gözümü açanda bu tablonu görürdüm, gecələr "Gecə faytonu"na baxa-baxa yuxuya gedirdim.

Maraqlı söhbətlər edərdik, evin özündə nəsə bir mistika vardı. Onların Borxesin kitabları ilə maraqlanan intellektual qızı kiçik otaqda işləyirdi, orda dəmir çarpayı, çarpayının üstündə əsgər odealına oxşar boz odeal və kitablar vardı, qəribə hekayələr yazırdı, o, evdə olmayanda arvadımla gizlicə onun hekayələrini oxuyurduq, günahımızdan keçsin. Alla Latınina, motokross həvəskarı, tanınmış ədəbi tənqidçidir.

Bir zamanlar mən də Qogen kimi özülünü Yunan mədəniyyətindən alan Avropa incəsənətinə əlvida deməyə hazır idim, praqmatik mühitdən, qeyri-sağlam şəhər ruhundan uzaqlaşmağa çalışırdım. Şəhərdə və ya bir adada yaşayıb yaratmaq sənin potensialından asılı məsələdi, bu həm də "qaranlıq zamanlarda" adət etmədiyimizi qorxmadan, çəkinmədən görməkdi və eyni zamanda yaradıcılığın ləkəsiz vicdanıdır, mən on il dəniz sahilində abstrakt əsərlər işləmişəm, sonra vəziyyətlə əlaqədar şəhərə dönmüşəm, iyirmi altı il yağlı boya ilə çalışmışam.

Avtobioqrafik oçerk yazmaq ideyası Qriqori Anisimovun "Abşeronun canlı rəngləri" kitabı üçün qələmə aldığım xatirələrdən başlanıb. Anisimov müxtəlif ideyalarla zəngin, cəsarətli proyektlər müəllifiydi, çox istedadlı şəxsiyyət kimi tanınırdı. Anisimovun kitabı qeyri-rəsmiydi, səmimiydi, onun yazısında incə bir lirika vardı, onu da deyim ki, Qrişa yazısını bəyəndiyim ilk adam idi, məhz onun sayəsində mənim bəzi yurddaşlarım Cavadın varlığından xəbərdar oldular. Sonralar qeydlərimi genişləndirdim, bəzi əlavələr elədim, heyhat, əlyazmalarımı cırıb balkondan atdım. Arvadım küləkdə uçuşan bəzi səhifələri yığıb saxlamışdı. "Molodost" jurnalından zəng vurub o mətndən bəzi fraqmentləri çap etmək istədiklərini bildirdilər. Mən bütün gücümü rəngkarlığa vermişdim, həyat yoldaşıma bəzi şeylər danışmışdım, inanırdım ki, o, haçansa mənim haqqımda kitab yazacaq, ədəbiyyat mənim sahəm deyil. Amma "Molodost" jurnalının xahişinə əməl etməli oldum, amma bir şərtlə - çiy mətn üzərində birgə işləməliydik, əlbəttə, heç kim buna ciddi yanaşmadı... buna görə də 1988-ci ilin dekabrında MƏE-də hazırlanan fərdi sərgimi kataloqu üçün qısa "Deklarasiya" yazdım.

"Mən yeni estetikaya əsasında öz hisslərimi gerçəkləşdirirəm; mənim hər bir əsərim dünyanın əksi deyil, dünyanın özüdür. Mən günəşi, insanları, ayı, ulduzlu səmanı, xalça naxışlarını tablolarıma yerləşdirirəm, tablolarımda həyatın nəbzi döyünür... onlar vahid bir əsərdən, fasiləsiz səslənən musiqidən, Baxın fırçaları kimi. Qroteks və zəriflik polifoniyasında həyatın fantasmoqoriyası vərəqlənir, orda Xeyir və Şər kontrapunktu səslənir. Rəng mənim etik-estetik anlayışlarımın kvintessiyasıdır, onun da özəyini İşıq təşkil edir. Mən dünyanı rənglər seli ilə sulayıram, övladlarımın kokofoniyasını dinləyə-dinləyə ağlayıram, gülürəm. Mən Abşeron torpağında doğulmuşam, amma yaradıcılığımla Qolfstrim rüzgarlarının qovuşduğu yerə, Sakit okeana, eskimosların torpağından Afrika kontinentinə qədər ucalmışam".

Sezannı, Van Qoqu, Qogeni, Modilyanini yamsılamaqla, Pikasso, Şaqal, Tamayo, Miro sayaq işləməklə, onların kəşflərini ustalıqla mənimsəməklə nəsə yaratmaq, orijinal görüntüsü ilə tamaşaçını aldatmaq mümkündü, amma mən müxtəlif cərəyanların axınından sıyrılmağa çalışdım, öz yolumu, üslubumu tapmaq məqsədi ilə yaradıcılığın ilk dövrlərinə aid gözəl tablolara autodafe elan elədim, indi Mən Varam, tablolarımla sizin əsərləriniz qarşısında dayanıb "Salman Sezan dədə", "Çox sağ olun!" - deyirəm.

Amma yenə geriyə, başlanğıca dönək, o gün şimal küləyi əsirdi, soyuq xəzri mənim qırıq-qırıq söylədiyim sözləri ram olunmaz, məğrur qadın fiquruna sarı atırdı - "bir yerdə olmaq... həyat... doğrudan da yaxşı şeydi". O gecə qadının başı ağrıyırdı, yuxusu qaçmışdı, tez-tez durub nəsə yazırdı, səhərə yaxın külək səngidi, çiskin yağış yağdı, o, yuxuya getdi, mən həyətə çıxdım.

Şəhərin divarlarına onun şəkli yapışdırılmışdı (axı o, evdən qaçmışdı, amma valideynlərinə təsəlli məktubu yazıb qoymuşdu, onu nə qədər dilə tutsam da, inadla yerini bildirmək istəmirdi), biz bütün bal ayımız müddətində həmişə eyni yeməyi yedik - evdə on kiloya yaxın un, bir balon əncir, bir balon heyva və bir balon da zoğal mürəbbəsindən savayı heç nə yoxuydu. Birinci gün evə girəndə masanın üstündə fisincan dolu iki kasa bizi gözləyirdi, belə bir gündə anam sözümü yerə salmadığına görə çox sevindim. Sonrakı günlərdə evdən bayıra çıxmadıq, heç kimi görmək, heç kimlə ünsiyyətə girmək istəmirdik. Daha sonra o, məni valideynləri ilə tanış elədi, atası yunan hekzametrinin və alman fəlsəfəsinin fanatikiydi, kişi sakitcə dedi: "Nolar, axır ki, onunla İmmanuel Kantı oxuyarsan" - bu sözlərdən sonra onun necə bir qazanda qaynadığı mənə aydın oldu. Bir qədər onun valideynləri haqqında - anası Nadejda Vasilyevna Bakı neftayırma zavodunda operator işləyirdi. 1949-cu ildə işə gecikdiyinə görə qucağında körpə uşaqla altı ay Bayıl türməsində yatmışdı, türmədə on səkkiz yaşlı gözəl qadının südü qurumuşdu, məhbus arvadlar əllərinə keçəni uşağın ağzına dürtürdülər, uşaq qusurdu, qadın türmədə olanda ruhi sarsıntı keçirmişdi, üstəlik də saçları tökülməyə başlamışdı. Nənə Yefimya Qriqoryevna çox çətinliklə gəlini nə qədər ki, türmədəydi, nəvəsinin ona verilməsinə razılıq alır. Bir dəri, bir sümük körpəni nənənin üstünə atırlar, körpədə həyat əlaməti yoxmuş. Yefimya Qriqoryevna həyət-həyət düşüb nəvəsinə ana südü axtarır və belə bir qadın tapır, nəvəsini ölümün pəncəsindən qoparır.

Atası müharibə əliliydi, cəbhədə kontuziya almışdı, sağ qolundan yaralanmışdı, sol əli ilə yazmağa öyrənəndən sonra "Müharibə haqqında olduğu kimi" adlı böyük bir kitab yazmışdı, amma redaktor onun yanında əlyazmalarını vərəqləyib əli ilə ona tərəf itələmişdi, pıçıltıyla demişdi: "Sən mənim yanımda olmamısan, mən də səni görməmişəm, belə şeyləri çap eləmirlər, belə şeylərə görə adamı güllələyirlər". Nikolay Leontiyeviç dərin mənəvi sarsıntı keçirir, əlyazmasını yandırır. Bu insan sovet mətbuatında mübaribə haqqında yazılanları oxumazdı, müharibə filmlərinə baxmazdı, döyüş medallarına toxunmazdı, Qələbə gününü bayram etməzdi. Dördüncü Xrebtovı küçəsindəki it damına bənzər komasında gecələr Nuh Nəbidən qalma radiosunda "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarına qulaq asardı. Kitabxanadan sevimli qızı üçün kitablar gətirərdi, nağıllardan başlamışdı, sonra Dikkens, Balzak, Flober... On yeddi il ərzində kişi yazı masasının yeşiyini alman fəlsəfəsi haqqında qeydlərlə və özü yazdığı şeirlərlə doldurmuşdu, o, qəzetlər üçün məqalələr yaza bilərdi, fəlsəfədən mühazirələr oxuya bilərdi, əlbəttə marksizm-leninizm ruhunda, amma o, bundan imtina eləmişdi və arvadı bunu ona bağışlamamışdı. 1967-ci ildə biz Lerikdə olanda diabet xəstəliyindən komada ölən ərinin bütün əlyazmalırını, yazı masası ilə birlikdə yandırmışdı, hansı ki, kişi əlyazmalarını qızına vəsiyyət eləmişdi, haçansa vaxtı gələr demişdi. Bu hadisədən sonra Lyubanın saçları nəzərə çarpacaq dərəcədə ağarmışdı. Bax, belə bir əhvalat olmuşdu... Hər şey yana bilər, meşələr, şəhərlər, adamlar yanır... qaldı ki, kağız ola...

Arvadımla şərt kəsmişdik - uşağımız olmamalıdı, o da razılaşmışdı, amma budur, o, hamilədi, pulumuz-paramız da yoxdu, o, dil-boğaza qoymur, yalvarır, bir uşaq... arvadım doğanda tanıdığım bütün adamlara əl açdım, bir az pul topladım, bütün gül dükanlarına baş çəkdim, hər rəngdə, hər çalarda - ağdan qaraya qədər qızılgül aldım, böyük bir buketlə tramvaya minib doğum evinə getdim...

İkinci uşaq ölü doğuldu, bütün gecəni "Tanrı" borelyefinin önündə dua elədim, Tanrıya yalvardım ki, bu qadını mənim əlimdən almasın. Səhər tezdən ölü doğulmuş körpəni Fatmayiyə apardım, onu dənizin sahilində köhnə hamamın yanında torpağa tapşırdım. Bu kənddə bizim nəslimizə "dəli seyidlər" deyirdilər. İndi, budur rəssam seyid özü bildiyi tərzdə dua oxuyurdu...

Biz üç nəfər idik - arvadım, mən və oğlumuz Xəzri. Sərv ağaclarının yarpaqları pıçıldaşır... Nardaran elegiyası... Lənkəranda dəmir ağacları, özünü qayadan aşağı atan şəlalə, bir dəstə cavanın şaqraq gülüşləri suyun səsinə qarışıb axır... Lerikdə düyü tarlaları, qoca əkinçi Lyubaya baxıb gülümsəyir, sanki öz nəvəsinə gülümsəyir... Kəlbəcər dağları, qar, bal və incəbelli qara at... Balakəndə kəndirbazların xalq oyunları... Göyçay, mavi ipək kimi səma, narıncı rəngli xurmalarıyla, karmin qırmızısı narlarıyla... Masallının qürub çağları, lava kimi qaynayır, qədim divarların böyründəki çayxanada ətirli çay. Şuşa - rəngarəng yelkənli bir gəmi, adamın dişlərini göynədən bulaq suyu, Ağsu dolayında Lyubadan şeir oxumasını xahiş edirəm.

...Oğlumuz böyüdü və rəssam oldu. Mən rəssam oğlumu öz canımdan artıq sevirəm, onun istedadına inanıram. Biz onunçün dost-yoldaş idik, o, bizimlə mübahisə eləyə bilərdi, bizə gülə bilərdi, dərdini-sərini bizimlə bölə bilərdi, bir sözlə, biz heç bir qadağa qoymamışdıq, o, azad insan idi.

22.01.1986-cı ildə Lyubaya qırmızı mürəkkəblə məhəbbət etirafı yazdım: "Sabah bizim birgə həyatımızın 20 ili tamam olur, bütün dünyaya bağırmaq istəyirəm, mən dumanda azmış, hara uçub qonacağını kəsdirə bilməmiş mələyə rast gəlmişəm. Mən qocalmışam, üstəlik də indi xəstəyəm, ömrümü sənətimə həsr etdiyimdən həmişə sənə qarşı ədalətli davranmamışam. Mən həmişə demişəm (sən bunu bilirsən), Tanrı mənə üç möcüzə bağışlayıb - sən, rəngkarlıq və Abşeron!

 

Sənin ayaqlarına döşənən Cavad".

 

1985-ci ilin axırlarında yenə qırmızı mürəkkəblə qısaca olaraq öz həyat tarixçəmi qələmə almışdım, amma o qırmızı rəng mənim qanımın rəngiydi, mən qanımın rəngini mənə yabancı olan zəmanənin surətinə çırpmışdım, arvadımla həyatdan getmək qərarına gəlmişdik. O il sanki fəlakət iliydi, hər tərəfdən sıxışdırılmışdım, bədii fondda mənimçün iş yox idi, əvvəlki sifarişin də haqqını ödəməmişdilər, borc borc üstünə yığılmışdı, üç min manat mənimçün astronomik bir məbləğ idi, hamı məndən üz döndərmişdi, bəzi tanışlarım məni görəndə küçənin o biri tərəfinə keçirdilər, bu, mənə çox ağır gəlirdi, onda mədəniyyət nazirinin müavinindən xahiş elədim ki, məndən iş alsınlar, nazir müavini xahişimi rədd etməklə kifayətlənmədi, arvadımı "İnturist"də xaricilərə əsər satmaqla suçladı. Bu, yalan idi, sata bilsəydik, sevinərdik, amma mən kimi tanıyırdım ki... amma doğrudan da Lyuba ilə "İnturist"ə getmişdik, Oljas Süleymanov Bakıya gəlmişdi, "İnturist"də qalırdı, birinci dəfə biz görüşə bilmədik, ertəsi gün saat on iki civarında görüşdük, emalatxanaya getdik. "Şər maşını öz işini görürdü, biz qərarımızı vermişdik... gözlərimizi bu dünyaya əbədi olaraq yummamışdan əvvəl bir musiqi dinləmək arzusundaydım, Lyubadan xahiş elədim televizoru açsın, amma simfonik konsert əvəzində ekrandan böyük planda Çingiz Aytmatov bizə baxırdı. Mən kitablarını böyük həyəcanla oxuduğum yazıçı ilə görüşmək, söhbət etmək istəyirdim - nədənsə mənə elə gəlirdi ki, o, mənim yaradıcılığımı anlayar, başa düşər, əgər bu görüşdən bir şey çıxmasa belə, peşiman olmayacaqdım, mən bu fani dünyanı tərk etməmişdən öncə yazıçı ilə əbədiyyət haqqında dialoqa girmək və bu duyğusal görüşün xatirəsi ilə gözlərimi yummaq arzusundaydım. Tələsik üzümü qırxdım. Budur, arvadımla yazıçının qaldığı qonaq evindəyik, on beş nəfər adam yazıçı ilə görüşmək üçün növbəyə durub, mən onlara deyirəm ki, qapı açılan kimi birinci mən içəri girəcəm, yəqin səsim çox bərk çıxıbmış, doğrudan da bu zaman qapı açıldı, sifəti Filonovun əsərinə bənzəyən ucaboylu cavan kişi göründü, ansızın göz-gözə gəldik... Bu, moskvalı yazıçı Leonid Latınin idi, Leonid mənim bir neçə slaytıma baxdı, çox həyəcanlandı, adamlardan üzr istədi, "rəssam birinci girəcək, vacib məsələdi" dedi.

Otağın ortasında iri cüssəli bir adam dayanmışdı, yazıçı öz kitablarına oxşayırdı, yanında zərif bir qadın vardı, arvadıydı...

 

 

Adil Mirseyid

 

Ekspress.- 2011.- 23-25 aprel.- S.14.