Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurban bu
məhkəmə, onun necə
və kimlərin sifarişi
ilə hazırlanmasını
arxiv materialları əsasında araşdırıb.
Azərbaycan Xalq Cəbhəsinin
lideri, müstəqil respublikamızın sabiq prezidenti Əbülfəz
Elçibəy tərcümeyi-halında
yazırdı: "Kiçik
yaşlarımdan oruc tuturdum (arada gizli tuturdum ki, müəllimlər bilməsin), arabir anamla yan-yana namaz da qılırdım.
9-10-cu
siniflərdə Mir Cəfər Bağırovu
müdafiə etdiyim üçün
bir neçə dəfə müəllimlər
otağına çağırıb məni bu
fikirdən daşındırmağa
çalışdılar" (bax: Əbülfəz Elçibəy. Deyirdim
ki, bu quruluş
dağılacaq. Bakı, "Gənclik" nəşriyyatı,
1992. səh.7).
Əlbəttə, o zaman,
1954-cü ildə Məhəmməd Tağı Sidqi adına
Ordubad 1 saylı şəhər orta məktəbinin
şagirdini nə "fikrindən daşındırmaq", nə
də cəzalandırmaq mümkün idi. Çünki
başda oturanların başı Moskvada həbs olunmuş Mir
Cəfər Bağırovun istintaq materiallarına qondarma ifadələr
toplamağa qarışmışdı. 1956-cı il aprel
ayında M.C.Bağırovun məhkəməsi günlərində
Azərbaycan rəhbərinin saxlanıldığı
otağa Əbülfəz Elçibəy 21 il sonra, 1975-ci ildə
gətirildi. Dövlət Təhlükəsizliyi orqanları tərəfindən
ona qarşı sürülən ittihamda göstərilirdi ki,
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Asiya və
Afrika ölkələri tarixi kafedrasının baş müəllimi
Əliyev Əbülfəz Qədirqulu oğlu 1970-ci ildən
başlayaraq ali məktəb müəllimləri və tələbələri
arasında milli ədavətin
qızışdırılmasına yönəlmiş təbliğat
və təşviqat aparmaqla, eləcə də ardıcıl
olaraq sovet dövlətini və ictimai quruluşunu ləkələyən
böhtan və yalanlar yaymaqla məşğul olur. O
bildirmişdir ki, Azərbaycan respublikası Rusiyanın siyasi və
iqtisadi tapdağından azad olmalı, müstəqillik əldə
etməlidir. 1975-ci ilin yanvar ayında istintaq təcridxanasında
DTK müstəntiqi ilə Ə.Elçibəy arasında belə
bir söhbət olmuşdur:
MÜSTƏNTİQ: - Tələbələr
arasında Lenin haqqında nələr demisən? Dedikləriniz
barədə əlimizdə sənədlər var. Şahid
ifadələrinə baxa bilərsiniz.
Ə.ELÇİBƏY:
- Ehtiyac yoxdur. Leninin yaratdığı xalqlar həbsxanası
onun kim olduğunu açıq şəkildə göstərir.
Onun qurduğu dövlət totalitar rejimin ən eybəcər
formasıdır. Milyonlarca insanları, onlarca xalqları
hüquqdan məhrum edən Leninin kim olduğunu insanlıq
çox yaxşı bilir. Bilməyən yalnız sizlərsiniz.
MÜSTƏNTİQ: -
Çox baş aparırsan. Leninə qarşı belə
danışmağın nə demək olduğunu biləcəksən.
Səni bəsləyib böyüdən torpağa xainlik edirsən.
Kommunist partiyası, dövlətimiz və hökumətimiz
haqqında lüzumsuz şeylər deyirsən. Dünyanın
super gücü olan Sovet İttifaqını pisləməyin
nəyə gətirib çıxaracağını hər
halda bilirsən.
Ə.ELÇİBƏY:
- Bilirəm. Mən Leninin deyil, dərisi soyulmuş, qanı
sorulmuş bir millətin övladıyam. Sənin
üçün Vətən SSRİ ola bilər. Mənim
üçün Vətən ikiyə bölünmüş
Azərbaycandır. Mənim həyatımın qayəsi bu
yaranı sağaltmaqdır, özünü türk bilən
bütün insanlarla birlikdə Azərbaycanı
azadlığa aparmaqdır. (bax: Cəmil Həsənli. Azərbaycanda
milli məsələ: siyasi rəhbərlik və ziyalılar.
"Adiloğlu" nəşriyyatı, Bakı, 2008, səh.
535).
Əbülfəz
Elçibəy həbsdə olduğu illəri 1991-ci ildə
belə xatırlayırdı:
ƏBÜLFƏZ
ELÇİBƏY: - Mənə cəmi ilyarım həbs veriblər.
Yarım ilini yatmışam Dövlət Təhlükəsizliyi
Komitəsində, bir ilini isə daş karxanasına aparıb
işlədiblər. Dövlət Təhlükəsizliyi Komitəsində,
təbii ki, yaxşı insanlar vardı. Məni, əlbəttə,
müdafiə etmirdilər, canavar kimi üstümə
düşmüşdülər. Ən pisi bu idi ki, istəyirdilər
mənimlə bərabər müəllim yoldaşlarımdan,
yaxın dostlarımdan, tələbələrimdən də
bir neçəsini tutsunlar, işi böyütsünlər. Onların
bu cür yanaşmasından duyulurdu ki, təqribən 10-15 nəfər
tutulmalıdır. Mən də çalışırdım
ki, tək gedim, yəni ətrafımda tələbələrim,
müəllim və yoldaşlarım olmasın. Mən deyirdim
ki, hamısını mən eləmişəm, nə varsa
öz üstümə götürürdüm. Hətta bunu
dedilər ki, sən hər şeyi üstünə
götürüb istəyirsən ki, tək gedəsən,
yoldaşlarını xilas edəsən - bu olmayacaq. Çox bərk
girişmişdilər.
Daş daşımağa
gəldikdə isə, maddə vardı, özümə
oxudular ki, siyasi işlər üzrə tutulan adamlar islah-əmək
düşərgələrində ən ağır işdə
işləməlidirlər. Guya onlar ən ağır işdə
işlədilməklə islah olunacaqlar. Məni əvvəl
apardılar daş kəsilən yerə - daş
karxanasına. Gündə düzürdülər itləri
qabağa, əsgərlər ətrafımızda. İtləri
üstümüzə qısqırdırdılar, yoldan
çıxmaq olmaz. Bir balaca etiraz edən kimi
başımızın üstündən güllə
atırdılar: "Yatın yerə!", nə bilim nə...
Çox əzab-əziyyət, vəhşilik içərisində
idik. Bir-iki dəfə tüfəngi mənim üstümə
dirəyiblər, çünki iti qısqırdıblar
dustaqların üstünə, mən cumub itə təpiyimlə
vurmuşam, vuranda tüfəng çəkiblər
üstümə. Sonra dustaqlar məni müdafiə ediblər.
Deyirdilər ki, gündə
900-950 daş yükləməlisiniz maşına, o yekə
daşlardan. Bir-iki gün elə işlətdilər. Sonralar
uşaqlar başladılar kömək etməyə. Çox
vaxt yükləməyi özləri edirdilər;
görürdülər ki, mənim gücüm çatan
şey deyil. Məhbusların köməyi olmasaydı, orada mənim
vəziyyətim yəqin ki, çox ağır olardı. (Göründüyü
kimi, əvəzsiz ziyalı Ə.Elçibəyin Qaradağda
yetmişinci illərdə başına gətirilən
müsibətlər qanlı Sovet rejiminin Sibir həbs
düşərgələrindəki otuzuncu illər qəddarlığını
da kölgədə qoymuşdu - T.Q.).
Tutulanların böyük
bir hissəsi sürücülərdi - yol qəzalarında
özünün qohum-qardaşı yanında ölüb,
tutub salıblar bura. Torpaq üstündə tutulanlar da
vardı, oğrular, adam öldürənlər, ev talayanlar da
vardı... Onlar xüsusən bir şeyə görə mənə
hörmət edirdilər - Dövlət Təhlükəsizliyi
Komitəsində yatmağıma görə. Həbsxanada
yatanların bir qanunu var - dostunu, yoldaşını satmamaq!
Heç kimi satmamısansa, hörmət edirdilər. Mən
ora girməmişdən barəmdə bilirdilər, gələn
kimi dedilər ki, istəyiblər çox adam tutsunlar,
heç kəsi satmamısan, ona görə sənə
hörmətimiz var. Vurub-tutan, oğru ideyasını aparan məhbuslar
yığılıb müzakirə eləyib qərara gəliblər
ki, bu adam (Əbülfəz bəy - T.Q.) toxunulmaz adamdır,
ona hörmət edilməlidir. O da imperiyaya qarşı
mübarizə aparır, biz də. Orada cavanları, elə
başqalarını da çox suallar
maraqlandırırdı. Siyasi suallar, həyat sualları,
SSRİ-yə dair suallar, dini suallar...
Çox vaxt deyirdilər
ki, sən bizə bunları izah elə, işini biz görərik.
Gedib tez maşını
yükləyib gəlirdilər. Mən onlarla söhbət
aparırdım. Ona görə
mənim hörmətimi
saxlayırdılar. Orada
DTK-nın öyrətdiyi
adam vardı,
mənə ilişdirdi.
Ancaq özüm üstündən
keçirdim ki, eybi yoxdur. İki dəfə məni öldürmək istəyiblər.
Bir dəfə gecə qaranlıqda ara qarışdı.
Mən keçdim adamları aralamağa (bir-birini bıçaqlayırdılar,
aranı bilə-bilə
qatmışdılar), o zaman
məni vurmaq istəyəndə arxamda adam olub,
o qoymayıb, bıçağı
tutub alıb. Sonra vurmaq istəyəni bildim. O, öyrədilmiş
adamdı. Dandı, dedi ki, qaranlıqda
səni heç tanımamışdım.
İstəyirdilər ki, məni
həbsxanada bir də dolaşdırıb, işi
artırıb başqa yerə göndərsinlər. Özüm
ərizə yazdım ki, mən siyasi dustağam, burada qalmaq
istəmirəm, xahiş edirəm məni göndərin siyasi
dustaqlar olan düşərgəyə. O ərizəni rədd
etdilər. İki dəfə yazdım, qəbul etmədilər.
Sonradan hiss etdim ki, məni buraxmaq da istəmirlər. İki-üç
dəfə istədilər ki, işi qurdalasınlar. Ancaq yenə
başa düşmədim, görünür, vətənpərvər
insanlar kömək etdilər işin uzanmasına. Məsələn,
orada dustaqlar vərəqə yaydılar ki, qalxın! İndi
bizim "Azadlıq" qəzetində olan "El
gücü-sel gücü!" şüarı
altındaydı, bir neçə də mənim ifadələrim.
Dedilər ki, bu ifadələr DTK-da sənin sözlərin
kimi dəftərə düşüb, bu yazı sənin olar.
Bildirdim ki, bu şeyləri camaata burada da
danışmışam, amma bu yazı mənimki deyil, o vərəqəni
yazmamışam.
Dustaqlıq həyatı
çox ağırdır, o da bir dərsdir, yəni haqlı,
yaxud haqsız əzilən insanlar orada çoxdur. Orada hər
cür insan var, həyatın bir növ dibidir. Həyatın
dibinin haradan başlandığını adam görür. Cəmiyyətlə
daha yaxşı tanış olursan. Çünki orada müxtəlif
zümrələri təmsil edən hər cür adam var. Ancaq
psixoloji cəhətdən çox çətindir, dözmək
olmur, çox ağırdır. Məsələn,
görürsən ki, 19-20 yaşında cavan uşaqlardır,
kiçik bir sözün üstündə bir-birinin
üstünə bıçaq çıxardırlar. Sən
də həmişə bıçağın arasına girirsən,
araşdırmayanda olmur (ağsaqqallıq məsələsi
var). Elə olub iki bıçaqlaşanın arasına
girmişəm, biri arxadan bıçağı kürəyimə
dirəyib ki, çəkil, vururam. Demişəm ki, vursan,
çəkilməyəcəyəm. Axırda hirslə
bıçağı vurub daşa, çıxıb gedib. (Həmin
o iki nəfər bir aydan sonra barışdılar, gəlib məndən
üzr istədilər. Həmişə minnətdarlıqla
deyirdilər ki, sən olmasaydın, ikimizdən birimiz ölməli
idi, birimiz də doğranacaqdı). Belə şeylər
çox olurdu. Sonradan mənə hörmət bir az da
çoxalırdı.
Mən həbsdən
çıxanda bir qərar vardı ki, kim haradan tutulubsa, həmin
yerə işə qayıtmalıdır. Mən də
qayıtdım universitetə. Rektor Faiq Bağırzadə
baxdı, soruşdu ki, sən kimsən ki? Dedim ki, mən filankəsəm.
Dedi ki, hə, dünyanı qatışdıran o filankəs sənsən?
Mənim səndən xəbərim olmayıb. Cavab verdim ki, elə
bəla orasındadır ki, universitetin müəllimi tutulur,
bundan rektorun xəbəri olmur.
Universitetə
götürmədilər. Gəldim Şərqşünaslıq
İnstitutuna. Rəhbərlik məni işə götürmədi.
Beş-altı ay işsiz qalandan sonra Cahangir müəllim Əlyazmalar
İnstitutuna götürdü. O belə şərt qoydu ki,
daha o şeylər getdi ha, bura universitet-zad deyil, Əlyazmalar
İnstitutudur, gələcəksən, hər gün əlyazmalarla
işləyəcəksən. Mən də
dedim ki, işləyəcəyəm..."
Teyyub Qurban
Ekspress.-
23-25 aprel.- S. 15.