Ocaq tarixi fotolarda

 

"Abşeron" rəsm qalereyasında Asif Ata Ocağı ilə bağlı sərgi açılıb

 

Aprelin 21-də (21 Çiçək 33-cü il) İçərişəhərdəki "Abşeron" rəsm qalereyasında "Ocaq tarixi fotolarda" adlı fotosərgi açılıb. Bu haqda İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı məlumat verib.

Sərgidə Ocaqçılar, Ocaq dostları, habelə Azərbaycanın tanınmış aydınları, elm, sənət xadimləri, jurnalistlər iştirak ediblər.

Sərgini giriş sözü ilə açan qalereyanın direktoru Eldəniz İbrahimov iştirakçıları salamlayıb, Asif Ataya həsr olunmuş sərgini ictimai önəmli hadisə saydığını bildirib, Atayla bağlı xatirələrini dilə gətirib.

Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh isə deyib: "Bu gün biz bənzərsiz ruhani mübariz, özünü cəmiyyətə qarşı qoymağı bacaran İnam Atanın Yolunun fotolarda əks olunması ilə bağlı sərgiyə yığışmışıq. O cəmiyyət ki, Atanı yaxına buraxmırdı. Atada bu cəmiyyəti dərindən bilmək, tanımaq keyfiyyəti vardı".

Ruhani Başçı Atanın "Azərbaycanımız-Azərbaycanlığımız" adlı dəyərlər sistemi haqqındakı fikirlərinin mahiyyətini açıb: "Bura Atanın adına, eşqinə toplaşmışıq. Ataya səcdə edənlərin birincisi mənəm. Sonra başqaları gəlib. Bu səcdə tarixiləşib. Ataya səcdə yeganə hadisədir. Yəni, səcdə olunan da sənindir, səcdə edən də sənsən. Azərbaycan tarixində belə bir hadisə olmayıb. Atanın İrsinə yiyələnməklə Azərbaycanda yeni fəlsəfə, ədəbiyyat yaranacaq, Mütləqə İnam Fəlsəfəsi ilə həyata yeni impuls verəcək. Ataya sarılan Azərbaycanı heç bir ildırım vura bilməz".

Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı sərgilənən şəkillər haqqında danışıb: "Bunlar sadəcə şəkil deyil, bir xalqın möhtəşəm İnam yaradıcılığını göstərən tarixdir".

Fiologiya elmləri doktoru, professor Nizami Tağısoy Ocağın son dönəmdə geniş yayıldığını, Ata fikirlərinin gerçəkləşməsinin canlı şahidi olmasından fərəhləndiyini ifadə edib: "Zaman keçəcək, Asif Atanın böyüklüyü daha yaxşı anlaşılacaq".

Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, tanınmış ədəbiyyatşünas Maarif Teymur Ataya, Ocağa sayğılarını ifadə edib: "Safruhun Ruhani Başçılığı ilə Atanın ideyaları yurdumuzda və dünyada yayılır".

Tanınmış yazıçı-publisist Əlisahib Əroğul da Mütləqə İnamın yayılmasından fərəhləndiyini ifadə edib: "Atanın Dünyabaxışının çağımız və sabahımız üçün böyük önəmi olacaq, bu inamı gələcək nəsillərə əvəzsiz töhfə kimi ötürməliyik".

Tanınmış xanəndə Şahin Babayev Ataya, İnam Evinə sevgisini ifadə edib: "Ocaq dostu olmağımla fəxr edirəm".

Şairlər Qəşəm İlqar Ruhdaş, Seyraqib Coculu Ata ilə bağlı xatirələrini danışıb, Ocaq ruhlu şeirlərini oxuyublar.

Tanınmış rəssam Vaqif Ucatay sərgidən aldığı təəssüratı bölüşüb: "Ata məni özümə tanıtdı."

Yazıçı-publisist Zaməddin Ziyadoğlu Ocağa sevgisini ifadə edib.

Atanın dönəmində Ocaqçı olmuş Əsil (Elxan Hüseynov) sərginin təşkili üçün təşkilatçılara sayğısını bildirib: "Ata mübarizəsini tək başlamışdı. Qürurvericidir ki, onun Ocağı yaşayır və indi çoxlu tərəfdarları var".

Alim-publisist Baba Əhmədli Ocaq yönündə yaradıcılığını inamla davam etdirdiyini söyləyib.

Professor Telman Əliyev Atanın əvəzsiz idrak yiyəsi olduğunu vurğulayıb.

Naşir-publisist Hidayət Musabəyli Ocaqçı olduğu dönəmdə Atanın, Ocağın qarşılaşdığı təhlükəli məqamlardan, çətinliklərdən danışıb.

Rafiq Turabxanoğlu sərgidən aldığı təəssüratı bölüşüb: "Ata ilə, Ocaqçılarla fəxr edirəm. Atanın xoşbəxtliyi ondadır ki, sizin kimi ardıcılarını yetirə bilib. Onun peyğəmbərliyi bundadır".

Memar Səyavuş Dadaş Atanın İnamının insani aqibətlər yaratdığını deyib.

Qeyd edək ki, Azərbaycan ictimai mühitində imzası tanınanlar - şair, tarixçi-alim Şahin Fazil, şair Abbas Abdulla, yazıçı-dramaturq Əmir Pəhləvan, tarixçi-alim Xəliyəddin Xəlilli, yazıçı Rafiq Tağı, Fazil Kərimli, Ağşın Ağkəmərli, Teymur bəy, Ayaz İmranoğlu, Əli Şamil, rəssam Elnur Rəsulov və başqaları sərgiyə tamaşa edib, təəssüratlarını bölüşüblər.

Sərgidə iştirak edən keçmiş Ocaqçılar Ataya, Safruha, İnam Evinə sevgi və sayğılarını ifadə ediblər.

Safruh sonda tədbir iştirakçılarına sayğısını bildirib.

Tədbir boyunca xatirə şəkilləri çəkilib.

Sərgiyə qatılan onlarla iştirakçı Mütləqə İnam Ocağının 33 illik dönəmini əks etdirən və ilk dəfə üzə çıxarılan nadir, tarixi fotoşəkillərə tamaşa edib. Ocaq quruculuğu yönündə sərgilənən fotoşəkillər iştirakçıların böyük marağına səbəb olub. Sərgidə Ocaqçıların bir qismi öz geyimində iştirak ediblər.

Sərgi aprelin 24-dək davam edəcək.

 

 

Ekspress.- 2011.- 23-25 aprel.- S.31.