Şirin xəstəliyin acı fəsadları

 

Ötən il şəkərli diabetdən əlilliyi olan insanların sayı 1852, ölənlərin sayı isə 742 nəfər olub

 

Bu gün dünyada yayılmasına görə şəkərli diabet (ŞD) ürək qan-damar onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Müalicəsi mümkün olmayan, bütün ömür boyu insanı müşayət edən bu xəstəlik daim diqqət, müalicə, nəzarət tələb edir. Hazırda dünyada 330 milyon ŞD xəstə qeydə alınıb və hər 10 ildən bir bu say 2 dəfə artır. Ümumdünya Səhiyyə Təşkilatı surətli yayılmasına görə ŞD-i qeyri-infeksion epidemiya kimi dəyərləndirib.

Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən insanların sayı o qədər də az deyil. Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, ötən il müalicə profilaktika müəssisələrində qeydiyyata düşən şəkərli diabet xəstələrin sayı 134 min 399 nəfər olub ki, bu da ötən illərlə müqayisədə artım deməkdir. Məsələn, 1994-cü ildə ŞD xəstələrinin sayı 45 minə yaxın olub. Əgər xəstə qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevrilər və xəstəliyin fəsadları ortaya çıxmaz. Xəstəliyin fəsadları isə insanın əlil olmasına və ya ölümünə səbəb olur.

 

"Əlil olmamaq üçün   qazancımı dərmanlara xərcləyirəm..."

 

Müsahibim Arif Poladovla diabetə həsr olunan tədbirlərin birində tanış oldum. Söhbət əsnasında öyrəndim ki, o ömrünün 35 ilini ŞD ilə birgə davam etdirir. Dediyinə görə, artıq ayaqlarında problemlər ortaya çıxır. Çətin hərəkət etdiyindən xəstəliyin əlilliklə nəticələnə bilməsindən ehtiyat edir. Amma ayaqlarını müayinə etdirməyə nə avadanlıq, nə də yaxşı mütəxəssis tapa bilmədiyini deyir: "Uzun müddət şəkər olduğuma görə qan damarlarım sıradan çıxır. Gedib ayaqlarımı müayinə etdirmək istəyirəm, amma belə avadanlıqlar yalnız bahalı klinikalarda olur. Həm də çox baha qiymətə. Hökumət tibb müəssisələrində isə belə avadanlıqlar yoxdur. Ən yaxşı halda həkimlər barmaqları ilə damarlara qanın gedib-getməməsini yoxlayırlar. Özəl klinikalarda da imkan olmur müayinə etməyə".

Müsahibim deyir ki, dövlət proqramına uyğun olaraq yalnız insulin problemsiz verilir. Digər dərman preparatları isə ya verilmir, ya da uzun gecikmələrlə həyata keçirilir. Bunu isə poliklinkalarda xəstələrə dərmanın olmaması ilə izah edirlər.

A.Poladov xəstəliyinin indiyə qədər əlilliklə nəticələnməməsi üçün əlində-ovcunda olanları müayinə və müalicəyə xərcləyib. Onun sözlərinə görə, atası da şəkərli diabet xəstəsi olub və gözünün qabağında onun ayaqları bir-birinin ardıyla götürülüb. Bu hiss-həyəcanı bir daha yaşamamaq və doğmalarına yaşatmamaq üçün müsahibim qazancını dərmanlara yatırıb: "Amma indi imkanım o qədər də güclü deyil. Ayağımın altı yara kimidir, yerə basa bilmirəm. Gözlərimdə də zəiflik hiss edirəm. Atamın taleyilə üzləşmək istəmirəm. Bunun üçün də dövlətdən şəkərli diabet xəstələrinə diqqətin artırılmasını istəyirəm. Vaxtlı-vaxtında biz müayinələrə getsək, dərman vasitələrilə təmin olunsaq, əlil olmaqdan qoruna bilərik".

 

Şəkərli diabet nədir və  necə əlilliyə səbəb olur"

 

Respublika Endokrinoloji Mərkəzin endokrinoloqu, Azərbaycan Diabet Liqasının rəhbəri Yeganə Sultanovanın sözlərinə görə, ŞD mədəaltı vəzinin insulin hormonu ifraz edən hissəsinin defekti və ya hüceyrələrin insulin hormonunu qəbul etməməsi, yaxud hər iki vəziyyət birgə olduqda, maddələr mübadiləsinin pozulması, qanda şəkərin səviyyəsinin yüksəlməsi baş verərkən meydana çıxır: "Əfsuslar olsun ki, çox zaman xəstəlik gec aşkarlanır. Çünki ilk əlamətlər meydana çıxdıqda artıq yuxarıda söylədiyimiz proseslər illər boyu öz işini görmüş olur".

Xəstəliyin ilk əlamətlərinin tez-tez və çoxlu miqdarda sidik ifrazının, susuzluğun, dəridə quruluq, qaşınma, yaraların gec sağalması, halsızlıq, bəzi hallarda kəskin arıqlama və s. kimi özünü göstərdiyini deyən Y.Sultanova bildirir ki, təsnifatına görə ŞD ən geniş yayılmış növləri tip2 (insulindən asılı olmayan forma-ümumi sayın 85-90%-ni təşkil edir) və tip1-dir (insulindən asılı olan forma). Eyni xəstəlik olmağına baxmayaraq, yaranma səbəblərinin müxtəlif olduğunu deyən endokrinoloqa görə, deyilən klassik əlamətlər tip2 şəkərli diabet zamanı çox da qabarıq olmadığı və insanlar vaxtında tibbi müayinələrdən keçmədiklərindən, illər boyu öz xəstəlikləri haqqında məlumatsız qalırlar: "Ona görə də güman edilir ki, rəsmi statistikadan əlavə 50%-ə qədər insan diabetli xəstə olması haqqında məlumatsızdır. Tip1 şəkərli diabetlə xəstə olan pasiyentlərdə vəziyyət bir qədər fərqlidir. Bu zaman xəstəliyin əlamətləri çox qabarıq başlayır, əsasən uşaqlarda və gənc insanlarda müşahidə edilir, b hüceyrələrinin tam məhvi ilə səciyyələndiyi üçün əvəzedici hormon kimi insulin müalicəsinə ehtiyac olur".

Müsahibim deyir ki, xəstəliyin yayılmasında ətraf mühit, genetik meyillik, həyat tərzi, piylənmə, stress şəraiti və digər faktroların olması təsir edir.

Xəstəliyin əlilliklə nəticələnməsinə gəlincə, Sultanova ŞD-in kəskin və xroniki ağırlaşmalarının olduğunu deyir. Onun sözlərinə görə, istənilən ağırlaşmaların əsas səbəbləri tibbi-endokrinoloji xidmətin və dərman təminatının zəif olması, pasiyentlərin öz xəstəlikləri haqqında bilik səviyyəsinin və ya əldə etdikləri biliyin tətbiq etmə qabiliyyətinin aşağı olması, iqtisadi-sosial vəziyyətin qənaətbəxş olmamasıdır: "Nadir hallarda heç bir çatışmazlıq olmadıqda belə orqanizmin xəstəliyin gedişatı pisləşə bilər. Kifayət qədər profilaktik tədbirlər tətbiq edilməlidir ki, ŞD xəstəliyinin ölümlə və erkən əlilliklə nəticələnən xroniki fəsadlarının qarşısı alınsın", - deyən həmsöhbətimə görə, xəstəliyin fəsadları əsasən gözlərdə, böyrəklərdə, sinir-əsəb sistemlərində və aşağı ətraflarda özünü göstərir.

Y.Sultanova endokrinoloji mərkəzlərin nəzdində diabet məktəbinin fəaliyyət göstərməsinə diqqət çəkərək bildirdi ki, burada diabetli xəstələrə qanda şəkərin tənzimlənməsi, xəstələrin necə qidalanması, xəstəyə qulluq barədə məlumat verilir: "Biz təlim kursu zamanı üç saatlıq dərsi ancaq düzgün qidalanmaya həsr edirik. Çünki o müalicənin əsas hissəsidir. Pasiyent tibbi preparat müalicəsinin növündən və formasından asılı olmayaraq düzgün qidalanmanı bilməli və tətbiq etməlidir".

Müsahibim deyir ki, hər bir insan potensial olaraq şəkərli diabetlə xəstələnə bilər. Xüsusilə, risk qrupuna daxil olanlar. Lakin düzgün həyat tərzi, yəni idman, təmiz hava, düzgün qidalanma, yaxşı əhval-ruhiyyə, çəkiyə və sağlamlığa ciddi nəzarətlə bu xəstəlikdən qorunmaq olar.

 

Xəstələr qruplara   bölünməlidir...

 

"ŞD xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunun tətbiq edilməsi barədə ölkə başçısının 2004-cü il 12 fevral tarixli fərmanına uyğun olaraq NK-nın 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə "2005-2009-cu illər üzrə ŞD üzrə Dövlət Proqramı" təsdiq edilib. Daha sonra bu proqramın davamı olaraq NK-nın 2010-cu il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə "2011-2015-ci illər üçün ŞD üzrə Tədbirlər Proqramı" təsdiqlənib.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyir ki, ŞD xəstələrin müayinə və müalicəsinin pulsuz həyata keçməsi onların qeydiyyata düşməsinə və sayının çoxalmasına səbəb olub. Dediyinə görə, 8 il öncə ölkədə 30 min ŞD xəstəsi müyyənləşmişdisə, pulsuz müalicədən sonra bu rəqəm 135 minə çatıb: "ŞD ağır fəsadları olan xəstəliklərdən biridir, bununla yanaşı bu xəstəliyi həyat tərzi kimi də qəbul edirlər. ŞD xəstəsi olan adamlar onlara hansı məhdudiyyətlərin olduğunu bilsələr, bu xəstəlik həyat tərzinə çevrilə bilər".

Xəstəlikdən əlillik hallarının yaranmaması üçün müsahibim xəstəliyin vaxtında aşkar olunmasını vacib sayır. Onun sözlərinə görə, belə olarsa, xəstəliyin fəsadlarından qorunmaq mümkün olar: "Bir məsələ də var ki, bizim vətəndaşların sağlamlıq mədəniyyəti yoxdur. Maşınında xırda bir nasazlıq olan kimi aparıb təmir etdirirlər. Amma öz sağlamlıqlarına qarşı biganə olurlar. İnsanlar heç bir vəcdlə özlərinə pul xərcləmək istəmirlər".

H.Rəcəblinin dediyinə görə, xəstəliyin sayında çoxalmalar olduğundan insulin boşluğu yaranıb və bu problem tezliklə öz həllini tapacaq: "Adamların sayı artdığından bir il üçün planlaşdırılan insulin hamıya çatmır. Bundan əlavə, xəstələrin dərman təminatının yaxşılaşdırılması istiqamətində xəstələri qruplara bölmək lazımdır. Sosial müdafiə ehtiyacı olan xəstələr və ehtiyacı olmayan xəstələr. İmkanı olan xəstələr öz hesabına müayinə-müalicə olmalı, digər qrup isə dövlətin pulsuz dərman vəsaitlərindən yararlanmalıdır. Biz isə pulsuz müalicə imkanını bütün ŞD xəstələrə veririk. Ola bilər ki, nə vaxtsa biz bu bölgünü aparaq və pulsuz verilən dərmanların siyahılarını da artıra bilərik. Amma bu gələcəyin işidir".

Dövlət proqramının icrası üçün ayrılan vəsait barədə dəqiq informasiyaya malik olmadığını deyən H.Rəcəbli hesab edir ki, xəstələrin sayı çoxaldığından ayrılan vəsait də çatmır.

 

Xəstəlikdən əlilliyi  olanların sayında artım, ölənlərin sayında isə   azalma var...

 

Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, ötən il ölkədə bu xəstəlikdən əlillik dərəcəsi alan insanların sayı 1852 nəfər olub. Bu da 2009-cu illə müqayisədə sayın çoxalması deməkdir. Belə ki, həmin ildə xəstəliyin ağırlaşması nəticəsində əlillik dərəcəsi alanların sayı 1451 nəfər olub. Bu xəstəlikdən ölüm halları isə azalıb. Nazirlikdən bildirilib ki, 2009-cu ildə bu xəstəlikdən dünyasını dəyişənlər 806 nəfər, ötən il isə 742 nəfər olub.

SN-dən verilən məlumata görə, əlilliyin qarşısının alınmasında xəstələrə reabilitasiya mərkəzləri və diabet məktəblərinin müsbət təsiri olur. Bundan əlavə, nazirlik ŞD xəstələrinin vəziyyətinin pisləşməməsi istiqamətində dövlət proqramına uyğun olaraq bütün işlərin lazımı səviyyədə həyata keçirdiyini bildirir. Dərman vasitələrilə təminatda gecikmələrə gəlincə, nazirlikdə bu halların olduğunu etiraf edirlər və gecikmələrin qısa müddətdə həll olduğu qeyd edilir. Dövlət xəstəxanalarında lazımı avadanlıqların olmamasına gəlincə isə SN bu fikirləri qəbul etmir, dövlət xəstəxanalarında lazımı avadanların olduğunu, müalicə və müayinənin pulsuz həyata keçirdikləri vurğulanır: "Özəl klinikalara da biz pulsuz xidmət göstərmələrini tapşıra bilmərik".

 

ŞD xəstələri nə zaman əlil hesab edilir"

 

Təlimata görə, 6 ay eyni xəstəlik üzrə qeydiyyatda olduqdan sonra müalicə həkiminin təqdimatı ilə Həkim Məsləhət Komissiyası tərəfindən tibbi Sosial Ekspert Komissiyasına (TSEK) "88 nömrəli Forma" göndəriş verilir. TSEK qərarından asılı olaraq, vətəndaş müalicəsini davam etdirir, vətəndaşa müəyyən əlillik dərəcəsi verilir və ya tibb müəssisəsinin göndərişi əsassız hesab edilərək əlillik təyin olunmur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertizasının Təşkili və Əlillərin Reabilitasiya Şöbəsinin müdir müavini Saday Abdullayevin sözlərinə görə, əlilliyin təyinatı da müddətli olur. Belə ki, I qrupa əlillər 2 il müddətinə təyin olunur. İki dəfə 2 il müddətinə təyin olunan birinci dərəcəli əlillərə üçüncü dəfəki müraciətində müddətsiz əlillik verilir. II qrup təyin olunan əlillər isə 10 il müddətində ardıcıl komissiyadan keçirlər və 11-ci il müddətsiz əlillik təyin olunur. III qrup isə anatomic qüsurlar və dəyişiklikdən asılı olaraq müddətsiz və müddətli təyin edilir: "Amma bir məsələni də diqqətə çatdırım ki, xəstənin vəziyyətindən asılı olaraq, reabilitasiya tədbirləri nəticə vermirsə, xəstəni hər il müayinəyə gətirməyə ehtiyac olmur və müddətsiz əlillik verilir".

ŞD xəstəliyinin ağırlaşmasından əlillik təyin olunan insanların böyük əksəriyyətinin 40-50 yaş arasında olanlar təşkil etdiyini deyən müsahibim, əsasən görmə qabiliyyətinin itirilməsi səbəbindən əlillik alanların sayının çox olduğunu bildirdi. Əlilliyə görə müavinətin verilməsinə gəlincə, nazirlik rəsmisi bunu xəstələrin əmək stajından asılı olduğunu deyir. Stajı olmayanlara və sosial müavinət alan əlillər isə I qrupa 55, II qrupa 45, III qrupa isə 35 manat müavinət verilir.

 

 

Aytən NƏBİYEVA

 

Ekspress.- 2011.- 23-25 aprel.- S. 6.