Teatrda rejissor birinci, direktor ikincidir...
Əməkdar
incəsənət xadimi, rejissor Bəhram Osmanov APA-ya
müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.
- Bəhram
müəllim, necəsiniz və haralardasınız? Akademik
Milli Dram Teatrından işdən öz istəyinizlə
uzaqlaşdınız. Bu hadisədən sonra
atdığınız addımla bağlı təfərrüatı
ilə danışmaq istəmədiniz...
- Görünür, insanın sənətdə
elə bir vaxtı gəlib çatır ki, adam daha sərbəst
işləmək, azad olmaq istəyir. Gənclik həyatımdan
bu günə qədər Akademik Milli Dram Teatrında müxtəlif
vaxtlarda hər hansı pyesin hazırlanması
üçün teatra rəhbərlik edən şəxsi uzun
bir inandırma prosesi keçmişəm. Bir əsərin
hazırlanmasından əvvəl bir il söz-söhbət
gedir və ondan sonra bu əsərin səhnələşdirilməsinə
icazə verilir. Yəni gücün xeyli hissəsi onu
inandırmağa gedir. Görünür, elə zaman
çatdı ki, artıq bundan yoruldum, usandım və
çox rahat şəkildə düşündüm ki, istər
yaradıcılığı, istərsə də həyatı
belə qurmaq olmaz. Mənim teatrdan getməyimdə qeyri-adi bir
şey yoxdur. Mən onsuz da Akademik Milli Dram Teatrında işləyəndə
də müxtəlif bölgə teatrlarında tamaşalar
hazırlamışam.
- İndiki rəhbərliklə münasibətləriniz
necədir? Bəlkə teatrda kardinal rəhbərlik dəyişikliyi
və mövcud vəziyyət Sizi qane etmədiyi
üçün bu addımı atdınız?
- İşdən çıxmazdan əvvəl
indiki rəhbərliklə dəfələrlə söhbətimiz
olub. Bu söhbətlər bizim ikimizə aid olub, yəni
ictimaiyyətə aidiyyəti olmadığından
danışmağı lüzum bilmədim. Sadəcə
özümü İsrafil İsrafilovun
düşündüyü komandada görmədim və getdim.
Ümumiyyətlə, teatrda islahatlar adı altında baş
verənləri qəbul edə bilmədim. İslahat o demək
deyil ki, kimisə işdən xaric edəsən. İndiki
islahat proqramında da bu şeylər vardı və
görünür cənab direktor islahatı məhz bunda
görür. Mən orada bu gün hökm sürən rejissuranın
lazımsızlığını hiss elədiyim
üçün o teatrdan getdim. İstəyirlər teatrdan
getməyimi etiraz kimi qəbul etsinlər... 20 ilə
yaxındır pedaqoji fəaliyyətlə məşğulam
və tam dəqiqliyi ilə anlamışam ki, bir aktyorun
yetişdirilməsi üçün təhsildən əlavə,
peşəkar teatrda azı 10 il vaxt lazımdır və
yalnız 10 ildən sonra demək olar ki, bu aktyordur, ya deyil. Əlbəttə
lazımsız deməzdim, müəyyən yaşantılar nəticəsində
artıq yorulan, bezən sənət adamları var ki, onlar bu
gün deyil, onlar illərdir teatra yük olaraq qalırlar. Amma
onlar sənət adamlarıdır və onları birdən kəsib
atmaq düzgün deyil. O insan gərək özü lazım
və ya lazımsız olduğunu hiss etsin...
Bu gün Azərbaycan teatrında çox
güclü orta nəsil var. Bir neçə ildən sonra
onlar da gözləməkdən usanacaqlar. Bu gün boş
qalmaqları onları incidir.
- Çıxışınızdan belə
qənaətə gəlmək olar ki, İsrafil müəllim
rəhbər olduğu müddətdə o teatrda tamaşa
qoymayacaqsınız? Əgər təklif gəlsə,
hansı şərtləriniz olacaq?
- İsrafil müəllim o teatrın
direktorudur və heç bir teatrda direktor yaradıcılıq
işlərinə qarışmır. Hətta qonşu Rusiyada
elə bir teatr yoxdur ki, orada direktor yaradıcılıqla məşğul
olsun. Rusiyanın ən güclü rejissorları bu gün bədii
rəhbərdir və direktor ikinci adamdır. Həmişə
də belə olub. Azərbaycanda isə direktor həmişə
Bədii Şuranın sədri olub, baş rejissor həmişə
ikinci adam olub. İsrafil İsrafilov teatrın sadəcə
direktorudur, o teatrın bədii rəhbəri deyil, baş
rejissoru deyil. Bəlkə də İsrafil İsrafilov kimisə
axtarır... Azərbaycan rejissurasında adları olmayan, amma
rejissor sayılan şəxsləri teatra dəvət edib,
onların vaxtını uzatmaq üçün tamaşalar
verir ki, kollektivin başı qarışsın və işləsin.
Yəqin ki, öz qəlbinə hansısa birini yaxın bir
adam hesab edir və nə zamansa məsələ qaldıracaq
ki, bu adam teatrın baş rejissoru olsun. Yəqin ki, belə
olacaq, onsuz mümkün deyil. Teatrda rejissorun ənənəvi
işləməməsi yaxşı hal deyil. Rejissorun teatrda
işləməyi həmin truppanın sabit qalmağı deməkdir.
Rejissor aktyorlara ümid verir.
- Teatra yeni baxışı kim gətirəcək?
Xarici rejissorlar?
- Tamaşanı hazırlayan rejissor gətirməlidir
bu baxışı. Əgər onda yeni baxış yoxdursa, o
zaman başqa bir rejissor dəvət olunmalıdır və
bunu o etməlidir. Gəlmələr bilə bilməzlər,
çünki heyəti tanımırlar. Gəlmələr gəlir,
uzağı bir-iki tamaşaya baxır, teatrın direktoru
rolları seçir və təqdim edir. O da işləyir, bir
tamaşa qoyub pulunu alıb gedir. Bu, çıxış yolu
deyil... Əgər mən bu gün Gənc
Tamaşaçılar Teatrında dəvətli olaraq bir
tamaşa hazırlayıramsa, bu o demək deyil ki, mən o
teatrın sənət həyatını tamam dəyişəcəyəm.
Qətiyyən. Dəvət olunan rejissorlar sadəcə bir
balaca tərpəniş edib, öz işlərini görüb
gedirlər. Yerdə qalan həyat teatrın öz həyatıdır.
Hər dəvət olunan rejissor bundan başqa heç nəyə
malik deyil. 40 günə heç bir insan gəlib burada heyrətamiz
bir şey edə bilməz, heç buna həvəsi də
olmaz. Kənardan dəvət olunan rejissorların heç biri
gəlib Azərbaycan teatrını dünya səviyyəsinə
çıxara bilməz. Azərbaycan teatrı daim inkişafda
olub. Müxtəlif illərdə, müxtəlif uğurlu
tamaşalar da olub. Azərbaycan teatrının 138 yaşı
var və biz bu teatrı yaratmamışıq ki, şəxsi
sərvətimiz kimi məhv edək.
- Sizcə rejissor teatra rəhbərlik edə
bilər? Siz özünüzü Akademik Milli Dram
Teatrının rəhbəri olaraq
görürsünüzmü?
- Belə bir söz var - general olmaq istəməyən
əsgər, yaxşı əsgər deyil. Bu gün normal
sayılan bütün teatrların hər birinin rəhbəri
rejissordur. Bizim teatr ənənəsində Adil İsgəndərov
və teatrın ən çiçəklənən
dövrü sizlərin, mənim görmədiyim həmin
dövr olub ki, o dövrü əfsanəyə çeviriblər.
Adil müəllim teatrı həm böyüdə, həm
kiçildə bilərdi. Teatr həyatı məhz budur, ancaq
yekunda nə isə bir şey göstərməlisən. Adil müəllim,
Tofiq Kazımov bunu öz dövründə göstərməyi
bacardı. Yenə də təkrar edirəm öz
dövründə, amma bu gün XXI əsrin 2011-ci ilində
oturub Adil İskəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov,
Məhərrəm Haşımov, Nəsir Sadıqzadə, Əşrəf
Quliyev üçün həsəd aparmaq lazım deyil. Teatr sənəti
canlı sənətdir və bu gün
yaşadığımız dövr üçün
lazımdır. Hər bir dövrün özünün sənət
adamları var, onları qiymətləndirmək
lazımdır. Akademik Milli Dram Teatrında işlədiyim
dövrdə müəyyən ekstremal vəziyyət olanda mən
hər zaman çağırılmışam və həmişə
mənimlə bir fikir mübadiləsi aparılıb. Gəncədə
iki il müddətində baş rejissor əvəzi kimi ezamiyyətdə
olmuşam və sözün əsil mənasında tam
ölü bir yaradıcılıq müəssisəsini bu
müddətdə yeni təyin olunmuş direktorla bərabər,
bir balaca tərpəniş edən teatra çevirmişik. Təyin
olunan rəhbər bir il müddətində repertuarı
seçir və heyətini yığır. Və gələcək
üç il müddətində konkret hansısa yüksəlişləri
dəf edir. Akademik Milli Dram Teatrında növbəti
üç il ərzində bu yüksəlişi görsəm,
sevinərdim. Çox təəssüf ki, vədlər
verilir, amma yerinə yetirilmir. Mən istərdim ki,
bütün vədlər yetirə yetirilsin.
- O zaman belə qənaətə gəlmək
olar ki, Azərbaycan teatrının mövcud vəziyyətində
günahkar əslində rejissorlar yox, teatr rəhbərləridir?
- Azərbaycan rejissurasının yüksək
səviyyədə olduğunu deyə bilmərəm. Bu
gün Azərbaycanda rejissor barmaqla sayılacaq qədərdir.
Əgər 4-5 rejissor varsa və onlara dəstək verilirsə,
o zaman kənardan rejissor axtarmağa ehtiyac yoxdur. Bu kifayət
edir. Rejissor həmişə olub, sadəcə olaraq onlar qiymətləndirilmir,
onlara lazımi şərait yaradılmır.
- Bir müddət hansı tamaşanın
yaradıcı heyətinə baxırdıqsa, rejissor olaraq
Sizin adınızı görürdük. Nə vaxtdır
adınıza rast gəlmirik.
- Bu bir fasilədir. İnana bilmərəm
ki, həmişə belə olacaq. Akademik Milli Dram Teatrında,
Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar
Teatrında və Mədəniyyət və İncəsənət
Universitetində gənc aktyor və rejissorlarla tamaşa
hazırladım. Sənət yanğısını bununla
öldürmək olar. Yaratmaq isə hələlik qismət
deyil, bu hissi də qəlbimdən tədricən
çıxarıb atıram kənara ki, məni incitməsin.
Bu bir il ərzində bəlkə də mən illərlə
oxumadığım pyesləri oxumuşam. Sizin suala gəldikdə...
Görünür, hələ uzun müddət sınaqlardan
çıxmalıyam. Bakıda məni istəyən
çoxlu sənət adamı var, çoxlu teatrlar var ki,
onların rəhbərləri mənə inanır. Onların
arasında Mübariz Həmidov, Əliqismət Lalayevin
adını çəkə bilərəm.
- İsrafil İsrafilov isə inanmadı?
- İsrafil müəllimi 30 ildən
çoxdur tanıyıram. Tədris Teatrının direktoru
olub və mənim kövrək tamaşalarım onun rəhbərlik
etdiyi dövrə təsadüf edib. Amma bu, təbii şeydir,
hər bir adamın öz komandası olur, onun daha çox
inandığı, pərəstiş etdiyi adamlar olur ki, buna
da mən çox təbii baxıram. Allah eləsin ki, həmin
o adamlar teatrı düzəltsinlər, sizin arzularınız
gerçək olsun, aktyorların danışıqlarına
son qoysunlar, onlar həyəcan təbili çalmasınlar. Qəzetlərə
çıxanda teatra doğmalıqdan danışsınlar. Əgər
bunu bacarmırıqsa, gərək işləyə bilən
adama mane olmayaq və öz iddiamızı içimizdə
boğaq və çıxaq gedək. Mən sənət
yoldaşlarımla da danışıram, deyirəm gözləyin,
bəlkə doğrudan da nə isə olacaq. Amma bir şey
var, həyat uzundur, ömür isə qısa, ancaq sənət
əbədidir, heç kəs deyə bilməz ki, "bu mənimkidir,
mən varamsa, sənət var, mən yoxamsa, sənət
olmayacaq". Teatr Xadimləri İttifaqının sədri Azərpaşa
Nemətov qəzet səhifələrində bildirir ki,
"teatrlara rejissor lazım deyil, teatr direktorun teatrı
olmalıdır". Bu, kökündən səhv fikirdir.
Birinci növbədə bu çıxışlarla
özünə yalan danışır, öz qəlbinə
satqınlıq edir. Teatr rejissuradır, rejissura teatrın
beynidir, aktyor rejissorsuz heç bir şey edə bilməz. Amma
deyəndə ki, lazım deyil, bu fikir məni çox incidir.
Amma mən bunu ürəklə deyirəm - lazımdır!
Direktor hər şey edə bilər - teatra maddiyyat gətirə
bilər, qastrollar təşkil edə bilər, müxtəlif
ölkələrdən rejissorlar dəvət edə bilər,
amma bu o demək deyil ki, o teatr canlı teatrdır. Teatra rəhbərlik
edən həmişə rejissor olmalıdır.
- Müxtəlif
teatrlarda tamaşalar qoyursunuz, azad rejissor kimi fəaliyyət
göstərirsiniz. Bəs, özünüzü hansı
teatrda tapmısınız?
- Heç
bir teatrda. Bu gün mən ancaq tək olanda
düşünürəm, çoxlu ideyalarım var. Əbdürrəhim
bəy Haqverdiyevin "Şeytanın cəhənnəmə məktubları"nı
səhnələşdirmək istəyirəm. Ancaq bunu
hansı teatrda hazırlayacağam, onu bilmirəm.
-
Aktyorlarımız gileylənirlər ki, rejissorlar aktyor
seçimində şəxsi münasibətlərə önəm
verirlər, nəinki istedada.
- Mən
belə şeylər etməmişəm. Bəlkə də mənim
haqqımda bu cür fikirlər səsləndirirlər. Mehdi Məmmədov
deyirdi ki, "rejissor gərək yalquzaq kimi tək olsun".
İnsanıq da, kimsə kiminləsə yoldaş, dost olar.
Amma bu o demək deyil ki, şəxsi münasibətlər
rejissorun rol bölgüsündə rol oynayır. Mənim
aktyorlardan ən yaxın dostum olub, məsələn, mərhum
Kamal Xudaverdiyev və Yaşar Nuri. Mən hətta onlara
tamaşada oynayacaqlarını bilə-bilə əvvəldən
bunu deməmişəm, istəmişəm ki, öz
adlarını əmrdə görsünlər. Çünki
son anda rollar dəyişilə bilərdi. Bəli, Akademik Milli
Dram Teatrında elə aktyor və aktrisalar olub ki, onlara bir dəfə
də rol verməmişəm. Hazırladığım pyeslərdə
onları görməmişəm və bir qorxum olub ki, verdiyim
rola nadinclik edər və gəlməz.
- Yeri gəlmişkən, eşitmişik
xalq artisti Səyavuş Aslanla münasibətləriniz
pozulub...
- Səyavuş Aslanla münasibətlərimiz
çox gözəl olub, mən onu kifayət qədər
çox istəyirəm. Səyavuş müəllim çox
yaxın adamım olub. Sadəcə olaraq son bir-iki ildə
aramızda anlaşılmazlıq oldu. Mən həmişə
onun nazı ilə oynamışam. Gördüm ki, onun
nazı ilə həddindən artıq çox
oynamağım artıq digər aktyorlara pis təsir edir. O da
bundan çox ərköyünlük edir. Məcbur olub, Səyavuş
Aslanı "Arılar arasında" tamaşasından
çıxartdım. Bildiyimə görə, ondan sonra kifayət
qədər çıxıb mənim haqqımda
danışdı. Bu, onun öz fikirləridir. Səyavuş
Aslan Azərbaycan teatrının çox mötəbər
aktyorlarından biridir, amma daha böyük aktyor ola bilərdi...
- Bildiyimə görə, "Kaş araba
aşmayaydı" tamaşası da məhz Səyavuş
Aslanla olan münasibətlərinizə görə repertuardan
çıxarıldı.
- Bəli, bu, Səyavuş Aslanın ən
gözəl rollarından biri idi. Səyavuş Aslan Əli Əmirlinin
"Varlı qadın" tamaşasında da çox gözəl
rol oynayırdı. Amma təəssüf ki, hər iki tamaşanı
müəyyən müddət keçəndən sonra
oynamaqdan imtina etdi. "Varlı qadın" digər aktyorlar
tərəfindən oynanıldı, amma "Kaş araba
aşmayaydı" tamaşası qaldı böyrü
üstə. Sonra bu tamaşanın da başqa aktyorlar tərəfindən
oynanılması təklif olundu, razılaşmadım. Bu da mənim
Səyavuş Aslana hörmətimdən irəli gəlir. Mən
o pyesi onun üçün tapıb işləmişdim. Bu tamaşalar aktyor
ərköyünlüyünün qurbanı oldu...
Ekspress.-
2011.- 28 aprel.- S. 10.