"Cənubi
Azərbaycan azad olan kimi Türk dünyası
birləşəcək"
Qulamrza Səbri Təbrizi: "Azərbaycan diasporu vətən, millət naminə yola çıxmalı, ölkəni təbliğ
etmə gücündə olmalıdır"
"Dünya azərbaycanlılarının bir araya gəlməsi
yönündə illərdir bir çox məsələləri dünya ictimaiyyətinin diqqətinə
çatdıran təşkilatlar olub və
həmişə də olacaq. Çox təəssüf ki,
görüntü baxımından millət
naminə işlər görən təşkilatlar, əslində
öz xeyrini güdməkdən
başqa bir iş görmür". Bu fikirlər Dünya Azərbaycanlıları
Konqresinin fəxri sədri, Güney Azərbaycan Milli
Azadlıq Cəbhəsinin sədri, professor
Qulamrza Təbriziyə aiddir.
Onunla bir neçə
saatlıq söhbətimizdə də əsasən bu məsələdən bəhs etmişik.
- 2
ildir ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinə
rəhbərlik edirsiniz. Belə bir cəbhəyə
illərdir ehtiyac varkən, hansı səbəbdən
bu qədər gec fəaliyyətə
başlamısınız?
- Əslində bizim mübarizəmiz
məşrutədən başlayaraq Xiyabani, Pişəvəri
dövrünə qədər davam edib. İllər
öncə isə bir qrup
ziyalı bir araya gələrək
fikir mübadiləsi
apardığımız zaman o nəticəyə gəldik ki,
azadlığımız milli hərəkatdan
başlayır və milli hərəkatı
daxildən başlamalıyıq. Hələ
1959-cu ildə Avropa ölkələrində
olduğum zaman geniş mütaliələrlə dünya yazarlarının əsərlərini
oxuyaraq geniş bilgilər
əldə etsəm də, sonda başa düşdüm ki, önəmli olan öz dilimizdir, öz dilimizdə yarananlardır və oxuduğumuz hər bir məqamlarla
- yəni dünya ölkələrində
baş vermiş
proseslərlə öz dilimizdə
tanış olmalıyıq. Təxminən 30 il
bundan əvvəl milli
hərəkatlarla bağlı geniş müzakirələr
keçirməyə, geniş fikir mübadiləsi aparmağa
və tədricən həmfikirlərimizlə bir
araya gəlməyə başladıq. Sonuncu toplantımız Hollandiyada
oldu, orada yaşayan ziyalı azərbaycanlılar bir araya gələrək
belə bir qərar qəbul etdik: Milli Azadlıq Hərəkatını
siyasi formada
başlamalı. Nəhayət ki, ikinci dəfə yenidən dünya
azərbaycanlıları ziyalı təbəqəsi bir araya gələrək
fəaliyyətə start verdi.
Gördüyünüz kimi,
son nəticə olaraq
artıq fəaliyyətimiz diqqətdə dayanır.
-
Konkret olaraq qarşınıza hansı məqsədi qoydunuz?
- Təbii ki, konkret məqsəd məlum
idi - Milli Azadlıq Cəbhəsi özünü, milləti
azad etməlidir. Öz ayağımız üzərində duraraq milləti azad etmək
yolunda var
gücümüzlə çalışmalıyıq. İlk olaraq dil məsələsini önə çəkdik.
Təbii ki,
çalışdığımız gündən təqiblərə,
təzyiqlərə məruz qaldıq, tərəfdaşlarımız
zindan əzablarına qatlaşmalı oldu. Çox çətin
həyat yaşadıq. Yəni görüntü
etibarilə 3 illik fəaliyyət olsa da, illər öncə
mübarizə uğrunda qurbanlar
verdik. 1959-cu ildə mən ana torpağımı tərk etmək məcburiyyətində
qaldım. Öncə yaşamaq üçün Türkiyəni seçdim və orada siyasi fəaliyyətimi davam
etdirməyə başladım. Dil əleyhinə
olan mübarizəyə qoşulanlar
çox olsa da təzyiqlər, təqiblər göz açmağa imkan vermirdi. Buna görə də vətəndən uzaqda müxtəlif ölkələrdə fəaliyyət
göstərməli olurdum. Siyasi fəaliyyətimlə yanaşı,
yüksək təhsilə sahib oldum.
- Hətta
o çətin illərdə bədii yaradıcılıqla
da məşğul olmanız diqqətdən qaçmır...
- Bədii yaradıcılıq mənim
daxili dünyamda baş verən prosesləri sözlərin
gücü ilə oxucuya çatdıran bir vasitə idi. Vətən
həsrətimi, dil problemimi,
məruz qaldığımız təzyiqləri bədii
yaradıcılığımda geniş formada əks etdirə bilirdim.
Bir məqamı acı da
olsa diqqətinizə çatdırmaq istərdim.
Mən ilk illərdə əcnəbi
ölkələrdə çalışdığım zaman ana dilimdə
danışmağa bir adam
tapmırdım. Hərdən, təbii ki,
imkanım olunca anama zəng
edər, onunla bir-iki kəlmə
danışardım. Ancaq bu,
mənə azlıq edirdi, daha
çox danışmağa, öz dilimdə fikir
mübadiləsi aparmağa, dərdlərimizi
bölüşməyə ehtiyacım vardı. Və məhz
o məqamlarda belə bir
nəticəyə gəldim ki, ana dili dünya
maddəsidir. Yəni dünya maddəsini ana dili vasitəsilə
dadırıq. Məsələn, çörək
deyərkən, gözümüz
qarşısında sadəcə çörək
canlanmır. Əksinə daha geniş bir mənzərə
canlanır - ananın xəmir yoğurması, bacının xəmir
üçün su gətirməsi,
o mühit, bir sözlə bir kəlməylə
dünya maddəsini qəbul edirik. Əgər bu da əlimizdən alınırsa, demək ki, dünya maddəsi, enerji əlimizdən alınır. Mənim
etiqadım var ki,
insanın aldığı enerji dünya maddəsindən gəlir. Mən həmişə düşünürəm ki, insana əzab vermək üçün onu zindana salaraq fiziki işgəncə verməyə gərək
yox, insanın dili əlindən
alınırsa bu onun üçün ən böyük
işgəncədir. İstər mənəvi baxımdan, istərsə
də fiziki baxımdan.
- Ən
dəhşətlisi isə odur ki, müsəlman ölkəsində
ana dilində məktəbi olmayan azərbaycanlı,
düşmən xalqın - ermənilərin erməni məktəblərində
ermənicə təhsil almasını, ümumiyyətlə,
ermənilərə yaradılan rahat şəraiti acıyla
izləmək məcburiyyətindədir...
- Hələ 6 yaşımda məktəbə
gedərkən mənə farsca danışmağı
tapşırsalar da mən danışa bilmədim, nəticədə
döyüldüm, söyüldüm. Məktəbə
gedən bütün uşaqlar
mənim düşdüyüm vəziyyətlə
qarşılaşır. İnanırsınız, mən necə
həqarətlərə, təhqirə məruz qaldımsa o gündən etibarən məktəbə
getmədim. Bu proses
Pişəvəri gələnə qədər davam etdi. Çox
böyük siyasi oyunlar gedir. Türk dilinə qadağa
qoymaq, Azərbaycanı farslaşdırmaq
və s...
- Əslində
Gülüstan müqaviləsinin imzalanmasında da məqsəd,
Azərbaycanın bir hissəsini ruslaşdırmaq, digər
hissəsini isə farslaşdırmaqla dilindən, dinindən
uzaqlaşdrımaqdı. Buna tam da olmasa, müəyyən mənada
nail ola bildilər...
- Tamamilə doğrudur, öz
dilimizə həsrət qaldıq, dilimizdən
uzaqlaşdırıldıq. Ancaq bunu tam olaraq
həyata keçirə bilmədilər. Analarımız dilimizi qorudu, bizi öz ana
dilimizdə tərbiyə etdilər. Türk
dünyası artıq birləşməyə doğru
gedir. Cənubi Azərbaycan azad olan kimi
Türk dünyası birləşəcək.
- Artıq o
yoldayıq...
- Əlbəttə, illər uzunu
mübarizə aparmışıq, deyirsiniz bir nəticəsi
olmasın? Biz mütləq tutduğumuz bu haqq yolda qələbə
qazanacağıq. Bunun nəticəsidir ki, Milli Hərəkat son aylarda fəaliyyətini
daha da gücləndirib.
Mən artıq ikinci dəfədir ki, Milli Azadlıq Cəbhəsinə
sədr seçilmişəm. Və fəaliyyət göstərdiyimiz
son 7-8 ayda bu nəticəyə gəlmişəm ki, bizim
azadlığımız qeyd etdiyim kimi, milli
hərəkatdan keçir.
-
Yeri gəlmişkən, istər Milli Hərəkatın rəhbəri,
istərsə də DAK-ın fəxri prezidenti kimi, diaspor
qurumlarıyla iş birliyiniz varmı?
- Mən gəldiyim zaman dünya azərbaycanlıları
arasında bir parçalanma yaranmışdı ki, bu da konqresə
öz mənfi təsirini göstərməyə bilməzdi.
İki DAK fəaliyyət göstərirdi. Bir şərtlə fəxri prezident
olmağa razılaşdım - o da birlik
olma məsələsini önə çəkməklə.
Rəy verildi və mən Cavad
Derəxtinin yerinə təyin olundum. İlk gündən hiss etdim ki, münasibətlər
çox fərqlidir. Yəni konqresdə
olanları vəzifə, biznez daha çox düşündürür. Belələri ilə
mübarizə apararaq onların
düşüncə tərzini tədricən dəyişməyə
səy göstərdim. Düşüncə tərzi dəyişməyənləri,
yəni sadəcə məqsədli şəkildə
çalışaraq öz xeyrini güdənləri mədəni şəkildə
konqresden uzaqlaşdırdım. Bizlərdə bir mənfi
xüsusiyyət var, millət naminə iş görənlərin ayağından
çəkərək onu tutduğu
vəzifədən azad etmək. Çox təəssüf ki,
mənim fəaliyyətim çoxlarının biznesinə ziyan vurduğu üçün mənə qarşı
çıxdılar, məni incitdilər ki,
istefa verim. İstefam qəbul olunsa da məni fəxri sədr kimi
konqresdə saxlamağa razı
saldılar. Bu illər ərzində iki DAK eyni formada
fəaliyyətini davam etdirir.
Hazırda artıq onlar - yəni hər iki tərəf mənim illər öncə
önə çəkdiyim fikrin üzərində
dayanaraq birləşməyə qərar
veriblər.
Əslində DAK o qədər
böyük təşkilatdır ki, fəaliyyətini gücləndirərək
hər kəs sadəcə millət naminə
çalışmağı qarşısına qoysa, o zaman
Ermənistan, İran haqsızlıqlarının
qarşısını ala bilər. Çox təəssüf ki, bu qurumun
sadəcə adı görünməkdədir. Bu səbəbdən GAMAC-ı yaratdıq ki, ziyalılar bir araya gələrək millət naminə
işlər görək. Sizi
inandırım ki, burada
heç kim sədr
kürsüsünə can atmır, sədr
seçmək üçün az qala kiməsə
yalvarırıq. Biznes burada
rol oynaya bilməz. Fəaliyyətimizi
getdikcə daha da
gücləndiririk.
-
Amma təkcə fəaliyyəti gücləndirməklə
iş bitməz, lazımdır ki, dünya ölkələrində
fəaliyyət göstərən digər milli hərəkatlarla
bir araya gələsən. Bu baxımdan soruşmaq istərdim ki, Azərbaycan diasporunun işi sizi qane
edirmi?
- Qətiyyən qane
etmir.
- Səbəbi
nədir?
- Səbəb çox sadədir. Bu qədər ki pul xərclənir, bu pullar müsbət tərəfə deyil, mənfi tərəflərə xərclənir.
Görüləcək işlər qalır bir
tərəfdə, ticarət önə çıxır. O qədər
görülməli işlər var ki, diaspor bu
kimi işlərdə milli
hərəkatlara kömək etməlidir. Çox
təəssüf ki, biz
şəxsi büdcəmiz hesabına işlər görmək
məcburiyyətindəyik. Ancaq şəxsi
büdcə ilə çox iş görmək mümkün
deyil. Diaspor vətən,
millət naminə yola
çıxmalı, vətən, millət naminə işlər
görməli, ölkəni təbliğ etmə gücündə
olmalıdır. Məsələn, 35 milyonun
dərdini dünyaya
çatdırmalıdır ki, bizim ana dilimizdə məktəbimiz
yoxdur. Bu problem diaspor üçün ən böyük
məsələ olmalıdır.
-
Olubmu ki, hər hansı məsələ ilə bağlı
Diaspor Komitəsinə müraciət edərək, heç
olmasa mənəvi dəstək istəyəsiniz?
- Təbii ki, daima müraciət edirik. Çox vaxt müsbət
cavab alırıq, bəzən isə müraciətimizə heç
əhəmiyyət belə
vermirlər. Bütün
bunlara baxmayaraq, biz bir an olsun fəaliyyətimizə
ara vermirik
və nə uğrunda mübarizə apardığımızı dünyanın
diqqətinə çatdırmaq
üçün bütün
gücümüzdən istifadə
edirik. Məsələn, ötən ilin
dekabrında Londonda -
BBC-nin qarşısında
etiraz aksiyası keçirərək Qarabağ
məsələsinin haqsızlıqdan
başqa bir şey olmadığını
dünyanın diqqətinə
çatdırdıq. Eyni zamanda Xocalı
məsələsini, əsirlikdə
olan soydaşlarımızın
çəkdiyi zülmləri
və s. dünyanın
diqqətinə çatdırmağı
qarşımıza məqsəd
qoymuşuq. Milli Hərəkatın fəaliyyətini bu yolda görürük.
Ancaq diaspor qurumları böyük güc deməkdir. Bizim illərlə deyə
bilmədiklərimizi onlar
bir göz qırpımında həyata
keçirə bilərlər.
Belə olan halda niyə
susurlar? İran ermənilərə
dəstək verərək
onlar üçün
bütün şəraiti
yaratdığı halda,
türklər haqsız
təzyiqlərə məruz
qalır. Niyə diasporumuz
bu məqamı dünyanın diqqətinə
çatdırmır? Ancaq erməni diasporunun dünyada gördüyü
işlərə baxın,
görün haqsız
olmalarına baxmayaraq,
dünyaya necə səs salaraq özlərini yazıq kimi göstərirlər.
Guya ki, təzyiqlərə, işğala məruz qalan onlardır, biz yox. Mən demirəm ki,
bizlər də özümüzü dünya
ölkələrində yazıq
kimi göstərək,
sadəcə olaraq ölkəmizin, millətimizin
düşdüyü vəziyyəti
olduğu kimi göstərərək haqqımızı
tələb edək.
Bu yöndə diaspor güclü işlər görməlidir,
əslində elə diasporun fəaliyyəti bundan ibarət olmalıdır.
Ulduzə QARAQIZI qaraqızı@rambler.ru
Ekspress.- 2011.- 4 avqust.- S.12.