Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Məmmədəmin
Şəkinski
Azərbaycanda ötən əsrin
ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən şənbə
saylarımızda)
Bağırov və Şəkinski
1959-cu il aprelin 14-də Məmmədəmin
Şəkinski "Bakı şəhəri dövlət idarələrində
arxiv işinin vəziyyəti" barədə səkkiz səhifədən
ibarət arayışını Bakı Şəhər
Partiya Komitəsinə göndərmişdi.
Arayışın bəzi hissəsini oxucuların nəzərinə
çatdırırıq:
M.ŞƏKİNSKİ -
Azərbaycan Dövlət Universitetində, Bədən Tərbiyəsi
İnstitutunda, Ədliyyə Nazirliyində, Ali Məhkəmədə
arxivlər qeyri-qənaətbəxş vəziyyətdədir.
Dövlət Universitetində on illərdən bəridir ki,
arxiv materialları işlənilmədən bir tərəfə
atılmışdır. Maliyyə Nazirliyində, Ali Sovetdə,
Maarif Nazirliyində, Azərittifaqda da vəziyyət
yarıtmazdır. İş o yerə çatmışdır
ki, məsələn, Azərbaycan respublika musiqi məktəbində
içərisi qiymətli arxiv sənədləri ilə
doldurulmuş şkaf... ayaqyolunda qoyulmuşdur. Azərbaycan
tibb işçiləri həmkarlar ittifaqları respublbika
komitəsinin arxivi isə zir-zibil tullantıları
yanındadır.
Arayışda göstərdiyim
digər nöqsanları da nəzərinizə
çatdırmaqla təklif edirəm ki, məsələyə
Bakı Komitəsinin bürosunda baxılsın.
M.Şəkinski 1959-cu il
aprelin 15-də Azərbaycan Həmkarlar İtifaqları
Şurasının sədri K.Hüseynov yoldaşa
aşağıdakı məktubu gönərmişdir:
"ÜİHİŞ
katibliyi, SSRİ Dövlət arxiv fondu haqqında Əsasnaməyə
uyğun olaraq, 1959-cu il yanvarın 17-də "Arxivlərin fəaliyyətinin
yaxşılaşdırılmasında həmkarlar ittifaqı
təşkilatlarının iştirakı barədə" qərar
qəbul etmişdir. SSRİ Daxili İşlər Nazirliyinin
Baş Arxiv İdarəsi ÜİHİŞ-nın həmin
qərarına mühüm əhəmiyyət verərək,
özünün 5 mart 1959-cu il tarixli məktubu ilə Azərbaycan
SSR Daxili İşlər Nazirliyinə tövsiyyə
etmişdir ki, AHİŞ ilə birlikdə müəssisələrdə,
idarə və təşkilatlarda arxiv işinin və
kargüzarlığın təşkilinə nəzarəti həyata
keçirsinlər.
SSRİ DİN-nin məktubu
ilə əlaqədar Azərbaycan SSR DİN Arxiv İdarəsi
həmin məsələyə dair qərar layihəsini təqdim
edir".
Azərbaycan Respublikası
Dövlət Arxivində saxlanılan başqa bir sənəddən
məlum olur ki, həmin il aprel ayının 25-də Azərbaycan
Həmkarlar İttifaqları Şurasının Rəyasət
Heyəti "Azərbaycan SSR-nin müəssisə, idarə və
təşkilatlarında arxivlərin fəaliyyətinin
yaxşılaşdırılmasında həmkarlar təşkilatlarının
iştirakı barədə" qərar qəbul etmişdir.
Həmin qərarın üçüncü bəndində
deyildiyi kimi, AHİŞ aparatında sənədlərin
qorunub-saxlanılması məqsədilə arxiv
yaradılmış və yaxın vaxtlarda Azərbaycan SSR
DİN-nin Arxiv İdarəsi ilə birlikdə seminar
keçirilməsi planlaşdırılmışdır. Qərarı
AHİŞ sədri Kamran Hüseynov imzalamışdır.
1959-cu il may ayının
18-də M.Şəkinskinin təqdimatı ilə Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin iclasında
"Füzuli və Cəbrayıl rayon dövlət arxivlərinin
vəziyyəti" barədə məsələ müzakirə
olunmuşdur. Ali Sovetin Rəyasət Heyəti Füzuli və
Cəbrayıl rayon xalq deputatları soveti sədrləri
H.Hacıyev və F.Mehdiyev yoldaşların və Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin referenti S.Fətəliyevanın
məlumatlarını dinləyərək qeyd etmişdir ki,
arxiv sənədlərinin mühafizəsi və istifadə
olunması sahəsində Cəbrayıl rayon Soveti tərəfindən
bəzi işlər görülsə də, Füzuli rayonunda
hələ də dövlət arxivi yararsız binada yerləşir.
Keçmiş Qaryagin qəzasına aid materiallar döşəmənin
bir kənarına atılmış, tarixi qiymətli sənədləri
kif basmışdır, binada yanğın əleyhinə
avadanlıq yoxdur. Füzuli rayon icraiyyə komitəsi tərəfindən
vətəndaşlara verilən arxiv arayışları
mövcud formaya uyğun deyildir. Arxivə qəbul edilən sənədlərin
qeydiyyatı aparılmır, Füzuli rayonunun Böyükbəhmənli
kənd sovetində 1940-1952-ci ilə aid, Cəbrayıl
rayonunun Dağtumaslı kənd sovetində 1936-1950-ci illərə
aid arxiv materialları itirilmişdir. Cəbrayıl
rayonundakı yağ emalı müəssisəsində arxiv
materialları yağ çəlləklərində ambarda saxlanılır.
Füzuli rayon arxivində süpürgəçi arxivarus vəzifəsindədir.
Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyəti tərəfindən müvafiq qərar qəbul
edilmişdir. Qərarı Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin sədri İlyas Abdullayev və katibi Zərifə
Şükürova imzalamışlar.
1959-cu il may ayının
23-də Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv
İdarəsinin rəisi polkovnik Məmmədəmin Şəkinski
Bakı şəhəri müəssisə, təşkilat və
idarələrində arxiv işinin vəziyyətini bir daha Azərbaycan
KP Bakı Komitəsinin büro iclasına
çıxarmışdır. Mayın 27-də isə "Azərbaycan
SSR-də arxiv işinin vəziyyəti barədə" 19 səhifəlik
arayışı Azərbaycan KP MK-ya təqdim etmişdir.
M.Şəkinski ilin son məktubunu
Azərbaycan KP MK katibi Abdulla Bayramova göndərmişdir:
"Sizə məlum
olduğu kimi, 1959-cu ilin oktyabrında respublikanın rəhbər
işçilərinə 26 kino-sənəd qapalı
nümayiş etdiriləndən sonra Azərbaycan KP MK-nın
birinci katibi V.Y.Axundov yoldaş mədəniyyət nazirinə
tapşırdı ki, bu kino-sənədlər əsasında
film hazırlansın. Təəssüflər olsun ki, bizim
müraciətlərimizə məhəl qoymayaraq,
respublikanın mədəniyyət nazirliyi Azərbaycan KP
MK-nın göstərişini yerinə yetirmək məqsədilə
əlini ağdan-qaraya vurmamışdır.
Bundan əlavə, Daxili
İşlər Nazirliyinin Arxiv İdarəsi Sovet Azərbaycanının
40 illiyi ərəfəsində Mədəniyyət Nazirliyi ilə
birlikdə yubiley foto-albomu nəşr etməyi
planlaşdırmışdı. Təklifimiz Azərbaycan KP MK
Təbliğat və Təşviqat şöbəsi tərəfindən
bəyənilmişdir. Ancaq Azərbaycan SSR Mədəniyyət
Nazirliyi bizə bildirdi ki, belə bir foto-albomun
hazırlanması nazirliyin planında yoxdur.
Sizə yuxarıdakılar
barədə məlumat verməklə göstərişinizi
gözləyirəm.
Aəzərbaycan DİN
Arxiv idarəsinin rəisi M.Şəkinski
11 noyabr 1959-cu il."
MÜƏLLİFDƏN. Bu
günlərdə Azərbaycan Dövlət Kino-foto-fono sənədləri
Arxivində müvafiq materiallarla tanış olduqda müəyyən
etdik ki, 26 kino-lentin əksəriyyəti və foto-albomdakı
fotoların çoxu Azərbaycanın müharibədən əvvəl,
müharibə illərində və sonrakı
dövrünü əks etdirir ki, həmin kino materiallarında
"xalq düşməni" M.C.Bağırov da vardır.
***
1960-cı ildin dekabr
ayının 15-də səhər saat 10 tamamda Bakının
indiki Şəhriyar sarayı respublika arxiv nümayəndələrini
qoynuna almışdır. Yubiley tədbirinin
iştirakçılarının əksəriyyəti rayonlardan
gəlmiş və Cənub mehmanxanasında yerləşdirilmiş
arxiv müdirləri idi. Onların arasında Şuşadan
Misir Qəzənfər oğlu İbrahimov, Füzulidən
Mirzəli Tapdıq oğlu Tahirov, Cəbrayıldan Famil
İbiş oğlu Rüstəmov, Kürdəmirdən Surxay
Rüstəm oğlu Ələkbərov, Şamaxıdan Nisəxanım
Əliağa qızı Kazımova, Ordubaddan Qərib Teymur
oğlu Rəfiyev, Zaqataladan Fatma Rahab qızı Ömərova,
Qazaxdan Əli Abbas oğlu Hüseynov, Sabirabaddan Bağı
Ağali oğlu Ağayev, Ağdaşdan Firudin Zeynal oğlu
Baxşiyev, Göyçaydan Mikayıl Mikayıl oğlu Mikayılov,
Lənkərandan Firuz Allahverdi oğlu Bədəlov,
Xaçmazdan Həbib Carulla oğlu Mahmudov, Lerikdən İsaq
Vahab oğlu Nuriyev, Daşkəsəndən Rəfi Həsən
oğlu Pirverdiyev, Yevlaxdan Əbdülhüseyn oğlu
İsayev, Mingəçevirdən Əli Bala oğlu Zeynalov və
başqaları vardı.
Müşavirəni
giriş sözü ilə Azərbaycan SSR Nazirlər Soveti sədrinin
müavini Əli Həbib oğlu Kərimov
açmışdır. Sonra o, məruzə üçün
sözü Məmmədəmin Şəkinskiyə
vermişdir. Salondakılar onu alqışlarla
qarşılamışlar. Baş arxiv idarəsinin
başçısının məruzəsi maraqla dinlənilmişdir.
Məruzəçinin yarım əsrdən çox bir
müddət keçsə də, aktuallığını
itirməmiş dediklərini oxucuların, ilk növbədə
arxiv əməkdaşlarının nəzərinə
çatdırıram:
MƏMMƏDƏMİN
ŞƏKİNSKİ - Nəriman Nərimanov tərəfindən
imzalanmış "Vahid dövlət arxiv fondunun
yaradılması və Xalq Maarif Komissarlığı
yanında mərkəzi dövlət arxivinin təşkili
haqqında" dekretin 6-cı maddəsində deyilirdi ki,
dövlət arxivinin rəsmi yazılı icazəsi olmadan
heç bir idarə və ictimai müəssisənin hər
hansı bir sənədi və yazışmanı ləğv
etməyə səlahiyyəti yoxdur. 1938-ci ildə arxivlərin
xalq daxili komissarlıqlarının tabeliyinə verilməsi Azərbaycanda
nadir arxiv sənədlərinin qorunub-saxlanılmasında
mühüm əhəmiyyət kəsb edirdi. İkinci
dünya müharibəsinin başlanması ölkəmizin arxiv
fonduna ciddi zərər vurdu. Müharibə illərində Azərbaycanın
arxiv işçiləri Cənubi Qafqazdan, Rostov vilayətindən,
Stavropol və Krasnodardan gətirilmiş arxiv
materiallarını respublikamızda saxlanılan qiymətli əmanət
kimi qorumuşlar. Müharibənin qızğın vaxtında,
1940-cı il iyul ayının 17-də qəbul olunmuş
"Azərbaycanda arxiv işinin vəziyyəti
haqqında" qərar da tarixi rol oynamışdır.
MÜƏLLİFDƏN. Əlbəttə,
M.Şəkinski 1938-ci və 1940-cı illərdəki qərarların
kimlər tərəfindən imzalandıqlarını
1960-cı ilin müşavirə iştirakçılarına
açıq deyə bilməzdi. M.C.Bağırov da, T.Quliyev də
günün "xalq düşmənləri" idilər.
Müşavirə iştirakçıları hardan biləydilər
ki, "xalq düşməni" M.C.Bağırov
olmasaydı, Azərbaycan arxivlərindən bir çox sənədlərin
əsli, o cümlədən daşnakların 1918-ci ildə Azərbaycanda
törətdikləri vəhşilikləri əks etdirən
materiallar Stepan Şaumyanın oğlu Levon Şaumyan və
daşnak Anastas Mikoyan tərəfindən asanca
oğurlanacaqdı.
M.Şəkinskinin
1960-cı ildə adını çəkdiyi qərarı
yetmiş ildən sonra arxiv fondundan oxuculara təqdim edirəm:
"Azərbaycanda arxiv işinin vəziyyəti
haqqında
Azərbaycan SSR Xalq
Komissarları Soveti qeyd edir ki, Azərbaycan XKS-nin 1938-ci il 2
avqust tarixli qərarı ilə əlaqədar bir sıra
işlər görülsə də, ayrı-ayrı komissarlıqlar,
mərkəzi dövlət idarələri və təşkilatlar
indiyədək qərarda göstərilənləri yerinə
yetirməmişlər. Belə ki, dövlət idarələrinin
əksəriyyətində arxiv materialları yararsız
binalarda saxlanılmaqdadır. Xalq komisarlıqlarının, mərkəzi
idarə və təşkilatlarının rəhbərləri
kadrların düzgün seçilib yerləşdirilməsinə,
sənədlərin arxiv üçün işlənib-hazırlanmasına
və saxlanılmasına lazımınca diqqət yetirmirlər.
Xüsusilə Xalq Torpaq Komissarlığının, Xalq Yerli
Sənaye Komissarlığının, Xalq Yüngül Sənaye
Komissarlığının, Xalq Sovxozlar
Komissarlığının və AZFA-nın arxivləri pis vəziyyətdədir.
Bundan əlavə, arxiv sənədlərinin zay olması və
hətta oğurlanması hallarına (Xalq Rabitə
Komissarlığı, Oktyabr rayon icraiyyə komitəsi,
Andreyev adına zavod) yol verilir.
Bir
çox rayon arxivlərinin də vəziyyəti qənaətbəxş
deyildir".
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2011.- 6-8
avqust.- S. 15.