Bəsti Cəfərova: "Mən şıltaq aktrisa deyiləm"

 

   Səhnəmizin bu gözəl aktrisasını kiçik yaşlarımda heç sevməzdim. "Solğun çiçəklər"dəki Pəri rolundan sonra Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanı hətta "düşmən" sayırdım. Sonralar Bəsti xanımın bir-birindən maraqlı rollarına tamaşa etdim, onun heyranına çevrildim. Əslində, sənətkar məharəti ondadır ki, öz rolunu yaratdığı obrazın xarakterindən asılı olaraq ya sevdirməli və ya da nifrət etdirməlidir.

 

   (əvvəli ötən sayımızda)

 

    - Bəsti xanım, Siz həm də Mədəniyyət və İncəsənət Universitetində gənclərə aktyor sənətini öyrədirsiniz. Gənclər sizi qane edirmi?

   - Mən çox şadam ki, 2004-cü ildə yenidən Mədəniyyyət və İncəsənət Universitetinə dərs deməyə dəvət olundum. 1996-cı ildə "Hökmdar və qızı" tamaşasının premyerasından sonra Əlabbas Qədirov dedi ki, səni Universitetə dəvət edirlər, gedək ikimiz bir kurs götürək. Onda mənim qızımın cəmi bir yaşı vardı. Mən çox gec - 36 yaşında ana olmuşam, istəyirdim ki, qızımın bütün anları gözümün qarşısında keçsin. Onsuz da qızımı ya anama, ya da bacılarıma tapşırsaydım böyüdəcəkdilər. Bu gün bilirsinizmi, mənim qızımla bağlı nə qədər xatirələrim var, onlar olmayacaqdı. Mən 1995-ci ilədək televiziyada müntəzəm tamaşalarda, verilişlərdə iştirak edirdim. Qızım anadan olandan sonra mən televiziya ilə də əlaqələrimi kəsdim, bütün diqqətimi qızıma ayırdım. Təkcə teatrda işləməklə kifayətlənirdim. Nəhayət 2004-cü ildə məni yenidən dərs deməyə dəvət etdilər. Artıq 8 ildir ki, mən Mədəniyyət və İncəsənət Universitetində aktyorluqdan dərs deyirəm. Deyirlər ki, müəllimlik müqəddəs sənətdir. İnanın ki, bu gəlişi gözəl söz deyil. Ola bilsin ki, bizim universitetdə müəllimlik etmək çox maraqlıdır. Amma həqiqətən mənim müəllimlik həyatım çox maraqlı keçir. Mən tələbə yetişdirməkdən böyük ləzzət alıram. İlk iki ili "musiqili teatr aktyorluğu" kefadrasında dərs deyəndən sonra, belə qərara gəldilər ki, mənim kafedramı "dram və kino aktyoru"na dəyişsinlər. Artıq iki kurs təhvil vermişəm. Bu gün teatrın o qədər də təbliğatı getmir. Son illərdə mən efirdə demək olar ki, az-az görünürəm deyə, aktyorluğa qəbul olunan gənclərin çoxusu görürəm ki, heç məni tanımır. Mənim necə kurs rəhbəri olacağım da bu tələbə üçün çox maraqlıdır. Mən sənətimə məsuliyyətli olduğum qədər tələbələrimə qarşı da nizam-intizam məsələsində çox sərtəm. Mənim dərsimə gecikmək olmaz. Digər tərəfdən mən surətpərəst olduğuma görə, çalışıram ki, yaraşıqlı uşaqlar mənim kursuma düşsünlər. Mən kursuma gələn uşaqlara imkan vermərəm ki, nə vaxtsa yaltaqlansınlar. Hansısa tələbədə "mənəm-mənəmlik" hiss etsəm, yerindəcə aradan qaldıraram ki, gələcəkdə həmkarlarına qarşı paxıl olmasın. Mən onlara punktuallığı, doğruluğu, işgüzarlığı, qısası professionallığı öyrədirəm. Tələbələrimə qarşı çox sərt olsam da, onlar məni çox istəyirlər.

   - Qiyməti necə yazırsınız?

   - Elə vaxt olub ki, bir semestrdə kursun yarısına "iki" yazmışam. 3-ci kursda oxuyurdular, istədikləri vaxt dərsə girirdilər. Mən onlarla "Məhv olmuş gündəliklər" tamaşasının məşqlərinə başlamışdım. Hərə bir bəhanə ilə dərsə girmirdi. Axırda necə əsəbiləşdimsə, dərsə girməyənlərə "iki" yazdım. Ondan sonra hamı bir nəfər kimi dərsdə iştirak edirdi. Mən zəngdən sonra 3 dəqiqədən artıq gecikən tələbəni auditoriyaya buraxmıram. Bu mənim tələbələrim üçün qanundur. Bununla yanaşı onlar özləri də bilirlər ki, mən onları öz balam kimi çox istəmişəm. Bir tələbəm vardı, indi Sinqapurda yaşayır, demək olar ki, günaşırı mənimlə telefonla danışır. Bir tələbəm vardı, indi Ağdamda hərbi qulluqdadır, hər gün zəng vurub hal-əhval tutur. İndiki qrupdakı tələbələr demək olar ki, qızımla həmyaşdırlar. Mən uşaqları həqiqətən çox sevirəm. Bəlkə də bu sənətə gəlməsəydim, mən ya bağça müəlliməsi olardım, ya da çoxuşaqlı ana olardım. Qızım bu il 11-ci sinfə gedəcək. Mən onun uşaq vaxtı etdiyi şıltaqlıqlar üçün çox darıxıram.

   - Bəlkə yaşıdlarınız nəvə sahibi olması sizdə nənəliyə həvəs yaradıb?

   - Bəlkə də...

   - Amma sizin kimi sərt qayınananın kürəkəni olmağa da ürək lazımdır.

   - (Gülür) Yox, mənim qızım hələ uşaqdır. Arzulayıram ki, qızım tez ailə qursun. Lap ali məktəbi bitirməmiş ərə getsin. Mən hər bir halda pis qayınana olmayacağam. Qızım kimi istəsə, ona da ərə verəcəyəm. Qız mənimdir, bilirəm ki, hər yoldan ötənə könül verməyəcək. Çünki qızım həmişə mənim sözümə qulaq asıb. İstəyirəm, kürəkənim də adıma layiq biri olsun. Mən onu öz oğlum kimi istəyərəm. Və bir də istəyərəm ki, qızımın çox uşağı olsun. Çünki onları elə özüm saxlayacağam.

   - Bəsti xanım, siz tanınan və sevilən aktrisasınız. Bəs kinoya nə üçün çəkilməmisiniz?

   - Səbəbini özüm də bilmirəm. Bu barədə rejissorlardan soruşsanız, bəlkə səbəbini mən də öyrənə bildim. Həyatım boyu cəmi bir filmə çəkilmişəm. İnnokenti Smoktunovski kimi aktyor da kinoya gec dəvət alıb. Mən isə "rekord" vurub, 48 yaşında "Günaydın mələyim" filmində "aktrisa" roluna çəkilmişəm. Filmin quruluşçu rejissoru Oqtay Mirqasımov deyirdi ki, Bədii Şurada da deyiblər ki, bu cür aktrisa nə üçün indiyədək filmlərə dəvət almayıb? Bəzən mənə deyirlər, demə, məni dəvət etməyiblər, de ki, özüm çəkilməmişəm. Nə üçün yalan danışım? Dəvət etməyiblər. Bilirəm ki, bir neçə dəfə rejissorlar dəvət etmək istəyib, onlara deyiblər ki, xasiyyətim ağırdır, şıltaq aktrisayam. Artıq bu fikirlə razılaşmışam ki, mən sırf teatr aktrisasıyam. Hökumə Qurbanova kimi nəhəng aktrisanın da bir-iki xırda kino rolları var. Heç onu da samballı baş rolda çəkməyiblər. Kinoya çəkilməsəm də, televiziya tamaşalarımın sayı kifayət qədərdir. Bütün rejissorlar bilirlər ki, mən şıltaq aktrisa deyiləm. Mən Tofiq Kazımov, Mehdi Məmmədov kimi nəhəng rejissorlarla işləmişəm. Bu gün mən Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Mehriban Ələkbərzadə kimi rejissorlarla işləyirəm. Heç biri də məndən narazı deyil. Ağakişi Kazımovun "Billur sarayda", "Od gəlini", "Cahargah fantaziyası" neçə-neçə tamaşasında baş rolları mən oynamışam. Mən "Solğun çiçəklər" televiziya tamaşasında mənfi obrazı Pərini canlandırmışam, amma bununla belə o rola görə də məni seviblər.

   - Sizin uzun illər "Hökmdar və qızı" tamaşasında oynadığınız rolu sonradan Məsmə Aslanqızına verdilər. Onun oyunundan razı qaldınızmı?

   - O, Məsmənin rolu deyildi.

   - Məsmə uşaq rollarını daha yaxşı oynayır. "Kabuslar" tamaşasında 12 yaşlı uşağı elə oynadı ki, mən onun Məsmə olduğuna inanmadım. Və yaxud "Kefli İsgəndər"in bacısı...

   - Xeyr, mən sizinlə razı deyiləm. "Kefli İsgəndər"in bacısı dramatik rol idi, Məsmə onu kukla qızcığaz elədi. Cəlil Məmmədquluzadənin dövründə 13 yaşlı qızlar artıq ərə getmək barədə düşünürdülər. Məsmə isə bizim dövrün 13 yaşlı kuklalı qızcığazını oynadı. Məsmənin gözəl hissiyyatı var.

   - Eşitdiyimə görə, sizə verilən rollar sonradan başqa aktrisaya verilib.

   - Bəli, mən də buna görə narazılığımı teatrın direktoruna bildirdim. "Yaşlı xanımın gəlişi" tamaşası əvvəlcədən mənə söz verilmişdi. Deyilmişdi ki, guya bu tamaşaya görə Latviyadan rejissor dəvət olunacaq. Sonra dedilər ki, guya əsəri Bəxtiyar Xanızadə səhnəyə qoyacaq, o da bu tamaşanın baş rolunda başqa aktrisanı istəyib. İndi də deyirlər ki, Bəxtiyar müəllim də bu tamaşadan imtina edib, həmin rolu da bir başqasına söz veriblər.

   - Bəs Kamran Şahmərdan deyirdi ki, rolları teatrın direktoru bölüşdürür?

   - Bilirsinizmi, "Yaşlı xanımın gəlişi" tamaşasında mənə rol verilməməsi elə də böyük faciə deyil. Mən oynasaydım, o tamaşanı əla bir şey edəcəkdim. Özləri bilərlər, kimə istəyirlər, versinlər.

   - Teatr yenidən dublyor sisteminə keçib. Yenə də dublyorsuz oynayacaqsınız?

   - Bu, ultumatum kimi səslənməsin, mən indiyədək dublyorla işləməmişəm, bundan sonra da işləməyəcəyəm. Çünki mən yalnız böyük rollar oynayıram.

   - "Xanuma" tamaşası Musiqili Komediya Teatrında da səhnəyə qoyulub...

   - Mənə də çox adam dedi ki, bəs bu tamaşa Musiqili Komediya Teatrında səhnəyə qoyulub, nə vacib idi? Necə olub, onun tarixçəsini sizə danışım, Əliqismət Lalayev, mənim tələbə yoldaşımdır. Çox yaxın münasibətimiz var. "Muzkomediya"ya direktor təyin olunandan sonra Əliqismət Lalayev dedi ki, gəl mənim teatrımda da bir tamaşa oyna, sən komik rolları da əla oynayırsan. Mən də o dövrdə "Xanuma" əsərini tələbələrimlə hazırlamaq istəyirdim. Hökumə Qurbanovanın oynadığı "Xanuma" tamaşasında Firəngiz Mütəllibova, Zemfira Nərimanova ilə birlikdə "çətirli qızlar" kimi rəqs edirdik. Mən "Xanuma"da oynamaq istədiyimi Əliqismət Lalayevə deyəndə qayıtdı ki, o rolu Afaq Bəşirqızı da oynamaq istəyir. Sonradan İsrafil İsrafilov da mənə dedi ki, "Kuraj ana" və "Ana tarlası" dramatik ağır tamaşalardır, arada bir komik tamaşa da lazımdır. Onda mən yenə "Xanuma"nın adını çəkdim. O da razılaşdı. İnşallah, payızda bizim "Xanuma"ya da baxıb, fikrinizi sonra bildirərsiniz. Bizim tamaşada gözəl aktyor heyəti cəmləşib. "Xanuma"nı mən oynayıram, Ramiz Novruzov, Cəfər Namiq Kamala "Knyaz", Zemfira Nərimanovaya "Knyazın bacısı", Mətanət Atakişiyevaya "Kabate" həvalə olunub. Çox gözəl tamaşa alınacaq.

   - Eşitdiyimə görə, rəhmətlik İlyas Əfəndiyev məxsusi sizin üçün pyeslər yazıb...

   - Mənim İlyas Əfəndiyevin yaradıcılığı ilə bağlı ilk rolum "Natəvan" tamaşasında başlayıb. İlk dəfə 1980-ci ildə Mərahim Fərzəlibəyov "Xurşudbanu Natəvan" tamaşasını hazırlayanda "Natəvan"ı Şəfiqə Məmmədova oynayırdı. Mən orada "Bəyim"i oynayırdım. "Daşdəmir"i də Yaşar Nuri məşq edirdi. "Knyaz Xasay"ı Həsənağa Turabovla, Hamlet Xanızadə, "Hidayət xan"ı Kamal Xudaverdiyev, "Seyid Hüseyn"i Fuad Poladov hazırlayırdı. Yadıma gəlir, İlyas müəllim müalicə üçün Moskvaya getmişdi. Mərahim də teatra təzə gəlmişdi. Bilmirəm, hansısa səbəbdən bu tamaşa təxirə salındı. Hətta daxili baxış da oldu, amma tamaşa dayandırıldı ki, İlyas müəllim gəlib baxsın. İlyas müəllim gələndən sonra, nəsə aktyorlar arasında qalmaqal yaranmışdı deyə, tamaşa həmin heyətlə oynanılmadı. Və belə qərara gəlindi ki, tamaşa yeni heyətlə hazırlansın. Yeni heyətdə isə mənə rol verilmədi. Bayaq siz doğru buyurdunuz ki, İlyas Əfəndiyev mənim üçün məxsusi pyes yazıb. Ağakişi Kazımov "Billur sarayda" tamaşasına quruluş verəndə "Lalə" rolunu mənə tapşırdı. İlyas müəllim məni o tamaşadan sonra tanıdı və öz aktyorları siyahısına yazdı. Mənim 23 yaşım vardı, o dedi ki, "sən mastersən". Ondan sonra İlyas müəllimin çox əsərlərində oynadım. Elə rollar da vardı ki, mənim üçün yazdı, amma Mərahim Fərzəlibəyovla münasibətim çox pis olduğuna görə, verilmədi. "Bizim qəribə taleyimiz" tamaşasında "Mila" rolunu mənim üçün yazmışdı, Mərahim onu Firəngizə verdi. Hətta "Od gəlini" tamaşasında oynayırdım, Mərahim məni İlyas müəllimə pisləyəndə özüm qulağımla eşitdim. Bildiyimə görə, İlyas müəllim "Şeyx Xiyabani" tamaşasında da "Gülrux" rolunu mənim üçün nəzərdə tutubmuş, amma rəhmətlik Hüseynağa Atakişiyev o rolu mənə vermədi. Daha sonralar İlyas müəllim böyük təkidlə "Tənha iydə ağacı" tamaşasında "Sürəyya" rolunu mənə verdirdi. Əslində, mən Amalya Pənahovaya dublyor idim. Amma Amalya xanım o dövrdə öz teatrını açırdı, başı qırışıq idi deyə, həmin rolu təkcə mən oynadım. Eşitdiyimə görə, Amalya xanım roldan imtina ilə bağlı ərizə yazanda qeyd edib ki, mən ikinci ifaçını daha məqsədə uyğun hesab edirəm. Özü də o dövrdə Mərahim yalnız Amalya Pənahova ilə işləyirdi. Yəni Amalya xanım mənim üçün böyüklük etdi. Amalya xanım öz teatrını açıb "Azdrama"dan gedəndən sonra Mərahim mənimlə əməkdaşlığa başladı. Onunla 2002-ci ilədək əməkdaşlıq etdik. 2002-ci ildə "Fedra" tamaşasından sonra onunla əməkdaşlıqdan imtina etmişəm. Hazırda aramızda "salam-əleyk" qalsa da, nə mən onunla işləməyə həvəs göstərirəm, nə də o mənə rol vermək marağındadır.

 

   

  İltifat

 

  Ekspress.- 2011.- 6 avqust.- S. 12.