Modilyaninin
avqustu
Konservatoriyanın
qarşısında gənc bəstəçi dostumu gözləyirəm.
O, mənim şeirimə musiqi bəstələyib. Vaxt
keçir, gənc bəstəkar hardasa gecikir. Teolefonu şəbəkə
xaricindədi, cavab vermir. Daha bir siqaret yandırıram.
Acı tütün içimə
çökmüş nisgilə qarışır. Bəstəçi
gəlib çıxmır. Yaşım altmışı
haqlayıb, amma hələ də tələbə kimiyəm,
cibimdə qəpik-quruş var. Bir qutu "Camel" siqareti -
demək, hələ pis gün deyil...
Xudmani bir kafedəyəm. Udum-udum
qara qəhvə içirəm və udum-udum kədərlənirəm.
"Camel"
qutusunda on altı ədəd siqaret var. Qəhvə də
bahaymış ha... Dilxorçuluqdan kafenin
interyeriniə fikir verməmişəm. Kafenin
interyerini təsvir edəcək halda deyiləm.
Qarşı divardan bir qadın
portreti asılıb - durna boğazlı, qüssəli bir qadın
baxışlarını məndən yayındırır,
sanki bir himə bənddi, indicə hönkür-hönkür
ağlayacaq...
Mən portretdəki
qadını və bu portretin müəllifini yaxşı
tanıyıram.
Biz əski dostlarıq - Monparnas
19-dan tanışıq...
Udum-udum qara qəhvə
içirəm. Udum-udum kədərlənirəm.
"Camel" qutusunda 14 siqaret var - deməli, iki siqaret çəkmişəm...
***
Portretdəki
qadın hamilədi. Qadın hamiləliyini
öz bətnində gizli bir günah kimi yaşayır.
Bu qadın intihar edəcək...
***
Məşhur rus şairəsi Anna
Axmatova rəssam haqqında deyir: - "O, tənhalıq
çəmbərində sıxılırdı".
Əsərlərini
sata bilməyən, daim ehtiyac içində yaşayan rəssam
qarlı, şaxtalı bir yanvar gecəsində otuz altı
yaşında xəstəxanada öləcək.
***
Altmışıncı illərin
ortalarında Yevgeni Yevtuşenko estrada
tribunalarından ucsuz-bucaqsız Sovet İttifaqına
bağırırdı:
Post v Rossii - bolşe çem poet,
V nyom sujdeno poetami rojdatsya
Liş tem v kom brodit
qordıy dux
qrajdanstvo.
Komu uyuta net, pokoya
net.
İlk şeirlərimi
yazdığım gündən bəri dinciliyimi,
rahatlığımı qeyb etmiş mühacir kimi
yaşayıram doğulduğum torpaqda. Fəqət
mən heç zaman "bolşe çem poet" olmaq
sevdasına giriftar olmadım - zira mən Brijatyukdan, Mircavaddan,
Kamaldan (Kamal Əhməd) dərs almışdım.
Van Qoqla Arl gecə
kafesində absent içmişdim, Robinzon Kruzo ilə tənha
adada yaşamışdım. Ömər Xəyyamla
bir küçədən eşq şərabı
dadmışdım. Yazıçı Elçin otuz il öncə mənim poetik təcrübələrim
haqqında ilk dəfə mətbuatda ("Ulduz"
jurnalında) öz fikirlərini söyləyəndə mənə
"geniş vətəndaşlıq vüsəti"
qazanmağı tövsiyə etmişdi. "Geniş
vətəndaşlıq vüsəti qazanarsa, sənətkar
xoşbəxtliyi özü gəlib Adilin qapısını
döyəcək. Çünki o,
istedadlıdır".
İndi bir Bakı
kafesində oturub Amadeo Modilyaninin həyat və
yaradıcılığı haqqında
düşündükcə əski gözəl günlərə
dönürəm. Və hələ o uzaq,
gözəl günlərdə dəfələrlə
şahidi oldum ki, bəzən böyük istedad rəssamına
bəla olur, məhz parlaq istedad ucbatından bir rəssam
başqa rəssam qardaşları tərəfindən sevilmir.
Çox zaman böyük istedad sahibləri
toplumun içində deyil, dışında yaşayırlar.
Mən nə az,
nə çox, yalnız ŞAİR olmaq istəmişəm,
necə ki, Amadeo Modilyani yalnız RƏSSAM idi. Qutuda on siqaret
qalıb...
***
Modilyani ilə Anna
Axmatovanın məhəbbət macərası
çoxlarına bəllidir. "Gündəlikdə
yarpaqlar"da şairə bir epizodu xatırlayır - bir dəfə
Axmatova rəssamın emalatxanasına gəlir, qapını
döyür, rəssamın qapısı bağlı olur,
Axmatova rəssamı çox gözləyir, rəssam isə
gəlib çıxmır. Rəssam emalatxanasının
pəncərəsini bağlamağı unutmuşdu, rus
şairəsi özü ilə gətirdiyi bir dəstə
qızılgülü pəncərədən içəri
atıb gedir...
Modilyani dəfələrlə
Anna Axmatovanın rəsmini çəkib. Rəssam
şairəyə on altı rəsm bağışlayıb.
Bolşevik inqilabı illərində rəsmlər
it-bata düşüb, Axmatovada yalnız bir rəsm yadigar
qalıb. 1993-cü ildə Venesiyada
Palaçço Qrassi qalereyasında Modilyaninin əvvəllər
heç yerdə nümayiş olunmamış iyirmi
üç rəsmi sərgilənəndə şairənin
bir portreti də orda yer alırdı. 1958-ci
ildə fransız rejissoru Jan Bekker "Monparnas 19" filmini
çəkdi. Bekkerin filmində məşhur
aktyor Jerar Filipp Amadeo Modilyaninin obrazını yaradıb.
Rəssamı şəxsən tanıyan
İlya Erenburq filmi bəyənmədi.
***
yarı dahi
yarı sərsəri
bir rəssam
yaşayırdı parisdə
paris də ki nə
paris
paris bir cadugərdi
inanmayın ona
siz
inanmayın
notrdama
inanmayın
çoçuq qəlbli rəssama
inanmayın
senanın sularına
inanmayın
parisin bu halına
inanmayın
parisdə
tu be or not tu be
sualına
o inandı
aldandı
bir gün
qanadı yandı
fələk
aldatdı onu
mələk
aldatdı onu
dostlar unutdu
atdı
paris bir qız
dodağıdı
öpdü
göz yaşı daddı
Amadeo Modilyani 1884-cü ildə
İtaliyada, Livornoda yəhudi ailəsində doğulub və
cəmi otuz altı il yaşayıb. Dedo-Amadeonu belə çağırırdılar,
impressionist italyan rəssamı Gilermo Mikelinin emalatxanasında,
Florensiyada və Venesiyada rəssamlıq təhsili alıb.
Roma və Neapol şəhərlərində
yaşayıb, sonra isə Parisə köçərək
burda səfil rəssam həyatı yaşayıb. Parisdə
gənc Dedo kobistlərə, fovistlərə
və futuristlərə qoşulmadı. İntibah
dövrü rəssamlarının əsərlərinə
vurğunluğunu hər zaman vurğulayan Modilyani italyan
futuristlərin manifestinə imza atmadı. 1906-cı ildə
iyirmi iki yaşında Parisdə peyda olan Dedo
deyir: "Rəngkarlıq məndən güclüdür. O tələb
edir ki, Parisdə yaşayım. Paris mənə
ilham verir. Mən Parisdə xoşbəxt
deyiləm, bu, bir həqiqətdir, fəqət yalnız Parisdə
işləyə bilirəm".
1909-1914-cü illər arasında
Modilyani Parisdə nə az, nə çox,
düz on iki mənzil dəyişməli olub. Modilyani
Parisdə yaşayan rumın heykəltəraşı
Konstantin Brunkuzinin emalatxanasını, Brunkuzi Modinin
plastikasını yüksək qiymətləndirirdi.
O dönəmdə Modilyani rəngkar
kimi deyil, heykəltəraş kimi tanınırdı. Amma
1910-cu ildə Salonda beş tablosu sərgiləndi,
"Livernolu dilənçi" və
"Violençelist" tabloları da vardı, Modi
yavaş-yavaş heykəltəraşlıqdan
uzaqlaşdı. Elə bu ərəfədə o, ingilis
şairə Beatris Xestinqs ilə tanış oldu, Beatris
ekstravaqant qadın idi, bu roman iki il davam etdi, Beatrisdən
ayrılandan sonra rəssam Simona Tiru ilə görüşməyə
başladı.
Alkoqol və həşiş
düşkünü olan Amadeo Modilyaninin böyük məhəbbəti
isə sadəlövh, xeyirxah və vəfalı Janna oldu -
yaşıl paltarlı qadın Janna Ebyütern.
***
Parisdə
"Rotonda" kafesi. Maks Jakov, Pablo Pikasso, Mark Şaqal,
Moris Utrillo, Amadeo Modilyani bu kafenin daimi müştəriləri
siyahısındaydılar.
Konservatoriya tərəfdə
bir kafedə oturub qara qəhvə içirəm - burası
"Rotonda"ya oxşamır, heç mən də Modilyani
deyiləm. Bayırda avqust
bürküsü.
Tot avqust kak jyoltoye plamya,
Probivşiesya skvoz
dım.
Tot avqust podnyalsya nad
nami,
Kak oqnennıy serafim.
Bu misralar isə
vaxtı ilə Parisdə Modilyaninin emalatxanasının pəncərəsindən
içəriyə bir dəstə qızılgül
atmış böyük rus şairəsi Anna Axmatovaya məxsusdur.
Avqust ayı şairənin taleyində dərin
izlər buraxıb. Bu misralar 1915-ci ilin
avqustunda yazılıb. Yeddi il sonra
Axmatova əri şair və səyyah Nikolay Qumilyovdan boşandı.
1921-ci ilin avqust ayının 26-da bolşeviklər
N.Qumilyovu güllələdilər. 1939-cu ilin avqustunda
NKVD tələbə Lev Qumilyovu, gələcəyin görkəmli
alimini azadlıqdan məhrum elədi...
Amma bir zamanlar Anna Axmatova Parisdə
xoşbəxt günlər yaşamışdı...
On i pravdivıy i lukovıy,
İ vsex mesyatsev
straşney.
V kajdım avquste, Boje pravıy,
Stolko prazdnikov i smertey...
***
1941-ci ilin avqustunda
Sergey Efronu güllələdilər. Sergey
Efron Marina Svetayevanın əriydi. Həmən il avqustun 31-də şairə Marina Svetayeva
Eleburqda intihar elədi...
Daha bir siqaret
yandırıram.
***
Amadeo Modilyani Parisə
təzə gəlmişdi. Gənc Pikasso əsərlərini
sata bilmirdi, ehtiyac içində yaşayırdı.
Modilyani Pikassonun cibinə beş frank
basaraq "gedək bir-iki qədəh bir şey içək"
- deyir. Aradan illər ötüb keçir.
İndi Pikasso məşhur və zəngin rəssamdır,
Modilyani isə necə deyərlər, həyatın dibinə
yuvarlanıb. Xroniki xəstəlik,
içki və həşiş öz işini görüb.
Belə günlərin birində Pikasso onun
qapısını döyür. "Sənə
olan borcumu qaytarmağa gəlmişəm" - deyir və bir
yüzlük verir.
Faciəli ölümündən
üç il öncə nüfuzlu Berta
Vayl qalereyasında Modilyaninin ilk fərdi sərgisi baş
tutur, əlbəttə dostlarının sayəsində. Qalereya polis şöbəsinin
yaxınlığında, qədim binanın birinci mərtəbəsində
yerləşirdi. Qalereyanın vitrini
qarşısında xeyli adamın toplandığını
görən polis ora baş çəkir, vitrindən
Modilyaninin məşhur "nyu"larından biri
asılmışdı. Polis komissarı bu
biabırçılığı təcili
yığışdırmağı əmr edir. Madam Vayl komissarı dilə tutmağa
çalışır, bütün böyük rəssamların
bu mövzuya müraciət etdiklərini, bu mövzunun təsviri
sənətdə bir ənənə olduğunu
vurğulayır. Qəhrəman polis komissarının
ayıq-sayıqlığı nəticəsində Modilyaninin
sağlığında ilk fərdi sərgisi baş tutmur...
***
Pikasso deyirdi ki, rəngkarlıq
proza deyil, poeziyadı - Modilyani sənəti Pikassonun sözlərini
təsdiqləyir.
Modilyaninin necə
işlədiyini öz gözləri ilə görən adamlar
rəssamı dahi bəstəkar Motsartla müqayisə edirlər.
Rəssam çəkdiyi portretləri cəmi
bir-iki seansa işləyirdi. O, virtuoz musiqiçi kimi
improvizə ustasıydı. "Gənc qadın",
"Qızlar", Maks Jakobun, Pablo Pikassonun, Leopold Zabolotskinin,
Beatris Xestinqin, Janna Ebyüternin portretləri - bu əsərlərdə
poeziya, musiqi və təsviri sənət bir-birinə
qovuşur - abşeronlu dahi Səttar Bəhlulzadənin əsrarəngiz
tablolarında olduğu kimi...
"Cizgi sehirli
çubuqdu, onunla rəftar etmək üçün düha
lazımdır" - Modilyaninin sözləridir.
***
Per-Laspez qəbiristanlığında
Amadeo Modilyaninin baş daşında "Ölüm onu
şöhrətin astanasında yaxaladı" yazılıb.
***
Bakıda avqust
bürküləri. Mən öz
röyalarımdan gəlmiş adamam bu gün. Mən
öz röyalarımdan çıxmış bir adam kimi yaşayıram bu şəhərdə
ömrümü.
Mən bu Bakı avqustunu Amadeo
Modilyaninin, Janna Ebyüternin, Anna Axmatovanın və rəssam
qardaşım Aydının xatirəsinə ithaf eləyirəm...
Adil
Mirseyid
Ekspress.-
2011.- 20-22 avqust.- S. 14.