Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

  (əvvəli ötən şənbə saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin hazırlıq mərhələsi beş il çəkmişdi. Baş Arxiv İdarəsinin müraciəti və Məmmədəmin Şəkinskinin şəxsi nüfuzu bu işdə önəmli rol oynamışdı.

 

   Nəhayət, 1965-ci il iyun ayının 17-də Azərbaycan SSR Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yaradılır. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin ilk direktoru, tazırda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi vəzifəsində çalışan, tarix elmləri doktoru Ataxan Paşayev o illəri belə xatırlayır.

   ATAXAN PAŞAYEV - O vaxt arxivin cəmi altı nəfər əməkdaşı var idi. İşimiz ədəbiyyat və incəsənət xadimləri haqqında məlumatlar toplamaq və çox fəal surətdə onların şəxsi sənədlərini qəbul etməklə başladı. İlk illər bütün sənədləri cəmi bir neçə dəmir şkafa yerləşən bu arxivdə bu gün altı yüzə yaxın ədəbiyyat və incəsənət xadiminin yüz mindən yuxarı işi qorunub saxlanılır. Bu arxiv xalqımızın ən zəngin mənəvi sərvət xəzinələrindən biridir. Bu mədəniyyət xəzinəsinin yaranmasında onun azsaylı kollektivinin böyük rolu olmuşdur. Bu işdə arxiv əməkdaşlarının sevincləri də olmuşdur, kədərləri də. Onları gülərüzlə qarşılayaraq sənəd verənlər də olub, "Hələ ki, ölməmişik, nə istəyirsiniz?" - deyənlər də, ancaq bu fədakar insanları heç nə öz yolundan döndərə bilməyib. İlk illər onlar nə şənbə, nə də bazar günü biliblər. Mərhum xalq artistimiz Fatma Qədrinin obrazlı ifadəsi ilə desək, onlar işlək arılar kimi gecə-gündüz Azərbaycan ədəbiyyat və incəsənətinin şirəsini yığıb arxivə toplayıblar.

   Bu da yaxşı yadımdadır ki, elə arxiv ilk işə başlayanda öyrənirdik ki, kimdə sənədlər ola bilər. Onlara məktublar yazırdıq. O vaxt öyrəndik ki, Moskva Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Əziz Şərifin yaxşı arxivi var. Ancaq eyni zamanda bizə bildirirdilər ki, çətin o, arxivini sizə versin. Nagüman, Əziz müəllimin adına geniş bir məktub yazdım. Əlbəttə, o vaxt yaxşı tanımadığım Əziz müəllimə yazdığım məktubu bu gün də oxuduqda özüm xəcalət çəkirəm. Ancaq görünür hər bir yaş dövrünün özünəməxsus tələbləri var. Gənclik ehtirası ilə yazılmış bu məktubda, necə deyərlər, hələ arxiv haqqında kitablardan öyrəndiyim bəsit təsəvvür ilə dünyagörmüş nurani bir ağsaqqala arxiv, onun mədəniyyətimizin qorunması sahəsində rolu haqqında "əməlli-başlı dərs keçmişdim". Əlbəttə, başqası olsaydı, bəlkə də inciyib hələ dünyanın hər üzünü görməmiş "nəsihətamiz ibarələrin" müəllifini öz yerində oturdardı. Əziz müəllim isə özünə xas olan mədəniyyətlə həmin il martın 18-də aşağıdakı cavabı yazmışdı: "Hörmətli Ataxan müəllim! Məktubunuzu aldım. Məni xatırladığınız üçün çox minnətdaram. Sizi maraqlandıran məsələ haqqında deyə bilərəm ki, məndə arxivə veriləsi material yox deyildir və mən onu məmnuniyyətlə sizə verməyə hazıram. May ayında əməkdaşınız Moskvaya gəlsə, mənimlə görüşsün və arxiv materiallarını seçməkdə mənə kömək etsin. Hörmətlə Əziz Şərif".

   Həqiqətən də Əziz müəllim həmin ilin aprel ayında Moskvaya ezamiyyətə gedən arxivimizin əməkdaşı Gültəkin Sultanovaya (indi filologiya elmləri doktoru) öz sənədlərinin bir hissəsini vermişdi. İkinci dəfə o, sənədlərini 1971-ci ilin martında Moskvaya getmiş bizim başqa əməkdaşlara təqdim etmişdi. Özü də həmin sənədlər arasında M.Ə.Sabirin Qurbanəli Şərifzadəyə yazdığı nadir və çox qiymətli məktubun əsli də var idi.

   Maraqlıdır ki, elə həmin il aprel ayının axırlarında Əziz müəllim Bakıya gəlir. Qeydlərim arasındla belə bir yazı var: "1971-ci il aprel ayının 29-da professor Əziz Şərif Ədəbiyyat və İncəsənət Arxivinə gələrək onun işi ilə ətraflı tanış oldu və öz sənədlərini bütünlüklə bu arxivə verəcəyini vəd etdi".

   Bu hadisə indiki kimi yadımdadır. Əvvəla onu qeyd edim ki, o vaxtlar yenicə yaradılmış bu arxivə münasibət heç də birmənalı deyildi. Onun yaradılmasından narazı olanlar da vardı. O vaxt rəhmətlik Abbas Zamanov Nizami adına Ədəbiyyat Muzeyinin direktoru idi. Onlar Əziz müəllimlə çox səmimi dost idilər. Demək olar ki, dostdan daha çox qardaş idilər. Onu da deyim ki, hələ əvvəllər Əziz müəllim Əbdürrəhimbəy Haqverdiyevin məktublarını bu muzeyə vermişdi. Görünür, Əziz müəllim Bakıya gələrkən Abbas müəllim ondan öyrənir ki, sənədlərinin bir hissəsini Ədəbiyyat və İncəsənət Arxivinə verib və onu inandıra bilir ki, həmin sənədləri arxivdən götürüb muzeyə versin. Aprelin 29-da telefon zəng etdi, dəstəyi qaldırdıqda Əziz müəllimin çox həlim səsini eşitdim. Xoş-beşdən sonra o "Ataxan, bala, verdiyim sənədləri hazırlayın, gəlib götürmək istəyirəm" dedi. Əlbəttə, bu xəbərdarlıqdan çox məyus oldum. Dedim ki, "Əziz müəllim, sənədlərin sahibi sizsiniz və nə vaxt istəsəniz, onları bizdən geri götürə bilərsiniz, Amma sizdən bir xahişim var. Əvvəlcə gəlib arxivimizlə tanış olun, sonra isə istəsəniz, sənədlərinizi apara bilərsiniz".

   Bir az da fikirləşib dedi: "Yaxşı, Ədəbiyyat Muzeyində Abbasın yanındayam, gəlib məni apara bilərsinizmi?" Tez maşın tapıb Ədəbiyyat Muzeyinə getdim. Məni görən kimi Abbas müəllim ərkyana və özünəməxsus çılğınlıqla dedi: "Əə... bala, bura bax, nə istəyirsən bizdən? Qoymazsan işləyək? Hara gedirik sənədləri yığıb aparmısınız. Əşi, maraqlıdır ee, biz pul təklif edirik, sənədləri bizə vermirlər, ancaq pulsuz-pələsiz bu cavan oğlanın arxivinə bağışlayırlar. Gör iş nə yerə gəlib ki, mənim ən yaxın dostumun da saqqızını oğurlayıb, sənədlərini alıblar". Əziz müəllim yenə də çox təmkinlə "Yaxşı, yaxşı, Abbas, ta səs-küy salmaq nəyə lazım, gedirəm sənədləri gətirməyə".

   Biz Əziz müəllimlə arxivə gəldik. Onu da deyim ki, Əziz müəllimin ardınca getməmişdən əvvəl işçilərə tapşırdım ki, Əziz müəllim haqqında arxivdə olan sənədləri hazırlasınlar. O vaxt qocaman jurnalist, rəhmətlik Qulam Məmmədli də bizim arxivdə işləyirdi. Biz birlikdə sənədlər saxlanıldığı yerə baxdıq. Əziz müəllim sənədlərin saxlanılması şəraiti ilə bağlı hər şeylə maraqlanır və bizim bütün izahatlarımıza səbr və təmkinlə qulaq asırdı. Axırda biz Əziz müəllimi arxivdə onun başqalarına yazdığı məktublarla da tanış etdikdə, bundan lap heyrətə gəldi. "Doğrusu, belə məktublarımın olduğunu mən çoxdan unutmuşam. Çox sağ olun ki, o günləri yada saldınız" - dedi.

   Mənə belə gəlir ki, müdrik insanın müdrikliyi ondadır ki, o, başqalarının görə və duya bilmədiyi şeyi çox tez görür və duyur. Arxivdə sənədlərin saxlanma şəraitini öz gözləri ilə gördükdən sonra Əziz müəllim çox həlim səslə: "Ataxan, bala, mənim bütün arxivim sizinkidir. Öz arxivimi bundan başqa yerə verən deyiləm" - dedi. Əziz müəllim ömrünün sonuna qədər sözünün üstündə möhkəm dayandı. Onun Ədəbiyyat və İncəsənət Arxivinə tam təmənnasız verdiyi və xalqımızın ədəbiyyat və incəsənət tarixinin təxminən yüzillik bir dövrünü özündə əks etdirən minlərlə sənəd bu arxivin qızıl fonduna daxil oldu.

   Sonra Baş Arxiv İdarəsində olan "Raf"la Əziz müəllimlə muzeyə qayıtdıq. Buradan onlar Abbas müəllimlə yazıçıların o zamankı Vaqif küçəsində olan yaşayış evinə qonaq getməli idilər. Maşın gəlib çatanda Abbas müəllim artıq muzeyin qapısında dayanmışdı. O, maşının qapısını açıb oturan kimi: "Hə, Əziz, sənədləri gətirdin?" - deyə soruşdu. Əziz müəllim çox təmkinlə: "Abbas, məsləhət görürəm sən də öz sənədlərini o arxivə ver. Ora ən etibarlı yerdi" - dedi. Bir söz demədisə də, hərəkətlərindən görünürdü ki, Abbas müəllim bərk əsəbiləşdi. Keçib maşında oturdu. Üzünü o tərəfə çevirib Vaqif küçəsinə çatıncayana qədər bizimlə danışmadı. Hətta maşından düşəndə də sağollaşmayıb getdi.

   Yeri gəlmişkən onu da deyim ki, Abbas müəllim tezliklə muzeydən universitetə işə keçdi və sonralar o da Əziz dostunun məsləhətini yerinə yetirərək, bütün sənədlərini Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verdi. İndi bu arxivdəki ən zəngin şəxsi fondlardan biri də Abbas müəlliminkidir. Həyatda çox mehriban olan bu iki dostun arxivləri də bir yerə düşdü. Bu sənədlər arasında onların bir-birlərinə yazdıqları yüzlərlə məktublar bir-birini necə də tamamlayır.

   Onu deyim ki, bu, Əziz müəllimlə şəxsən birinci görüşümüz və tanışlığımız idi. Yuxarıda deyilənlərdən də göründüyü kimi, bu görüş çox xoşagəlməz şəkildə başlasa da, mehriban sonluqla başa çatdı.

   Əziz müəllimlə ikinci görüşümüz 1972-ci ilin yayında Moskvada oldu. Həmin il avqustun 22-25-də Moskvada Beynəlxalq Arxiv Şurasının VII konqresi keçirilirdi. Mən də həmin konqresdə nümayəndə kimi iştirak edirdim. O günlərdə bir neçə dəfə Əziz müəllimin Moskvadakı mənzilində görüşdük. Hər dəfə azı 4-5 saat oturub söhbət edirdik. O, keçmişdən - Mirzə Cəlildən, Caviddən, Sabirdən, Haqverdiyevdən danışır, mənsə həvəslə qulaq asırdım. Söhbət-arası Əziz müəllim stolun üstünə qoyduğu kiçik qarınlı elektrik samovarını qızmaq üçün tez-tez şəbəkəyə qoşar və özü çay süzərdi. Mən nə qədər xahiş etsəm də, razı olmazdı ki, çayı mən özüm süzüm. Deyərdi: "Əvvəla, sən qonaqsan, sonra da mənim çay süzməkdən xoşum gəlir".

   Bu görüşdə Əziz müəllim mənə çox cüzi miqdarda sənəd verdi və söz verdi ki, Hüseyn Ərəblinski haqqında xatirlərimi yazıram, onu qurtaran kimi bütün materialları sizə göndərəcəyəm.

   Daimi sözünün ağası olan Əziz müəllim həqiqətən də 1973-cü ilin martında Hüseyn Ərəblinski haqqında xatirələrini yazıb qurtardıqdan sonra, ona aid sənədləri iri bir zərfə qoyub poçt ilə Ədəbiyyat və İncəsənət Arxivinin ünvanına göndərmişdi.

   O vaxt hələ arxivin adı tanınmadığı üçün məktub bir neçə qapını döymüş, xoşbəxtlikdən itib-batmayaraq nəhayət ki, gəlib arxivə çatmışdı. Biz zərfin üzərinə yapışdırılmış poçt yarlıqlarını görəndə dəhşətə gəldik. Yaxşı ki, Əziz müəllimin 70 ildən yuxarı qoruyub saxladığı bu nadir sənədlər hansısa nadanın əlinə düşməmişdi. Yoxsa tarix üçün həmişəlik itirilə bilərdi. O vaxt Əziz müəllimə məktub yazaraq xahiş etdim ki, bu cür sənədləri heç vaxt poçt ilə göndərməsin. Onun çağırışı ilə biz həmişə Moskvaya gedib, həmin sənədləri Bakıya gətirə bilərik.

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2011.- 20-22 avqust.- S. 15.