"İsveçdə Azərbaycanı tanıtdırmağa ehtiyac yoxdur"

 

   Nadir Hollenbrand: "Prezidentin qurultaydakı çıxışı diaspor təşkilatlarına ciddi mesaj idi"

 

  "İsveçdəki azərbaycanlılar heç kəsdən geri qalmır"

 

   On üç ildi İsveçdə diaspor fəaliyyəti ilə məşğul olan müsahibimiz Nadir Hollenbrand 2005-ci ildə bir neçə azərbaycanlıyla birgə "Azərbaycan naminə" təşkilatını yaradıb. Qurumun əsas məqsədi bütün İsveç azərbaycanlılarını bir araya gətirməkdir. Ötən müddət ərzində təşkilat xeyli işlər görüb. Ermənistanı işğalçı bir ölkə kimi İsveç xalqına tanıtmağı qarşısına məqsəd qoyan "Azərbaycan naminə" təşkilatının gördüyü işlər nəticəsiz qalmır.

   - Azərbaycan diasporunun vəziyyəti İsveçdə ürəkaçandırmı?

   - İsveçdə Azərbaycan diasporunun vəziyyəti 2000-ci illə müqayisədə bu gün qənaətbəxş sayılır. Statistikaya görə, hal-hazırda İsveçdə yaşayan azərbaycanlıların sayı 28 min nəfərə yaxındır ki, bunların da 2500-ü Azərbaycan Respublikasından, 25000 nəfərisə İran azərbaycanlılarıdır.

   - Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etdiniz. Ürəyinizcə oldumu ali tədbir?

   - Mən Dünya Azərbaycanlılarının hər üç qurultayında iştirak etmişəm və hər üçündən də razı getmişəm. Real danışmaq istəyirəm. Bu qrultayların keçirilməsi həqiqətən diaspor başqanları üçün çox önəmlidir. Çünki biz ancaq qurultaylar zamanı öz problemlərimizdən danışa bilirik. Qurultayda prezident İlham Əliyevin "Azərbaycan evləri"nin yaradılması barədə verdiyi təklifi çox bəyəndim. Bu təklif prezident tərəfindən verilib, prezident sözünün arxasında dayanıb və bütün məslələrə o cavabdehdir. Sadəcə, onu həyata keçirmək lazımdır. Bu təklifin üzərində ciddi işləmək vacibdir. Boş-boş danışmağa dəyməz, real işlər görmək lazımdır.

   - Sizcə, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycanı layiqincə tanıda bilirlərmi, onların fəaliyyəti qaneedicidirmi, yoxsa bu fəaliyyətlər ancaq mənfəət xatirinədir?

   - Vallah, bu problem təbiidir. Belə problemlər təkcə bizim millətin arasında deyil, bəlkə də ən az belə problemi olan elə bizik. Ən çox ermənilərin, yəhudilərin arasında olur belə problemlər. Bu məsələyə real yanaşmaq lazımdır. Nə olsun ki, biz hamımız azərbaycanlıyıq, fikirlərimiz ki müxtəlifdir. Amma tam səmimiliklə deyə bilərəm ki, çoxları həqiqətən Azərbaycan naminə nəsə iş görmək istəyir. Azərbaycanı daha burada tanıtdırmağa ehtiyac yoxdur. Azərbaycan artıq söz deyə bilən bir dövlətə çevrilib. Mən özüm də arada İsveç parlamentinə gedirəm. Orada statistikaya nəzər yetirəndə görürəm ki, həqiqətən də Azərbaycanın xarici siyasətini dəstəkləyirlər. Söhbət daxili siyasətdən getmir, çünki şəxsən məni daxili siyasət az maraqlandırır. Məni xarici siyasət maraqlandırır ki, bu da göz önündədir. Mənim Riqstaqda oturan deputatlarla sıx əlaqəm olduğunu burada yaşayan azərbaycanlılar çox gözəl bilirlər. Mən görürəm ki, bizə olan münasibət necə yüksək səviyyədədir. "Eurovision-2011"-dəki qələbəmiz hər şeyə öz nöqtəsini qoydu. Mən başqa ölkələrin adından danışmaq istəmirəm, amma tam əminliklə deyə bilərəm ki, İsveçdə Azərbaycanı çox gözəl tanıyırlar. Özünüz də bilirsiniz ki, İsveçdən olan Nobel ailəsi Azərbaycanda yaşayıb. Nobel ailəsinin Azərbaycandakı fəaliyyətini hamı bilir. İsveçdə bütün yaşlı insanlar Azərbaycanı Nobel ailəsinə görə çox yaxşı tanıyırlar. İsveç gəncləri isə Azərbaycanı idmanına və mədəniyyətinə görə tanımağa başlayır. Özünüz də bilirsiniz ki, "Eurovision"nun bütün məsələləri İsveçdə öz həllini tapır. Azərbaycanın tanıdılması məsələsinə gəlincə, diaspor təşkilatları fəaliyyətdə olduqları dövlətin qurumlarına işğal altında olan torpaqlarımızı, Azərbaycan övladlarına qarşı edilmiş vəhşilikləri çatdırmalıdır. Bunu da biz edirik. Biz burada əlimizə top-tüfəng alıb, gedib erməniylə dava edə bilmərik. Öz fəaliyyətimizlə məşğuluq. Yəni Azərbaycan həqiqətləri, Qarabağ problemi, torpaqlarımızın işğal altında olması barədə bütün sənədləri lazımi yerlərə çatdırırq.

   - İsveç-Azərbaycan münasibətləri haqqında nə deyə bilərsiniz?

   - Parlamentdə İsveç-Azərbaycan dostluq komissiyası var. Bu komissiya vasitəsi ilə İsveç-Azərbaycan əlaqələri inkişaf edir. Həmin o komissiya görüşəndə bir dəfə mən də iştirak etmişəm. Bu komissiyanı təşkil edənlərdən biri də mən olmuşam. Mən demirəm ki, Riqstaqda deputat olanda bunu etmişəm - yox, sadəcə olaraq, təklif vermişəm Riqstaqa qəbul edilib. Bu da 9 ilin söhbətidir. Həqiqətən Azərbaycan-İsveç parlamentləri arasında böyük dostluq münasibətləri yaranıb və davam edir. Bütün məsələlər də parlamentlər arasında öz həllini tapır. Bundan başqa, burada Azərbaycanın səfirliyi var və onlar da bu məsələləri bizdən yaxşı həll edə bilirlər. Biz diaspor deyəndə bir az səhv başa düşülür. Elə hamı diasporun "Azərbaycan, Azərbaycan" deməsini istəyir. Bu, yanlış fikirdi. Biz çalışmalıyıq ki, yaşadığımız ölkələrdə nə isə yaxşı işlər görək. Biz yaşadığımız, fəaliyyət göstərdiyimiz ölkələrin siyasi partiyaları, ictimai təşkilatları ilə əməkdaşlıq etməli, iqtisadiyyatına, mədəniyyətinə töhfəmizi verməliyik. Biz səpələnməliyik İsveçin hər yerinə. Belə olan təqdirdə, biz Azərbaycanı istədiyimiz kimi təmsil edə bilərik. Bunun üçün çalışmaq lazımdır.

   - Bu gün İsveçdə erməni diasporunun vəziyyəti necədir?

   - Biz bu gün durub desək ki, erməni diasporu bizdən güclüdür, öz zəifliyimizi göstərmiş olarıq. Hər bir millət olan problemlərini irəli sürür. Kimin nəyə qadir olduğu göz qabağındadır. Amma onu da deyim ki, biz heç kəsdən geri qalmırıq. Başqasını zəif bilmək ağılsızlıq olar. Amma bir fakt da var ki, sivil ölkələrdə heç kəs heç kəsin işinə maneçilik törədə bilməz. Bizim bir problemimiz var, bu da torpaqlarımızın işğal altında olmasıdır. Torpaqlarımız mütləq geri qaytarılmalıdır. Bu da sülh yolu ilə ola bilər.

   - Deyirsiniz ki, Qarabağ problemi sülh yol ilə həll olunmalıdır. Amma özünüz də şahidsiniz ki, bu mümkün deyil. Ermənilər hələ də BMT-nin 4 qətnaməsinə əməl etmir. Azərbaycan sizin dediyiniz kimi sülh yolu ilə torpaqlarını qaytarmaq üçün nə etməlidir?

   - Yox, mən demirəm ki, müharibə yolu ilə həll edə bilmərik. Sadəcə mən münaqişənin müharibə yolu ilə həll edilməsini istəmirəm. Mən istəyirəm ki, bizim gənclər daha çox təhsilə önəm versinlər. Statistikaya nəzər salanda görünür ki, bizim hərbimiz, ordumuz Qafqazda həqiqətən yeganədir. Qaldı ki, Qarabağın qaytarılmasına, bunu ancaq siyasət yolu ilə həyata keçirmək lazımdır. Bizim siyasətçilərimiz masa arxasında oturmalı, sübut etməlidirlər ki, həqiqətən torpaq bizimdir. Bunu bütün dünyaya sübut etmək lazımdır. Baxın, Gürcüstanı enerji dövlətinə çevirən kimdir? Azərbaycan! Biz Ermənistanı da enerji dövlətinə çevirə bilərik. Ermənilərlə masa arxasında oturub söhbət etmək olar, bir şərtlə ki, başqa ölkələrin müdaxiləsi olmasın. Özünüz də bilirsiniz ki, Ermənistanın taleyini ermənilər həll etmir. Burada qüdrətli dövlətlər rol oynayır, onlarla danışıqlar aparmaq lazımdır.

   - Qarabağ həqiqətlərinin İsveçdə çatdırılması üçün sizlər nə kimi işlər görürsünüz?

   - Keçirdiyimiz tədbirlərdə, görüşlərdə Dağlıq Qarabağ münaqiləsi müzakirələrimizin əsas mövzusu olur. Torpaqlarımızın 20 faizinin işğal altında olması, 1 milyondan çox soydaşımızın öz yurd-yuvasından didərgin düşməsi faktını həmişə qabardırıq.

   - İsveç "erməni soyqırımı"nı tanıyan ölkələrdəndir. Buna etiraz etmək imkanlarınız nə qədərdi?

   - Açığı, bizim bu məsələyə daha ciddi yaxınlaşaq, etirazımızı bildirməyə imkan vermirlər. Bununla belə, biz də əl-qolumuzu yanımıza salıb dayanmırıq. Ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri İsveç ictimaiyyətinə çatdırırıq.

   - Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz hansı səviyyədədir?

   - Komitəylə əlaqələrimizin bünövrəsi çox güclüdür. Bizim təşkilatımız birbaşa Komitənin Avropa şöbəsi ilə əlaqəlidir. İsveçdəki səfirimiz Rəfael İbrahimovla da diaspor sıx işləyir. Bəzi tədbirlərimizin keçirilməsində qarşılıqlı məsləhətləşmələr və görüşmələr olur.

 

 

    İradə CƏLİLOVA

 

    Ekspress.- 2011.- 20-22 avqust.- S. 16.