"Alim Qasımov muğamın Allahıdır" Gənc xanəndə Mirələm Mirələmov:

 

   Qavalı bərk-bərk tutmuşdum ki, əlimdən düşməsin..."

 

   Muğam sehrli xəzinə, bitməyən möcüzədir. Hər gözəl səs muğamı zənginləşdirdiyi kimi, o da bu xəzinədən faydalananları - xanəndələri ad-san sahibi edib. Əsrlərdən bəri muğam Azərbaycana neçə-neçə böyük sənətkarlar qazandırıb və indi də qazandırır.

   Mirələm Mirələmov gənc yaşında Ramiz Zöhrabov, Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov və Səkinə İsmayılova kimi ustadların sınağından keçərək özünü xanəndə kimi tanıda bilib, Respublika Muğam Müsabiqəsinin qalibi olub. Bir müsabiqə yetdi ki, Mirələm gözəl səsi və ifası ilə geniş tamaşaçı auditoriyasının sevimlisinə çevrilməyi bacarsın. Təbii ki, muğamın sayəsində...

   Mirələm Mirələmov 1988-ci il noyabrın 4-də Şamaxıda anadan olub. Uşaq yaşlarımdan oxumağa böyük maraq göstərdiyi üçün valideynləri onu 1 nömrəli orta musiqi məktəbinin solo ifa sinfinə qoyublar.

     - Oxumağı musiqi məktəbində mənə Habil Şıxəliyev öyrədib. Habil müəllim vaxtilə Muğam Teatrının solisti olub, sonradan hansı səbəbdənsə paytaxtdan uzaqlaşıb. Sonradan təhsilimi Şamaxı Mədəni Maarif Kollecində davam etdirdim. Orada muğamı mənə Zaur müəllim öyrədib, o da öz növbəsində İslam Rzayevin tələbəsi olub. İki il sonra Bakıya Asəf Zeynallı adına Musiqi Kollecinə köçürüldüm. 2008-ci ildə burada ustad xanəndə Zabit Nəbizadənin kursunu bitirdim.

   - Siz Muğam Müsabiqəsində tanındınız. Bəs bu üç ildə nə işlə məşğul idiniz?

   - Hələ Asəf Zeynallı adına Musiqi Kollecində təhsil aldığım vaxtlarda səsimin keçid dövrü idi, deyə çox oxumurdum. Əslində ustadım Zabit müəllim oxumağı qadağan etmişdi. Dərsdə keçdiyimiz proqramları öyrənirdim, amma səsimi elə də gücə salmırdım. Kolleci bitirəndən sonra məni Moskvaya dəvət etdilər. İki ilədək orada fəaliyyət göstərdim. 2011-ci ildə Muğam Müsabiqəsinin elanını eşidəndə ora qatılmaq qərarına gəldim.

   - Müsabiqəyə haradan qatıldınız?

   - Seçim turlarına Şamaxı şəhərindən qatıldım. Birinci turda "Mirzə Hüseyn segahı" oxudum. Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov finalçıları seçmək üçün Şamaxıya gəlmişdilər. İfamı münsiflər heyətinin bütün üzvləri bəyəndilər. Mən rəhmətlik Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov və Yaqub Məmmədova çox qulaq asmışam. Bu ustadlar "Segah"ın ən yaddaqalan ifaçıları olublar. Bəlkə də onların ruhu mənə kömək oldu, ifam münsiflərin xoşuna gəldi, Şirvan bölgəsi üzrə müsabiqəyə qatılan 25 ifaçıdan 4 nəfər Bakıya dəvət edildi və onlardan biri mən oldum. İkinci tur Bakıda keçirildi. Bu mərhələdə "Bayatı şiraz" dəstgahını oxudum. Daha doğrusu, ifaçının muğamı bilib-bilməməsini öyrənmək üçün münsiflər dəstgahın bir az maye, bir az orta, bir az da müxalif hissələrini oxudurdular. Bu turda artıq Azərbaycanın hər yerindən 80-dək gənc xanəndə iştirak edirdi.

   - Aralarında çəkindiyin, qüvvətli rəqib hesab etdiyin vardımı?

   - Açığını deyim ki, bu 80 nəfərin arasında həqiqətən güclü oxuyanlar vardı, amma öz səsimə güvəndiyim üçün heç birindən çəkinmirdim. Digər tərəfdən, münsiflər heyətinin ədalətləi qərar verəcəklərinə əmin idim. Azərbaycan xalqı həmişə yaxşı xanəndəni bəyəndiyini heç vaxt gizli saxlamayıb. Mən də həmişə insanlar tərəfindən ifama görə təriflər alırdım. Bütün bunlar məndə özünə inamı gücləndirir, bir arxayınlıq yaradırdı.

   - Şirvanlı gənclərdə Alim Qasımov kimi oxumaq həvəsi aydın hiss olunur. Yerindən duran Alim Qasımov kimi oxumağa can atır. Bu amil bəzən onların əleyhinə də işləyir. Yəqin xatırlayırsınız ki, sizdən əvvəlki müsabiqədə Abgül Mirzəliyevin Alim Qasımov kimi oxuması münsiflər heyəti tərəfindən qınaqla qarşılandı. Bu müsabiqədə də Mustafa Mustafayevin Qədir Rüstəmov kimi oxuması ilk həftələrdə maraqla qarşılansa da, sonradan münsiflər heyəti buna görə onu çox danladılar. Amma sizin ifada sırf klassik ifanın şahidi olduq. Elə bil Abgüldən dərs almışdınız...

   - Mən deyərdim ki, bu gün nəinki şirvanlılar, bütün gənc xanəndələrin ifasında Alim Qasımovun təsirini hiss etməmək mümkün deyil. Çünki Alimin müqəddəsliyi bizim ruhumuza hopub, ondan qaçmaq qeyri-mümkündür. Alim Qasımov həqiqətən muğamın zirvəsidir. O, nəinki Azərbaycan, dünya muğam sənətinin Allahıdır. Bizlər onun sənətinin yanında bir zərrəyik, əgər onun sənətindən zərrə qədər özümüzünküləşdirə bilmişiksə, türklər demiş, nə mutlu bizə... Amma bu müsabiqədə mən bacardığım qədər klassik muğam oxumağa çalışırdım. Zabit müəllim sağ olsun, mənim repertuarımı sırf klassik ifa üzərində qurmağa yardım etdi.

   - Azərbaycanda Mədəniyyət kanalı öz açılışını bu müsabiqə ilə etdi. Müsabiqənin açılışını isə siz etdiniz. Bunun özü də böyük məsuliyyət tələb edirdi...

   - Mən əslində belə bir etimadın mənə göstəriləcəyini təsəvvürümə gətirmirdim. Dostlarım hərdən zarafatla deyirlər ki, telekanalın siftəsini sən etmisən, cəddin kömək olacaq... Allaha min şükür, cəddim özümə də kömək oldu. Müsabiqənin açılışında necə oxuduğum yadıma gəlmir, bircə onu xatırlayıram ki, qavalı bərk-bərk tutmuşdum ki, əlimdən düşməsin. Belə baxanda bunun özü gözəl bir məqamdır, artıq tarixə də düşdüm. 100 ildən sonra da söhbət düşəndə deyiləcək ki, Mədəniyyət kanalı Mirələm Mirələmovun ifası ilə açılıb. Həqiqətən gözəl hisslərdir.

   - Münsiflər heyətinin sizə rəğbət bəsləməsi aşkar sezilirdi, bununla belə hərdən sənə yaman ilişirdilər. Ən yaddaqalan məqam o oldu ki, siz "Şirvan şikəstəsini" oxuyandan sonra Əlibaba Məmmədov sizi tərfilədi və qayıtdı ki, çox əla oxuduğuna görə acığa "9" verirəm...

   - Zabit müəllim həmişə mənə bu cümləni tez-tez xatırladır, ustad xanəndə həmişə haqlıdır, onlara mütləq hörmət etməlisən. Ona görə də münsiflərin tərifini də, iradını da böyük məhəbbətlə qarşılayırdım. Əlibaba müəllimin bütün dünyada yayımlanan bir kanalda 20 dəqiqə barəmdə tərifli sözlər deməsi mənim üçün dünyalara bərabər mükafatdır.

   - Tanınmaq, şöhrət sahibi olmaq sizdə hansı təəssüratlar yaradır?

   - Təsəvvür edin, insanlar mənim qalib gəlməyim üçün qurban deyiblərmiş. Tanımadığım adamlar mənim üçün qurban kəsdilər, bir neçəsində özüm də iştirak etdim. Allah qurbanlarını qəbul etsin.

   - Ailənizdə sizdən başqa oxuyan olubmu?

   - Mənim dayımın gözəl səsi olub. Tərəkəməçilik olub, başı heyvanata qarışıb, xanəndəliyin dalınca düşməyib. Bir məqama toxunmaq istəyirəm. Bizim tərəflərdə valideynlər uşağın səsinin olub-olmamasına diqqət yetirmirlər. Qoyun sürüsünün kənarında o qədər gözəl səslər batıb gedib ki. Amma mənim atam uşaq yaşlarımdan mənə inandı, arxa durdu, xanəndə olmağım üçün bütün ehtiyaclarımı ödədi.

   - Birinci olacağınıza inanırdınızmı? Çünki o ərəfədə belə bir söz-söhbət gəzirdi ki, qarabağlılar şirvanlılara birinci yeri heç vaxt güzəştə getməzlər. Hər halda sizin qalib gəlməyiniz bu şayiələrin boş-boş söhbətlər olduğunu sübut elədi.

   - Təbii ki, bütün bunlar boş-boş sözlərdir. Mən qəti şəkildə muğamda qütbləşmənin əleyhinəyəm. Ümumiyyətlə, heç vaxt söz-söhbətə baş qoşmamışam, bundan sonra da qoşmaram. Sənətkar öz sözünü ifası ilə deməyi bacarmalıdır. Elə buna görə də ona sənətkar deyirlər. Sənət əldən gedəndən sonra, oxumağı bacarmayanlar məcburdurlar ki, yalnız danışsınlar. Ustadımız Alim Qasımov haqqında da çox şey deyirdilər, dünyanın bir nömrəli xanəndəsi olmaqla, vaxtilə onun əleyhinə danışanları həqiqəti deməyə məcbur etdi. Birinci olmağımı əvvəlcədən təsəvvür edirdim. Birinci olmasam da, fikirləşirdim ki, mütləq ikinci yer mənim olacaq. Əslində insanlar söhbət edərkən məni buna inandırmışdılar.

   - Pul mükafatını nəyə xərclədiniz?

   - Pul mükafatına özüm üçün avtomobil aldım. Xudmani bir "çeşkam" var.

   - Az müddətdə tanınıb, sonradan şan-şöhrəti elə qısa vaxt ərzində xərcləyənlər də olub. Şöhrətin zirvəsində qalmaqdan ötrü hansı planlarınız var?

   - Allah hər kəsin işini avand etsin. Hər kəs öz ağlına, düşüncəsinə görə hərəkət edir. Mən hələ indi-indi nələrisə öyrənməyə çalışıram. Ustadların gözəl sözü var, xanəndə 30 yaşa qədər öyrənir, 30-dan 50-dək oxuyur, 50-dən sonra yola verir.

   - Hansı muğamları dəstgah formasında bilirsiniz?

   - Demək olar ki, hamısını bilirəm.

   - Bu dəstgahları nə vaxt lentə aldırmağı düşünürsünüz?

   - Vallah, məncə hələ bu barədə düşünmək tezdir. Onsuz da müsabiqədəki çıxışlarım internetdə yerləşdirilib. Bu müsabiqədə hər dəfə bir muğam oxumuşam. Lazım olanda dost-tanış ifalarımı internetdən disklərə köçürürlər. Ona görə də hələlik buna ehtiyac duymuram. Onsuz da bu ifalara görə mükafatımı almışam, indi durub bundan qazanc götürməyəcəyəm ki.

   - Bildiyimə görə, Azərbaycan Dövlət Televiziyası ilə 3 illik müqavilə imzalamısınız. Müqavilədə hansı şərtlər var? Bu müddət ərzində AzTV sizin üçün hansı işləri boynuna götürüb, klip, albom olacaqmı?

   - Müqaviləyə görə bizə başqa telekanalın efirinə çıxmaq qadağan olunub. Əslində buna ehtiyacımız da yoxdur, çünki dövlət televiziyası bizə kifayət qədər vaxt ayırır. Bu telekanalı bütün dünyadakı soydaşlarımız izləyirlər. Bundan başqa, plan üzrə albomlar və kliplər olacaq. Rayonlarda konsertlərimizin təşkili də müqavilədə əksini tapıb.

   - Mirələm, muğam sənətində gələcək yerinizi necə görürsünüz?

   - Bizim ulu ustadlarımız bu sənətdə indiyədək bir çox möcüzələr yaradıb, adlarını bu sənətin şanlı salnaməsinə qızıl hərflərlə həkk etdiriblər, xalqımızın mənəvi sərvəti olan muğamımızı zirvələrə qaldırıblar. Bizim də borcumuz onların şanlı ənənələrini davam etdirməkdir. Böyük sənətkarımız Alim Qasımov sübut etdi ki, millətindən asılı olmayaraq, hər kəs muğamı sevə-sevə dinləyir, yetər ki, ifa mükəmməl olsun. Deməli hər kəs onun yolu ilə gedib, ənənələrini davam etdirə bilər. Gələcək üçün ən böyük arzum Opera və Balet Teatrında "Məcnun" obrazını yaratmaqdır. İnşallah, bundan sonra "oxuyur Mirələm Mirələmov" sözlərini tez-tez eşidəcəksiniz. Bu işdə ulu Tanrı bizə yar olsun.

 

 

    İLTİFAT

 

    Ekspress.- 2011.- 20-22 avqust.- S. 19.