"Mən
muğamı 150 il əvvəlki tək oxuyuram"
Xanəndə
Ağakərim Nafiz Şirvan muğam məktəbinin
yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır.
Amma 50 ilə yaxındır ki, muğamın təbliği ilə
məşğul olan bu sənətkar diqqətdən kənarda
qalıb.
Ağakərim Nafiz xaricdə daha
çox məşhurdur. Bir neçə dəfə Fransada,
İtaliyada, o cümlədən Avropanın bir çox
ölkəsində qastrol səfərlərində olan xanəndə
böyük salonlarda geniş konsert proqramları ilə
auditoriya qarşısına çıxıb. Bu 40 ildə Azərbaycanda adi bir audiokaseti buraxılmasa da, Fransada diski çıxıb. Artıq bir neçə
ildir ki, xarici ölkələrdə
ustad dərsləri keçir. Buna baxmayaraq, öz vətənində xanəndə
yetişdirməyə həvəs
göstərmir. Ustad sənətkar
bütün bunlara qəzetimizə verdiyi müsahibədə aydınlıq
gətirir.
- Ağakərim
müəllim, 50 ilə
yaxındır xanəndəlik
edirsiniz. Bəs nə üçün
indiyədək nə
bir kaset buraxdırmısınız, nə
də konsert vermisiniz? Deyəsən,
bir az
passiv işləyirsiniz...
- Mən təbliğ olunmağa heç vaxt ehtiyac duymamışam. Mənim mahnılarımı,
təsniflərimi xalq
artistlərindən tutmuş,
lap cavan xanəndələrə
qədər, çoxları
oxuyublar. Onlar buraxdırdıqları kasetlərdə mənim təsniflərimdən istifadə
ediblər. Ancaq mən
öz təsniflərimi
belə təbliğ etməyə ehtiyac duymamışam. Nə də
gedib heç kimə deməmişəm
ki, niyə məndən icazəsiz mahnılarımdan, təsniflərimdən
istifadə edirlər?
Ona görə ki, biz oxuduğumuz muğamları,
mahnıları da elə bizim kimi insanlar bəstələyiblər,
düzüb qoşublar.
Təbliğ olunmaq məsələsinə
gələndə isə,
keçmişdə nə
kaset vardı, nə klip çəkdirirdilər,
nə də konsert verirdilər. Amma o dövrlərin sənətkarları
yüzillərdir məşhur
xanəndə kimi yad olunurlar. Məgər Cabbar Qaryağdıoğlunun
vaxtında belə şeylər vardı?
Amma Cabbarın adı bu gün də
dillər əzbəridi.
Yəni sənətkar sənəti
ilə tanınırdı.
Ancaq indikilər sənəti, istedadı oldu-olmadı, cumurlar kaset buraxdırmağa. Bir
də görürsən
ki, oxumağa başladığı heç
2-3 ay deyil, 5 kaset buraxdırıb... Daha doğrusu
"albom". Ancaq
bayaq da dedim, mənim
təsniflərimi lentə
aldırıb, sonra da öz adlarına
çıxırdılar. Məsəlçün, Elşad Qarayevin oxuduğu "Zəngi, zəngi" mahnısı
mənim bəstələdiyim
təsnifin bir hissəsidir. Adı da
"Xahiş mikonəm"dir.
Bu təsnifi mən Tacikistanda olanda bəstələmişəm. Bir dəfə Düşənbədə
olanda, skamyada oturmuşdum, gördüm,
bir tacik qızı telefonda danışır, amma tez-tez "alo, xahiş mikonəm" deyir. Mən durub gedəndə
artıq özümçün
zümzümə edirdim
-"xahiş mikonəm,
alo, xahiş mikonəm". Həmin mahnı
o zaman yaranıb.
Elşad
Qarayev də mahnını "Zəngi,
zəngi" kimi oxuyur, hələ klip də çəkdirib.
Ancaq titrdə yazdırıb ki, guya mahnının
sözləri və musiqisi Elşada məxsusdur. Qəti şəkildə bildirirəm:
Elşadın oxuduğu
"Zəngi, zəngi"
mənim "Xahiş
mikonəm" mahnımdır.
Mən kaset buraxdıracaqdım.
Mahnılarımı lentə də
aldırmışdım. Ancaq elə oldu ki,
bir dəfə kənd soveti sədrini vurdum. Məni həbs edib, 2 il
iş kəsdilər.
Bilmirəm nədənsə həmin kaseti də satışa buraxmadılar. Sonradan
mənə bir dostum dedi ki,
həmin lentin yoxa çıxması hansısa müğənninin
sifarişi ilə olub. Ancaq müğənninin adını demədi.
Xülasə, həmin kasetdə
mənim "Xahiş
mikonəm" mahnım
da vardı.
Mənim mahnılarımı nəinki
müğənnilər, hətta
adlı-sanlı bəstəkarlar
da öz adlarına çıxıblar...
- Kimlərdən
dərs almısınız?
- Mən çox xanəndədən
dərs götürmüşəm.
Ancaq əsl ustadım, ötən əsrin ortalarında Şamaxıda
Ağalar adında xanəndə vardı, o olub. Allah ona
rəhmət eləsin,
çox cavan yaşlarında həyatdan
köçdü. 1969-cu
ildə Ceyrançöldə
onu maşın vuranda, heç 30 yaşı yox idi. Rəhmətlik Ağalar başqa
aləm idi. Onda olan zil səsə,
zənguləyə indiyədək
mən rast gəlmədim. Mən onun
sənətini tam qavraya
bilsəydim, indi başqa cür xanəndə olardım.
Onun zəngulələri, boğazları,
nə bilim, göydəngəlmə bir
şey idi. Ağalar rəhmətlik muğamatı çox gözəl bilirdi, Asəf Zeynallı adına Musiqi
Texnikumunda Seyid Şuşinskinin sinfində
oxumuşdu. Ağalardan sonra müəllimim
rəhmətlik Aşıq
Məmmədağa olub.
Düzdür, onun şəyirdi
olmamışam, ancaq bir yerdə çoxlu konsertlərdə
oxumuşuq. Aşıq Məmmədağa
çox sərrast muğam ifaçısı
idi. Yəqin bilərsiniz, Şirvanda
belə bir qayda var ki,
aşıq mütləq
muğamatı gözəl
bilməlidir. Digər
tərəfdən, aşıqlıq
o qədər böyük
sənət sayılırdı
ki, aşıq olmaq istəyənlər gərək bir neçə il
ustad aşıqların
yanında xanəndəlik
edəydilər. Şirvanın bütün aşıqları
bu sənətə xanəndəlikdən gəliblər,
ona görə də onlar muğamı
gözəl bilirlər.
- Ağakərim
müəllim, deyək
ki, indi televiziyaya, radioya çıxmaq üçün
pul istəyirlər. Bəs nə əcəb, əvvəllər ekrana çıxmamısınız?
- O dövrdə
televiziyaya çıxmaq
üçün xanəndə
mütləq ya gərək filarmoniyanın,
ya da telestudiyanın
solisti olaydı. Yəni hələm-hələm rayon xanəndəsini
efirə buraxmırdılar.
Yaşlı nəsil gözəl
xatırlayar, ustad xanəndə vardı, Əliyusif Qəniyev -əslən Şamaxıdan
idi, Kürdəmirdə
yaşayırdı, 1971-ci ildə
vəfat elədi.
O boyda sənətkarı
nə radioya, nə də televiziyaya buraxmadılar. Çoxu da paxıllıqdan. Bizim millətin ən böyük bəlası elə paxıllıqdır.
- Sizin ifanız klassik formadan fərqlənir. Bu da çox vaxt
birmənalı qarşılanmır...
- Kimsə mənim ifamı qəbul etmirsə, gedib dalaşmayacağam ki... Götürək, Alim Qasımovu... Alim muğamata yeni ifa tərzi, yeni nəfəs gətirib. Onun oxumağını da burda bəyənmirlər.
Çox da bəyənməsinlər, Alimin
üzüyünün qaşı
düşəcək?..
Alimi bütün dünya bəyənir, qəbul edir.
Mənim ifama gəldikdə isə, onu deyə
bilərəm ki, mən muğamı 100-150
il bundan
əvvəl necə oxuyurdularsa, elə oxuyuram. Bir dəfə bir
çayxanada oturmuşdum.
Alim o vaxtlar təzə-təzə
məşhurlaşırdı, özü də Möhlət Müslümov
və Fəxrəddin
Dadaşovun müşayiəti
ilə çıxış
edirdi. Onlar da həmin çayxanada idilər.
Gördüm, tanınmış xanəndələrdən biri
Möhlətə deyir
ki, "Alim "Bayatı-Şiraz"ı düzgün
oxumadı. Onda mən
onların söhbətinə
müdaxilə etdim, soruşdum ki, "niyə belə deyirsən"? Dedi ki, "Alim orda "Segah" oxudu". Onda mən dedim ki, "Alim düz oxuyur, sən bilmirsən ki, "Bayatı-Şiraz"da
"Segah" da var". Bu gün
çoxları bilmir ki, keçmişdə muğamlarımız necə
olub. Ona görə də
bizim ifalarımız onlara qəribə görünür.
- Son zamanlar sorağınız mütəmadi
olaraq xaricdən gəlir. Hansı ölkələrdə olmusunuz?
- Fransada, İtaliyada, İspaniyada, İsveçrədə və
s. olmuşam.
- Xarici səfərlərinizi kimlər
təşkil edir?
- Fransalı
Mark Lüpiti yəqin
tanıyırsınız. Məşhur udçalandır. Bütün səfərlərimizi
o təşkil edib.
Bundan başqa, Mark Fransada mənim ustad dərslərimi təşkil
edir.
- Bəzi xanəndələr Şirvan
muğam məktəbinin
olmadığını, Şirvana
muğamın Qarabağdan
keçdiyini deyirlər.
Siz bu barədə nə deyərdiniz?
- Bunu deyən böyük səhv edir. Qarabağ muğam məktəbinin sorağı 19-cu əsrdən
gəlir. Ondan əvvəl
bu məktəbin olması barədə heç bir mənbədə rast gəlinmir. Ancaq Şirvanda xanəndəlik
məktəbinin kökü
gedib Şirvanşahlar
dövrünə çıxır.
Şirvanşahlar həmişə dövrün məşhur
şairlərini, xanəndələrini
öz saraylarında saxlayıblar. Ancaq Qarabağ
xanəndələri Cabbar
Qaryağdıoğludan o tərəfə
gedib çıxmır.
- Tələbələriniz
varmı?
- Bilirsinizmi, indi gənc xanəndələrə
keçilən muğam dərsinin proqramı məni qane
etmir. Muğam elə bir sənətdir ki, onu hər hansı
dar çərçivədə keçmək olmaz.
Muğamın imkanları böyükdür və hər bir
xanəndə bu imkanlardan öz qabiliyyəti hesabına istifadə
etməlidir. Mənim dostlarım bir-iki dəfə mənə
bu barədə təklif etdilər, razı olmadım.
İltifat HACIXANOĞLU
Ekspress.- 2011.- 10-12 dekabr.- S. 19.