Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən şənbə saylarımızda)
Bağırov və Şəkinski
Təəssüflər olsun ki, 1976-87-ci illərdə
nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyası cildlərində
"Bakı tarixi" deyil,
"Yerevan tarixi"
şərh olunmuşdur.
1980-ci ildə ASE-nin
dördüncü cildini hazırlayıb nəşr edənlər
yaxşı bilirdilər ki, İrəvan Azərbaycanın qədim
şəhərlərindən biridir. Şəhərin
adının Yerebuni qalasının adından əmələ
gəlməsi ermənilərin uydurmasıdır. İrəvan
adı ilk dəfə 607-ci ildə çəkilmişdir. O
zaman Cənubi Qafqazda ermənilərin heç bir dövləti
olmamışdır. Şəhər Rəvan, Erivan, Yerevan
adları ilə tanınmışdır. "İr"
türk dilində "dağın gün düşən tərəfi",
"van" yer eməkdir. Rusiyanın İrəvanı
işğalına qədər burada əhalinin əsas hissəsi
Azərbaycan türklərindən ibarət olmuşdur, bir
sözlə, İrəvan qədim azərbaycanlıların
ana vətənidir.
Cəmil Quliyevin baş
redaktorluğu ilə buraxılmış ASE-nin
dördüncü cildində isə oxuyuruq: "Erivan
xanlığı - Zaqafqaziyada 18-ci əsrin ortalarında
yaranmış feodal dövlətlərdən biri - Ararat
düzənliyini, Sevan gölü hövzəsini və Araz
çayından cənub-qərbə uzanan ərazini əhatə
edirdi. Əhalisi əsasən ermənilər və azərbaycanlılar
idi... Erebuni-Urartu dövlətinin eramızdan əvvəl
782-ci ildə hökmdar I Argiştinin saldırdığı
qala. Xarabalığı Yerevanın kənarında Arin-berd təpəsində
aşkar edilmişdir. Müntəzəm qazıntılar
1950-ci ildən aparılır. Erebuninin adı Yerevanın
adında saxlanılmışdır. 1968-ci ildə
Yerevanın 2750 illiyi ilə əlaqədar Erebunidə
geniş bərpa işləri aparılmışdır". (Bax: Azərbaycan Sovet Ensiklopediyası, IV cild, bakı,
1980, səh. 78-79).
Bəs Bakımızın neçə
yaşı var? Tarixçi-ensiklopediyaçılarımız
nə vaxt bu sualın cavabını tapacaqlar? Niyə
paytaxtımızda Bakı günləri keçirilməsin?
Niyə "Bakı ensiklopediyası" hazırlanıb nəşr
olunmasın? Axı vaxtilə Məmməd-əmin Şəkinskinin
imzaladığı arxiv arayışlarında, Rəsul
Rzanın yaşıl cildli ensiklopediyasında, eləcə də
müstəqilliyimizin bərpasından sonrakı dövrdə
yazılmış çoxlu məqalələrdə,
kitablarda yeni-yeni məxəzlər və mülahizələr
vardır. Unudulmaz xalq yazıçımız Qılman
İlkinin 2006-cı ildə oxuculara ərməğan etdiyi
"Bakı və bakılılar" kitabında tarixi faktlar
və inandırıcı həqiqətlər çoxdur.
Kitabın "Ön sözü" mərhum akademik-filosof
Fuad Qasımzadənin bugün soydaşlarına son
sözü kimi səslənir: "Çağdaş və gələcək
nəsillərə doğma Azərbaycanımızı
tanıtmaq hamımızın borcudur. Bu, müqəddəs
bir işdir. Hər nəsil yaşadığı mühitdə
göz açır, onun ab-havası ilə böyüyür,
necə deyərlər, hər şeyi bir növ hazır
görür. Bilmir ki, gördüklərinin tarixi var,
keçmişi var. Bu gün dünəndən yaranıb,
sabah da bu gündən yaranacaq. Zira tarix ardı-arası kəsilməz
prosesdir. Həm fasiləlidir, həm də fasiləsiz. Həyatın
dialektikası belədir. Hər bir şeydə, hər bir
hadisədə keçmişin qalıqları, indinin əsasları,
gələcəyin isə rüşeymləri olur. Tarix və
çağdaşlıq qırılmaz tellərlə
bağlıdır. Biri digərsiz ola da bilməz. Odur ki,
tariximizi, keçmişimizi bilməliyik. Müxtəlif
ölkələrin millət və xalqlarının tarixini
yada salın. Görün bir, Paris fransızlar, London ingilislər,
Madrid ispanlar, Roma italyanlar, Berlin almanlar, Varşava polyaklar
üçün nə qədər vacib əhəmiyyətə
malik olmuşdur. Moskva ruslar üçün, İstanbul
türklər üçün, Bağdad iraqlılar
üçün əziz olduğu kimi, Bakı da bizim
üçün əziz və qiymətlidir".
Qılman İlkinin bütün nəsillərə
yazılı əmanəti olan "Bakı və
bakılılar" kitabının "Qədim şəhər"
fəslində Bakının tarixini soraqlayanlar
üçün zəngin məlumatlar (səh.10-17) vardır.
Bəzi məqamlara diqqət yetirin: "1826-cı ildə
Bakıda olmuş görkəmli səyyah Zeynalabdin Şirvani
yazırdı: "Bakını Badkubə də
adlandırırlar. Çünki bu yerdə daim küləklər
əsir. Buna görə də burada evlərin
özülünü yonulmuş daşlardan qoyur, həyətləri
və damları qırla örtürlər". Bakı qədim
şəhərdir. Doğrudur, onun məhz hansı əsrdə
salındığı hələ müəyyən edilməmişdir.
Lakin Bakının önündə və ətraf kəndlərində
arxeoloqların apardığı qazıntılar nəticəsində
tapılan tarixi abidələr, saxsı qablar, daş
sandıqçalarda dəfn edilmiş adamların
sümükləri, sikkələr və sairədən məlum
olur ki, onun yaranması tarixi eramızdan əvvəlki əsrlərə
gedib çıxır. Hazırda Binəqədi
yaxınlığında "Qır gölü" adı
ilə tanınan böyük bir sahə vardır.
Tarixçilərin yazdığına görə, onminillər
bundan qabaq burada göl zaman-zaman qurumuş və bugünkü
şəklini almışdır. Burada gölün qalın
qır təbəqələri altında çoxlu, hətta
bu gün artıq Abşeronda mövcud olmayan vəhşi
heyvanların sümükləri tapılmışdır.
Şir, iri maral, ayı, at, uzunqulaq sümükləri ilə
yanaşı tapılan kərgədan sümükləri
göstərir ki, Abşeronda onminillər qabaq bu heyvanlar
yaşamışlar. Bəzi alimlər belə nəticəyə
gəlirlər ki, bu heyvanların yaşadıqları yerdə
yəqin ki, onları ovlaya ibtidai insanlar da
yaşamışlar. Demək, eramızdan hələ xeyli
qabaq Abşeron ətrafında ibtidai insanlar məskən
salmışlar. Qobustan daşlarında isə bu heyvanları
ovlayan ibtidai insanların şəkilləri həkk
olunmuşdur.
Məlum olduğu kimi, Bakı ətrafında
ən qədim yerlərdən bəziləri hazırda Xəzər
suları altında qalmışdır. Eramızın II-VII əsrlərində
Xəzər dənizinin hazırkı sahili Nargin və Vulf
adalarından xeyli uzaqda olmuşdur. Eramızın 6-cı əsrindən
başlayaraq, Xəzərin səviyyəsi artmış və
Qız qalasınadək olan bütün körfəz su
altında qalmışdır. Yaxın keçmişdə dəniz
səthinin aşağı düşməsi nəticəsində
suyun dibindən yüksələn qədim tikilinin bürcləri
buna aydın sübutdur. 1830-cu ildə Bakıda olmuş alman
akademiki E.Lens yerli əhalidən eşitmiş olduğu rəvayətlər
barədə belə yazırdı: "Xeyli müddət əvvəl
dəniz indikinə nisbətən 20 verst uzaqlıqda idi. O
zaman Nargin adaları qurunun ayrılmaz hissələri idi. Sonra
dənizin səthi qalxaraq, xeyli qabağa gəlmiş və
sahil indiki görkəmini almışdır". Lens Nargin
adasının qayalıqlarında Zığ burnuna gedən
araba çarxlarının izini görmüşdü. Bunu
Abbasqulu Ağa Bakıxanov da özünün
"Gülüstani-İrəm" kitabında təsdiq
edirdi. O yazırdı: "Bakı qəzasının Bilgəh,
Zirə, Bibiheybət və başqa kəndlərində, habelə
bir neçə adada qayalıqlar üstündə dənizin
içərilərinə tərəf gedən araba
çarxlarının izləri görünür". Daha
sonra Bakıxanov yaxırdı: "Şəhərin
özündə Hacı Baba Hacı Ağahüseyn oğlu
adında bir ev sahibi öz həyətində quyu
qazdığı zaman dənizin indiki səviyyəsindən
aşağıda, yerin altında daşla döşənmiş
bir yola rast gəlmişdir". Zığ burnunda
qayalıqlarda dənizin içərilərinə tərəf
gedən araba təkərlərinin izlərini görənlər
olub. Bütün bunlar göstərir ki, Xəzər dənizinin
səthi yüksəldiyi zaman bir çox tikililər, hətta
rəvayətə görə, Səbail adlı bütöv
bir şəhər də suyun altında qalmışdır.
İçəri şəhərin
ən yüksək bir yerində yerləşən
Şirvanşahlar sarayında aparılmış
qazıntılar nəticəsində tapılan sikkələrlə
müyyənləşdirilmişdir ki, hələ səkkizinci
əsrdə burada ticarət liman şəhəri olmuşdur.
Bakışünas alim Sara Aşurbəyli belə bir nəticəyə
gəlmişdir ki, "Bakı feodal şəhəri kimi
eramızın 8-ci əsrində mövcud idi".
ARAYIŞ. Aşurbəyli Sara Balabəy qızı.
1906-cı il yanvarın 2-də Bakıda
anadan olmuşdur. Tarix elmləri doktoru (1966-cı il),
Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür
(1946-cı ildən). İstanbulda
Janna D""ark adına
fransız kollecini
(1925-ci il), ADU-nun Şərq
fakültəsini (1930-cu il),
V.İ.Lenin aına
APİ-nin xarici dillər fakültəsini
(1941-ci il) bitirmişdir.
Azərbaycan SSR Elmlər Akademiyası
Tarix muzeyində orta əsrlər şöbəsinin müdiri
(1954-58), Azərbaycan SSR Elmlər
Akademiyası Şərqşünaslıq
İnstitutunda baş elmi işçi (1958-61) işləmişdir. 1961-ci
ildən Azərbaycan
SSR Elmlər Akademiyası
Taric İnstitutunun baş elmi işçisidir.
Azərbaycanın orta əsr şəhərləri tarixinin
tədqiqi ilə məşğul olur.
Məqalələri ingilis, fransız
və Çin dillərində dərc edilmişdir ". (Bax: Azəri Sovet Ensiklopediyası, I cild, səh.404. Bakı,
1970-ci il).
"Bakının
ən azı 20 əsrlik yaşı var" deyən Sara Aşurbəyli indi unudulmaqdadır. Ümid ancaq
ölkə prezidentinə
qalır. Müvafiq fərman
olarsa, Milli Elmlər Akademiyasının
prezidenti də, Bakı meri də bir həftə
ərzində qədim
Bakımızın doğum
gününü dürüstləşdirərlər,
"Bakı günü"
təqvimimizin bayram gününə çevrilər.
O zaman Sara Aşurbəylinin
də, Qılman İlkinin də, Məmmədəmin Şəkinskinin
də ruhu şad olar.
Azərbaycan SSR Nazirlər Soveti
yanında Arxiv İdarəsinin rəisi Məmmədəmin Şəkinski
1962-ci ildə Azərbaycan
tarixini fərziyyələr
əsasında deyil, tarixi məxəzlər və arxiv sənədləri
əsasında yazılması
üçün var qüvvəsi ilə çalışmışdır. Respublikanın baş arxivarusunun 1962-ci il
fevralın 1-də Azərbaycan
KP MK-nın Təbliğat
və Təşviqat Şöbəsinin müdiri
Məmməd Qazıyev
yoldaşa ünvanladığı
məktub Dövlət
Arxivində saxlanılır.
Tanış olun:
"Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsinin və Mərkəzi
dövlət arxivlərinin elmi əməkdaşları son
vaxtlar Azərbaycan tarixinin və eləcə də
tarixşünaslığın bu və ya digər məsələlər
üzrə arxiv sənədləri əsasında bir sıra
elmi məqalələr hazırlamışldar. Lakin bunları
nəşr yolu ilə respublikamızın elmi ictimaiyyətinə
və oxuculara çatdırmaq imkanımız məhduddur.
Sizdən xahiş edirəm ki, Azərbaycan
tarixinə aid məqalələrin ictimaiyyətə
çatdırılmasını yaxşılaşdırmaq məqsədilə
Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin
orqanı olacaq "Azərbacan Arxivlərinin Xəbərləri"
jurnalının nəşr olunmasında köməklik
göstərəsiniz. Nəzərdə tutduğumuz məcmuədə
arxiv materialları ilə yanaşı, respublikanın
ayrı-ayrı tarixçilərinin məqalələri də
veriləcəkdir.
Məlumat üçün Sizə
bunu da çatdırıram ki, belə bir nəşr
orqanı ikinci ildir ki, Ermənistan SSR-də mövcuddur. "Ermənistan
Arxivlərinin Xəbərləri" jurnalının bir
nüsxəsini məktuba əlavə edirəm.
Azərbaycan SSR Nazirlər Soveti
yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski".
(ardı var)
Teyyub Qurban
Ekspress.-
2011.- 10-12 dekabr.- S. 15.