O, tarixi yaradırdı...
Heydər
Əliyevin vəfatından 8 il keçdi
Dünən
ulu öndər, dövlətçiliyimizin
memarı Heydər Əliyevin anım günü
idi. Dekabrın 12-də ümummilli
liderin vəfatının səkkizinci ildönümü münasibətilə bütün ölkə ərazisində
anım mərasimləri keçirildi, Fəxri
Xiyabanda mərhum prezidentin
qəbiri ziyarət edildi.
AzərTAc xəbər verir ki, Fəxri
Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edən
prezident İlham Əliyev ulu öndərin məzarı
önünə əklil qoyub, ehtiramını bildirib.
Dövlət
başçısı görkəmli oftalmoloq Zərifə
Əliyevanın da məzarını ziyarət edib. Prezidenti anım mərasimində
dövlət və hökumət nümayəndələri,
millət vəkilləri, ictimai-siyasi
xadimlər, Bakıdakı diplomatik korpusun təmsilçiləri müşayiət
ediblər.
Heydər Əlirza oğlu
Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan
olub. 1944-cü
ildən təhlükəsizlik orqanları sistemində
çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsi sədrinin müavini,
1967-ci ildən isə sədri vəzifəsində
işləyib, general-mayor rütbəsinə
qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil
alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini
bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilib. 1982-ci ilin
dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edilib və SSRİ-nin
rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin
oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20
yanvarında sovet qoşunlarının Bakıda törətdiyi
qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla
çıxış edərək, Azərbaycan xalqına
qarşı törədilmiş cinayətin təşkilatçıları
və icraçılarının cəzalandırılmasını
tələb edib. O, Dağlıq Qarabağda
yaranmış kəskin münaqişəli vəziyyətlə
bağlı SSRİ rəhbərliyinin ikiüzlü
siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı
Kommunist Partiyasının
sıralarını tərk edib.
1990-cı ilin iyulunda
Azərbaycana qayıdan Heydər Əliyev ilk
əvvəl Bakıda, sonra isə
Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan
Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan
Respublikası Ali Soveti
sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə
Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis qurultayında partiyanın sədri
seçilib. 1993-cü il
iyunun 15-də Azərbaycan Ali
Sovetinin sədri seçilən Heydər
Əliyev iyunun 24-də Milli
Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başlayıb. 1993-cü il
oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən
növbəti prezident seçkilərində
yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilib. 2003-cü il
oktyabrın 15-də keçiriləcək prezident
seçkilərində namizədliyinin irəli sürülməsinə
razılıq vermiş Heydər Əliyev
səhhətində yaranmış problemlərlə əlaqədar
seçkilərdə iştirak etməkdən
imtina edib.
Uzun müddət ABŞ-ın
Klivlend klinikasında müalicə olunan Heydər Əliyev
2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Müasir
Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, özü də taleyüklü
bir dönəmi (həmin epoxal
dövr ki, ölkəmizin
və xalqımızın taleyi, gedəcəyi
yol müəyyən edilirdi),
iki əsrin qovşağında ölkə
həyatının bütün sahələrində
və
beynəlxalq arenada əldə edilmiş möhtəşəm nailiyyətlər
heç şübhəsiz ki, Heydər Əliyevin adı, onun
müdrik dövlətçilik siyasəti
ilə bağlıdır.
1993-cü ilin yayında ikinci dəfə
ölkə rəhbərliyinə gələn Heydər
Əliyev mühüm tarixi missiyanı gerçəkləşdirdi:
müstəqil dövlətçiliyimizin memarı oldu, suveren
Azərbaycanın möhkəm özüllər üzərində
ucalmasının təməlini atdı, məhz onun müdrik
siyasi addımları yenicə müstəqillik qazanmış
Azərbaycanı hərc-mərclik bataqlığından
çıxardı. Tarix
üçün çox
qısa sayılacaq bir-iki il
müddətində ölkənin sosial-iqtisadi
problemlərini həll etmək, bazar
iqtisadiyyatı münasibətlərini və demokratik
prosesləri inkişaf etdirmək, müstəqil
neft siyasəti yürütmək, parlament seçkiləri keçirmək,
konstitusiya hazırlamaq üçün
möhkəm zəmin yaradıldı.
Ötən əsrin 90-cı illəri
bütünlükdə dünya üçün mürəkkəb
dövr idi. SSRİ-nin
süqutu və "soyuq
müharibə"nin başa
çatması ilə dünyanın siyasi
xəritəsi ciddi dəyişikliklərə
uğrayırdı. Bu fonda
dünyanın aparıcı dövlətləri Cənubi Qafqaz geosiyasi məkanında
nüfuz dairəsi uğrunda
hələ də davam edən amansız mübarizəyə
girişmişdilər. Ermənistanla müharibə
vəziyyətində olan, torpaqları işğal altında qalan,
böyük qaçqın və məcburi
köçgün axını ilə
üzləşən Azərbaycanın təhlükəsizliyi
üçün də ciddi
təhdidlər vardı. Belə bir gərgin
və dramatik bir
dövrdə prezident Heydər Əliyev böyük təcrübəsi
ilə təhlükənin neytrallaşmasına nail oldu; regionda mənafeyi olan aparıcı dövlətlərin
maraqlarını mümkün qədər
tarazlaşdırmaq üçün tədbirlər
görüldü, xarici
siyasətin prioritetləri vaxtında müəyyənləşdirildi
və həyata keçirilməyə başlanıldı.
Ən əsası isə Xəzərin sərvətləri ətrafında
gedən "böyük oyunlar"da Azərbaycan öz mənafelərini
qoruya bildi. Üstəlik,
bu proseslərdə Azərbaycanın
bütövlükdə Xəzər regionunun
aparıcı dövlətinə çevrilməsi yolunda addımlar atıldı.
Belə bir ziddiyyətli dövrdə
ölkənin müstəqil neft siyasəti gerçəkləşdirilərək
beynəlxalq səviyyədə Azərbaycanın söz sahibi
olmasına nail olundu. Uğurlu neft siyasəti həm də Azərbaycanın
beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə,
siyasi dividendlər qazanmasına imkanlar açdı.
Xarizması, güclü iradəsi,
fenomenal hafizəsi, fitri liderliyi, incə duyumu, uzaqgörən
addımları, intiusiyası, tükənməz enerjisi,
nüfuzedici natiqliyi ilə nadir tarixi şəxsiyyət olan
Heydər Əliyev milli özünüdərkimizdə misilsiz
rol oynadı, qəti, aydın və yüksək prinsipləri,
amalları, mənəvi dəyərləri rəhbər
tutması ilə ümummilli lider kimi Vətəni və milləti
qarşısında yeni üfüqlər açdı. Bu baxımlan
Heydər Əliyev zamanəsini qabaqlayan, zamana sığmayan liderlərdəndir. Məhz
belə liderlər tarix yaradırlar.
İnsanların beyninə və qəlbinə
asanlıqla yol tapması ona geniş xalq kütlələri ilə
istənilən səviyyədə ünsiyyət qurmağa və
onları arxasınca aparmağa imkan verirdi.
Heydər Əliyev "Mən həyatımın
heç bir səhifəsindən imtina etməmişəm"
və "Mən həyatımın bütün anlarına
cavabdehəm" deyirdi. Zira bu ömür Vətənə və
millətə həsr edilmişdi, onun üçün
yanırdı.
Heydər Əliyevin dövlət və
xalq naminə gördüyü işlər, onun əziz xatirəsi
Azərbaycan xalqının yaddaşına, milli hafizəmizə
əbədi həkk olunub. Çünki o, xalqın istək və
arzularını reallığa çevirməyi bacaran lider
idi.
Müasir tariximizin ən mürəkkəb,
taleyüklü dövründə dövlətə rəhbərlik
missiyasını öz üzərinə
götürmüş Heydər Əliyev yalnız Azərbaycan
və regionun deyil, eləcə də zəmanənin görkəmli,
unudulmuz şəxsiyyəti kimi tarixə silinməz
möhrünü basıb.
E.Mirzə